Məhkəmə qərarları › İş №2-1(112)-7783/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7783/2024

24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7783/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1982-ci tarixdən xx.xx.2000-ci il tarixə kimi mərkəzi mühasibatlıq şöbəsində inspektor vəzifəsində işlədiyi illərə görə ona dövlət qulluqçusu kimi təqaüd hesablanması öhdəliyinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi Bakı şəhəri X5 İcraiyyə Komitəsinin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlıq şöbəsinin “inspektor” vəzifəsində işlədiyi dövrlər nəzərə alınmaqla, ona yəni, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1982-ci il tarixdən 472 saylı əmrlə mərkəzi mühasibatlıq şöbəsinə inspektor vəzifəsinə işə qəbul olunmuş və orada xx.xx.2000-ci il tarixə kimi işləmişdir. O, təqaüdə çıxdıqda dövlət qulluqçusu kimi çıxmalı olduğu halda ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmamışdır. Əslində onun 1982-ci il tarixdən işlədiyi vəzifə yəni, inspekor vəzifəsi dövlət qulluğuna aid idi. Ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etsə də, müarciəti Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təmin olunmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-134750/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. “Dövlət qulluğu haqqında” Qanunun 2-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşh dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda vaxtilə işlədiyi vəzifələr nəzərdə tutulmamışdır. İddiaçı dövlət qulluğu stajının olması səbəbi ilə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının cavabdeh orqandan tələb etdiyi şəkildə, yəni dövlət qulluğu stajının olması səbəbi ilə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının dövlət qulluğu stajı mövcud olmadığından cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. Azərbaycan Respublikası X3 9-3/2-0-2597-42-546/2023 nömrəli məktubunda iddiaçının 1982-2000-ci illərdə Bakı şəhəri X5 icraiyyə komitəsinin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin “Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci i tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçının 1982- 2000-ci illərdə Bakı şəhəri X5 icraiyyə komitəsinin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında inspektor-müfəttiş vəzifəsində işlədiyi illər Maarif Nazirliyi sisteminin büdcə təşkilatlarının mərkəzləşdirilmiş mühasibatlıqlarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında SSRİ Maarif Nazirliyinin 1980-ci il 08 oktyabr tarixli 134 nömrəli Əmrinin 1.3-cü bəndinə uyğun olaraq mərkəzləşdirilmiş mühasibatlıqlar müstəqil struktur bölmə kimi ittifaq respublikalarının maarif nazirliklərinin, Muxtar Sovet Sosialist Respublikalarının maarif nazirliklərinin, şəhər rayon xalq təhsil şöbəsinin yanında yaradılmışdır. Yuxarıda adıçıkilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSRİ nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin inzibati və yardıççı vzifələrin Təsnifat Toplusunda nəzərdə tutulmuş dövlət quluğu vəifələrinə uyğunlaşdırılması aparılmışdır, lakin Azərbaycan SSRİ nazirliklərinin yanında fəaliyyət göstərmiş təşkilatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Ona görədə iddiaçının 1982-2000-ci illərdə Bakı şəhəri X5 icraiyyə komitəsinin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı oğu iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1956-cı il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İddiaçıya məxsus xx.xx.1974-cü il tarixdə doldurulmuş əmək kitabçasında (notarial qaydada tərcümə - təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə işləmişdir; Xalq Təhsili Baş İdarəsi xx.xx.1982-ci il tarixdə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin XTBİ-nin mərkəzi mühasibatlığına inspektor-müfəttiş vəzifəsinə qəbul edilmişdir; xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli 349 №li Fərmanına və Respublika Təhsil Nazirliynin 12 iyul 2000-ci il tarixli 697 №li əmrinə əsasən Bakı şəhər Baş Təhsil İdarəsinin ləğvi ilə əlaqədar AR ƏM-nin 70-ci maddəsinin “a” bəndilə bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, № 3-17-1/1- Q-256788/2023 saylı qərarın surətindən müəyyən olunut ki, İddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmışdır. Azərbaycan Respublikası X3 xx.xx.2023-cü il tarixli, № 9-3/2-Q-2597-42-546/2023 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. Onun 1982-2000-ci illərdə Bakı şəhəri X5 icraiyyə komitəsinin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında inspektor-müfəttiş vəzifəsində iş müddətinizlə bağlı qeyd olunmuşdur ki, “Maarif Nazirliyi sisteminin büdcə təşkilatlarının mərkəzləşdirilmiş mühasibatlıqlarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında” SSRİ Maarif Nazirliyinin 1980-ci il 8 oktyabr tarixli 134 nömrəli Əmrinin 1.3-cü bəndinə uyğun olaraq mərkəzləşdirilmiş mühasibatlıqlar müstəqil struktur bölmə kimi ittifaq respublikalarının maarif nazirliklərinin, Muxtar Sovet Sosialist Respublikalarının maarif nazirliklərinin, şəhər, rayon xalq təhsil şöbələrinin yanında yaradılmışdır. Yuxarıda adıçəkilən Siyahının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır, lakin Azərbaycan SSR nazirliklərinin yanında fəaliyyət göstərmiş təşkilatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Eyni zamanda həmin Siyahının 1.20-ci bəndində Bakı Şəhər X1 icraiyyə Komitəsinin aparatında və Siyahının 2.14-cü bəndində (xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr) Bakı Şəhər X1 (Məclisinin) İcraiyyə Komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, həmin bəndlərdə mərkəzləşdirilmiş mühasibatlıqlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Müvafiq uyğunlaşdırılma aparılmadığından onun 1982-2000-ci illərdə Bakı şəhəri X5 icraiyyə komitəsinin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. İddiaçı hazırki tələblə bağlı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Q-45504/2023 saylı cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşh dövlst qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyvən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda vaxtilə işlədiyiniz vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, dövlət qulluğu stajı olmadığından ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən: Azərbaycan Respublikası X3 xx.xx.2024-cü il tarixli, № 9-3/2-2183/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1982-2000-ci illərdə Bakı şəhəri X5 icraiyyə komitəsinin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında inspektor vəzifəsində iş müddətilə bağlı bildirilmişdir ki, “Maarif Nazirliyi sisteminin büdcə təşkilatlarının mərkəzləşdirilmiş mühasibatlıqlarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi haqqında” SSRİ Maarif Nazirliyinin 1980-ci il 8 oktyabr tarixli 134 nömrəli Əmrinin 1.3-cü bəndinə uyğun olaraq mərkəzləşdirilmiş mühasibatlıqlar müstəqil struktur bölmə kimi ittifaq respublikalarının maarif nazirliklərinin, Muxtar Sovet Sosialist Respublikalarının maarif nazirliklərinin, şəhər, rayon xalq təhsil şöbələrinin yanında yaradılmışdır. Əlavə olaraq Azərbaycan SSR Nazirlər Sovetinin “Respublikada xalq təhsilinin idarə olunmasının təşkili və strukturu haqqında” 1988-ci il 11 oktyabr tarixli 354 nömrəli qərarına 1 nömrəli əlavəyə əsasən Azərbaycan SSR Xalq təhsili Nazirliyinin mərkəzi aparatının strukturu, 2 nömrəli əlavəyə əsasən Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin yanında olan təşkilatların siyahısı təsdiq edilmişdir. Mərkəzləşdirilmiş mühasibatlıqlar Nazirliyin mərkəzi aparatının strukturunda deyil, yanında olan təşkilatların siyahısında nəzərdə tutulmuşdur. Yuxarıda adıçəkilən Siyahının 1.15-ci bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır, lakin Azərbaycan SSR nazirliklərinin yanında fəaliyyət göstərmiş təşkilatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Eyni zamanda həmin Siyahının 1.20-ci bəndində Bakı Şəhər X1 İcraiyyə Komitəsinin aparatında və Siyahının 2.14-cü bəndində (xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr) Bakı Şəhər X1 (Məclisinin) İcraiyyə Komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, həmin bəndlərdə mərkəzləşdirilmiş mühasibatlıqlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Müvafiq uyğunlaşdırılma aparılmadığından 1982-2000-ci illərdə Bakı şəhəri X5 icraiyyə komitəsinin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.Əlavə olaraq Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində İddiaçı dair hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-29-59/2-3922/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Həmin “Siyahı”nın 1.20-ci bəndində Bakı Şəhəri X5 İcraiyyə Komitəsinin Aparatında olan dövlət qulluğu vəzifələrinin adları sırasında “mərkəzləşdirilmiş maliyyə şöbəsində inspektor” vəzifəsi aşkar edilməmişdir. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. - 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 20.1-ci maddəsinə görə qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. xx.xx.2005-ci il tarixdə qüvvəyə minmiş və xx.xx.2007-ci il tarixdə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun -5.1.müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və azı 5 il dövlət qulluğunda çalışmış dövlət qulluqçusunun pensiya almaq hüququ vardır. (28 iyul 2005-ci il tarixədək olan redaksiyada) -5.1.Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır (28 iyul 2005ci il tarixdən sonra dəyişiklik). 5.1. Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1."Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3.Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. 15-1.2. Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”: 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X6 tərəfindən birgə aparılır. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı əmək pensiyası yaşına çatdığı üçün ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyinini arzulayır və bunu işlədiyi vəzifənin dövlət qulluğu vəzifələrinə uyğunluğu ilə əsaslandırır. İddiaçı həmin tələb ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, qeyd olunan vəzifə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrnin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulmadığından həmin vəzifələr dövlət qulluğu stajına aid edilməmişdir. Məhkəmə cavabdehin imtinasına keçməzdən əvvəl bildirir ki, vətəndaşa dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsi üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. Nəzərə almaq lazımdır ki, dövlət qulluqçusu statusu ilə bağlı məsələlər “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu və onun əsasında qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunan qanunvericilik icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Bundan başqa nəzərə alınmalıdır ki, dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasını əlavələrinin ödənilməsinin müəyyən edilməsi üçün vəzifənin dövlət qulluğu vəzifəsinə aid olub-olmaması ilə yanaşı, həmçinin onun həmin hüququnun yaranması üçün digər şərtlərinin ödənilib-ödənilməməsini yoxlamalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması 2 əsasa görə mümkündür: Şəxsin dövlət qulluğu vəzifəsində 15 il və ya daha çox stajı olmalı; Publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onun bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olmalıdır. Məhkəmə ilk növbədə bildirir ki, iddiaçının əmək fəaliyyətinə xitam verilməsi publik hüquqi şəxsin yaradılması ilə əlaqədar olmadığından, qanunvericilikdə nəzərdə tutulmuş 13 il qulluq stajı ilə bağlı şərt iddiaçıya aid edilmir. Bu səbəbdən də Məhkəmə iddiaçının dövlət qulluqçusu kimi pensiya almaq hüququnun yaranmasını dövlət qulluğu stajının ödənilib-ödənilməməsi ilə müəyyən edir. Məhkəmə birinci əsas ilə bağlı bildirir ki, vətəndaşa dövlət qulluğu stajına görə yaşa görə əmək pensiyasının təyin olunması üçün dövlət qulluğu stajının 15 il olması zəruridir. Məhkəmə bildirir ki, bu zaman təkcə iş stajının 15 il olması deyil, xüsusi ilə dövlət qulluğunda stajın 15 il olması zəruridir.Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsində dövlət qulluğunda iş stajının hansı meyarlar əsasında qiymətləndirildiyi göstərilmişdir. Həmin maddənin müddəalarına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın18-dən İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixinədək) Azərbaycan Respublikası dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdı rılması Siyahısı”na əsasən həyata keçirilir. Həmin Siyahının 1.17-ci bəndində rayon (şəhər) X1 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Toplusunda” göstərilən dövlət qulluğu vəzifələrinə uyğunladırılması aparılmışdır. Belə ki, hazırki iddia tələbilə bağlı iddiaçının hüquqi marağı xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi Bakı şəhəri XDS İK-nin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlıq şöbəsinin “inspektor” vəzifəsinin işlədiyi dövrlər nəzərə alınmaqla, ona yəni, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və ödənilməsindən ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi qəbul etdiyi 2-1(102)- 1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında həmin tələbin hansı qaydada baxılmasına aydınlıq gətirmiş, vətəndaşların hüquqi maraqlarının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğunu nəzərə alaraq həmin şəxslərin pensiya təyinatı barədə müraciət etməli olduğunu, mübahisənin həllinin isə onların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı müvafiq aidiyyəti dövlət orqanlarından həmin dövrün dövlət qulluğu sayılması barədə rəylər alındıqda həllini tapacağı bildirilmişdir. Məhkəmə, Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəbul etdiyi qərarın qəti olduğunu, qərarda şərh edilən göstərişlərin məcburiliyini, ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması öhdəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzərinə qoyulmasının hakimiyyətlərin bölünməsi prinsipinə və qanunvericiliyə uyğun olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin istinad etdiyi hallar (aidiyyəti qurumlar tərəfindən verilən müsbət rəylərin sözügedən vəzifələrin uyğunlaşdırılmasına əsas verməməsi və s.) hazırki iddianın təminini istisna etmir. Xülasə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında X3 fəaliyyət sferasını göstərərək vəzifənin dövlət qulluğuna aid olub-olmamasının müəyyən edilməsi zamanı həmin publik hüquqi şəxsin rəyinin zəruriliyini diqqətə çatdırmışdır. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının həmin dövrdə işlədiyi vəzifələrin dövlət qulluğu hesab olub-olmaması ilə bağlı aidiyyəti üzrə X4 və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Bakı şəhəri Baş Təhsil İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası X3 xx.xx.2024-cü il tarixli, № 9-3/2-2183/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır, lakin Azərbaycan SSR nazirliklərinin yanında fəaliyyət göstərmiş təşkilatlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Eyni zamanda həmin Siyahının 1.20-ci bəndində Bakı Şəhər X1 İcraiyyə Komitəsinin aparatında və Siyahının 2.14-cü bəndində (xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövr) Bakı Şəhər X1 (Məclisinin) İcraiyyə Komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılsa da, həmin bəndlərdə mərkəzləşdirilmiş mühasibatlıqlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Müvafiq uyğunlaşdırılma aparılmadığından 1982-2000-ci illərdə Bakı şəhəri X5 icraiyyə komitəsinin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlığında iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Əlavə olaraq Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrində İddiaçı dair hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-29-59/2-3922/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.20-ci bəndində Bakı Şəhəri X5 İcraiyyə Komitəsinin Aparatında olan dövlət qulluğu vəzifələrinin adları sırasında “mərkəzləşdirilmiş maliyyə şöbəsində inspektor” vəzifəsi aşkar edilməmişdir. Məhkəmə icraatı zamanı əldə olunmuş sorğuya cavab məktubunun yuxarıda göstərilmiş qanunvericiliyin müddəaları ilə birgə qiymətləndirilməsi nəticəsində məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının dövlət qulluğunda 15 il zəruri iş stajının tamamlanması onun mübahisələndirilən dövrlərə aid vəzifələrindən aslıdır. Buna baxmayaraq təqdim olunmuş məktubdan da göründüyü kimi, həmin işlədiyi müddət iddiaçının dövlət qulluğunda qulluq stajına daxil edilməsinə imkan vermir. Qanunvericiliyin müddəaları ilə birgə qiymətləndirilməsi nəticəsində məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçının dövlət qulluğunda 15 il zəruri iş stajının tamamlanması onun mübahisələndirilən dövrlərə aid vəzifələrindən aslıdır. Başqa sözlə desək, işlədiyi peşə “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılaraq, dövlət qulluqçuların reyestrində əks olunmuş peşə və vəzifələrə uyğun olmalıdır. Buna baxmayaraq təqdim olunmuş məktublardan da göründüyü kimi, həmin işlədiyi müddət iddiaçının dövlət qulluğunda qulluq stajına daxil edilməsinə imkan vermir. Nəzərə alınmalıdır ki, X6 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X6 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X6 publik hüquqi şəxsin Nizamnaməsi) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 1982-2000-ci illərdə işlədiyi Bakı şəhəri XDS İK-nin təhsil şöbəsinin mərkəzləşdirilmiş mühasibatlıq şöbəsinin “inspektor” vəzifəsi müvafiq Siyahıda dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmadığından, həmçinin X2 əldə olunmuş sorğuya cavab məktubunda göstərilən bu hal öz təsdiqi tapdığından iddianın təmin edilməsi mümkün deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia rədd olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar