Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7792/2021 09.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı «mənzilə dair qeydiyyat vəsiqəsinin ləğv edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X5) qarşı «mənzilə dair qeydiyyat vəsiqəsinin ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, Bakı şəhəri, H.Əliyev prospekti, 54 saylı evin 6 saylı mənzili hal-hazırda MH seriyalı ******* nömrəli “daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən X3 mülkiyyətindədir. Lakin əvvəllər həmin mənzilin mükiyyətçisi olmuş hazırkı İddiaçı faktiki olaraq ona məxsus olan həmin mənzildə yaşayır. Onunla birgə Münasib Həsənov və başqaları ailə üzvləri ilə 1992-ci ilin fevral ayından məcburi köçkün kimi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində qeydiyyata götürülmüş və sözügedən mənzildə yaşayırlar. Həmin vaxtdan başlayaraq, iddiaçı və onun ailə üzvləri qeyd edilən ünvanda fasiləsiz yaşamış, mənzildən istifadə etmiş və hal-hazırda da orada yaşayırlar. Bu hal, Bakı şəhəri Nərimanov RİH-in 35/29 saylı 29 iyul 1998-ci il tarixli və MKTB-nin 191148 saylı 3 fevral 2016-cı il tarixli arayışları ilə də təsdiq edilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Nərimanov RİH-ə qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, yaşayış sahəsinə dair kirayə müqaviləsinin bağlanması tələbinə dair iddiasının təmin edilməsi, həmin mənzilə İddiaçı ilə kirayə müqaviləsinin bağlanması vəzifəsinin Nərimanov RİH-ə həvalə olunması qət edilmişdir. Həmin qətnamə qəbul olunduqdan sonra İddiaçı DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, mənziıə dair MH seriyalı ******* saylı 21 dekabr 2006-cı il tarixli reyestrdən çıxarış almışdır. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-423/2008 saylı iş üzrə 24 yanvar 2008-ci il tarixli qətnaməsi ilə maraqlı şəxslər Əliş Hüseynovun və Natiq Qurbanovun apellyasiya şikayətlərinin təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin bu iş üzrə qəbul edilmiş 01 sentyabr 2006-cı il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi qət edilmişdir. 2016-cı ildə İddiaçı Əliş Hüseynovun adına verilmiş həmin mənzilə dair sərəncamın və qeydiyyat vəsiqəsinin ləğv edilməsi və Natiq Qurbanovun adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə 2 saylı İnzibati-İqtisadi Məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2589/2017 saylı iş üzrə 22 noyabr 2017ci il tarixli qərarı ilə Əliş Hüseynovun adına verilmiş Nərimanov RİH-in 13 saylı 31 mart 1995-ci il tarixli sərəncamı etibarsız hesab edilmişdir. Daha sonra 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-1155/2018 saylı iş üzrə 16 avqust 2018-ci il tarixli qərarı ilə mənzilə Əliş Hüseynovun adına verilmiş 003994 saylı 17 aprel 1996-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmişdir. İddiaçı (İddiaçı) tərəfindən 26 aprel 2021-ci il tarixdə vəkili vasitəsi ilə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanmış və 14 noyabr 2008-cü il tarixdə Natiq Qurbanovun adına verilmiş çıxarışın hansı əsaslarla verilməsi barədə arayış alınması xahiş edilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 21 may 2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-423/2008 saylı iş üzrə 29 dekabr 2015-ci il tarixli qərardadına əsasən maraqlı şəxs Natiq Qurbanovun qətnamənin icrasına dönüş edilməsi barədə ərizəsinin qismən təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 1 sentyabr 2006-cı il tarixli qətnaməsinin icrasına dönüş edilməsi, həmin qətnamə ilə sözügedən mənzillə bağlı İddiaçı adına Nərimanov RİH və DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən aparılmış bütün sənədləşmələrin ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qərardadı DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən ********** nömrəsi ilə 17 avqust 2016-cı il tarixdə icra olunaraq, İddiaçı adına verilmiş reyestrdən çıxarış ləğv edilmişdir. DƏDRX tərəfindən sorğuya 21 may 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin 9 iyul 2008-ci il tarixli qərardadı icra edilmiş, mənzil Natiq Qurbanovun adına ********** qeydiyyat nömrəsi ilə 14 noyabr 2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, 14 noyabr 2008-ci il tarixdə mənzil onun (hazırkı iddiaçının) mülkiyyətində olduğu halda və mülkiyyət hüququ ləğv edilməmiş, eyni mənzil üzərində Natiq Qurbanovun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının həmin mənzil üzərində mülkiyyət hüququ 2016-ci ildə ləğv edilmişdir. DƏRDX tərəfindən 21 may 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qərardadı DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən ********** nömrəsi ilə 17 avqust 2016-cı il tarixdə icra olunaraq, İddiaçı adına verilmiş reyestrdən çıxarış ləğv edilmişdir. Bir əmlak iki fərqli şəxsin tam mülkiyyətində ola bilməz. Lakin sözügedən mənzil 14 noyabr 2008-ci il tarixdən 17 avqust 2016-cı il tarixədək İddiaçı və Natiq Qurbanovun tam mülkiyyətində olmuşdur. Bu isə, qanunvericiliyin tələblərinin birbaşa pozuntusudur. Həmin mənzillə bağlı 21 dekabr 2006-ci il tarixdə iddiaçıya (İddiaçı) reyestrdən çıxarış verilmişdir. Eyni mənzillə bağlı 14 noyabr 2008-ci il tarixdə Natiq Qurbanova da reyestrdən çıxarış verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 13.12-ci maddəsinə görə daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranan yeni obyektlər barədə məlumat dövlət reyestrinin yeni bölmələrində yazılır. Belə obyektlər üçün yeni reyestr nömrələri verilir və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər saxlanılan yeni qovluqlar tərtib olunur. Qeyd olunan mənzil daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranmamışdır. Lakin həmin mənzillə bağlı iki fərqli reyestr nömrələri verilmişdir. Bu fakt da onu göstərir ki, 14 noyabr 2008-ci il tarixdə Natiq Qurbanova reyestrdən çıxarış verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Yəni, 14 noyabr 2008-ci il tarixdə Natiq Qurbanova reyestrdən çıxarış verilə bilməzdi. Bu çıxarışın verilməsi nəticəsində qanunvericiliyin tələbləri və iddiaçının qanunla qorunan hüquları pozulmuşdur. Həmin qanunsuz verilmiş çıxarışdan istifadə edərək Natiq Qurbanov və Əliş Hüseynov məhkəmələrdə və digər dövlət orqanlarında sənədi təqdim etməklə əsassız üstünlüklər əldə etmişlər. Əliş Hüseynovun adına verilmiş 003994 saylı 17 aprel 1996-cı il tarixli qeydiyyat vəsiqəsi də ləğv olunmuşdur. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə, «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə əsaslanaraq, məhkəmədən Natiq Qurbanovun adına verilmiş MH 120682 nömrəli 11 fevral 1998-ci il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur, Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə ünvanlanmış 13 iyul 2021-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakıları bildirir: - İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, iddiaçının müraciətində qeyd edilən əmlakla bağlı mübahisə dəfələrlə məhkəmə baxışının predmeti olmuş və iş üzrə çoxsaylı məhkəmə qərarları qəbul edilmişdir. Həmçinin iddiaçı 26 fevral 2020-ci tarixdə ********** A-0111 nömrəli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. İddiaçıya 30 mart 2020-ci tarixli məktubla bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Nərimanov Rayon Məhkəməsinin 4 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, X6 Qurbanov arasında imzalanmış 4 yanvar 1998-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması, Natiq Qurbanovun adına verilmiş MH seriyalı 3682 nömrəli 11 fevral 1998-ci il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə iddianın təmin edilməməsi qət edilmişdir. Ali Məhkəmənin 4 fevral 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində **********63-05101- 3009 reyestr nömrəsi ilə Natiq Qurbanovun adına qeydiyyatdadır. Göstərilənlərə və İPM-in 35.1, 38, 39, 48.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10, 11, 12.1, 23-cü maddələrinə, AR Mülki Məcəlləsinin 140-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarına əsaslanaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə müvafiq bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına tərəflər gəlmiş və üçüncü şəxs (və ya nümayəndəsi) gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianın mümkün iddia olduğunu bildirdi, iddianı müdafiə etdi və yazılı ərizə təqdim edərək qeyd etdi ki, İddiaçı mübahisəli mənzilə dair hüquqlarına xitam verilməsinin səbəbi Əliş Hüseynovun adına verilmiş 31 mart 1995-ci il tarixli sərəncam və 003994 saylı 17 aprel 1996-cı il tarixli qeydiyyat vəsiqəsi, onunla Natiq Qurbanov arasında imzalanmış 4 yanvar 1998-ci il tarixli alqı-satqı müqaviləsi və Natiq Qurbanovun adına verilmiş MH seriyalı 120682 nömrəli 11 fevral 1998-ci il tarixli qeydiyyat vəsiqəsi olmuşdur. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 22 noyabr 2017-ci il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilərək, Bakı şəhəri Nərimanov RİH-in Əliş Hüseynova Bakı şəhəri, H.Əliyev prospektindəki 54 saylı evin 6-cı mənzilinə dair order verilməsi barədə 13 saylı 31 mart 1995-ci il tarixli sərəncamı etibarsız hesab edilmişdir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli qərarı ilə yenə də İddiaçı iddiası təmin edilərək, Əliş Hüseynovun adına verilmiş 003994 saylı 17 aprel 1996-cı il tarixli qeydiyyat vəsiqəsi də ləğv edilmişdir. Göründüyü kimi, məhz İddiaçı iddiası ilə Əliş Hüseynova verilmiş sərəncam və qeydiyyat vəsiqəsi ləğv edilmişdir. Yəni, işə baxan məhkəmələr İddiaçı iddiasını təmin etməklə, onun mübahisəli mənzilə dair subyektiv hüququnu təsdiq etmişlər. 1) İddiaçı mənzilə mülkiyyət hüququnun yaranmasına əsaslar aşağıda göstərilənlərdir: ilk növbədə qeyd olunmalıdır ki, mənzildə 1992-ci ildən indiyədək İddiaçı yaşayır. Həmin vaxtdan başlayaraq, o sözügedən mənzildən istifadə etmiş və hal-hazırda da həmin mənzildə yaşamağa davam edir. Həmçinin İddiaçı bütün kommunal xərcləri ödəyir. Bu hal, Nərimanov RİH-in 35/29 saylı 29 iyul 1998-ci il tarixli və MKTB-nm 191148 saylı 3 fevral 2016-cı il tarixli arayışı ilə də təsdiq edilir. Həmin mənzildə yaşamağa başladığı dövrdə Nərimanov Rayon Məhkəməsinin 1 sentyabr 2006-cı il tarixli qətnaməsi üzrə mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanmasıın Nərimanov RİH-ə həvalə olunması qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 1 sentyabr 2006-cı il tarixli qətnaməsinə əsasən Nərimanov RİH başçısının 9 oktyabr 2006-cı il tarixli sərəncamı üzrə İddiaçı ilə 38 saylı MKİS arasında kirayə müqaviləsi bağlanılmış və o, mənzilə pasport qeydiyyatına alınmışdır. 21 dekabr 2006-cı il tarixdə İddiaçı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı, **********6305101-093004 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarış almışdır. Mülkiyyətə dair hüquqların ləğv edilməsi aşağıda göstərilən əsaslarla baş vermişdir: Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2008-ci il tarixli qətnaməsi ilə maraqlı Əliş Hüseynovun və Natiq Qurbanovun apellyasiya şikayətlərinin təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin bu iş üzrə qəbul edilmiş 1 sentyabr 2006-cı il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi qət edilmişdir. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 1 sentyabr 2006-cı il tarixli qətnaməsinin icrasına dönüş edilməsi, həmin qətnamə ilə sözügedən mənzillə bağlı İddiaçı adına Nərimanov RİH və DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılmış bütün sənədləşmələrin ləğv edilməsi qərara alınmışdır. 2) İddiaçı iddiasının kökündə onun mübahisəli mənzilə dair marağı durur. Bu maraq isə, Əliş Hüseynovun və onun kürəkəni Natiq Qurbanoun qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə etibarsız hesab edilmiş sərəncam və qeydiyyat vəsiqəsindən və bu etibarsız qeydiyyat vəsiqəsi əsasında bağlanmış alqı-satqı müqaviləsi və mülkiyyət hüququ haqqında sənəddən istifadə etməklə İddiaçı mənzilinə etdiyi qəsd nəticəsində hüquqlarının pozulması əsası ilə yaranmışdır. Əliş Hüseynovun adına verilmiş, etibarsız hesab edilmiş sərəncam və qeydiyyat vəsiqəsi, həmçinin həmin qeydiyyat vəsiqəsi əsasında bağlanmış alqı-satqı müqaviləsi və mülkiyyət hüququ haqqında sənəddən başqa DƏDRX tərəfindən mənzillə bağlı mülkiyyət hüququ barədə çıxarış Hüseynov Əliş və onun kürəkəni Qurbanov Natiq tərəfindən məhkəmələrdə istifadə olunmuşdur. Halbuki, həmin dövrdə İddiaçı adına həmin mənzillə bağlı mülkiyyəti təsdiq edən qanuni sənəd mövcud olmuşdur. Bundan əlavə, nə Hüseynov Əliş, nə də kürəkəni Qurbanov Natiq indiyədək həmin mənzildə bir dəfə də olsun yaşamamış, heç həmin mənzilə bir dəfə olsun belə girməmişlər. Bununla da sübut olunur ki, həmin mübahisəli mənzilə dair etibarsız sərəncam və qeydiyyat vəsiqəsi əsasında əldə edilmiş hüquqla Əliş Hüseynov tərəfindən imzalanmış alqı-satqı müqaviləsinin, bu müqavilədən irəli gələn, Natiq Qurbanovun adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi ilə bağlı subyektiv hüquq İddiaçı məxsusdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. İPM-in 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, hazırkı inzibati məhkəmə icraatında İddiaçı mahiyyətcə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 54 saylı evin 6 saylı mənzilinə dair üçüncü şəxs X3 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında reyestrdən çıxarışları mübahisələndirir. Lakin məhkəmə vurğulayır ki, məhkəmə araşdırılması ilə iddiaçının müvafiq mənzilə hər hansı hüququ müəyyən edilmədiyindən (onun adına mənzilə dair order, kirayə müqaviəsi mövcud deyil), eləcə də əvvəllər verilmiş müvafiq sərəncam və reyestrdə aparılmış qeydiyyat ləğv edildiyindən, onun hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüququ yaranmır. Nəzərə alınmalıdır ki, iddiaçı tərəfin özünün də mövqeyinə görə iddiaçı başqa şəxslərlə birlikdə həmin mənzildə məcburi köçkün kimi Bakı şəhərinə gəldikdən sonra məskunlaşmışlar. Bu isə onu deməyə əsas verir ki, mənzil onun daimi yaşayış yeri deyil və iddiaçının mənzildə yaşaması müvəqqəti xarakter daşıyır. Belə olan halda məhkəmənin qənaətinə görə DƏDRX 1 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7792/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7792/2021
09.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver