Məhkəmə qərarları › İş №2-1(112)-7788/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7788/2024

07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7788/2024 07.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı X6, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X13, X20, X21, X25, X18 və X22) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X14 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X13 və X10 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi Ev-50, mənzil-48-də yerləşən mənzili ******* saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. Mənzili aldıqdan sonra onun adına ********** nömrəli çıxarış verilmişdir. Onun mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan 3-cü şəxs X7 və X15 tanımır. Hazırda mən Asan-1-ə müraciət etdib arayış aldıqda mənə məlum olmuşdur ki, mənim mənzilimdə tanımadığım X13 və X20 qeydiyyatdadır.Onlar hazırda onun evində yaşamır, heç vaxt yaşamayıb və ona məxsus mənzildə heç bir əmlak yoxdur. 3-cü şəxslərin qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7788/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X13, X20 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs X10 iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının iddiasının əsasını təşkil edən hallar iddiaçının iddia ərizəsinə əlavə etdiyi alqı-satqı müqaviləsi ilə tam təkzib olunur və yalanı üzə çıxır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş alqı-satqı müqaviləsinə əsasən mübahisələndirilən mənzil mülkiyyət hüququ əsasında ona məxsus olmuşdur. 3-cü şəxs X13 onun indiki həyat yoldaşıdır. Keçmiş həyat yoldaşı X11 ilə onun arasında mübahisələndirilən mənzilə dair məhkəmə aktları vardır. Məhkəmə qətnaməsinə əsasən mənzil onun mülkiyyətinə verilmiş, X11 mənzildən çıxıb getmiş, üç azyaşlı övladları həm onun, həm də üçüncü şəxsin yanında qalmaqla, həm də mübahisəli mənzildə qeydiyyatda qalmaları məhkəmə tərəfindən müəyyən edilmişdir. Zərurət yarandığından o mənzili 10 ildən artıq qonşuluqda -Bakı şəhəri, Nəsimi rayonu, 52 saylı evin bildiyimə görə qızının adına olan saylı 18 saylı mənzilində yaşayan ailəliklə onları tanıyan, ən əsası da keçmiş həyat yoldaşı X3 qonşu kimi tanıyan iddiaçıya 90.000 manata satmışdır. Alqı-atqı müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçı ilə aşağıdakı qaydada razılığa gəlmişlər: Asan Xidmətdən alman arayışa əsasən o və keçmiş həyat yoldaşı qeydiyyatda olduğuna görə alqı-satqıdan sonra qeydiyyatdan çıxmaq barədə iddiaçı ilə razılığa gəldilər. Bunun müqabilində iddiaçı ona ödəyəcəyi puldan 500 manat saxlamağa razılaşdılar. Notarusda alqı-satqı edilərkən uşaqların da qeydiyyatı görsənəndən sonra razılığa gəldilər ki, uşaqlar anasının himayəsindədir onların qeydiyyatdan çıxarılmasını iddiaçı həll edəcək. Alqı-satqı zamanı iddiaçı pulu olmadığını bəhanə gətirərək ödəyəcəyi puldan razılaşdığımız 500 manat yox, 1000 manat saxladı ki, sonra verər. O alqı-satqıdan sonra bildirdi ki, 500 manatı ver qeydiyyatdan çıxaq. Sonra da uşaqları qeydiyyatdan çıxararsan 500 manatı da onda ödəyərsən. İddiaçı razılaşmadı. Üçüncü şəxs ona bildirdi ki, onda mənzildə qalan əmlakları ver aparsın. Çünki mənzili satarkən 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan. 1 ədəd divan, 1 ədəd stol, 6 ədəd stul, 3 ədəd çarpayı və 2 ədəd döşək (1 ədədi taxt döşəyi, 1 ədədi 1 nəfərlik çarpayı döşəyi) mənzildə qalmışdı. Həmin əşyaları və həmin mənzili kirayəyə vermişdi kirayənşin həmin əmlaklardan istifadə edirdi, indi də istifadə edir. O dəfələrlə iddiaçıdan 1000 manatı tələb etsə də razılığa gəlmədi. Lakin sonra məlum oldu ki, məni məhkəməyə verib. Göründüyü kimi iddiaçının iddia ərizəsinin əsasını təşkil edən məzmun həqiqətə üyğun deyil. Mənzilin alqı-satqısı zamanı aralarında olan razılaşma iddiaçı tərəfindən pozulduğuna görə mübahisələri yaranmışdır. Bu mübahisə isə inzibatı məhkəmə tərəfindən baxila bilməz, aidiyyatı üzrə ümumi məhkəmədə baxilmalıdır. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək X13, X20, X21, X25, X18 və X16 Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, ev-50, mənzil 48-ə qeydiyyatdan çıxarılmaları vəzifəsinin Bakı şəhəri, Nəsimi rayonu, Polis İdarəsinin üzırinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmiş, X21, X25, X18 və X22 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X20 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1989-cu il təvəllüdlü X13, xx.xx.1977-ci il təvəllüdlü X20 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 50 ünvanında yerləşən ümumi sahəsi 41.27 kv.m olan 48 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X4 adına xx.xx.2023-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş AN–İ № ******* nömrəli xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə satıcı X20 Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 50 ünvanında yerləşən ümumi sahəsi 41.27 kv.m olan 2 otaqlı 48 saylı mənzili alıcı X4 mülkiyyətinə verir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri 53 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2083 nömrəli məktubu ilə göndərilmiş xx.xx.2023-cü il tarixində 4Ə- 3123 reyestrli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki: - X5 notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizəsində qeyd etmişdir ki, qeydiyyatda olduğu X17 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 50 ünvanında yerləşən 48 saylı mənzilin satılmasına etiraz etmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2- 10464/2024 nömrəli məktubunda bildirilmişdir ki, X13 xx.xx.2019-cu il tarixdən, X20 isə xx.xx.2014-cü il tarixdən ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişlər. Qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********53 nömrəli məktubunda bildirilmişdir ki, X5 və X10 ünvan 2 ünvanı üzərində istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanı ünvan 4lik təşkil edir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli, 51/2-A-5537 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən X20, X13 , X21 , X22, X25, X8 ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 50 ünvanında yerləşən 48 saylı mənzil xx.xx.2023ci il tarixdən X4 xüsusi mülkiyyətindədir. İddiaınınq eydiyyatdan çıxarılmasını xahiş etdiyi üçüncü şəxslər X20 mənzilin keçmiş mülkiyyətçisi, digər üçüncü şəxslər sonuncunun ailə üzvləridir. Belə ki, xx.xx.2023cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi ilə satıcı X20 həmin mənzili alıcı X1, müqavilənin 13-cü maddəsinin tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək həmin ünvandan qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də ünvandan qeydiyyatdan çıxmamışdır. Eyni zamanda müqavilə bağlanan zaman həmin mənzildə qeydiyyatda olan yetkinlik yaşında olan X19 xx.xx.2023-cü il tarixli notarial ərizəsində mənzilin satılmasına etiraz etmədiyini bildirsə də müqavilədən sonra mübahisəli ünvanda qeydiyyatda qalmışlar. Digər üçüncü şəxslər X10 övladları olamqla həmin ünvanda yaşamaqlarına dair sübutlar müəyyən olunmamışdır. Məhkəmə üçüncü şəxs X10 məhkəmə iclasında bildirdiyi iddiaçının mübahisəli mənzillə bağlı ona əlavə 1000 manat borcunun olması, həmin borc ödənilmədiyindən iddiaçının onun və qohumlarının qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmadığına dair dəlili ilə razılaşmır. Belə ki, iddiaçı ilə X12 arasında mənzilin alqı-satqısına dair notarial müqavilə imzalanmış, müqavilə üzrə mənzilin dəyəri ilə bağlı razılaşdırılmış məbləğ notariusun depozit hesabına ödənilmiş, müqavilə təsdiq edilərək alıcının adına elektron çıxarışın hazılanması ilə bağlı reyestr orqanına müraciət edilmiş və mənzil üzrə mülkiyyət hüququnun iddiaçıya ötürülməsi baş tutmuşdur. Adıçəkilən mənzil iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Üçüncü şəxsin iddia etdiyi 1000 manatlıq borcla bağlı, həmin pul vəsaitinin ödəniləcəyi halda qeydiyyatdan çıxacağına dair əlavə hər hansı müqavilə və yaxud xx.xx.2023-cü il tarixli müqavilədə bununla bağlı hər hansı qeyd-şərt öz əksini tapmamışdır. Sözügedən alqı-satqı müqaviləsi qüvvədədir, müqavilənin hüquqi nəticəsi kimi reyestrdə iddiaçının adına mülkiyyət hüquqlarına dair qeydlər qüvvədədir, ləğv edilməmişdir, üçüncü şəxs tərəfindən müqavilənin etibarsızlığı, ləğvi, mənzilin, onun tərkib hissələrinin təhvili mübahisələndirilməmiş, bununla bağlı mülki məhkəmə icraatında hər hansı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. X2 Məhkəməsi yekunda bu nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsa da onlar hazırkı mülkiyyətçinin ailə üzvü deyillər, həmin ünvanda faktiki olaraq yaşamırlar, onların mənzilə dair istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduqlarəndan mənzilin hazırkı mülkiyyətçisi onun qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X13, X20, X21, X25, X18 və X16 ünvan 1 (ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X13, X20, X21, X25, X18 və X16 ünvan 1 (ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar