Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-779/2021 16.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Mahmud Orxan Əlövsət oğlunun katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" ASC 3-cü şəxs qismində göstərilməklə “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdə GNLMB-2826 kredit müqaviləsinə əsasən "xxxx"ın Gəncə filialından 2090 USD kredit götürmüşdür. Krediti cədvəl üzrə vaxtlı-vaxtında ödəmiş, xx.xx.2015-ci il tarixinə əsas borcu 1779.24 USD olmuşdur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən problemli kreditlərin kompensasiyası ödənilmişdir. Buna baxmayaraq sistemdə onun adına kompensasiya hesablanmamışdır. Bu barədə etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikası Mərkəzi Bankından cavab verilmişdir ki, kredit MKR-də yoxdur, bu barədə məhkəməyə müraciət edə bilər. Beləliklə, "xxxx" ASC-nin sənədləşdirmədə yol verdiyi səhvə görə hüquqları pozulmuşdur. Ona görə də hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Bu səbəbdən ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" ASC 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə göstərilmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilə barəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasına vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşın adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Hazırda "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda və ona əlavə edilmiş çıxarışlarda göstərilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 1.779,24 ABŞ dolları ödənilməmiş əsas kredit borcu qalmışdır və borclu xx.xx.2016-cı il tarixində kredit müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdir. Beləliklə, sözügedən kredit müqaviləsinin həqiqətən də "xxxx" ASC ilə İddiaçı arasında bağlanılması məhkəmə tərəfindən təkzibedilməz şəkildə təsdiq olunarsa, Fərmanın 1.2-ci bəndi nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 1.067,54 manat kompensasiyanın hesablanmasına etiraz edilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddiasını müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı barəsində "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışda və ona əlavə edilmiş çıxarışlarda göstərilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçının ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 1.779,24 ABŞ dolları ödənilməmiş əsas kredit borcu qalmışdır və borclu xx.xx.2016-cı il tarixində kredit müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, xx.xx.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; 3.2-ci bəndinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi; 7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməklə, İddiaçı adının «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona həmin Fərmanın tələblərinə əsasən xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə 1.067,54 manat kompensasiyasının hesablanması öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı adının «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 551 nömrəli, xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və ona həmin Fərmanın tələblərinə əsasən xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə 1.067,54 manat kompensasiyasının hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-779/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-779/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver