Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7783/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı «mənzilə dair iddiaçının adına rəsmiləşmə aparılması (kirayə müqaviləsinin bağlanması)» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə qarşı «mənzilə dair iddiaçının adına rəsmiləşmə aparılması (kirayə müqaviləsinin bağlanması)» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə İPM-in 47-ci maddəsinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı ailə üzvüləri ilə birlikdə 1993-cü ildə Füzuli rayonundan məcburi köçkün düşərək, Bakı şəhərinə gəlmiş və həmin vaxtanda boş olan, əvvəllər ermənilərin yaşadığı Bakı şəhəri Nəsimi rayonu, 20 Yanvar küçəsi, 30 saylı evin 22 saylı mənzilində məskunlaşmışdır. Məcburi köçkün kimi həmin mənzildə qeydiyyata götürülmüş və bu günə kimi də həmin mənzildə yaşayırlar. İddiaçı həmin mənzildə məskunlaşarkən mənzil tam olaraq təmirsiz, qapıları, pəncərələri sökülmüş vəziyyətdə olmuşdur. O, şəxsi vəsaiti hesabına həmin mənzili tam olaraq təmir etdirmiş və təmir işlərinə hissə-hissə olmaqla (bu günkü qiymətlərlə) 30.000 manatdan çox pul xərcləmişdir. İddiaçı ərizə ilə Nəsimi RİH-ə müraciət edərək 1993-cü ildən yaşadığı, sahiblik etdiyi, müvəqqəti qeydiyyatda olduğu Nəsimi rayonu, 20 Yanvar küçəsi 30 saylı evin 22 saylı mənzilinin öz adına rəsmiləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi RİH-dən ona 25 may 2021-ci il tarixli cavab məktubu göndərilmiş və məktubda göstərilmişdir ki, onun Nəsimi rayonunda qeydiyyatı olmadığından və mənzil növbəsinə götürülmədiyindən həmin məsələni təmin etmək mümkün deyildir. İddiaçının Füzuli rayonunda olan iki mərtəbəli evi ermənilər tərəfindən yandırılmış, dağıdılaraq məhv edilmişdir, eviin yerini tapmaq belə mümkün deyildir. O, 28 ildən çoxdur ki yaşadığı, sahiblik etdiyi, öz vəsaiti hesabına təmin etdirərək bütün avadanlıqlara, yaşamaq üçün əşyalarla təmin etdiyi keçmiş erməni evinin öz adına rəsmiləşdirilməsindən cavabdehin imtinasını əsassız və ədalətsiz hesab edir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 71-ci maddələrinə, İPM-in 2.2.2, 33.1, 73.1-ci maddələrinə əsaslanaraq, həmin mənzilin iddiaçının adına rəsmiləşdirillməsi öhdəliyinin cvabdeh Bakı şəhəri Nəsimi RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Nizami RİH-in iddia ilə bağlı məhkəməyə təqdim olunmuş 10 avqust 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaya etiraz olunur. Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 30 saylı evin 22 saylı mənzilində müvəqqəti məskunlaşmış Füzuli rayonundan məcburi köçkün olan İddiaçı Nəsimi RİH-ə M-91-068 saylı 7 may 2021-ci il qeydiyyat tarixli ərizə ilə müraciət edərək məskunlaşdığı mənzilinin onun adına sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Nəsimi RİH-in M-91-068 saylı 25 may 2021-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, Nəsimi rayonunda qeydiyyatı və mənzil növbəsi olmadığından, xahişini təmin etmək mümkün olmamışdır. İddiaçını bu cavab qane etmədiyidən, o məhkəməyə müraciət etməyi üstün tutmuşdur. ünvan 1 ünvanda yerləşən 22 saylı mənzil ünvan 2a aiddir və həmin mənzildə qeydiyyatda heç kim yoxdur. Lakin, Füzuli rayonu 1993-cü ildə işğal olunandan sonra, Füzuli şəhərinin sakini məcburi köçkün vətəndaş İddiaçı qeyd olunan mənzildə ailəsi ilə birlikdə məskunlaşmışdır. «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 298 saylı 1 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdanadək, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992 – 1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsi qərara alınmışdır. AR Nazirlər Kabinetinin 4 noyabr 2004-cü il tarixli 232 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Respublika Baş Prokurorluğu, Qaçqınların və X3 üzrə Dövlət Komitəsi, aidiyyəti mərkəzi təşkilatlar və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə tapşırılmışdır və Respublika Ali Məhkəməsi, Apellyasiya Məhkəməsi, şəhər və rayon məhkəmələrinə tövsiyə edilmişdir ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək, mülkiyyətindən asılı olmayaraq, 1992 – 1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılmasının qarşısının alınması üçün müntəzəm lazımı tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə ildə bir dəfə AR Nazirlər Kabinetinə məlumat versinlər. Qeyd olunanlar rəhbər tutularaq vətəndaş İddiaçı ailəsi ilə birgə hazırda göstərilən ünvanda yaşamaqda davam edir. Göstərilənlərə və AR Mənzil Məcəlləssinin 17.2.2, 18-ci maddələrinə, «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu maddənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatların evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məıcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3.9.6-cı bəndinə görə dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasının təşkili, 3.9.8-ci bəndinə görə müvafiq ərazidədövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının vəzifələrindəndir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli Sərəncamının 1 – 2-ci bəndlərində nəzərdə tutulmuşdur ki: - (1-ci bənd) Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı təsdiq edilsin; - (2-ci bənd) Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992 – 1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, həm 1 oktyabr 2009-cu il tarixədək, həm də qeyd olunan tarixdən sonrakı dövrdə (hazırda da) qüvvədə olan mənzil qanunvericiliyinin müddəaları kirayəcinin olmadığı halda, onun birlikdə orada yaşamış şəxslərin ümumi razılığı əsasında birinin kirayəçi kimi tanınmasını tələb etmək hüququnu nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, iddiaçı əvvəlki kirayəçinin ailə üzvü və ya onuna birlikdə təsərrüfat aparan şəxs qismində deyil, məlum hadisələrlə əlaqədar boş olan mənzildə müvəqqəti məskunlaşmış şəxsdir. Müvafiq aktlar isə, onun həmin yaşayış sahəsindən müvəqqəti olaraq istifadəsini ehtiva edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı X1 məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 30 saylı evin 22 saylı mənzilinin kirayəçisi kimi tanınmasını, yəni onunla kirayə müqaviləsinin bağlanmasını tələb etmək hüququna malik deyil. Odur ki, cavabdeh Nəsimi RİH-in imtinası qanuna zidd sayıla bilməz. İddiaçının iddiası əsasszıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati atın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı «mənzilə dair iddiaçının adına rəsmiləşmə aparılması (kirayə müqaviləsinin bağlanması)» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidur. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı «mənzilə dair iddiaçının adına rəsmiləşmə aparılması (kirayə müqaviləsinin bağlanması)» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7783/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7783/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver