Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7790/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunn Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 65 yaşı tamam olduğu tarixdən, yəni 05.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməmiş (fərq) məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə doğulub. 21.05.1973-cü ildən 01.02.1974-cü ilə qədər “Azərkəndtəsərrüfatıtexnika" İdarəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 29.11.1974-cü ildən 03.12.1976-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra 27.02.1977-ci ildən 25.12.1979-cu ilə qədər sürücü, 18.10.1979-cu ildən 25.11.1987-ci ilə qədər sürücü, 25.11.1987-ci ildən 16.09.1988-ci ilə qədər sürücü, 25.10.1988-ci ildən 05.12.1997-ci ilə qədər 2724 №-li Füzuli avtokolonunda sürücü, 01.08.2002-ci ildən 03.01.2005-ci ilə qədər isə "xxxx" ASC-də sürücü vəzifəsində işləmişdir. 65 yaşı tamam olduğundan yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh inzibati orqan 07.06.2021-ci il tarixli **********8 №-li imtina məktubu ilə ona pensiya təyin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, onun tələb olunan iş stajını və fərdi hesabında pensiya kapitalı mövcud deyil. Həmçinin Fondun 10 saylı regional ərazi filialının 18.05.2021-ci il tarixli xidməti məruzəsinə əsasən X4nin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün sözügedən illər sığorta stajına əlavə edilməmişdir. Əmək kitabçasında olan məlumatlara əsasən işlədiyi iş yerləri dövlət müəssisələri olmuşdur. Hazırda qüvvədə olan Qaydalarda 01.01.2006-cı ilə qədər sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir. Bundan başqa, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, qanunvericiliklə həmin müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqları üzrə 01.01.2006-cı il tarixə yaranmış borcları 01.04.2018-ci il tarixdən silinmişdir. Sadalanan hallardan göründüyü kimi, onun əmək kitabçasına əsasən 25 il 4 ay 23 gün ümumi iş stajı mövcuddur. X4nin arxiv sənədləri ilə bağlı qeyd olunmalıdır ki, həmin sənədlər Beyləqan rayonu. Daşburun qəsəbəsində saxlanılır. Fondun 10 saylı Ərazi Filialının əməkdaşları həmin əraziyə getmədiklərindən belə bir xidməti məruzə tərtib etmişlər. Bu əsasdan hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən onun pensiya hüququ pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı 11.03.2021-ci il tarixdə yaşa görə pensiyanın təyin edilməsi tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Vətəndaşın müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və 07.06.2021-ci il tarixdə cavablandırılmışdır. Cavabdeh orqanın **********8 nömrəli imtina məktubuna əsasən İddiaçı əmək kitabçasında qeyd olunan 25.10.1988-ci il tarixindən 05.12.1997-ci il tarixədək “X4”nin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün vətəndaşın işləməsinə dair sosial sığorta stajının yoxlanılması mümkün olmadığından həmin dövrlərin pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Yuxarıda qeyd olunan Qanunun 7-ci maddəsinə əsasən 64 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı oğlunun təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə çatmasına baxmayaraq tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumillikdə 16 il 10 ay iş stajı vardır. Cavabdeh tərəfindən mübahisələndirilən 25.10.1988-ci il tarixindən 05.12.1997-ci il tarixədək (09 il 1 ay 10 gün) vətəndaşın “X4”də işlədiyini iddia etdiyi dövrlərdə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir. Yuxarda qeyd olunan müəssisə ilə bağlı cavabdeh orqan tərəfindən Milli Arxiv İdarəsi Füzuli və Beyləqan rayon Dövlət Arxivlərinə sorğular göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr mövcuddur: - İddiaçının işlədiyini iddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh orqan tərəfindən Milli Arxiv İdarəsi X7 və Beyləqan filiallarına ünvanlanmış sorğulara gələn cavab məktublarında qeyd edilmişdir ki, 25.10.1988-ci il tarixindən 05.12.1997-ci il tarixədək “X4”nin arxiv sənədləri mühafizə üçün Azərbaycan Respublikası X7 və Beyləqan filiallarına təhvil verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun həm 7-ci maddənin hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə (65 yaş) çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq vətəndaşın mövcud olan sığorta stajı uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş materiallarında olan: - AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1956-ci ildə Xocavənd rayonu, Xocavənd qəs., doğulmuşdur. - Hadrut rayon Hərbi komissarlığı tərəfindən 29.11.1974-ci il tarixdə verilmiş HЗ ******* №li hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, xx.xx.1956-ci il təvəllüdlü İddiaçı 29.11.1974-cü il tarixdən 03.12.1976-ci ilədək Sovet Ordusu sıralarında müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmişdir. - İddiaçıya məxsus 25.05.1973-cü il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı 21.05.1973-cü ildən – 01.02.1974-cü ilədək “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Texnikası” Hadrut rayon təşkilatında 2-ci dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. 27.02.1977-ci ildə X1 Biliyinə 3-cü dərəcəli sürücü kimi qəbul edilmişdir. 25.12.1979-cu ildə öz xahişi ilə işdən azad edilmişdir. 18.10.1979-cu ildə sürücü kimi qəbul edilmişdir. 25.11.1987-ci ildə azad edilmişdir. 25.11.1987-ci ildə Hadrut TTTS 95 saylı əmrə əsasən digər yerdən keçirildiyi üçün 2-ci dərəcəli sürücü kimi qəbul edilmişdir. 16.09.1988-ci ildə tutduğu vəzifədən azad edilmişdir. 25.10.1988-ci ildə 2124 saylı X5 3-cü dərəcəli sürücü kimi qəbul edilmişdir. 05.12.1997-ci ildə Füzuli ANM-nə məxsus olan avtonəqliyyat vasitələrinin satılması ilə əlaqədar olaraq (avtomaşın sürücüyə satıldığı üçün) işdən azad edilmişdir. 01.08.2002-ci ildə "xxxx" ASC-yə sürücü vəzifəsinə qəbul edilmişdir. 03.01.2005-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. - Məhkəmə araşdırması zamanı əslinə baxış keçirilmiş X2 1997-ci il üçün Əmrlər kitabından çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Füzuli ANM-nə məxsus olan avtonəqliyyat vasitələrinin satılması ilə əlaqədar olaraq yəni Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin 07-3/2271 saylı 12 avqust 1997-ci il tarixli məktubuna əsasən 1987-ci il buraxılışlı “KAMAZ-5511” markalı, 76-84 AQO dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsini İddiaçı satılmışdır. Sonradan müəssisənin 100 №-li 05.12.1997-ci il tarixli əmri ilə Füzuli ANM-nə məxsus olan avtonəqliyyat vasitələrinin satılması ilə əlaqədar olaraq yəni Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin 07-3/2271 saylı 12 avqust 1997-ci il tarixli məktubuna əsasən avtomaşınlar öz sürücülərinə satıldığı üçün həmin sürücülər işdən azad edilmişdir. - İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış 07.06.2021-ci il tarixli **********8 saylı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən 25.05.1973-cü il tarixində tərtib edilmiş əmək kitabçasına və H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən 01.01.2006-cı il tarixinədək sığorta stajı 16 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Fondun 10 saylı regional ərazi filialının 18.05.2021-ci il tarixli xidməti məruzəsinə əsasən X4nin arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün sözügedən illər sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanlar nəzərə alınmaqla müraciətçiyə yaşa görə əmək pensiyası təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasında qeyd olunsa da həmin illərə münasibətdə cavabdeh tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi ( vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə hərbi xidmət dövrü və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq (25 il 11 ay 22 gün) stajı mövcuddur. Şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materialarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (65 yaş) 05.03.2021-ci il tarixdə çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə iddiaçı tərəfindən cavabdeh inzibati orqanın dəlillərini təkzib edəcək sübut X2 1997-ci il üçün Əmrlər kitabının əsli məhkəməyə təqdim olunmuşdur. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 05.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7790/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7790/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver