Məhkəmə qərarları › İş №2-1(112)-7791/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7791/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7791/2022 09.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı (3-cü şəxs X6) “ünvandan qeydiyyatdan çıxarılma” iddia tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı (3-cü şəxs X6) “ünvandan qeydiyyatdan çıxarılma” iddia tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X1 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 100 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhər Binəqədi rayon məhkəməsinə müraciət edərək, cavabdeh X1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 100 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməklə, həmin evdən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2(001 )-7256/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh X6 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 100 saylı fərdi yaşayış evindən bütün əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 100 saylı ev İddiaçı atası X2 mülkiyyətində olmuşdur. X7 22 iyun 2016cı il tarixə notariat formasında yazılı vəsiyyətnamə tərtib edərək, bütün daşınar və daşınmaz əmlakını qızı (iddiaçı) İddiaçı vəsiyyət etmişdir. X7 26 fevral 2020-ci il tarixdə “Miokardın aşağı divarının kəskin transmural infarktı” səbəbindən ölmüş və onun ölümündən sonra miras qalmış əmlak, o cümlədən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 100 saylı fərdi yaşayış ev vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə keçmişdir. Həmin fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ xx.xx.2021 -ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və hazırda da iddiaçının mülkiyyətindədir. İddiaçı əmisi oğlu X1 2011-ci ildə Gədəbəy rayonundan Bakı şəhərinə təhsil olmaq və işləmək üçün gəldikdən sonra müvəqqəti olaraq İddiaçı atası Vidadinin razılığı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 100 saylı evdə yaşamış və müvəqqəti olaraq fərdi yaşayış evinə pasport qeydiyyatına alınmışdır. Sonradan həmin yaşayış evini boşaldaraq iddiaçıya təhvil vermədiyi üçün iddia ərizəsi ilə Bakı şəhər Binəqədi rayon məhkəməsinə müraciət edərək X1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 100 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməklə, həmin evdən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001 )-7256/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh X6 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 100 saylı fərdi yaşayış evindən bütün əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(001 )-7256/2021 saylı qətnaməsində qeyd edilmişdir ki, mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun əldə edilməsi ilə bağlı həm əvvəlki mülkiyyətçi X3 (qardaşının oğlu), həm də hazırki mülkiyyətçi - İddiaçı (əmişin oğlu) münasibətdə cavabdeh X6 “digər qohum” statusu ilə çıxış edir. Lakin cavabdeh qohumluq dərəcəsinə görə həm əvvəlki, həm də hazırki mülkiyyətçidən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid edilməmişdir. Bu səbəbdən orada yaşamasına baxmayaraq, onun mübahisəli fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 100 saylı ev İddiaçı mülkiyyətindədir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yaninda Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti Hüquqların X8 daşınmaz əmlakın Dövlət Reyesterindən xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001 )-7256/2021 saylı qətnaməsində qeyd edilmişdir ki, “Cavabdehin mübahisəli mənzilə pasport qeydiyyatına alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin evdə pasport qeydiyyatında olması bu əmlakdan istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. “ Məhkəmə cavabdehin mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun yaranmamasını nəzərə alıb iddia tələbi “cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001 )-7256/2021 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra iddiaçı ərizə ilə Binəqədi RPİ-nin Pasport və Qeydiyyat Bölməsinə müraciət edərək X1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 100 saylı evdən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi RPİ-nin xx.xx.2022-ci il tarixli, 059-9320M-3222 saylı məktubu ilə X1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 100 saylı evdən qeydiyyatdan çıxarılmasından imtina edilmiş və imtina məktubunda qeyd edilmişdir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 7256/2021 saylı qətnaməsi məktubla daxil olduqdan sonra adı çəkilən şəxslər qeydiyyatdan çıxarılcaqdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bu səbəbdən iddiaçı narazı qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7791/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən X4 üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə prosesində iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmiş və xx.xx.2022-ci il tarixli məktub ilə nümayəndələrinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar olunmuş 3cü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Binəqədi Rayon Məhkəməsinin 2(001)-7256/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyalarla birlikdə yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia qismən təmin edilmiş, cavabdeh X6 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 100 saylı fərdi yaşayış evindən bütün əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. - Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-7256/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. - İddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırkı tələblə müraciət edilmiş, müraciətə cavab olaraq xx.xx.2022-ci il tarixli məktuba əsasən Binəqədi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001 )-7256/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi məktubla daxil olduqda adı çəkilən şəxslər qeydiyyatdan çıxarılacagı qeyd edilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. -xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinə əsasən, iddiaçı - X7 vərəsəsi kimi tanınmış və ünvan 4 ünvanında yerləşən miras əmlakdan tam hissədə pay almışdır. - Məhkəmənin sorğusuna cavab olaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi xx.xx.2022-ci il tarixli məktubla bildirir ki, X6 (əvvəlki soyadı, adı: Süleymanov İlkin) xx.xx.2011-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə təqdim edilməsi mümkün deyildir. - Məhkəmənin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 100 saylı fərdi yaşayış evinə dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim etmişdir. (vəsiyyətnamə, çıxarış, müqavilə və s.)

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı iddiadır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cı maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Belə ki, Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-7256 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdeh X6 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 100 saylı fərdi yaşayış evindən bütün əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edimişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarında qeyd olunduğu kimi üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildən çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, onun qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanuna uyğun olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Məhkəmə hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X1 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 100 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 100 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar