Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7785/2024 24.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehnə qarşı “şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehnə qarşı “şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə inzibati işə 24 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehnə (bundan sonra mətndə Qeydiyyat şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təkrar doğum haqqında şəhadətnamə verilməsi vəzifəsinin cavabdeh Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət əvvəl şəxsiyyətini təsdiq edən sənədləri - doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, hərbi biletini itirmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis şöbəsinə ərizə ilə müraciət edərək özünə məxsus hərbi bilet, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsini Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində naməlum şəraitdə itirdiyini bildirərək həmin sənədlərin tapılmasına köməklik edilməsini xahiş etmişdir. Onun ərizəsi əsasında bir sıra axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Bundan sonra o, şəxsiyyət vəsiqəsi əldə etmək üçün müraciət etdikdə ondan doğum haqqında şəhadətnamə tələb edilmiş, təkrar doğum haqqında şəhadətnamə verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etdikdə isə təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün şəxsiyyətini təsdiq edən sənəd tələb edilmişdir. Hazırda o, şəxsiyyətini təsdiq edən vəsiqəni əldə etmək üçün doğum haqqında şəhadətnamə təqdim etməli olduğundan, ona təkrar doğum haqqında şəhadətnamə verilməsi zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Abşeron Rayon Polis İdarəsi Mehdiabad Polis bölməsi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli, № 3-13-59-2/2-M-2080/11/24 saylı arayışında qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət edərək özünə məxsus hərbi bilet, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsini Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində naməlum şəraitdə itirməsini bildirmişdir. Müraciət əsasında istiqamətində tərəflərindən bir sıra axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Hazırkı iddia tələbi ilə bağlı iddiaçının müraciətinə cavab olaraq Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, № 3-16-5/8-459/24 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr çarəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərə əsasən şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyi üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsi imkanları xaricindədir. Aidiyyəti üzrə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmənin müvafiq sorğularına əsasən: Yevlax rayon qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, № 4-6-368/8-2024 saylı cavab məktubu ilə məhkəməyə təqdim edilmiş valideynləri - atası X2 ilə anası - X3 olan xx.xx.1958-ci il təvəllüdlü İddiaçı aid 22 may 1958-ci ildə tərtib olunmuş 73 saylı doğum akt qeydinin surətindən sonuncunun doğumunun Yevlax rayonunun Aşağı Bucaq icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. Azərbaycan Respublkası Dövlət Miqrasiya Xidməti Təşkilat-Nəzarət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, № 06/8577 saylı cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində müraciəti qeydə alınmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4-13-4796/2024 saylı cavab məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən valideynləri X2 ilə X3 olan xx.xx.1958-ci il təvəllüdlü İddiaçı doğumunun Yevlax rayonunun Aşağı Bucaq icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmişdir. İddiaçı xx.xx.1987-ci ildə Gəncə şəhər qeydiyyat şöbəsində X1 ilə nikaha daxil olmuşdur. Bu nikahın pozulması xx.xx.2001 -ci ildə Binəqədi rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Sözügedən nikahdan doğulmuş xx.xx.1991 -ci il təvəllüdlü Sara Məmmədovanın və xx.xx.1992-ci il təvəllüdlü Nərmin Məmmədovanın doğumu Abşeron rayonunun Mehdiabad icra nümayəndəliyində qeydə alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-19306/2024 saylı cavab məktubunda göstərilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-cı il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Əsasnamənin 2.2-ci bəndində göstərilmişdir ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamə verilməsi mümkündür. Lakin iddiaçının şəxsiyyət vəsiqəsi olmadığı üçün, cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. İPM-nin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi qeydiyyat şöbədinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və İPM-nin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1958-ci ildə doğulmuş, doğumu Yevlax rayon Aşağı Bucaq icra nümayəndəliyi tərəfindən doğum akt qeydləri kitabında xx.xx.1958-ci il tarixdə 73 nömrə ilə qeydə alınmış İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7785/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7785/2024
24.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver