Məhkəmə qərarları › İş №2-1(112)-779/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-779/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-779/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahəsi 126 kv.m olan, 3 otaqlı, 56 saylı mənzil üzərində mülkiyyət hüququnun "xxxx" MTK üzvlərinin ümumi iclasının 17 mart 2023-cü il tarixli, 01 nömrəli protokolundan çıxarışa əsasən dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK üzvlərinin ümumi iclasının 17 mart 2023-cü il tarixli, 01 nömrəli protokolundan çıxarışa əsasən o, MTK-ya üzv qəbul edilmiş və MTK-nin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahəsi 126 kv.m olan 3 otaqlı, 56 saylı məzil ona verilmişdir. MTK-nın 17 mart 2023-cü il tarixli 02/23 saylı maliyyə arayışından məlum olur ki, qeyd olunan mənzilin pay dəyəri tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Qeyd olunan sənədlərlə o, cavabdehə müraciət edərək, sözügedən mənzil üzərində hüquqlarının qeydiyyata alınmasıını xahiş etmişdir. Müraciətinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla cavab verilərək müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məktubda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının təqdim edilmiş layihəsində 56 saylı mənzil 2 otaqlı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman qonşu mənzilin 1 otağının və sanitar qovşağının müvafiq mənzilə birləşdirilməsi müəyyən edilmişdir. Daha sonra, o, xx.xx.2023-cü il tarixində cavabdehə yenidən müraciət edərək xx.xx.2023-cü il tarixli imtinanın əsassız olduğu bildirilmiş və yuxarıda qeyd olunan mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Onun təkrar müraciətnə cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixində cavab vermiş və bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı ona xx.xx.2023-cü il tarixli məktubla ətraflı cavab verilmişdir. Hesab edir ki, cavabdehin imtinaları tamamilə qanunsuz və əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının təqdim edilmiş layihəsində 56 saylı mənzil 2 (iki) otaqlı göstərilsə də, qonşu mənzilin 1 (bir) otağı və sanitar qovşaq müvafiq mənzilə birləşdirilmişdir. Belə ki, **********30-05301-093036 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 55 saylı mənzili texniki pasportundakı 6 saylı yaşayış otağı və 7 saylı sanitar qovşaq 56 saylı mənzilin faktiki istifadəsindədir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəməyə gəlməmələrinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, "xxxx" MTK üzvlərinin ümumi iclasının 01 nömrəli, 17 mart 2023-cü il tarixli iclasının protokolundan çıxarışa əsasən İddiaçı Aqil qızı MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın Xətai rayonu, ünvan 4 koopertiv yaşayış binasının 16-cı mərtəbəsində, ümumi sahə 126 kv.m olan 3 (üç) otaqlı 56 saylı mənzil verilmiş və çıxarışa 1 (bir) nəfər ailə tərkibində daxil edilmişdir. "xxxx" MTK tərəfindən verilmiş 02/23 nömrəli, 17 mart 2023-cü il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, 1131-ci məhəllə, ünvan 4 ünvanında yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bina 10, 16-cı mərtəbə, 3 otaqdan ibarət 56 saylı mənzilin ümumi sahəsi 126 kv.m olan mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. İddiaçı sözügedən mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda inşa edilmiş yaşayış binasının təqdim edilmiş layihəsində 56 saylı mənzil 2 otaqlı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman qonşu mənzilin 1 otağının və sanitar qovşağının müvafiq mənzilə birləşdirilməsi müəyyən edilmişdir. Cavabdehin imtinasının əsaslılığı məhkəmə tərəfindən araşdırılan zaman cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə (müayinə aktı, digər mənzilin çıxarışı və texniki pasportu və s.) əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi mənzil 18 mərtəbəli binanın 16-cı mərtəbəsində yerləşir. Razılaşdırılmış layihəyə əsasən və faktiki soldan 4-cü qapı. Layihəyə əsasən mənzil 2 otaqlıdır, faktiki və təqdim edilən sənədlərdə isə mənzil 3 otaqlıdır. xx.xx.2016-cı il tarixdə qeydiyyatdan keçən **********30-05301-093036 reyestr nömrəli 55 saylı mənzilin texniki pasportundakı 6 saylı yaşayış otağı və 7 saylı sanitar qovşağı müraciət edilən 56 saylı mənzilin faktiki istifadəsindədir. Şifahi məlumata əsasən əvvəl hər iki mənzil eyni vətəndaşa məxsus olub, 4 otaqlı 55 saylı mənzilin 1 yaşayış otağını və sanitar qovşağını rekonstruksiya edərək 56 saylı mənzilə birləşdirmişdir. 55 saylı mənzil 4 yaşayış otağı kimi razılaşdırılmış layihəyə əsasən qeydiyyatdan keçmişdir. Göründüyü kimi, hazırda iddiaçının iddia etdiyi mənzilin 1 yaşayış otağı və sanitar qovşağı onun faktiki istifadəsində olsa da, daşınmaz əmlakın dövlət reyestrində 55 saylı mənzilin mülkiyyətçisinin adına qeydiyyatdan keçmiş və həmin mülkiyyətçiyə verilmiş daşınmaz əmlakın texniki pasportunda həmin yaşayış otağı və sanitar qovşaq öz əksini tapmışdır. Belə olan təqdirdə, məhkəmə hazırki iddianı qaldırmaqda iddiaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, iddiaçı ilk öncə, iddia etdiyi mənzilin faktiki istifadəsində olan, lakin, digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 1 yaşayış otağı və sanitar qovşağının həmin fiziki şəxsin adına aparılmış qeydiyyatını mübahisələndirməli, bundan sonra mübahisə predmeti olan mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hazırki tələbi irəli sürməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi mənzilin bir hissəsi hazırda digər fiziki şəxsin mülkiyyətində olduğundan onun hazırki iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməsi istisna edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar