Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-78/2025 19.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, qanuni təmsilçisi X12 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar X15 və X19 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı inzibati məhkəmə icraatı üzrə iddiaçılar X15 və X19 İddiaçı ilə əvəz edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 45 saylı Sərəncamının qismən, həmin sərəncam əsasında torpaq sahəsinin istifadə hüququ ilə xx.xx.2022-ci il tarixli çıxarışın 5,7 hektar torpaq sahəsi hissəsində (İddiaçı istifadəsinə ayrılmış) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, bərk məişət tullantılarının yandırılması zavodunun yaxınlığındakı ərazidə yer quruluşunda göstərilən koordinatlar daxilində yerləşən 12,23 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən struktur təşkilatları üçün yeni maddi texniki təminat mərkəzlərinin yaradılması məqsədilə Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 45 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyətinin istifadəsinə verilmişdir. Həmin sərəncam əsasında torpaq sahəsinə istifadə hüququ ilə xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir. İddiaçı həmin sərəncamı qanunsuz və əsassız hesab edir. Belə ki, Bakı şəhəri İcraiyyə Komitəsi tərəfindən xx.xx.1988-ci il tarixdə, 7/418 saylı qərarla Bakı şəhər X4 və istismarı birliyinə Asfalt-beton qurğusu qurmaq üçün Bakı şəhəri Lenin (indiki Sabunçu) rayonu ərazisində Balaxanı qəsəbəsi yaxınlığında 5,7 hektar torpaq sahəsi ayrılmış və xx.xx.1989-cu il tarixdə tikinti pasport verilmişdir. Həmin torpaq sahəsi "xxxx" X20 Müəssisəsi təşkil olunan vaxt Asfalt -beton qurğusu ilə bir yerdə həmin müəssisəyə verilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.1999-cu il tarixli Şəhadətnaməsinə əsasən "xxxx" X20 Müəssisəsi əmlakı ilə birlikdə X5, X8, X9, X3, X2 mülkiyyətinə verilmişdir. "xxxx" X20 müəssisəsinin özəlləşdirilmiş əmlakının bazası əsasında 27 may 2005-ci il tarixli Təsis müqaviləsi və xx.xx.2005-ci il tarixli nizamnamə əsasında X13, X16, X17, X10, X6, Xanbala Şirbala oğlu tərəfindən İddiaçı MMC yaradılmış və hüquqi varisdir. X1 payı 78,75% faizdir. X13 xx.xx.2016-cı ildə vəfat etmişdir. Bakı şəhəri Sabunçu rayonu ərazisində Balaxanı qəsəbəsi yaxınlığında yerləşən Asfalt-beton qurğunun yerləşdiyi 5,7 hektar torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikinti işləri aparılmağa başlandığından iddiaçı həmin ərazidə cavabdeh tərəfindən tikinti işlərinin dayandırılması və s. tələbi ilə məhkəməyə müraciət etmiş, daha sonra onun mübahisəli sərəncamdan məlumatı olmuş və hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibət təqdim edilməmişdir. İddiaçının qanuni təmsilçisi məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və onunla oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, əmlak kompleksi ilə yanaşı onun yerləşdiyi torpaq sahəsi də iddiaçıya ayrılmışdır. Bu səbəbdən cavabdehin qəbul etdiyi sərəncam əsassızdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Sabunçu rayon məhkəməsinin sorğusuna xx.xx.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “X14” kiçik müəssisəsinin adına elektron daşıyıcılarının üzərinə toplanan tam olmayan məlumatlara əsasən ünvan 1 ünvanında yerləşən 57,2 kv.m qeyri-yaşayış sahəsinə dair 12625 saylı, xx.xx.1999-cu il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Sözügedən şəhadətnamənin özgəninkiləşdirilibözgəninkiləşdirilməməsi barədə dəqiq məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 12625 nömrəli, xx.xx.1999-cu il tarixli Şəhadətnaməyə əsasən ünvan 1 “X14” kiçik müəssisəsinin əmlakı X13, X16, X17, Xanbaba Şirbala oğlu, X7, X6 tərəfindən satın alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 23 may 2022-ci il tarixli məktubuna əsasən “X14” kiçik müəssisəsinin xx.xx.1999-cu il tarixli, 012625 qeydiyyat nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə” ilə özəlləşdirilən əmlakın tərkibi Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən 57,2 kv.metr qeyri-yaşayış sahəsindən (3 mərtəbəli binanın 1-ci mərtəbəsi 22.1 kv.m və yarımzirzəmisi 35.1 kv.m) və Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən 1 ədəd 1991-ci il buraxılışlı, DS-117E markalı Asfaltbeton qurğusu, 1 ədəd 1991-ci il buraxılışlı QRP cihazı və 1 ədəd N70 Qonşu tutumundan ibarət olmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və istismarı Birliyinin Əmlak Komitəsinin Əmlakın texniki inventarlaşdırma idarəsinə ünvanladığı 24 fevral 1998-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri İcraiyə komitəsi tərəfindən xx.xx.1988-ci il tarixli, 7/418 №-li qərarı ilə Asfalt-beton qurğusu qurmaq üçün birliyə Bakı şəhəri Lenin (indiki Sabunçu) rayonu ərazisində Balaxanı qəsəbəsi yaxınlığında 5,7 hektar torpaq sahəsi ayrılmışdır. Həmin ayrılmış torpaq sahəsi Abadlıq K.İ.İ.M-si təşkil olunan vaxt Asfalt-beton qurğusu ilə bir yerdə o təşkilata verilmişdir. Dövlət Əmlak Komitəsi ilə "xxxx" kiçik müəssisəsi arasında bağlanmış xx.xx.1998-ci il tarixli icarə müqaviləsinə əsasən Sabunçu qəsəbəsi, Proletar küçəsi, 26 ünvanında yerləşən 57,2 kvşmetr qeyri-yaşayış sahəsi "xxxx" kiçik müəssisəsinə icarəyə verilmişdir. İş materiallarına "xxxx" Kiçik müəssisəsinə məxsus qeyri-yaşayış sahəsinin texniki pasportu əlavə edilmişdir. İddiaçının iş materiallarına əlavə edilmiş 2-ci redaksiya əsasnaməsindən görünür ki, İddiaçı MMC "xxxx" X20 müəssisəsinin hüquqi varisidir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.20212-ci il tarixli, 45 saylı sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, bərk məişət tullantılarının yandırılması zavodunun yaxınlığındakı ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 12,23 hektar torpaq sahəsi Bakı Şəhər icra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən struktur təşkilatları üçün yeni maddi-texniki təminat bazasının və texniki xidmət mərkəzlərinin yaradılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin istifadəsinə verilməsi qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, həmin sərəncam əsasında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 12,23 hektar torpaq sahəsinə dair cavabdehin istifadə hüququ qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Sədrinin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan ünvanda ayrılması nəzərdə tutulan 17 hektar torpaq sahəsi müxtəlif təşkilatlara ayrılmış sahələr ilə üst-üstə düşdüyündən, yaranmış torpaq münasibətlərinin tənzimlənməsi və torpaq sahəsinin üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə ayrılmasına etiraz etmirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işləri aparılarkən həmin sahənin faktiki ölçünün 13,5 hektar olduğu uyğun müəyyən edilmiş və müvafiq yerquruluşu planı tərtib edilmişdir. Tərtib edilmiş yerquruluşu planında qeyd olunan koordinatlar daxilində yerləşən, dövlət mülkiyyətinə aid 13,5 ha torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən struktur bölmələri üçün yeni maddi-texniki təminat bazasının və texniki xidmət mərkəzlərinin yaradılması məqsədilə ayrılmasına etiraz etmirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/4171 №-li ekspert rəyinə əsasən İddiaçı MMC-nin nümayəndəsinin göstərdiyi ərazi Bakı şəhər İcra Hakimiyyətinin istifadəsinə verilmiş 12.23 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Göstərilən ərazi **********11 reyestr nömrəsi ilə Bakı şəhər İcra Hakimiyyətinin adına 12.23 ha olaraq istifadə hüququ kimi qeydiyyatdan keçmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 45 saylı Sərəncamının qismən, həmin sərəncam əsasında torpaq sahəsinin istifadə hüququ ilə xx.xx.2022-ci il tarixli çıxarışın 5,7 ha torpaq sahəsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bu səbəbdən iddia tələbi mübahisələndirmə ilə bağlıdır. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Belə ki, iddiaçı Bakı şəhəri Sabunçu rayonu ərazisində Balaxanı qəsəbəsi yaxınlığında yerləşən Asfalt-beton qurğunun yerləşdiyi 5,7 hektar torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikinti işləri aparılmağa başlandığından həmin ərazidə cavabdeh tərəfindən tikinti işlərinin dayandırılması və s. tələbi ilə məhkəməyə müraciət etmiş, daha sonra onun mübahisəli sərəncamdan məlumatı olmuş və hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən iddiaçının əsas tələbi qanunla müəyyən edilmiş mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “İnzibati icraat haqqında” Qanunda göstərilmişdir ki, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (2.0.2.). İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1.). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2.). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3.). Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər (67.4.). İddiaçı hazırkı iddia tələbində Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 45 saylı Sərəncamının və xx.xx.2022-ci il tarixli çıxarışın iddiaçıya ayrılmış 5,7 hektar torpaq sahəsi hissəsində ləğv edilməsini xahiş edir. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, Bakı şəhəri İcraiyyə Komitəsi tərəfindən xx.xx.1988-ci il tarixli, 7/418 saylı qərarla Bakı şəhər X4 və istismarı birliyinə Asfalt-beton qurğusu qurmaq üçün Bakı şəhəri Lenin (indiki Sabunçu) rayonu ərazisində Balaxanı qəsəbəsi yaxınlığında 5,7 hektar torpaq sahəsi ayrılmış və xx.xx.1989-cu il tarixdə tikinti pasport verilmişdir. Həmin torpaq sahəsi "xxxx" X20 Müəssisəsi təşkil olunan vaxt Asfalt-beton qurğusu ilə bir yerdə həmin müəssisəyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər (153.1). Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir (153.2). Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (153.3). Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir (155.1). Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir (155.2). Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər (155.4). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur (5.1). Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir (5.2). Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (5.3). Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, malqara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər (46). Yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi Bakı şəhəri XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 7/418 saylı qərarı ayrı-ayrı qurumlara və müəssisələrə torpaq sahələri ayrılması barədədir. Həmin qərarda konkret olaraq "xxxx" müəssisəsinə torpaq sahəsi ayrılması barədə hər hansı müddəa mövcud deyildir. İddiaçı özü də bildirir ki, həmin qərarla X4 və İstismarı Birliyinə torpaq sahəsi ayrılmış və həmin iddiaçının iddia etdiyi sahə həmin Birlik tərəfindən iddiaçıya ayrılmışdır. Belə olan halda ona torpaq sahəsi ayrıldığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçının istinad etdiyi sənədlər isə Bakı şəhər İcra Hakimiyyəti Aparatının X4 və istismarı Birliyinin Əmlak Komitəsinin Əmlakın texniki inventarlaşdırma idarəsinə ünvanladığı 24 fevral 1998-ci il tarixli məktub və texniki pasportda aparılmış qeyddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Həmin Qanunun 8-ci maddəsində Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı öz əksini tapmışdır. Həmin siyahıya əsasən torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olan sənədlər aşağıdakılardır: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.); qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.); daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı (8.0.3.); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.); 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5.); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7.); bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8.); 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr (8.0.12.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Göründüyü kimi iddiaçı iddia etdiyi torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda, nə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda göstərilmiş hər hansı hüquq müəyyənedici sənədə istinad etməmişdir. Əksinə iş materiallarında olan sənədlərdə yalnız iddiaçıya həmin ərazidə 57,2 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin ayrıldığı müəyyən edilir. Yəni, cavabdeh tərəfindən sərəncamla ayrılan sahə dövlət mülkiyyətində olan sahə olmuş və cavabdeh həmin əmlakın balanssaxlayıcısı kimi torpaq sahəsinə dair sərəncam vermişdir. İş üzrə verilmiş ekspert rəyinə gəldikdə isə qeyd edilməlidir ki, rəydə iddiaçıya aid olan sahənin deyil, iddiaçının nümayəndəsi tərəfindən göstərilən sahənin Bakı şəhər İcra Hakimiyyətinin istifadəsinə verilmiş 12,23 hektar torpaq sahəsi hüdudlarında yerləşdiyi qeyd edilmişdir. Yəni, həmin rəydə də iddiaçının şərti olaraq göstərdiyi torpaq sahəsindən söhbət gedir ki, həmin rəy iddiaçının xeyrinə şərh edilə bilməz. Bu səbəbdən hazırkı iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın qismən ləğv edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-78/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-78/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver