Məhkəmə qərarları › İş №2-1(112)-7793/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7793/2021

16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7793/2021 16.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı Allahverdi oğlu və vəkili X2 iştirakı ilə, İddiaçı Allahverdi oğlunin əmək stajımın olmasını müəyyən olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh müəyyən etmədən məhkəməyə müraciət edərək 1991-2006-cı illər tarixində “X1” müəssisəsində işləməyi və bu tarixlərdə əmək stajıının müəyyən olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, əmək pensiyası yaşına çatıb, əmək kitabçası olsa da, yaşa görə əmək pensiyası ala bilmir. Ona görə ki, o, 1991-1998-ci illər ərzində mənim Tərtər Rayon İxtisaslaşdırılmış Nəqliyyat Müəssisəsinin rəhbəri vəzifəsində çalışsa da, bu dövrdə həmin idarədə çalışmağı ilə bağlı hər hansı bir sənəd idarədə və Dövlət Arxiv İdarəsində mövcud deyil. O, 04.06.1981-ci il tarixindən bu günə qədər “X1" Müəssisəsinin direktoru vəzifəsində işləyir. Rəhbərlik etdiyi idarə 1991-1998-ci illər tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X3 Komitəsinin balansında olmuş, 1998-ci il tarixindən sonra Azərbaycan Respublikası Əmlak Komitəsinin balansına verilmişdir. 08 fevral 2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edib. Müraciətinə verilən 19 fevral 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Kənd Təsərrüfatı Nazirliyi X3 Komitəsinin 1991- 1998-ci il tarixli illərə dair şəxsi heyət üzrə sənədləri arxivə dövlət mühafizəsinə verilməyib. 1991-1998-ci illər tarixində “X1" Müəssisəsində işləməyini təsdiq edən kifayət qədər fakt mövcuddur. Belə ki, 1991-ci ildən sonrakı tarixə aid aşağıdakı sənədlərdə aşağıdakı sənədlərdə “X1" Müəssisəsinin idarə müdiri kimi onun imzası var: “X1" Müəssisəsinə aid məzuniyyət qrafiki - 01 aprel 1991-ci il tarixli; Müəssisənin ştat vərəqində - 04 mart 1992-ci il tarixli; 18 nömrəli Əmrdə - 16 may 1997-ci il tarixli; 1998ci il tarixli müəssisə balansını təsdiq edən sənəddə - may 1998-ci il tarixli; 2000-ci il tarixli müəssisə balansını təsdiq edən sənəddə - 01.01.2001-ci il tarixli; 2001-ci il tarixli müəssisə balansını təsdiq edən sənəddə - 01.01.2002-ci il tarixli. Bütün bunlardan başqa 1992-1997-ci, 1998-ci illərə aid müxtəlif bank çeklərində “X1" Müəssisəsinin direktoru kimi onun imzası mövcuddur. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən 27 yanvar 2020- ci il tarixli arayışda göstərilir ki, İddiaçı Allahverən oğlu 19.08.2013-cü il tarixindən sınaq müddəti tətbiq edilməklə səhmdarların birinci ümumi yığıncağı keçirilənədək “X1” ASC-nin sədri vəzifsəinə təyin edilmişdir və hahazırda həmin idarədə işləyir. Yuxarıda göstərdiyi rəsmi sənədlər onun 1991 -1998-ci illər tarixində “X1" müəssisəsinin rəhbəri vəzifəsində çalışdığını təsdiq edir. Buna görə də hesab edir ki, onun 1991-1998-ci illər tarixində işlədiyi və həmin illərdə 8 illik əmək stajına sahib olmağının məhkəmə tərəfindən təsdiq olunması üçün kifayət qədər hüquqi əsas mövcuddur. Qeyd etmək istəyir ki, sosial təminatla bağlı münasibətləri nizamlamaq və əmək pensiyası hüququ qazanmaq üçün əmək stajının təsdiq edilməsi kifayət qədər hüquqi əhəmiyyət daşıyır.

3. Məhkəmə hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı və vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, hazırki iddia tələbi inzibati mübahisədir və iddiaya Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu bildirdi.

II. İddianın mümkünlüyü

4. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11.qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.

6. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarından:

13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.

7. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının qeyd edilən dövr üzrə əmək stajını birbaşa təsdiq edən sənədlər (əmək kitabçasında qeyd, əmək stajını təsdiq edən arxiv arayışı və s.), eləcə də iddiaçının pensiya təyinatı ilə bağlı aidiyyəti inzibati orqana müraciəti yoxdur. Odur ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitəsindən, ümumi məhkəməyə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsi haqqında ərizə verməklə nail ola bilər.

8. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

9. Odur ki, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə (yaşadığı yerin məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.

10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

11. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar