Məhkəmə qərarları › İş №2-1(112)-7796/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7796/2023

01.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7796/2023 01.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi”) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2-1354 saylı sahədə yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və həmin torpaq sahəsinə dair Çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2-1354 saylı torpaq sahəsi Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 saylı sərəncamına əsasən iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı torpaq sahəsini qeydiyyatdan keçirmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, cavabdeh iddiaçının adına torpaq sahəsinin qeydiyyatdan keçməsindən imtina etmişdir. Belə ki, səbəb kimi sərəncam verilən zaman ərizəçinin məhdud fəaliyyət qabiliyyətli olmağını, yəni 12 yaşının olmasını əsas gətirmişdir. Bundan əlavə torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09 mart 2023-cü il tarixli imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, həmin idarənin nümayəndələri tərəfindən iddiaçının torpaq sahəsinə baxış keçirilsə də, qeydlər aparılsa da cavabdeh imtinasında şərait yaradılmadığını qeyd etmişdir. Yaş səbəbi ilə əlaqədar iddiaçı qeyd edir ki, həmin torpaq sahəsi ona qanuni əsaslarla keçmişdir. Qeyd olunanlara görə iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmə xahiş edir.

3. Cavabdeh qurumun iddiaçıya ünvanlanan imtina məktubu onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, “096” saylı sərəncamına əsasən torpaq sahəsi ayrılan zaman hüquq sahibi məhdud fəaliyyət qabiliyyətli olmuşdur (ərizəçinin 12 yaşı olmuşdur). Bundan əlavə, torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. 02 iyul 1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 193-cü maddəsinin tələbinə əsasən yaşı on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. 14 yaşından 15 yaşınadək yeniyetmələrlə fərdi əmək müqaviləsinin (kontraktının) bağlanılmasına, onların valideynlərindən, övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı ilə yol verilir.

4. Cavabdeh tərəfindən imtinanın məzmununa uyğun olaraq təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2- 1354 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, “096” saylı sərəncamına əsasən torpaq sahəsi ayrılan zaman hüquq sahibi məhdud fəaliyyət qabiliyyətli olmuşdur (ərizəçinin 12 yaşı olmuşdur). Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadlar və məsafələr qeyd olunmamışdır. Bundan əlavə, sovxoz rəhbərinin (direktor və s.) əmrinin əsli idarəyə təqdim edilməmişdir. Bu barədə vətəndaşa **********00 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.4-cü maddəsinə əsasən əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir və fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan X3 rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (X3nin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edirik.

5. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyətinin vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamından çıxarışda qeyd edilir ki, vətəndaş İddiaçı 0,02 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Republikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçiliksüdçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli 27/K №-li əmri nəzərə alınsın. Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.02 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin.

6. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 tərəfindən 28 saylı 21 may 2003-ci il tarixli çıxarışda qeyd edilir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq, fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuç ərazidən İddiaçı 0,02 hektar həyətyanı torpaq sahəsi ayrılsın.

7. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 tərəfindən 403 saylı 18 oktyabr 2021-ci il tarixli arayışda qeyd edilir ki, (arayış Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilməsi üçün verilmişdir), İddiaçı həqiqətən X3 (Buzovna Tərəvəzçilk-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli Əmrindən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,02 ha hesabı ilə 2- 1354 kodlu torpaq sahəsi ayrılmışdır. 2-1354 kodlu torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur.

8. İddiaçı aid 0,02 ha hesabı ilə 2-1354 kodlu torpaq sahəsinin sxemi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 tərəfindən təsdiq edilmişdir.

9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi.

10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

14. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

15. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

16. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

17. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X2 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

18. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

19. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

21. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X3) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin siyahısında nəzərdə tutulmuşdur.

22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Fərmanın qeyd edilən bəndinin tələbinə uyğun olaraq iddiaçının adına sovxozun (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X3 - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3nin) rəhbərinin (direktor və s.) əmri mövcuddur. İddiaçının “X3” tərəfindən İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etmiş və bununla bağlı iddiaçının adına arxiv arayışı, Abşeron rayon İcra Hakimiyyətinin sərəncamından çıxarış və həyətyanı torpaq sahəsinə aid plan-cizgi təsdiq edilmişdir.

23. Təqdim edilən sənədlərin həqiqiliyi şübhə doğurmadığından sərəncam verilən zaman iddiaçının yaşı onun hüquqlarının qeydə alınması üçün maneə hesab edilə bilməz. Belə ki, torpaq sahəsinin mütləq qaydada vaxtilə kolxozun və ya sovxozun işçisinə ayrılmasına dair tələb mövcud deyildir.

24. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-ci bəndinə əsasən sənədlər təqdim edilmişdir.

25. İddiaçının qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” vardır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2-1354 kodlu 0,02 ha torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar