Məhkəmə qərarları › İş №2-1(112)-778/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-778/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-778/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X10 (məsləhətçi, ünvan 2 ünvanında qeydiyyatda olan), Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 (vəkillik fəaliyyəti ilə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 3-cü şəxs qismində cəlb edilməklə “sərəncamın qismən ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 75 saylı sərəncamının iddiaçıya məxsus olan və ünvan 4 ünvanında yerləşən 427,8 kv.metr torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-848/2004 saylı qətnaməsinə və digər hüquqmüəyyənedici sənədlərə əsasən ünvan 4 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 111,3 kv.m. tikilidən ibarət olan qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə, 02 nömrəli reyestr kitabında 29 səhifədə 513-a reyestr nömrəsi ilə qeydə alınmışdır. Mülkiyyətində olan həmin daşınmaz əmlaka dair xx.xx.2004-cü il tarixli, İNV. № 513, QEY. № 513-a olan texniki pasport verilmiş və həmin sənəddə bütün ölçülər, texniki göstəricilər öz əksini tapmışdır. Lakin, buna baxmayaraq qeyd olunan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə gecə vaxtı cavabdehin işçiləri X2, X4, 3-çü şəxs "xxxx" MMC-nin və onların bu işə cəlb etdiyi digər şəxslər tərəfindən özbaşınalıq olunaraq sökülmüş, tikilidə olan bütün əşya və avadanlıqlar talan edilmişdir. Halbuki, ondan bir gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə cavabdeh təşkilatın işçisi olan X5 bütün sənədlər təqdim olunmuş, o rəhbərliklə əlaqə saxlayaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və onun üzərində olan tikiliyə dair sənədlərin mövcud olduğunu bildirmiş və onlar həmin ərazidən çıxıb getmişlər. Cavabdeh və 3-çü şəxs tərəfindən və onların bu işə cəlb etdiyi digər şəxslər tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması üçün texnika vasitəsi ilə katlovan qazılmasına başlanılmışdır. Bundan əlavə, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli, 1/187 saylı məktubunda ünvan 4 ünvanında aparılan söküntü və tikinti işlərinin 3-çü şəxs "xxxx" MMC-nin rəhbərliyi tərəfindən həyata keçirildiyi bildirilmiş və həmin məktuba Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 75 saylı sərəncamı əlavə olunmuşdur. Həmin sərəncamda rayonun Ceyhun Hacıbəyli və Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,24 ha torpaq sahəsinin "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi və s. qərara alınmışdır. Göründüyü kimi, ünvan 4 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 111,3 kv.m. tikilidən ibarət olan qeyri-yaşayış sahəsi mənim xüsusi mülkiyyətimdə olduğu təqdirdə cavabdeh Bakı şəhəri Cavabdeh Başçısı heç bir qanuni əsas olmayan əsassız bir sərəncam imzalamış, xüsusi mülkiyyətində olan 427,8 kv.m. torpaq sahəsini 0,24 ha torpaq sahəsinə daxil etməklə qanunsuz olaraq "xxxx" MMC-nin daimi istifadəsinə vermiş, ona söküntü işlərinin aparılması ilə bağlı heç bir rəsmi məlumat verilməmiş, ağlabatan məbləğdə kompensasiya təklif olunmamış və beləliklə də konstitusiyon hüquqlarını, o cümlədən hamılıqla tanınan və ali insani dəyərləri əks etdirən, demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilən mülkiyyət hüququnu kobudcasına pozmuşdur. Göründüyü kimi, Bakı şəhəri Cavabdeh Başçısı xx.xx.2020-ci il tarixli 75 saylı sərəncamı qəbul edərkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, bildirdi ki, sərəncam layihələndirmə və ərazinin yenidən quraşdırılması ilə bağlıdır. Sərəncamda heç bir tikinti nəzərə alınmamışdır. Tərəflər arasında razılaşma olmuşdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddiaya etiraz edərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2004-cü il tarixli 513-a saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən qeyri-yaşayış binası İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İşdə olan Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 75 saylı sərəncamından görünür ki, Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 455 nömrəli Sərəncamı öz hüquqi qüvvəsindən düşmüş hesab edilmiş, rayonun Ceyhun Hacıbəyli və Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 0,24 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli 30/17 saylı “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin” Ayrıc aktından görünür ki, Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 455 nömrəli Sərəncamı ilə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş Nərimanov rayonu, Ceyhun Hacıbəyli və Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yerləşən 0,24 ha torpaq sahəsinin ayrıc aktı tərtib edilmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli 27 saylı məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Pilot layihə üzrə Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 455 nömrəli Sərəncamı ilə rayonun Ceyhun Hacıbəyli və Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Həmin Sərəncamın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına sənədləşdirilməsinə etiraz edilməmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********62 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində ümumi sahəsi A-48,1, B-18,5 kv.metr qeyri-yaşayış sahəsinin İddiaçı adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********56 saylı məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 427,8 kv.m torpaq sahəsinə və həmin torpaq sahəsinin ərazisində yerləşən 111,3 kv.m tikilidən ibarət olan qeyri-yaşayış sahəsinə dair məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırması dövründə X7 Bakı şəhəri 36 saylı Dövlət Notariat Kontorunda bağlanmış 31 iyul 2004-cü il tarixli Müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ümumi sahəsi A-48,1; B-18,5 kv.m. qeyri-yaşayış sahəsinə Azərbaycan Respublikası Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Texniki Pasportunun və onun verilməsinə əsas olan inzibatı icraat materiallarının verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********45 saylı məktub əsasında Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ümumi sahəsi A-48,1; B-18,5 kv.m. qeyri-yaşayış sahəsinə dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2004-cü il tarixli “Qeyri-yaşayış sahəsinin bağışlama” müqaviləsindən görünür ki, X8 Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ümumi sahəsi A-48,1; B-18,5 kv.m. qeyri-yaşayış sahəsini X7 bağışlamışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.2013-cü il tarixli Müqavilədən görünür ki, X9 Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsində yerləşən Bakı Şəhər İcra Hakimiyyəti başçısının A-326 saylı razılığına əsasən ona məxsus qeyri-yaşayış sahəsini ümumi sahələri (3 ədəd) 69,4 kv.metr X1. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020ci il tarixli 75 saylı sərəncamından müəyyən olunur ki, “Sizin Yurd" MMC xx.xx.2020-ci il tarixli, 01/1 nömrəli məktubla Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edərək, Nərimanov RİH başçısının xx.xx.2017-d il tarixli, 455 nömrəli Sərəncamının dəyişdirilərək "xxxx" MMC-nin adına keçirilməsini xahiş etmişdir. Bu sərəncamda "xxxx" MMC-yə rayonun Ceyhun Hacıbəyli və Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının, orada yaşayan sakinlərin hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə, sökülməsini və həmin binaların yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikinti işlərinin aparılması üçün layihələndirilmə işlərinin aparılmasına icazə verilmişdir. Sərəncamın "xxxx" MMC-nin adına sənədləşdirilməsi üçün “Araz-2011 A" MMC-nin rəhbərliyi xx.xx.2020-ci il tarixli, 27 nömrəli məktubu ilə öz razılığını bildirmişdir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli "Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafinın sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Qərarı ilə 5 il müddətinə RİH-ə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binatarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hundürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmışdır. Göründüyü kimi sərəncamla istifadəyə verilmiş torpaq sahəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olmuş, onun razılığı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. Eyni zamanda mübahisələndirilən sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli "Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafinın sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Qərarı əsasında qəbul edilmişdir. Beləliklə, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 75 saylı sərəncamının ləğv edilməsi üçün məhkəmə tədqiqatı zamanı hər hansı qanunsuzluq müəyyən olunmamışdır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş torpaq sahəsi) bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Belə ki, məhkəmə tədqiqatı zamanı qeyriyaşayış sahəsinin iddiaçının mülkiyyətində olması müəyyən olunsa da, onun altında yerləşən torpaq sahəsi üzrə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması müəyyən olunmamışdır. Torpaq sahəsi ilə bağlı qeyd yalnız iddiaçının adına tərtib edilmiş texniki pasportda göstərilmişdir ki, texniki pasport hüquqmüəyyənedici sənəd olmadığından orada göstərilən torpaq sahəsi iddiaçının mülkiyyəti hesab oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddiaçının iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddiaçının iddiası təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar