Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-778/2023 08.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «inzibati orqanın hərəkətlərin qanunsuz sayılması, əmək pensiyasının yenidən hesablanması və əvvəlki dövr üztə ödənilməmiş pensiya məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «qərarın ləğv edlməsi və əmək pensiyasının yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, şəraiti ağır və zərərli olan vəzifələrdə uzun müddət (26 ildən çox) işlədiyinə görə İddiaçı DSMF Binəqədi rayon şöbəsi tərəfindən 9 oktyabr 2014cü il tarixdə (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə əsasən yaşa görə əmək pensiyası təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. İddiaçıya əmək pensiyası təyin olunarkən DSMF-yə köçürülmüş sosial sığorta ödənişləri yalnız əsas yeri olan X4 üzrə (çilingər işləmişdir) hesablanmışdır. Əlavə iş yeri olan Uşaq baxçasında qazanxana operatoru işləməsi ilə bağlı köçürülmüş sosial sığorta ödənişləri nəzərə alınmamışdır. Əmək pensiyasının hesablanmasında yuxarıda qeyd olunan səhvlərə yol verildiyi iddiaçıya 2018-ci ildə məlum olmuşdur və o, həmin vaxt bütün sənədləri toplayıb yenidən DSMF Binəqədi rayon şöbəsinə müraciət etmişdir. Bir il ərzində təqdim edilmiş sənədlərin doğruluğu təsdiqlənmiş, lakin onun əmək pensiyası yenidən hesablanmamışdır. Bu halın səbəbi soruşulduqda ona ərizə ilə yenidən müraciət edilməsi tövsiyə olunmuşdur. 2019-cu ilin axırlarında iddiaçı eyni məzmunlu ərizə ilə yenidən müraciət etmişdir. 2020-ci ildə iddiaçıya DSMF Binəqədi rayon şöbəsindən bildirilmişdir ki, onun pensiya işi Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına verilmişdir və pensiyanın yenidən hesablanması həmin qurum tərəfindən həyata keçirilməlidir. İddiaçı 18 sentyabr 2020-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması məsələsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, ona heç bir yazılı cavab verilməmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. 9 oktyabr 2020-ci il tarixdə əmək pensiyasının təyinatından 6 il müddət keçmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablanmamışdır. Quruma məsələ ilə bağlı dəfələrlə müraciət olunsa da, cavab verilməmişdir. Nəhayət iddiaçının yazılı müraciətinə 11 yanvar 2022-ci il tarixli məktubla cavab verilmişdir. Cavab məktubunda qeyd olunur ki, onun 7 oktyabr 2016-cı il tarixdə işdən azad olunması ilə əlaqədar «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası artıq yenidən hesablanmışdır və yalnız 6 ildən, yəni 7 oktyabr 2016-cı il tarixdən sonra sonra pensiyanın yenidın hesablanması məsələsinə baxıla bilər. Lakin iddiaçı 7 oktyabr 2016-cı il tarixdə əsas iş yerindən işdən azad olunsa da, əlavə iş yerində bu vaxtadək işləyir. Bunu, onun (iddiaçının) DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etdiyi sənədlər, eləcə də əmək fəaliyyəti və sosial sığorta ödənişləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X2”ndə olan məlumatlar təsdiq edir. Beləliklə, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsində qeyd olunduğu kimi, 7 oktyabr 2016-cı il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına aid olmamış və bu vaxtadək işləyən əmək pensiyaçısıdır. Buna görə də, DSMF Binəqədi rayon şöbəsinin pensiyanın yenidən hesablanması barədə 7 oktyabr 2016-cı il tarixli qərarı qanunsuzdur və ləğv edilməlidir, pensiyanın məbləği 2014-cü ildə natamam hesablandığı nəzərə alınaraq, 9 oktyabr 2020-ci il tarixdən yenidən hesablanmalıdır. Göstərilənlərə əsaslanaraq, iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə DSMF Binəqədi rayon şöbəsinin 7 oktyabr 2016-cı il tarixli qərarının ləğv edilməsi və 9 oktyabr 2020-ci il tarixdən əmək pensiyasının yenidən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 10 mart 2023-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və qərarın ləğvi ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi Filial iddiaçıya ünvanlanmış məktubunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablamaqdan imtina etmişdir. Bundan narazı qalan iddiaçı məhkəməyə müraciət etmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin olunmamalıdır. İddiaçıya DSMF Binəqədi rayon şöbəsi tərəfindən 9 oktyabr 2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 7 oktyabr 2016-cı il tarixdə iddiaçının işdən azad olunması ilə əlaqədar DSMF Binəqədi rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmış, həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası 1 yanvar 2021-ci il tarixdən etibarən 252,10 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 436,70 manat məbləğində olmaqla Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «DSMF Binəqədi rayon şöbəsinin iddiaçının əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdən yenidən hesablanması ilə bağlı hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əmək pensiyasının 9 oktyabr 2020-ci il tarixdən yenidən hesablanması və əvvəlki dövr üztə ödənilməmiş pensiya məbləğinin ayların sayıla bölünərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.4-cü maddəsinə əsasən hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 8 oktyabr 2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçının əsas iş yerindən işdən azad olunması ilə əlaqədar onunəmək pensiyası DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1ci maddəsinin tələbləri rəhbər tutularaq, yenidən hesablanmışdır. İddiaçı digər müəssisədə əmək fəaliyyətini (Uşaq baxçasında qazanxana operatoru) davam etdirmiş və sonradan hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, həmin Qanunun sözügedən maddəsinə istinadən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, istinad olunan həmin normaya uyğun əmək pensiyasının yenidən hesablanması 7 oktyabr 2016-cı il tarixdə aparılmışdır, növbəti dəfə yenidən hesablanmanın aparılması 6 il keçdikdən sonra, yaxud şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına aid edildikdə mümkündür. İddiaçı ona əmək pensiyası təyin edildikdən sonra hazırda da işlədiyini əsas gətirərək, DSMF orqanının onun əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdə yenidən hesablanması ilə bağlı hərəkətlərini və cavabdehin onun əmək pensiyasının 9 oktabr 2020-ci il tarixdən yenidən hesablanmasından imtinasını mübahisələndirir. «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Həmin Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən sonra qüvvədə olan tələblərinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 32.1-1-ci maddəsinə gpörə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə tərəflərin dəlillərini və işin hallarını sadalanan qanunvericilik aktlarının tələbləri nəzərə alınmaqla qiymətləndirərək, belə qənaətə gəlir ki, iddiaçının əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdə yenidən hesablanması ilə bağlı DSMF orqanının hərəkətləri qanunsuz sayılmalı və əmək pensiyası «Əmək pensyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən ilkin pensiya təyinatından 6 il sonrakı 9 oktyabr 2020-ci il tarixdən yenidən hesablanmalıdır. Məhkəmə qənaət ondan irəli gəlir ki, ona 9 oktyabr 2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş İddiaçı 7 oktyabr 2016-cı il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməmişdir, yəni o, həmin tarixdən sonra hazıradək əlavə iş yeri üzrə əmək fəaliyyətini davam etdirir. Həmçinin nəzərə alınmalıdır ki, əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi, eləcə də onlara xitam verilməsinin müvafiq mərkəzləşdirilmiş X2ndə qeydiyyatı aparıldığından, aidiyyəti qurumdan məlumatların alınması inzibati orqan kimi DSMF-nin yerli təşkilatları üçün mümkünsüz olmamışdır. Odur ki, DSMF orqanının 7 oktyabr 2016-cı il tarixdə pensiyanın yenidən hesablaması qanuna zidd olmuşdur. İddiaçıya əmək pensiyasının «Əmək pensyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması 9 oktyabr 2020ci il tarixdə həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən yenidən hesablanma zamanı onun vaxtından asılı olaraq pensiya ödənişində fərq məbləği, yəni 2016-cı ildən artıq ödənilmiş pensiya məbləği ilə ilkin təyinatdan 6 il sonra 2020-ci il tarixdən ödənilməli pensiya məbləğinin artımı arasında fərq məbləği də hesablanaraq nəzərə alınmalı və müvafiq məbləğ əvəzləşdirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və DSMF Binəqədi rayon şöbəsinin İddiaçı əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdən yenidən hesablanması ilə bağlı hərəkətləri qanunsuz sayılmalı, iddiaçının əmək pensiyasının 9 oktyabr 2020-ci il tarixdən yenidən hesablanması və əvvəlki dövr üztə ödənilməmiş pensiya məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şiərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. DSMF Binəqədi rayon şöbəsinin İddiaçı əmək pensiyasının 7 oktyabr 2016-cı il tarixdən yenidən hesablanması ilə bağlı hərəkətləri qanunsuz sayılsın və iddiaçının əmək pensiyasının 9 oktyabr 2020-ci il tarixdən yenidən hesablanması və əvvəlki dövr üztə ödənilməmiş pensiya məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şiərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-778/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-778/2023
08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver