Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7785/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə Ələsgər qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «tutulmuş məbləğin geri qaytarılması və cavabdehin “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” qərarının ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – DSMF) qarşı «pensiyanın yenidən hesablanması və əsassız tutulmaların qaytarılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından ünvanlanmış 25 dekabr 2021-ci il tarixli **********3 nömrəli məktubdan iddiaçıya məlum olmuşdur ki, guya 1 yanvar 2021-ci il tarixdən 31 avqust 2021-ci il tarixədək ötən dövr üzrə 332,37 manat pensiya almalı olduğu halda, səhvən ona 430,40 manat məbləğində pensiya hesablanmış və buna görə Mərkəzi Filialın 27 iyul 2021-ci il tarixli **********3 nömrəli qərarı ilə təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmişdir. Nəticədə 1 yanvar 2021-ci il tarixdən 31 avqust 2021-ci il tarixədək ötən dövr üzrə guya iddiaçıya 784,24 manat məbləğində əmək pensiyası ödənildiyi müəyyən edildiyindən, həmin məbləğin onun əmək pensiyasından tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına qaytarılmasına qərar verilmiş və həmin məbləğin geri qaytarılması təmin olunmaqdadır. İddiaçı yuxarıda göstərilənlərlə razıalşmır. Bu, DSMF-nin ona qarşı birmənalı haqsızlığıdır. Belə ki, ərizəyə əlavə edilən bank hesabından çıxarışlardan da görünür ki, iddiaçıya hər hansı məbləğdə artıq əmək pensiyası hesablanmamışdır. Buna baxmayaraq, əsassız olaraq onun əmək pensiyasından 784,24 manat məbləğində vəsaitin DSMF-nin hesabına qaytarılmasına dair qərar verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin əmək pensiyasından əsassız tutulmanın aparması və əmək pensiyasının düzgün hesablamaması tamamilə qeyri-qanunidir və əsassız olmaqla, onun hüquqlarını kobud şəkildə pozur. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 25, 26, 71-ci maddələrinə, İPM-in 2.2.2, 8.1.3, 34.1-ci maddələrinə əsaslanaraq, iddiaçının əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasından əsassız tutulmaların geri qaytarılması öhdəliyinin cavabdeh DSMF-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «tutulmuş məbləğin geri qaytarılması və cavabdehin “artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” qərarının ləğv edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 1 sentyabr 2022-ci il tarixli məktubunda (yazılı etirazda) bildirilir ki, İddiaçı DSMF-nin “artıq ödənilmiş əmək pensiyasının tutulması haqqında” 27 iyul 2021ci il tarixli qərarının qanunsuz olduğunu iddia edərək, həmin qərarın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının İ dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat sığorta hissəsinə əlavənin təyin edilməsi ilə bağlı müraciətinin araşdırılması zamanı qeyd olunan əlavənin iddiaçıya həm Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü olaraq, həm də pensiyanın sığorta hissəsinə əlavə şəklində ödənildiyi aşkar edilmişdir. Nəticədə 1 yanvar 2021-ci il tarixdən 31 avqust 2021-cı il tarixədək 784,24 manat artıq ödəmə müəyyən olunmuşdur. DSMF hesab edir ki, iddia əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən 11 iyul 2014-cü il tarixdə İ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanuna 29 dekabr 2020-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən bu Qanunun 19-cu maddəsinin ləğvi ilə bağlı əmək pensiyalarının məbləği 1 yanvar 2021-ci il tarixdən yenidən hesablanmış və sözügedən Qanunun 1 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş 19.1.2-ci maddəsində qeyd edilən İ dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat məbləğində sığorta hissəsinə əlavə ləğv edilmişdir. Eyni zamanda, 1 yanvar 2021-ci il tarixdən qeyd olunan maddənin ləğvi ilə əlaqədar olaraq həmin əlavənin ödənişi dayandırılmış və 210 manat məbləğində “Ümumi səbəblərdən İ dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. İddiaçının İ dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat sığorta hissəsinə əlavənin təyin edilməsi ilə bağlı müraciətinin araşdırılması zamanı qeyd olunan əlavənin iddiaçıya həm Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü olaraq, həm də pensiyanın sığorta hissəsinə əlavə şəklində ödənildiyi aşkar edilmişdir. Araşdırılma zamanı məlum olmuşdur ki, 1 yanvar 2021-ci il tarixdən əmək pensiyasının sığorta hissəsinə əlavələrin ləğvi ilə əlaqədar pensiya məbləğindən İ dərəcə gözdən əlilliyi olan şəxslərə ödənilən 110 manat əlavənin çıxılması əvəzinə digər İ dərəcə əlilliyi olan şəxslərə ödənilən 22 manat çıxılmışdır. Nəticədə 1 yanvar 2021-ci il tarixdən 31 avqust 2021-cı il tarixədək 784,24 manat artıq ödəmə müəyyən olunmuşdur. 27 iyul 2021-ci il tarixli **********3 nömrəli qərar ilə İddiaçı təyin edilən əmək pensiyasının məbləği dəyişdirilərək 1 yanvar 2021-ci il tarixdən 332,37 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi ildə 1 dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği 1 yanvar 2022-ci il tarixdən 343.67 manata çatdırılmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 63, 64-cü maddələrinə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsaslanaraq, məhkəmədən İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu həmin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh nümayəndəsi Nümayəndə Ələsgər qızı iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: (4.1.1) yaşa görə əmək pensiyası; (4.1.2) əlilliyə görə əmək pensiyası; (4.1.3) ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 1 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş 19.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: - (19.1.2) İ dərəcə gözdən əlilliyi olan şəxslərə 110 manat, digər İ dərəcə əlilliyi olan şəxslərə 22 manat məbləğində (2017-ci ilin 1 iyul tarixindən sonra təyin edilən pensiyalara tətbiq olunur). Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli 240-VİQD nömrəli 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş Qanunu ilə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi ləğv edilmişdir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1232 nömrəli (2021-ci il yanvarın 1-dən qüvvəyə minmiş) Fərmanı ilə ümumi səbəblərdən İ dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği 210 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göründüyü kimi, İddiaçı iddiasında cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 22 iyul 2021-ci il tarixli **********3 nömrəli qərarını mübahisələndirərək, həmin qərarın ləğv olunmasını və onun əmək pensiyasından müvafiq məbləğlərdə tutulmaların qaytarılmasını tələb edir. İddiaçı mübahisələndirdiyi 22 iyul 2021-ci il tarixli **********3 nömrəli qərar iki hissədən ibarətdir: - İddiaçı təyin olunmuş əmək pensiyasının məbləğinin dəyişdirilməsi; - 2021-ci ilin yanvar – avqust ayları üzrə artıq ödənilmiş 784,24 manat məbləğin bölünərək iddiaçının aylıq əmək pensiyasından tutulmaqla DSMF-nın hesabına bərpa edilməsi. Məhkəmə qeyd edir ki, iddiaçının əmək pensiyasının məbləği hesablanarkən səhvə yol verilməsi, yəni İ dərəcə gözdən əlil kimi əmək pensiyasının sığorta hissəsinə əlavənin düzgün hesablanmaması ilə əlaqədar pensiya məbləğinə düzəliş etməkdə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, 1 yanvar 2021-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun “İ dərəcə gözdən əlilliyi olan şəxslərin əmək pensiyasının sığorta hissəsinə 110 manat əlavə hesablanması” nəzərdə tutulan 19-cu maddəsi ləğv edildiyi və Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1232 nömrəli Fərmanı ilə ümumi səbəblərdən İ dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 210 manat məbləğində təsis edildiyi halda, hazırkı iddiaçının əmək pensiyasına əlilliyi olan şəxs kimi 110 manat əlavə artıq hesablanmışdır. Odur ki, məhkəmə cavabdehin 22 iyul 2021-ci il tarixli **********3 nömrəli qərarı “əmək pensiyasının məbləğinin dəyişdirilməsi” hissəsində qanunsuz saymır. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Mübahisə predmeti olan 22 iyul 2021-ci il tarixli **********3 nömrəli qərarın ikinci hissəsinə gəldikdə isə, məhkəmə qərarı həmin hissədə qanun zidd və İddiaçı hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Bu qənaəti ilə bağlı məhkəmə aşağıdakları diqqətə çəkir: Qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı iş üzrə cavabdehin 22 iyul 2021-ci il tarixli **********3 nömrəli qərarının ikinci hissəsi “əlverişli inzibati akt”la bağlı olmasa da, “əlverişli faktiki hərəkətlər”lə əlaqədar olduğundan, qərarın həmin hissəsi qəbul olunarkən İddiaçı “ona ödənilmiş pensiya məbləğləri”nə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 1.2 və 67.6-cı maddələrinə müvafiq olaraq etimad hüququnun qorunması nəzərə alınmamışdır. Belə olan halda, cavabdehin 22 iyul 2021-ci il tarixli **********3 nömrəli qərarının İddiaçı ödənilmiş pensiya məbləğindən “artıq ödəmə” qismində hissənin tutulması barədə ikinci hissəsinin qəbulu «İnzibati icraat haqqında» Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. Qeyd olunanlardan əlavə məhkəmə vurğulayır ki, iddiaçıya təyin olunmuş pensiyanın məbləğinin qanunauyğun hesablanmaması sübuta yetirilmiş olsa da, həmin məbləğ cavabdeh inzibati orqanın gətirdiyi dəlil kimi “artıq ödənilmiş əmək pensiyası məbləği” qismində qiymətləndirilə bilməz. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22 iyul 2021-ci il tarixli **********3 nömrəli qərarı “2021-ci ilin yanvar – avqust ayları üzrə artıq ödənilmiş 784,24 manat məbləğin DSMF-nın hesabına bərpa edilməsi” hissəsində qanunsuz olduğu halda, bununla bağlı iddiaçının əmək pensiyası məbləğindən tutulmalar da qaytarılmalıdır. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22 iyul 2021-ci il tarixli **********3 nömrəli qərarı “2021-ci ilin yanvar – avqust ayları üzrə artıq ödənilmiş 784,24 manat məbləğin DSMF-nın hesabına bərpa edilməsi” hissəsində ləğv edilməli və sözügedən qərarın həmin hissəsinin icrası üzrə İddiaçı əmək pensiyasından tutulmuş məbləğlərin ona qaytarılması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22 iyul 2021-ci il tarixli **********3 nömrəli qərarı “2021-ci ilin yanvar – avqust ayları üzrə artıq ödənilmiş 784,24 manat məbləğin DSMF-nın hesabına bərpa edilməsi” hissəsində ləğv edilsin və sözügedən qərarın həmin hissəsinin icrası üzrə İddiaçı əmək pensiyasından tutulmuş məbləğlərin ona qaytarılması öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İdda qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7785/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7785/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver