Məhkəmə qərarları › İş №2-1(112)-778/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-778/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-778/2020 02.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq icraatının iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 14.01.1999-cu il tarixli 16 saylı; 16.02.1999-cu il tarixli, 32 saylı və 15.06.1999-cu il tarixli, 0439 saylı əmrlərinin iddiaçıya aid hissədə etibarsızlığının tanınması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə hazırlıq icraatının iclası keçirilmiş, növbəti iclas 02.09.2020-ci il tarixə təxirə alınmış, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərilmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddia müddətinə riayət olubolmamasıdır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 16 fevral 1999-cu il tarixli, 32 saylı əmrinə əsasən, Bakı rayon Mənzil-İstismar hissəsinin rəisi polkovnik- leytenant İddiaçı vəzifə borclarına laqeyd və səhlənkar yanaşdığına görə hərbi rütbəsinin bir pillə aşağı salınması əmr olunmuşdur. - Azərbaycan Respublikasının Müdafiə Nazirinin 15 iyun 1999-cu il tarixli, 0439 saylı əmrdən çıxarışdan görünür ki, “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinə müvafiq olaraq, mayor İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 25 dekabr 2019-cu il tarixdə məhkəməyə vəsatət ilə müraciət edərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı baxılmış eynipredmetli işləri üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində olan 2 inz(81)-2444/14, 2inz(81)-2759/2014 saylı, 3-1(81)-4618/2015 saylı, 2-1(81)-2278/2015 saylı inzibati işlər tələb olunaraq orada olan əmrləri, məhkəmə aktlarını, vəsatətləri və s. nəzərdən keçirilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı Bakı İnzibati Məhkəməsinin Arxivi tərəfindən təqdim olunmuş işlərdən görünür ki: - İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 15 aprel 2015-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin 16 fevral 1999-cu il tarixli 0439 saylı əmrinin ləğv edilməsini və iddiaçının rütbəsinin əvvəlki hala qaytarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2278/2015 saylı, 01 sentyabr 2015-ci il tarixli qərardadı ilə iş üzrə iddia geri götürülmüş sayılmaqla işin icraatına xitam verilməsi qərara alınmışdır. - İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 10 aprel 2014-cü il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 14.01.1999-cu il tarixli 16 saylı, 16.02.1999-cu il tarixli 32 saylı və 15 iyun 1999-cu il tarixli 0439 saylı əmrlərinin ona aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2444/2014 saylı, 18 aprel 2014-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməsi və iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. -İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 16 oktyabr 2015-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin 16 fevral 1999-cu il tarixli, 0439 saylı və 24.05.1999-cu il tarixli əmrlərinin ləğv edilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-528/2016 saylı, 25 fevral 2016-cı il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İşin faktiki hallarından görünür ki, İddiaçı polkovnik-leytenant rütbəsi ilə, sonradan hərbi rütbəsi aşağı salınaraq, mayor rütbəsində xidmət etmiş və son olaraq 15 iyun 1999-cu il tarixdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. İşin mübahisələndirilən halı oldur ki, iddiaçı hazırki iddia tələbi ilə ona xəbərdarlıq edilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 14 yanvar 1999-cu il tarixli, 16 saylı əmini; hərbi rütbəsinin aşağı salınması barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 16 fevral 1999-cu il tarixli, 32 saylı əmrini və xidməti uyğunsuzluğa görə hərbi ehtiyata tərxis olunması barədə Azərbaycan Respublikasının Müdafiə Nazirinin 15 iyun 1999-cu il tarixli, 0439 saylı əmri mübahisələndirmiş və bunu həmin əmrlərin əsassız olaraq qəbul edilməsi ilə əsaslandırır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçın hazırki iddia ərizəsi ilə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən qəbul edilmiş əmrləri mübahisələndirir və onların ona aid hissədə etibarsız olmağını tələb edir. İnzibati orqan tərəfindən, yəni hazırki cavabdeh tərəfindən qəbul edilən əmrlər inzibati akt sayıldığından, həmin aktların etibarsızlığı ilə bağlı yaranmış məsələ “İnzibati icraat haqqında” Qanununun normaları ilə tənzimlənir. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsinə əsasən, hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati aktlar etibarsız sayılır. Şərh olunan maddənin normasında inzibati aktın etibarsız olması əsasları sadalanmışdır. Bu əsasların mövcüd olması inzibati aktın heç bir hüquqi əhəmiyyətə malik olmadığını bildirir. Qanunvericinin bu əsasları dəqiq müəyyən etməsi ona xidmət edir ki, ilk növbədə aydın şəkildə inzibati aktı etibarsız edən hallar konkretləşdirilsin. İnzibati aktın ləğvi və inzibati aktın etibarsızdığı ifadələri bir neçə məna baxımından fərqləndirilir. İnzibati aktın ləğvindən fərqli olaraq, inzibati aktın etibarsızlığı ilə bağlı məsələ yarandıqda, yalnız həmin aktın etibarsız akt kimi səciyyəvi xüsuslara malik olub-olmaması halı yoxlanılır. Bu zaman həmin aktın mübahisələndirmə müddəti nəzərə alınmır. Lakin nəzərə almaq lazımdir ki, “İnzibati icraat haqqında” Qanunun 21 oktyabr 2005-ci il tarixdə qəbul edilərək, 2011-ci il yanvar ayının 1-dən qüvvədə olsa da, 2011-ci ilədək inzibati orqanlar ilə bağlı məsələlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin normaları ilə tənzimlənirdi. 2000-ci il 01 sentyabr tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həmin fəsillərin müddəalarında hüququ pozulmuş şəxsin məhkəməyə müraciət etməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin axımının başlanğıcı maraqlı şəxsin hüquq və azadlığının pozulduğunu bildiyi vaxtla müəyyən edilirdi. (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Göründüyü kimi, 2011-ci il tarixədək yaranmış inzibat mübahisələr Mülki Prosessual Məcəlləsinin normaları ilə tənzimlənirdi. Həmin normalarda isə inzibati aktın “ləğvi” və “etibarsızılığı” ilə bağlı iddia “mübahisələndirmə” iddia növü kimi qəbul olunurdu. Bu səbəbdən, hazırki iddiaya münasibətdə məhz həmin dövrdə olan qanunvericiliyin normaları tətbiq olunduğundan, iddiaçının sözügedən əmrləri 1 ay müddətində mübahisələndirmək hüququ olmuşdur. Bundan başqa Məhkəmə həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə 10 aprel 2014-cü il, 15 aprel 2015-ci il və 16 oktyabr 2015-ci il tarixlərdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 16 fevral 1999-cu il tarixli, 0439 saylı əmrinin, 24 may 1999-cu il tarixli, 065 rt saylı, 14.01.1999-cu il tarixli, 16 saylı əmrini və 15 iyun 1999-cu il tarixli, 0439 saylı əmrləri mübahisələndirmiş və hərbi rütbənin əvvəlki hala qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı sözügedən əmrlərdən artıq iddia ərizəsi ilə 2014-cü il tarixdə məhkəməyə müraciət etdikdə, xəbərdar olmuşdur. Bundan savayi isə, iddiaçı həmin əmrlərin mövcudluğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl belə xəbərdar olması mümkündür. Belə ki, iddiaçı xidməti uyğunsuzluğa görə xəbərdar edilməsindən, həmçinin hərbi rütbənin aşağı salınmasından, o cümlədən də xidməti uyğunsuzluğa görə ehtiyata tərxis etmə ilə bağlı artıq işlədiyi dövrlərdə xəbərdar olmuşdur. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini də ötürdüyünü mübahisəsiz təsdiq edir. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qüvvədə olan qanunvericiliyin və işin hallarını rəhbər tutaraq, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia mümkünsüz sayılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 35-ci və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540cı məhəllə) şikayət verilə bilər. Hakim : Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar