Məhkəmə qərarları › İş №2-1(112)-7801/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7801/2025

16.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7801/2025 16.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Vahid oğlunun sədrliyi, İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı üçüncü şəxs qismində Bakı Şəhəri Səbail Rayonu Səbail Bələdiyyəsi cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın və plan ölçünün verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 293 №-li qərarına əsasən Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 32 ünvanda plan-cizgisi sxemində göstərilən koordinatlar daxilində yerləşən 0.12 ha torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququmun qeydiyyata alınaraq, reyestrdən çıxarışın və planölçünün verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ərizə ilə Səbail Bələdiyyəsinə müraciət edərək, uzun müddət bundan əvvəl abadlaşdırıb, daş hasara alıb istifadə etdiyi, Salyan şossesi 32 ünvanda 1200 kv.metr torpaq sahəsini adına sənədləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2001 -ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunlarına Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli iclasının 45 saylı və xx.xx.2005-ci il tarixli iclasının 71 saylı protokoluna əsaslanaraq, Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 293 №-li qərarına əsasən Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 1200 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi, Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında İddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilməsi, İddiaçı alqı-satqı aktında göstərilən məbləğdə vəsaiti Səbail Bələdiyyəsinin hesabına ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 03 saylı qərarı ilə iddiaçının istifadəsinə ayrılmış həyətyanı torpaq sahəsinin plan-cizgisi təqdim edilmişdir. Həmin qərarla iddiaçıya ayrılmış torpaq sahəsi naturada mərz nişanları qoyulmaqla təhvil verilmiş, iddiaçı həmin torpaq sahəsini mişar daşı ilə hasara almış və təyinatı üzrə istifadə etmişdir. Həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçınınsahibliyində və istifadəsində olmaqla, faktiki mülkiyyətçi kimi davranmışdır. Eyni zamanda bütün kommunikasiya xətləri ilə təchiz olunmuşdur. İstifadə müddətində müvafiq əmlakla bağlı tələb olunan bütün dövlət rüsumlarını və komunal xərcləri ödəmişdir. İddiaçı ona məxsus 0.12 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, bugünədək müraciətinə cavab verilməmiş və cavabdeh hərəkətsizlik nümayiş etdirmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanunsuzdur və göstərdiyi hərəkətsizliyi onun qanuni hüquqlarını məhdudlaşdırır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda baş vermiş dəyişikliklə əlaqədar olaraq cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi nəzərə alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı X1 Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında plan-cizgi sxemində göstərilən koordinatlar daxilində yerləşən 0.12 ha torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı BakıƏrazi İdarəsinə həvalə edilmısi barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********69 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən iddia olunan sahə dövlət mülkiyyəti torpağı olmaqla, sahəyə dair təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsində mərzçəkmə və hasarlanma işləri aparılmadığı müəyyən olunmuşdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Bakı Şəhəri Səbail Rayonu Səbail Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi qismində vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İİİ. Tədqiq edilən sübutlar Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 293 nömrəli Qərarına əsasən Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 1200 kv.m torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Torpaqların Alqı-satqısına dair Akta əsasən İddiaçı tərəfindən verilmiş Səbail Bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və müvafiq rəy verilmiş, bələdiyyə ərazisində yerləşən 1200 kv.m torpaq sahəsi satılması barədə xx.xx.2005-ci il tarixli 293 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində İddiaçı tərəfindən əvvəlcədən 4992 manat haqq ödənilmişdir (Qəbz № 027254). Səbail rayon Səbail Bələdiyyəsi tərəfindən verilmiş Bİİ 027254 nömrəli X3 Qəbzinə əsasən İddiaçı tərəfindən torpağın alqı-satqı ödənişi olaraq 4992 manat ödənilmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Arayışa əsasən Səbail Bələdiyyəsi tərəfindən Salyan şosesi 32 ünvanında xx.xx.2005-ci il tarixdə 293 saylı qərar ilə 1200 kv.m torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. İddiaçı adına sənədləşdirilməsi nəzərdə tutulan 1200 kv.m torpaq sahəsinə dair cizgi iş materiallarına əlavə edilmişdir (torpaq sahəsinin cizgisi Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir). Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) Aktına əsasən torpaq sahəsinin planında (yerləşmə cizgisində) perimetrik ölçüləri və dəqiq istinad-məsafə qeyd olunmayıb. Həmçinin iddiaçının nümayəndəsinin təqribi göstərdiyi faktiki yer ümumi ərazinin bir hissəsini təşkil edir, sahəsinin fiziki sərhədləri (hasar və ya mərz nişanları) olmadığından (bundan əlavə iddiaçı faktiki sahəsinin ölçü təsrifini (perimetrik ölçülərini) bilmədiyindən) faktiki sahənin və koordinatlarını tərtib etmək mümkün olmamışdır. X=398945; Y=4463286 X4 və X2 Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 44 nömrəli Mütəxəssis Rəyində qeyd olunmuşdur ki, naturada təqdim olunan Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 293 №-li qərarına əsasən İddiaçı ayrılmış Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 1200 kv.metr torpaq sahəsi həmin torpaq sahəsinə dair tərtib olunmuş cizgiyə uyğundur. Bakı şəhəri Səbail Bələdiyyəsinin 26 dekabr 2005-ci il tarixli 293 №-li qərarına əsasən ayrılmış, Səbail rayonu, Salyan şosesi, 32 ünvanda yerləşən 1200 kv.metr torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş ortofoto görüntüsündə qeyd edilir. Həmin torpaq sahəsi digər torpaq sahələri ilə üst-üstə düşmür, su, elektrik və qaz xətlərinin mühafizə zonasında yerləşmir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasarsız ümumi ərazinin bir hissəsini təşkil etməklə, sərhədləri şərtidir. Faktiki sahəsi 1200.0 kv.m təşkil edir. Sahə üzərindən 3 xətli, 2 stekalı (6kV-luq) elektrik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpağıdır (hər hansı bir dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Sözügedən torpaq sahəsinə digər fiziki şəxsin müraciəti olmuşdur. Həmçinin torpaq sahəsinin bir hissəsi su xəttinin mühafizə zolağında yerləşir. IV. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Məhkəmənin hazırki iş üzrə mövqeyi X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarına əsaslanır. Məhkəmə qeyd edir ki, səlahiyyəli inzibati orqan (bələdiyyə) tərəfindən ləğv edilməmiş və ya geri çağırılmamış, yəni qüvvədə olan inzibati aktın qanuniliyinə qiymət vermək, onu təftiş etmək qeydiyyat orqanı kimi cavabdehin vəzifə və funksiyalarına aid deyildir. Qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət verilərək ləğv edilməsi səlahiyyəti onu qəbul edilmiş inzibati orqana aiddir. Hazırki işin hallarından göründüyü kimi bələdiyyə həmin qərarın etibarlılığını tanımaqla torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və alqı-satqını təsdiq edən mədaxil qəbzi verilmiş, eləcə də torpaq sahəsinin plan-cizgisi tərtib edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Odur ki, hüquqi dövlət prinspindən çıxış edərək hüquqi cəhətdən etibarlı inzibati aktın yaratdığı hüquqi nəticələr qeydə alınmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi iş materiallarına əsasən müəyyən olunur ki, səlahiyyətli inzibati orqan həmin aktın qüvvədə olmasını təsdiq etməklə torpaq sahəsinə dair plan-cizgini təsdiq etmişdir. İddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0. və 8.0.1-ci maddələri təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilən normanın dispozitiv şərtləri aşağıdakılardır: 1) Ayrılması nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmalıdır; 2) Torpaq sahəsinin ayrılmasına dair akt qanunla müəyyən edilmiş qaydada qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə görə, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Məhkəmə qeyd edir ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması üçün ilkin şərt həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olan torpaqlara aid olmasıdır. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Cavabdeh orqan iddia tələbinə etiraz edərkən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən torpaq sahəsi yaşayış məntəqələri kateqoriyasına aiddir. Belə ki, əksi cavabdeh tərəfindən sübut edilməmişdir. Xüsusilə qeyd edilməlidir ki, cavabdeh qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid olduğunu qeyd etsə də, Bakı şəhəri Səbail rayon Səbail Bələdiyyəsinə aid torpaq sahəsinin hüdudlarını müyəyyən edən sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan, icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Cavabdeh İPM-in 14-cü maddəsinə əsasən öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçının tələb etdiyi torpaq sahəsi ilə qonşuluqda xüsusi mülkiyyət hüququ üzrə digər fiziki şəxslərin adına qeydiyyata alınmış torpaq sahələri mövcuddur (müvafiq torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar iş materiallarına əlavə olunmuşdur). Müvafiq torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” olaraq müəyyən edilmişdir. Belə olan təqdirdə məhkəmə müəyyən edir ki, mübahisələndirilən torpaq sahəsi kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarında yerləşməklə dövlətin müstəsna mülkiyyətində saxlanılan torpaqlara aid deyil. Odur ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, imtinada qeyd edilən hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. Qanunun 8.0.1-ci maddəsində qeyd edilən 2-ci şərtlə bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasından əlavə həmin torpaq sahəsinin ayrılmasına dair akt, qanunvericiliyin tələblərinə əsasən qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət aktı tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Məhkəmə xüsusilə nəzərə alır ki, iddia tələbinin predmeti olan torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsində olmuşdur, torpaq sahəsi digər şəxslərin adına qeydiyyata alınmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının faktiki sahibliyində və istifadəsində olmuş 1200 kv.m torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var. Belə ki, təqdim edilən sənədlərə əsasən müəyyən edilir ki, qeyd edilən ərazidə Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsi ayrılmış, torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir və iddiaçının qanuni sahibliyindədir. Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi tərəfindən torpaq sahəsinin plan-cizgisi təsdiq edilmiş, bələdiyyə tərəfindən qəbul edilmiş qərarın mötəbərliyi ilə bağlı hər hansı şübhə yoxdur. Cavabeh imtinanın digər əsası olaraq qeyd etmişdir ki, sahə üzərindən 3 xətli, 2 stekalı (6kV-luq) elektrik hava xətti keçir. Həmçinin torpaq sahəsinin bir hissəsi su xəttinin mühafizə zolağında yerləşir. Məhkəmə nəzərə alır ki, cavabdeh orqan imtinanın əsası olaraq qeyd etdiyi halları sübut edən hər hası dəlili məhkəmə təqdim etməmişdir. Odur ki, cavabdeh İPM-in 14-cü maddəsinə əsasən öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Digər tərəfdən mübahisələndirilən torpaq sahəsi ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair xüsusi mülkiyyət hüququ analoji hüquq müəyyənedici sənədlər (bələdiyyə qərarı, torpaqların alqı-satqısına dair akt) əsasında digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar ağlabatan hesab edilə bilməz və bərabərlik prinspinin pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Qaydaların 1.4-cü bəndinə əsasən, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu tələblərə əməl etməlidirlər. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Cavabdeh imtinanın digər əsası olaraq qeyd etmişdir ki, təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələri qeyd ediməmişdir, perimetrik ölçülərdə fərqlər mövcuddur. Məhkəmə nəzərə alır ki, iddiaçıya məxsus torpaq sahəsinin faktiki yerləşmə mövqeyi Bakı şəhəri Səbail rayonu Səbail Bələdiyyəsi tərəfindən təqdim olunan cizgiyə uyğundur. Cizgidə istinad məsafələri və koordinatlar dəqiq göstərilməsə də, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən yetərli məlumatlar mövcuddur və torpaq sahəsinə dair ortofoto çıxarışı (yəni torpaq sahəsinin faktiki yerləşmə mövqeyi) həmin cizgiyə uyğundur. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən cizgi torpaqayırma prosesinin tamamlandığını təsdiq edən ilkin sübutdur. Həmin cizgidə mütləq şəkildə koordinatların və ya istinad məsafələrinin göstərilməsi tələbi olmasa da, torpağın yerləşmə məkanını müəyyən etməyə imkan verən məlumatların olması zəruridir. Məhkəmə qeyd edir ki, təqdim edilən cizgi torpaq sahəsinin ortofoto çıxarışı ilə təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, torpaqayırma prosesi tamamlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı, və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsinin, strukturunun və ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin Nizamnaməsi" yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilatı xarakterli tədbirlər başa çatdırıldıqdan sonra "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilən Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 293 nömrəli Qərarına əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında ayrılmış 1200 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış və plan ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar