Məhkəmə qərarları › İş №2-1(112)-7804/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7804/2021

24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7804/2021 24.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə iddiаçı İddiaçı cavabdeh "xxxx" QSC-nin Mingəçevir filialına qarşı “kredit müqaviləsi üzrə inflyasiya hesablanmaqla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının tələblərinə uyğun olaraq müqavilənin tərəfləri arasında yeni kredit müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-nin Mingəçevir filialına qarşı “kredit müqaviləsi üzrə inflyasiya hesablanmaqla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının tələblərinə uyğun olaraq müqavilənin tərəfləri arasında yeni kredit müqaviləsinin bağlanması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC ilə 16 mart 2015-ci il tarixdə 36 ay müddətində illik faiz dərəcəsi 1.8333 faiz olmaqla 20.000 ABŞ dolları (məzənnə 1.05) məbləğində kredit müqaviləsi bağlamışdır. Bir il müddətində heç bir problem olmadan stabil şəkildə ödəniş etmişdir. Azərbaycan manatının devalivasiyaya uğraması və dolların manata nisbətdə kəskin qalxması nəticəsində və eyni zamanda maddi və əmlak şəraitinin (kredit sənədləşməsində qeyd olunan obyekt-qadın sağlamlıq mərkəzi fəaliyyətini dayandırıb) pisləşməsi nəticəsində kredit müqaviləsini tam icra edə bilməmişdir. İddiaçı kreditin 13.000 manatını dollarla ödəmişdir. Lakin bank işçiləri onu manatla qəbul etmişdirlər. Bununlada dolları manata dəyişdirdikdə qazanc əldə etmişlər. Azərbaycan Respublikasının Prezidenti infilyasiyanı nəzərə alaraq 28 fevral 2019-cu il tarixli fərmanı ilə devalvasiyanın kompensasiyasının hesablanmasını və eyni zamanda insanların maddi vəziyyətini nəzərə alaraq banklar tərəfindən problemli kreditlər üzrə 5 illik yeni müqavilənin bağlanmasını göstərmişdir. Lakin buna baxmayaraq, cavabdeh bank fərmandan irəli gələn tələblərə əməl etməmişdir. Əksinə iddiaçının ödədiyi pulları faizlər və dəbbə puluna çıxararaq məbləği şişirtmişdir. İddiaçının təklif etdiyi ödəniş şərtlərini (ayda minimum 500 manat) qəbul etməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh şirkəti inzibati orqan qismində göstərilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan deyildir. Halbuki yuxarıda sadalanan qanunvericilik normalarına əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İddia ərizəsindən göründüyü kimi tərəflərin arasında olan hazırkı mübahisə mülki hüquq münasibətlərdən (kredit müqaviləsindən) irəli gələn mübahisədir. Azərbaycan Respublikas Mülki Prosessual Məcəlləsinin 24.2.-cü maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə iddiaçı ilə cavabdeh arasındakı mübahisəyə tərəflərin subyektiv tərkibinə görə, mübahisənin xarakterinə görə ümumi məhkəmədə baxılmalı olduğu üçün İddiaçı cavabdeh "xxxx" QSC-nin Mingəçevir filialına qarşı “kredit müqaviləsi üzrə inflyasiya hesablanmaqla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının tələblərinə uyğun olaraq müqavilənin tərəfləri arasında yeni kredit müqaviləsinin bağlanması barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 24-cü, 25-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" QSC-nin Mingəçevir filialına qarşı “kredit müqaviləsi üzrə inflyasiya hesablanmaqla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli fərmanının tələblərinə uyğun olaraq müqavilənin tərəfləri arasında yeni kredit müqaviləsinin bağlanması barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar