Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7792/2022 22.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “direktor vəzifəsindən azad olunma faktının reyestrdə qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin direktoru vəzifəsindən azad olunmağı barədə faktın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin cəmiyyətin təsisçisi X3 eyni tarixli qərarı ilə direktor vəzifəsinə təyin edilmişdir. Həmin cəmiyyətdə 15 il müddətdə işləmişdir. Sonradan müəyyən problemlərə görə işdə davamiyyətə əməl edə bilməmiş, bu səbəbdən həmin cəmiyyətin təsisçisi X2 işdən azad edilməyini xahiş etmişdir. Bu barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.1-ci maddəsində göstərilən bir təqvim ayı qabaqcadan təsisçini yazılı ərizə ilə xəbərdar etmişdir. 1 ay keçdikdən sonra xx.xx.2021-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83 və 84-cü maddələri ilə nəzərdə tutulmuş qaydada işdən azad edilmişdir. Həmin Məcəllənin 5-1-ci maddəsi ilə qeyd olunan qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalında əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş almışdır. Lakin əmək müqaviləsinə xitam verildiyi halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında onun "xxxx" MMC-nin qanuni təmsilçiliyindən azad edilməyi barədə fakt qeyd olunmamışdır. "xxxx" MMC-nin direktoru vəzifəsindən azad olmağına dair faktın təsis sənədlərində qeyd edilməsi həmin müəssisənin təsisçisi X3 öhdəliyinə aiddir. X9 öhdəliyini yerinə yetirməmiş və bu səbəbdən işdən azad olunmağı barədə faktın qeydiyyata alınması üçün xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə yazılı şəkildə müraciət etmiş, "xxxx" MMC-dən azad olunmağı barədə faktın qeydiyyata alınmasını tələb etmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə göndərilmiş cavab məktubunda onun "xxxx" MMC-nin qanuni təmsilçiliyindən azad edilməyi barədə dəyişikliyin qeyd edilməsinin mümkün olmadığı, həmin dəyişikliyin edilməsi səlahiyyətinin cəmiyyətin ümumi yığıncağına aid olduğu bildirilmiş, tələbi rədd edilmişdir. "xxxx" MMC-nin direktoru olmağına dair qeydin dəyişdirilməməsi onun həmin müəssisənin vəzifəli şəxsi olaraq tanınmağına, MMC-nin fəaliyyətinə görə cavabdeh olmağına və öhdəliklərinin yaranmasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7792/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdehlər sırasında qeyd edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və icraata üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Məhdud Məsuliyyətli Cəmiyyətin ümumi yığıncağının xx.xx.2006-cı il tarixli qərarı ilə Cəmiyyətin rəhbəri İddiaçı təyin edilmişdir. Həmin qərar hüquqi şəxslərin dövlər reyestrini aparan quruma qanunla müəyyən edilmiş vaxtda və qaydada təqdim edildiyi üçün dəyişiklik dövlət reyestrinə daxil edilmişdir. Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra - Qanun) əsasında həyata keçirilir. Qanunun 9-cu maddəsinə əsasən baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün həmin dəyişikliyi təsdiq edən sənədlər müəyyən edilmiş ərizəyə əlavə edilərək dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Cəmiyyətin nizamnaməsinin 9.1.2.2-ci bəndinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktoru təyin etmək və vəzifədən azad etmək Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Bundan başqa, Qanunun 5.4.6-cı maddəsinə əsasən qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti də müvafiq sənədlərlə birlikdə təqdim edilməlidir. İddiaçının iddia ərizəsində əsaslandığı əmək qanunvericiliyi baxımından işdən azad edilməsi barədə sənədlər hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə tələb edilən zəruri sənədlər sırasına aid edilmir. Qanunvericiliyin və Cəmiyyətin nizamnaməsinin tələbindən göründüyü kimi, rəhbər dəyişikliyi faktının dövlət reyestrinə daxil edilməsi müvafiq ərizəyə yeni direktorun (qanuni təmsilçinin) təyinatı barədə təsisçilərin ümumi yığmağın qərarının əsli və təyin olunan şəxsin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edildikdən sonra həyata keçirilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 48.1-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəi X5 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********444700 nömrəli çıxarışında göstərilmişdir ki, qurumun adı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, qeydiyyata alındığı tarix: xx.xx.2006, əvvəlki dövlət qeydiyyatı №: 0106-P208-45453, dövlət qeydiyyatı № (VÖEN): **********, təşkilatihüquqi forması: Məhdud Məsuliyyətli Cəmiyyət, maliyyə ili: 1 yanvar-31 dekabr, hüquqi ünvanı: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, ev 23 A, qanuni təmsilçi: İddiaçıdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə imzalanmış Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2022-ci il tarixli, **********045700 nömrəli məktubu ilə təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) təsis sənədlərinin surətindən görünür ki: - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinin xx.xx.2006-cı il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müxtəlif növ məhsulların istehsalı və realizə edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, Cəmiyyətin fəaliyyətindən gəlirin əldə edilməsi və Cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına Cəmiyyətin, işçilərin və təsisçilərin iqtisadi maraqlarının təmin edilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş, Cəmiyyətin direktoru vəzifəsinə İddiaçı təyin edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2006-cı il tarixli, 0106-P208- 45453 qeydiyyat nömrəli nizamnaməsinin: -3.1-ci bəndinə görə Cəmiyyətin təsisçisi X4r. -9.1.1-ci bəndinə görə cəmiyyətin ali idaəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır. İştirakçı bir şəxs olduqda Cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri həmin iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar onun tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. -9.1.2-ci bəndinə əsasən Cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə qanunvericilikdə başqa şərtlər müəyyən edilməmişsə, aşağıdakılar aiddir: 9.1.2.2. Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktor və baş müsahibi təyin etmək və vəzifədən azad etmək. -9.2.1-ci bəndinə əsasən Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı və qanuni təmsilçilik funksiyasına malik olan direktror tərəfindən həyata keçirilir. -9.2.3-cü bəndinə əsasən direktor əmək müqaviləsində və qanunvericilikdə nəzərdə tutulan əsaslarla müqavilə müddəti başa çatanadək ümumi yığıncağın qərarı ilə tutduğu vəzifədən azad edilə bilər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi X1 Reyestrindən xx.xx.2006-cı il tarixli çıxarışa əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi qismində təsisçi X3 xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı direktor təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin İddiaçı xx.xx.2022-ci i tarixli müraciətinə cavab olaraq ünvanladığı məktubda bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) rəhbəri vəzifəsindən azad edilməyiniz ilə əlaqədar daxil olmuş müraciətinizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmçinin Mülki Məcəllənin 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində, cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Əlavə olaraq bildirilir ki, Cəmiyyətin nizamnaməsinin 9.1.2.2-ci bəndinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktoru təyin etmək və vəzifədən azad etmək Cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Məlumat üçün bildirilir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9-cu maddəsinə əsasən cəmiyyətin rəhbər dəyişikliyi faktının dövlət qeydiyyatına alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Qanunun 12-ci maddəsinə əsasən kommersiya qurumları üçün qeydiyyatla bağlı müraciət ərizəsinin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, hazırkı mübahisə İddiaçı "xxxx" MMC-nin direktoru vəzifəsindən azad olunmasının hüquqi şəxsin reyestr məlumatlarında qeyd edilməsi ilə bağlıdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun: -2.0.8-ci maddəsinə görə hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. -2.0.14-cü maddəsinə əsasən qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslədir. -5.4-cü maddəsinə görə ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən , publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır); 5.4.6. qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti. -9.1-ci maddəsinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. -9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. -9.3-cü maddəsinə görə bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz -9-1.1-ci maddəsinə əsasən Məhdud Məsuliyyətli Cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır. -9-1.2-ci maddəsinə görə müraciət zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. 9-1.3-cü maddəsinə əsasən qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. -9-1.4-cü maddəsinə əsasən təsis sənədlərinin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün daxil edilmiş məlumatlar müvafiq olaraq təsisçilərin və ya idarəetmə orqanlarının üzvlərinin gücləndirilmiş elektron imzaları ilə təsdiq edilməlidir. - 12.12-ci maddəsinə görə dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir -14.1-ci maddəsinə görə dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri. -15.3-cü maddəsinə əsasən təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir. Beləliklə, sadalanan normalardan müəyyən olunur ki, kommersiya hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması zamanı aşağıdakı sənədlər təqdim olunur: Ərizə; təsisçinin (ümumi yığıncağın) qərarı; tdarəetmə orqanlarının tərkibində (rəhbəri, idarə heyətinin və müşahidə şurasının üzvlərində) dəyişiklik olunduqda həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənəd; ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd. Başqa sözlə, hüquqi şəxsin qanuni təmsilçisinin təyin edilməsi ilə bağlı məlumat hüquqi şəxsin reyestr məlumatlarına aiddir. Qanunverici qanuni təmsilçinin dəyişilməsi barədə məlumatın təsis sənədlərində edilmiş dəyişiklik olduğundan onun da qeydə alınmasını zəruri hesab edir və bunun üçün yuxarıda qeyd edildiyi kimi təsisçinin qərarı, yeni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə ərizənin verilməsini tələb edir. Bu ərizəni təqdim etmək hüququ isə ya təsisçiyə, yaxud onun səlahiyyət verdiyi şəxsə məxsusdur. Hazırkı iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2006-cı ildə təsis edilmiş, təsisçisi bir nəfər- X4r. Cəmiyyətinin nizamnaməsinin də tələbinə uyğun olaraq tək təsisçi olduğundan Cəmiyyətin ümumi yığıncağının səlahiyyətini, o cümlədən cəmiyyətin direktorunu təyin və vəzifədən azad etməsi səlahiyyətini təsisçi təkbaşına həyata keçirir. Nizamnamənin tələbinə əsasən cəmiyyətin direktoru təsisçinin qərarı ilə vəzifədən azad edilə bilər. X6 təkbaşına təsisçi kimi xx.xx.2006-cı il tarixdə İddiaçı MMC-nin direktoru vəzifəsinə təyin etmiş, həmin qərarı hüquqi şəxsin qeydiyyata alınması zamanı qeydiyyat orqanına təqdim etmiş və xx.xx.2006-cı il tarixdə qeydiyyata alınma barədə kommersiya təşkilatının dövlət reyestrindən çıxarış verilərkən təsisçinin xx.xx.2006-cı il tarixli qərarına istinad edilərək İddiaçı direktoru olması faktı qeydiyyata alınmışdır. Hazırkı halda İddiaçı Cəmiyyətlə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi sistemə daxil edilsə də iddiaçının Cəmiyyətin qanuni təmsilçiliyindən azad edilməsi barədə təsisçi X3 qərarı təqdim edilməmişdir. Halbuki ilkin qeydiyyat zamanı 2006-cı ildə iddiaçının MMC-nin direktoru təyin edilməsi barədə qərar qeydiyyat orqanına təqdim edildiyi kimi eyni qaydada onun direktorluqdan azad edilməsi barədə təsisçinin qərarı da təqdim edilməlidir. Üstəlik bu dəfə təkcə İddiaçı direktor vəzifəsindən azad edilməsi barədə qərarla deyil, həm də təsisçinin onun yerinə başqa birini direktor təyin etməsi barədə qərar və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim etməsi tələb olunur. Qanunverici təkcə direktorun azad edilməsi barədə qərarı deyil, həm də onun yerinə təyin olunmuş şəxs barədə qərar və məlumatı ona görə tələb edir ki, hüquqi şəxs dövriyyə münasibətlərinin iştirakçısı kimi üçüncü şəxslərə münasibətdə mütləq qaydada qanuni təmsilçi ilə təmsil olunmalıdır. Başqa sözlə, hüquqi şəxs “rəhbərsiz” qala bilməz. Hazırkı halda qeyd edildiyi kimi təsisçinin iddiaçını direktorluqdan azad etməsi barədə qərar, yeni təmsilçi təyin olunması barədə qərar və yeni qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti təqdim edilmədiyi kimi eyni zamanda və ən əsası iddiaçının qanuni təmsilçilikdən azad edilməsi barədə dəyişdikliyin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi barədə səlahiyyətli şəxsin ərizəsi təqdim edilməmişdir. Yuxarıda qeyd edilən normalardan da göründüyü kimi qanuni təmsilçinin dəyişdirilməsi barədə ərizəni təqdim etmək hüququna ilk növbədə Nizamnamə ilə səlahiyyəti müəyyən edilmiş təsisçi (hazırkı iş üzrə A.Mahmudov) və yaxud sonuncunun qeydiyyat orqanına müraciət etmək səlahiyyəti verdiyi yeni qanuni təmsilçisi malikdir ki, hazırkı inzibati icraatda adları çəkilən subyektlər vergi orqanına müvafiq məzmunda ərizə ilə müraciət etməmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsində göstərilmişdir ki, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Qeyd edilən inzibati icraat qanunvericiliyindən çıxış etdikdə də müəyyən olunur ki, inzibati icraat bilavasitə hüquq sahibi olan subyektə münasibətdə həyata keçirilir. Bu subyekt ya hüquq və qanunla qorunan maraqlarının təmini üçün inzibati orqana müraciət edən şəxsdir və yaxud inzibati orqanın inzibati aktı və ya hərəkətləri (və ya hərəkətsizliyi) ilə bilavasitə hüquqlarına toxunulan şəxsdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, qanuni təmsilçi barədə məlumatın reyestrə daxil edilməsi ilə bağlı müraciət etmək hüququna səlahiyyətli şəxs malik olduğundan, inzibati orqan tərəfindən bu müraciətə cavab verilmədikdə və ya arzuolunan şəkildə təmin edilmədikdə səlahiyyətli şəxsin hüququ pozulmuş olur. Hazırkı halda hüquqi şəxsin qanuni təmsilçisi ilə bağlı dəyişikliyin dövlət reyestrinə daxil edilməsinə dair iddiaçının inzibati orqana müraciət etmək hüququ, cavabdeh orqanın isə iddiaçı bu barədə müraciət etmək hüququna malik olmadığından onun qarşısında müvafiq dəyişikliyin aparılmasını təmin və ya imtina etmək kimi birbaşa öhdəliyi yaranmamışdır. Başqa sözlə, iddiaçının inzibati icraatda hazırkı tələblə inzibati orqana müraciət etmək hüququ yaranmadığından onunla inzibati orqan arasında publik hüququ və publik vəzifədən ibarət hər hansı publik hüquq münasibəti də mövcud olmamışdır. İnzibati hüquq münasibəti olmayan yerdə inzibati mübahisədən, inzibati mübahisə olmadıqda isə inzibati məhkəmə nəzarətindən bəhs edilə bilməz. Hazırkı iş üzrə iddiaçı qanuni təmsilçilikdən çıxarılması üçün hüquqi şəxsin dövlət reyestrinə müvafiq dəyişikliyin edilməsi barədə müraciət etmək hüququ olan səlahiyyəti şəxs hesab olunmur. İddiaçı inzibati icraatda hüquq sahibi olmayan şəxs olduğundan onun inzibati məhkəmə icraatında hüquq müdafiəsi də mümkün hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda cavabdeh qismində qoyulmuş inzibati orqanın iddiaçının tələbi ilə bağlı cavabdehliyi olmadığından və sonuncunun inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının hüquq və qanunla qorunan mənafeləri pozulmadığından ona qarşı yönəlmiş qeyd edilən iddia tələbi mümkün hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə işin hallarını və Plenum Qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının hüquqi marağına hazırkı halda cavabdeh inzibati orqana qarşı hazırkı iddia ilə deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisinə qarşı onun barəsində qanuni təmsilçilikdən azad edilmə ilə bağlı hüquqi şəxslərin dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsinə yönələn tələblərlə nail oluna bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 52, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “direktor vəzifəsindən azad olunma faktının reyestrdə qeydiyyata alınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7792/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7792/2022
22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver