Məhkəmə qərarları › İş №2-1(112)-779/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-779/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-779/2023 11.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X2 və Servis Universitetində hüquq fakültəsinin “hüquqşünaslıq” ixtisasının “bakalavr” dərəcəsini müvəffəqiyyətlə bitirdiyim üçün mənə verilən 016034 qeydiyyat nömrəli bakalavr diplomunun tanınması və ekvivalentliyin müəyyən edilməsinə dair müvafiq şahadətnamənin verilməsi” barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 və Servis Universitetində hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasının “bakalavr” dərəcəsi üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 2021-ci il tarixdə 016034 qeydiyyat nömrəli bakalavr diplomu almışdır. Xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi məqsədi ilə 02 dekabr 2021-ci il tarixdə cavabdehə tərəfindən müraciət ünvanlanmışdır. Diplomun tanınması üçün 18 dekabr 2021-ci il tarixdə həyata keçirilən imtahan tərəfindən uğurla verilmişdir. Lakin 17 yanvar 2021-ci il tarixli elektron poçta gələn məktubda ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığına görə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları”nın 3.7-ci bəndinə əsasən ixtisasının ölkə üzrə tanınmasının mümkün hesab edilmədiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən diplom üzrə aldığı ixtisasın təsdiq olunmaması və ekvivalentliyinin müəyyən edilməməsi tam əsassız və qanunsuzdur. Belə ki, o, X2 və Servis Universitetində təhsilini başa vurmuşdur və rus dilini tam şəkildə bilir. Həyata keçirilən imtahan zamanı lazımi və ixtisası ilə bağlı olan suallara tam şəkildə cavab versə də Agentlik tərəfindən ona ixtisasına aid olmayan çətin terminlərdən ibarət mətn verilmişdir. Təhsil aldığı dövrdə dərsə davamiyyəti tam olmuş, yüksək qiymətlərlə universiteti bitirmişdir. Dərsə davamiyyətinin tam olması və rus dilini sərbəst bilməyi bunu bir daha sübut edir. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən hüquqları kobud surətdə pozulmuşdur. 016034 qeydiyyat nömrəli bakalavr diplomu cavabdeh tərəfindən tanınmalı və ona qarşı edilən hüquq pozuntusunun qarşısı alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçı məhkəmənin 12 aprel 2022-ci il tarixli hazırlıq icraatı üzrə iclasının keçirilməsi vaxtı barədə 17 fevral 2022-ci il tarixli bildirişlə xəbərdar edilmişdir. Qeyd edilən tarixdə iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. İclas iş üzrə zəruri sübutların məhkəməyə təqdim edilməsi məqsədi ilə 18 may 2022-ci il tarixə təxirə salınmışdır. İddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq 18 may 2022-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək iclasın təxirə salınmasını xahiş etmişdir. Müvafiq məhkəmə iclasında tərəflər iştirak etmədiyinə görə iclas 29 iyun 2022-ci il tarixə təxirə salınmışdır. 29 iyun 2022-ci il tarixli məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi məqsədi ilə 06 sentyabr 2022-ci il tarixə təxirə salınmışdır. 06 sentyabr 2022-ci il tarixli məhkəmə iclası tərəflər məhkəmə iclasında iştirak etmədikləri üçün məhkəmə iclası 11 oktyabr 2022-ci il tarixə təxirə salınmışdır. 11 oktyabr 2022-ci il tarixli məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi üçün 23 noyabr 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım barədə məktub ünvanlanaraq məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona aydın ifadə edilmişdir. Sözügedən məktub iddiaçıya lazımi qaydada çatdırılmışdır. Məhkəmənin 23 noyabr 2022-ci il tarixli iclasında cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı və onun nümayəndəsi və vəkili iştirak etməmişdir. Məhkəmənin iş üzrə hazırkı iclasında tərəflər iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarından: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin mənasına görə iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... ...Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, həmin Məcəllənin 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında həmin Məcəllənin 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, həmin Məcəllənin 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, həmin Məcəllənin 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir. Göstərilənlərə əsasən və həmin Məcəllənin 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar