Məhkəmə qərarları › İş №2-1(112)-7785/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7785/2021

05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7785/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X2 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qeyidyyatdan çıxarılma” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmlakdan cavabdehin çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanından X1 qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7785/2021 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7785/2021 saylı, 30.06.2021-ci il tarixli qərardadı ilə X2 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə və üçüncü şəxsə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh və 3-cü şəxs tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, X2 onun keçmiş kürəkəni olmuşdur. Onu öz razılığı ilə evinə qeydiyyata alınmış, hal-hazırda qızı ilə nikahları pozulmuşdur. Həmin şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri, Nərimanov RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, 3-cü şəxs və cavabdeh Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək X2 ilə qızının əvvəllər evli olduqlarını, bu səbəbdən 2016-cı il tarixdə X1 onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 45a, 37 saylı mənzilə qeydiyyata düşməsinə razı olduğunu bildirmişdir. İddiaçı əlavə olaraq hal-hazırda qızı ilə X1 boşandığını, sonuncunun ona məxsus evdə yaşamadığını və qeydiyyatda olmasının formal xarakter daşıdığını qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, X2 22.01.2016-ci ildə Daxili İşlər Nazirliyinə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 45a, 37 saylı mənzilə qeydiyyata düşmək üçün ərizə ilə müraciət etmiş, İddiaçı razılığı ilə həmin ünvana qeydiyyata alınmışdır. Hazırda iddiaçı X1 qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsin qeydiyyatının hazırda formal olması ilə əsaslandırır. 06.05.2021-ci il tarixli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X3 arasında olan nikah Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin qətnaməsinə əsasən 25.01.2021-ci il tarixdə pozulmuş, 01.03.2021-ci il tarixdə xitam verilmişdir. İşdə olan Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsi tərəfindən 07.06.2021-ci il tarixli, 078-14376B-3221 saylı İddiaçı ünvanlanmış müraciətə cavab məktubundan görünür ki, X1 qeydiyyatdan çıxarılmasından imtina olunmuş, bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, 28.07.2021-ci il tarixli, **********68 saylı sorğuya cavab məktubunda X1 ünvan 1 üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Eyni zamanda məktuba əlavə edilmiş 01.06.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********42-05101-093052 reyestr nömrəli, MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Beləliklə, Məhkəmə qənaətə gəlmək üçün aşağıdakı qanunvericilik normalarına istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, hazırki işin mübahisə predmetini təşkil edən ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin mənzilə dair üçüncü şəxsin istifadə hüququ mövcud deyildir. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, Cavabdeh üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 45a, 37 saylı mənzildən üçüncü şəxs X1 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar