Məhkəmə qərarları › İş №2-1(112)-7783/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7783/2022

10.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7783/2022 10.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 dekabr 2021-ci il tarixli **********838500 qərarının ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı MMC 2020-ci ildə rəsmi qaydada elektron qaimə faktura ilə 235.456,19 manat məbləğində müxtəlif çeşidli malları (əsasən tikinti materialları) ayrı-ayrı vergi ödəyicilərinə satmışdır. Həmin mallar “Sədərək” Ticarət Mərkəzindən alındığından, alışı təsdiq edən elektron qaimə-faktura əldə etmək mümkün olmamışdır. MMC-nin mühasibi tərəfindən 14 iyun 2021-ci il tarixdə təqdim edilən mənfəət vergisi bəyannaməsi ilə 2020-ci il üzrə həm gəlir, həm də xərc məbləği 35.456,2 manat göstərilməklə yanlışlığa yol verilmişdir. Bununla əlaqədar vergi orqanı tərəfindən təqdim edilmiş 18 iyun 2021-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubun 9-cu bəndində müəssisə tərəfindən gəlirin 35.456,20 manat göstərilməsi ilə təqdim edilmiş 235.456,19 manat məbləğində elektron qaimə-fakturalar arasındakı fərq, yəni 199.999,99 manat vergiyə cəlb olunmuşdur (199.999,99 x 20% = 40.000). Gəlirin 235.456,19 manat olması işin mübahisəsiz halıdır, çünki MMC-nin təqdim etdiyi elektron qaimə-fakturalarla təsdiq olunur. Lakin vergi orqanı müəssisənin xərclərini düzgün müəyyən etməmiş və bütün gəliri vergiyə cəlb etməklə kobud pozuntuya yol vermişdir. Halbuki, MMC tərəfindən satılan malların alışına dair sənədlər olmasa da, onların alınmasına faktiki real xərc çəkilmişdir və bu kimi halda Vergi Məcəlləsinin 67.14-cü maddəsi xərclərin şərti rentabellik norması ilə müəyyən olunmasını bildirir. MMC tərəfindən təqdim olunan 17 noyabr 2021-ci il tarixdə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində gəlir məbləği təqdim edilən elektron qaimə-fakturalara əsasən 235.456,19 manat hesablanmış, xərclər isə Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinə əsasən Nazirlər Kabinetinin 55 saylı 1 mart 2001-ci il tarixli qərarına müvafiq olaraq ümumilikdə 196.213,49 manat (235.456,19/1,2) göstərilmişdir. Həmin məbləğin 10.952,74 manat hissəsi əmək haqqı, 2.658,43 manat hissəsi sosial sığorta, 1.080,47 manat hissəsi bank xərcləri, 181.521,85 manat hissəsi isə malın dəyərini təşkil etmişdir. Qeyd olunanlara uyğun təqdim edilən mənfəət vergisi bəyannaməsi üzrə 38.242,7 manat məbləğində mənfəət (235.456,19 – 196.213,49) yaranmış və 7.848,54 narat mənfəət vergisi (39.242,7 x 20%) məbləği göstərilmişdir. Lakin cavabdeh təqdim etdiyi 19 noyabr 2021-ci il tarixli uyğunsuzluq məktubunda malın dəyəri sətrində göstərilən 181.521,85 manat məbləğin sənədlə təsdiq olunmadığını bildirərək əvvəlki vergi məbləğindən də yuxarı həddə vergi hesablamışdır (181.521,85 x 20% = 36.304,37). Cəmiyyətin könüllü bəyan etdiyi 7.848,54 manat məbləğlə birlikdə 44.152,91 manatdır. Halbuki, əvvəlki kameral hesablamada həmin məbləğ 40.000 manat təşkil etmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan MMC-nin 2020-ci ildə satdığı malların bütün gəlir məbləğini mənfəət vergisinə cəlb etməklə əsassız vergi yükü yaratmışdır. Halbuki, fiziki formaya malik malın alınmasına xərc çəkilmədən satışını başqa cür həyata keçirmək imkansızdır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Eyni zamanda, Nazirlər Kabinetinin 55 saylı 1 mart 2001-ci il tarixli qərarının 6.1-ci bəndinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir. Göründüyü kimi, göstərilən normaların heç biri dispozitiv deyildir və qanunverici Vergi Məcəlləsinin 67.1-ci maddəyə uyğun gələn hallarda şərti rentabellik normasının tətbiq olunmasını inzibati orqana hüquq deyil, vəzifə olaraq müəyyən etmişdir. Qeyd olunanlarla əlaqədar MMC tərəfindən Dövlət Vergi Xidmətinə inzibati şikayətlərlə müraciət olunmuş, lakin aparılmış qeyri-obyektiv araşdırma nəticəsində şikayət təmin olunmamışdır. Belə ki, Dövlət Vergi Xidmətinin İnzibati Şikayətlərə baxılması Baş İdarəsi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrini yanlış şərh edərək güya şərti rentabellik norması tətbiq olunmaqla vergilərin hesablanmasının vergi orqanının hüququ olduğunu bildirmişdir. Halbuki, normalarda aşkar şəkildə “hesablana bilər” deyil, “hesablanır” kimi qeyd olunmuşdur ki, bu da vergi orqanına hər hansı hüquq vermir. Bundan başqa, yuxarı vergi orqanı cavabdehin hesablama əsaslarını köçürməklə şikayətin xüsuşatlarını ümumiyyətlə araşdırmamışdır. Yyuxarı vergi orqanı iddiaçının mal satdığı bir vergi ödəyicisinin rəhbər və təsisçisinin eyni olmasını qeyd edir, amma bunun hansı pozuntuya səbəb olduğuna münasibət bildirmir. Əksinə, həmin əməliyyatın satış (gəlir) hissəsini nəzərə almaqla əməliyyatın faktiki baş verdiyini qəbul edir, buna görə vergi məbləği hesablayır, amma həmin satışın həyata keçirilməsi üçün çəkilən xərc kənara qoyulur. Bu cür yanaşma real ticarət fəaliyyətinə tamamilə ziddir. Göründüyü kimi, olduqca qərəzli və reallığa uyğun gəlməyən mövqe nəticəsində iddiaçının pozulmuş hüquqları yuxarı vergi orqanında bərpa olunmamışdır. Göstərilənlərə və İPM-in 14.1, 70.1-ci maddələrinə əsaslanaraq, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 29 dekabr 2021-ci il tarixli **********838500 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 22 iyul 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı MMC-nin iddiasına etiraz edilir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanının Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1 və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Aparılmış araşdırma zamanı İddiaçı MMC-nin uçot baza məlumatlarına əsasən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 181.521,85 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli **********240700 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, dəqiqləşdirilmiş bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il mənfəət vergisi bəyannaməsi üçün MMC-yə 36.304,37 (181.521,85 x 20 %) manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 29 dekabr 2021-ci il tarixli **********838500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Belə ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Hazırkı halda vergi ödəyicisi tərəfindən 181.521,85 manat manat xərci təsdiq edəcək sənədlər təqdim edilməmişdir. İddia ərizəsinin dəlillərinə əsasən vergi orqanı tərəfindən xərc sənədi olmadıqda Vergi Məvəlləsinin 83.9-cu maddəsinə əsasən vergilər şərti rentabellik norması tətbiq edilməklə hesablanmalı idi. Vergi Məvəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 67.1.2 və 67.1.3-cü maddələrinə əsasən vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar və vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar əsasında vergi orqanının vergiləri hesablamaq hüququ vardır. Belə ki, vergi orqanı tərəfindən əldə edilmiş rəsmi məlumatlar əsasında vergi ödəyicisi tərəfindən bəyan edilmiş 181.521,85 manat xərc təsdiq edilməmişdir. Göstərilənlərə əsaslanaraq, İddiaçı MMC-nin iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 nömrəli 1 mart 2001-ci il tarixli qərarı ilə «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın 6.1-ci bəndinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: Həmin Qaydaların 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R. burada: M1 – vergi ödəyicinin mənfəəti, G1 – vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir, R – şərti rentabellik normasıdır. Həmin Qaydaların 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən vergi ödəyicisinin (xarici hüquqi şəxslər istisna olmaqla) mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Göründüyü kimi, vergi qanunvericiliyi vergi ödəyicisinin müvafiq hesabat dövrü üzrə fəaliyyətində vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə təqdim edilmiş malların alınmasını təsdiqləyən xərc sənədlərinin olmadığı hallarda, mənfəət vergisinin müvafiq əlaqəli məlumatlar, o cümlədən vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumatlar əsasında, eləcə də onun gəlir və ya xərclərini müəyyən etmək mümkün olduğu hallarda, müvafiq icra hakimiyyəti orqanı kimi AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalar əsasında (şərti rentabellik norması əsasında) hesablanmasını nəzərdə tutmuşdur. Hazırkı işin hallarına görə İddiaçı MMC 2020-ci il üzrə fəaliyyətində satılmış malların alınmasına dair müvafiq təsdiqedici sənədlər olmadığından, mənfəətini şərti rentabellik norması əsasında 39.242,7 manat məbləğində müəyyən edərək, həmin dövrə münasibətdə 7.848,54 manat (20%) mənfəət vergisini hesablamış və 12 noyabr 2021-ci il tarixdə vergi orqanına həmin göstəricilər əks olunmaqla mənfəət vergisi bəyannaməsi təqdim etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçının bu hesabatı ilə razılaşmamış və kameral vergi yoxlaması ilə ona həmin dövr üzrə 36.304,37 manat əlavə mənfəət vergisi hesablayaraq, bu barədə 29 dekabr 2021-ci il tarixli **********838500 nömrəli qərar qəbul etmişdir. Cavabdeh inzibati orqan qərarın qəbulunu vergi ödəyicisi kimi iddiaçının 181.521,85 manat məbləğində malın xərcini təsdiqləyən sənədləri təqdim etməməsi ilə əsaslandırmışdır. İş üzrə tərəflərin dəlilləri nəzərə alınmaqla və onların istinad etdikləri normaların tələbləri işin faktiki hallarına tətbiq edilməklə məhkəmə belə qənaətə gəlir ki, vergi ödəyicisi kimi hazırkı İddiaçı MMC müvafiq dövr üzrə xərc sənədlərinin mövcud olmaması səbəbindən Vergi Məcəlləsinin 67.14-cü maddəsini rəhbər tutmaqla “şərti rentabellik norması” əsasında mənfəətini və ona müvafiq mənfəət vergisini hesablayıb bəyan etməkdə haqlı olmuşdur. Hazırkı iddianın növünə görə (mübahisələndirmə haqqında) sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın mövqeyinə gəldikdə isə, məhkəmə vurğulayır ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlar əsasında vergilərin hesablanması vergi orqanının hüququ qismində müəyyən edilsə də, həmin Məcəllənin 67.14-cü maddəsinin tələbləri 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərinin müəyyən edildiyi təqdirdə, mənfəət (gəlir) vergisinin “şərti rentabellik norması” əsasında hesablanmasını bu orqanın hüququ kimi təsbit etməmiş və belə hallarda həmin əsasla mənfəət vergisinin hesablanmasını birmənalı nəzərdə tutmuşdur. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı MMC-nin 196.213,49 manat məbləğində təqdim etdiyi malların yalnız bank xidməti, əmək haqqı və sosial sığorta haqqı üzrə xərclərinin nəzərə almaqla onun dəyəri qismində əks olunmuş qalan 181.521,85 manat məbləğin xərclərdən çıxarılması vergi qanunvericiliyinin tələbləri ilə ziddiyyət təşkil edir. Çünki, iddiaçının malı əldə edərkən başqa xərcləri çəkməsi, o cümlədən onun dəyərini ödəməsi mənfəəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır. Qeyd olunan xüsusatların məcmusunda məhkəmə hesab edir ki, İddiaçı MMC-yə 36.304,37 manat məbləğdə mənfəət vergisinin hesablanması «İnzibati icraat haqqında» Qanununun 11.1, 16.1, 24, 58-ci maddələrinin, eləcə də Vergi Məcəlləsinin 36.2 və 67-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kameral vergi yoxlamasının nəticələri üzrə yuxarıda qeyd olunan əsaslarla qəbul etdiyi **********838500 nömrəli 29 dekabr 2021-ci il tarixli qərarı – əlverişsiz inzibati aktı qanunsuz sayılmalıdır. Həmçinin məhkəmənin qənaətinə görə cavabdehin **********838500 nömrəli 29 dekabr 2021-ci il tarixli qərarı qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaradır. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********838500 nömrəli 29 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********838500 nömrəli 29 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar