Məhkəmə qərarları › İş №2-1(112)-7809/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7809/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7809/2025 04.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşından, yəni 13 sentyabr 2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrdə çalışmışdır. Belə ki, xx.xx.1986-cı ildə “Xəzərneftqazgeofizikəşfiyyat” trestində 1 saylı Dəniz seysmik partiyasına 3-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixli 114-k nömrəli əmrə əsasən 1 saylı Dəniz seysmik partiyasına texnik, xx.xx.1991-ci il tarixli 194-k nömrəli əmrə əsasən 2 saylı Dəniz seysmik partiyasına geofizik vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü il tarixli 6 nömrəli əmrə əsasən xx.xx.1992-ci il tarixdən İran İslam Respublikasına müqavilə işləri müddətinə göndərilmişdir. xx.xx.1993-cü il tarixli 79-a nömrəli əmrə əsasən 1 saylı Dəniz seysmik partiyasına geofizik, xx.xx.1994-cü il tarixli 3-k nömrəli əmrə əsasən isə 4 saylı Radiogeodeziya Partiyasına mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü il tarixli 158-k nömrəli əmrə əsasən “Kaspian Goefızik”-ə keçməsilə əlaqədar işdən azad edilmişdir. “Xəzərneftqazgeofizikəşfıyyat” trestində güzəştli şərtlərlə iş stajı xx.xx.1986-cı ildən xx.xx.1994-cü il tarixədək olan müddəti əhatə edir ki, bu da ümumilikdə 8 il 3 ay 13 gün təşkil edir. Daha sonra Caspian Geophysical MMC-də xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək mexanik vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək motorçu vəzifəsində çalışmışdır. Caspian Geophysical MMC-də 1994-cü ildən 2007-ci ilədək çalışdığı müddət güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlər siyahısına daxildir və bu müəssisədə güzəştli şərtlərə daxil olan iş stajı təxminən 13 il təşkil edir. Beləliklə, ümumilikdə güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 21 ildən çoxdur. “Xəzərneftqazgeofizikəşfiyyat” trestində işlədiyi müddətdə çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz qaz kondensatı, kömür və şistin emalı yarımbəndinin 1100000b bəndinin 17541 koduna aiddir. "xxxx" MMC-də işlədiyi müddət yuxarıda adı çəkilən qərarın 23003020-23484 və 23003020-14706-cı bəndlərində nəzərdə tutulmuşdur. Bütün bunları nəzərə alıb ona 60 yaşından, yəni xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından xahiş etmişdir. Cavabdeh tərəf 31 yanvar 2025ci il tarixli cavab məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etdi və bildirmişdir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 12 il 6 aydan azdır. İddiaçı hesab edir ki, cavabdeh tərəf onun güzəştli şərtlərlə pensiya hüququ verən iş stajını düzgün hesablamamış və bununla da pensiya hüququnu pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndi (b) və nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) yarımbəndi nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin İddiaçı dair xx.xx.2024-cü il tarixli KŞ-24/03 nömrəli arayışında iddiaçının xx.xx.1994-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexanik, xx.xx.2005-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə motorçu vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğuya cavab olaraq, adıçəkilən müəssisənin fəaliyyətinin Azərbaycan Respublikasının ərazisində və onun xaricində Azərbaycan, xarici, fiziki və hüquqi şəxslərə seysmik məlumatların toplanması, işlənməsi, şərh edilməsi və satışı sahəsində geofiziki xidmətlərin göstərilməsi, seysmikkəşfiyyat məlumatlarının işlənməsi üzrə Mərkəzin yaradılması, onun üçün dünya standartlarına uyğun olaraq aparat və proqram təminatının alınması və istifadə edilməsi, həmçinin bu cür məlumatların işlənməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində, onun xaricində olan fiziki və hüquqi şəxslərlə müvafiq hökümət orqanları tərəfindən xüsusi icazə (lisenziya) alındıqdan sonra müqavilələrin bağlanması, seysmik kəşfiyyatın təşkili və strateji planlaşdırmasından ibarət olduğu qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının çalışdığı müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan dəniz və çay donanması sahəsinə aid deyil. Eyni zamanda, SOCAR “Geofizika və Geologiya İdarəsi”-nin xx.xx.2024-cü il tarixli 14-2-4/2-Q-7242/2024 nömrəli arayışında İddiaçı xx.xx.1986-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində 1 saylı Dəniz seysmik partiyasında fəhlə vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) nəzərdə tutulmamışdır. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (6 il 5 ay 10 gün (xx.xx.1988-xx.xx.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Filial tərəfindən müraciətə aidiyyəti üzrə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -xx.xx.1989-cu il tarixdən doldurulmağa başlanmış ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək 1 saylı Dəniz seysmik partiyasında “3-cü dərəcəli fəhlə”, “texnik”, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 2 saylı Dəniz seysmik partiyasında “geofizik” vəzifələrində işləmiş, xx.xx.1992-ci il tarixdən İran İslam Respublikasına müqavilə işləri müddətinə göndərilmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 1 saylı Dəniz seysmik partiyasında “geofizik”, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək 4 saylı Radiogeodeziya Partiyasında “mühəndis”, xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" MMC-də “mexanik”, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Firmasında (Holland) “termik avadanlıq üzrə operator köməkçisi”, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də “motorçu” vəzifələrində çalışmışdır. Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1964-cü il təvəllüdlü iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin redaksiyasına uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək hesablanıb verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Hazırkı halda iddiaçı ona xx.xx.1964-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması və ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2024-cü il tarixdə 60 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının olmaması ilə bağldır. Cavabdeh iddiaçının aşağıdakı əmək fəaliyyətini güzəştli iş stajına daxil etmir: 1) xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək 1 saylı Dəniz seysmik partiyasında “fəhlə” vəzifəsində işlədiyi dövr. Bu dövrə dair cavabdehin dəlili belədir ki, iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd edilən Qərarla təsdiq edilmiş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) nəzərdə tutulmamışdır. Məhkəmə cavabdehin dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə araşdırması dövründə SOCAR-ın Geofizika və geologiya İdarəsinə sorğu edilərək, İddiaçı xx.xx.1986-xx.xx.1988-ci illərdə “Xəzərneftqazgeofizkəşfiyyat” trestində (indiki "xxxx" İdarəsinin "xxxx" İstehsalat Bölümü) işlədiyi dəniz seysmik partiyasının 3-cü dərəcəli fəhlə vəzifəsi, eləcə də həmin müəssisədə işlədiyi texnik (xx.xx.1988xx.xx.1991-ci illərdə), geofizik (xx.xx.1994-xx.xx.1994) və mühəndis (xx.xx.1994xx.xx.1994) vəzifələrinin gördüyü işlərin (əmək funksiyalarının) oxşar və fərqli cəhətləri barədə məlumat verilməklə həmin peşələrin vəzifə təlimatlarının təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Sorğuya cavab məktubuna əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 14-2-4/2-Q-xxxx/2024 nömrəli arxiv arayışda göstərilmişdir ki, həqiqətən “Xəzərneftqazgeofizkəşfiyyat" trestinin (indiki X1) arxiv sənədlərində İddiaçı 1, 2, 4, 5, 16 saylı Dəniz seysmik və radiogeodeziya partiyalarında fəhlə, texnik, geofizik, mühəndis vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1986-cı il tarixli 165-k nömrəli əmrə əsasən 1 saylı Dəniz seysmik partiyasına 3-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul olunub. xx.xx.1988-ci il tarixli 114-k nömrəli əmrə əsasən 1 saylı Dəniz seysmik partiyasına texnik, xx.xx.1991-ci il tarixli 194-k nömrəli əmrə əsasən 2 saylı Dəniz seysmik partiyasına geofizik vəzifəsinə keçirilib. xx.xx.1993-cü il tarixli 6 nömrəli əmrə əsasən xx.xx.1992-ci il tarixdən İran İslam Respublikasına müqavilə işləri müddətinə göndərilib. xx.xx.1993-cü il tarixli 79-a nömrəli əmrə əsasən 1 saylı Dəniz seysmik partiyasına geofizik, xx.xx.1994-cü il tarixli 3-k nömrəli əmrə əsasən 4 saylı Radiogeodeziya Partiyasına mühəndis vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.1994-cü il tarixli 158-k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Kaspian Geofizikl”-ə keçirilməsi ilə əlaqədar olaraq işdən azad edilib. Cəmi dəniz iş stajı: xx.xx.1986-cı il tarixdən - xx.xx.1994-cü il tarixədək - 8 il 3 ay 13 gün. İddiaçı çalışdığı fəhlə, texnik, geofizik, mühəndis peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı yarımbəndinin 1100000b bəndinin 17541 kodunda çalışan işçilər ilə eyni əmək funksiyasını yerinə yetirmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 nömrəli əmrinin 2.2 bəndinə əsasən “Xəzərdənizneftgeofizkəşfiyyat” və “Azərneftgeofizika” trestləri birləşdirilərək onların maddi-texniki bazasında "xxxx" İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000-01-SM-05- 000033 nömrəli əmrinə əsasən Geofizika və geologiya İdarəsinin tabeliyində olan "xxxx" İdarəsi "xxxx" İstehsalat Bölümü adlandırılmışdır. Göründüyü kimi, iddiaçının müvafiq dövrdə işlədiyi SOCAR-ın Geofizika və geologiya İdarəsi (tabeliyində olan “Xəzərneftqazgeofizkəşfiyyat" trestinin (indiki X1)) iddiaçının xx.xx.1986-xx.xx.1988-ci il tarixləri arasındaki dövr ərzində işlədiyi fəhlə vəzifəsini güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmişdir. Həmçinin sorğuya cavab olaraq qeyd olunan peşələrin vəzifə təlimatlarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş vəzifə təlimatlarının təhlilinə əsasən hesab edir ki, iddiaçının işləmiş olduğu fəhlə vəzifəsi eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlanan 10-cu bölməsində 10.1-ci bəndinin “a” yarımbəndində göstərilmiş “fəhlə (qazma işləri üzrə)” vəzifəsinə uyğundur. 2) xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" MMC-də “mexanik”, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək isə “motorçu” vəzifələrində işlədiyi dövr. Bu dövrə dair cavabdehin dəlili belədir ki, "xxxx" MMC-nin fəaliyyət sahəsi MMC tərəfindən verilmiş arayışda istinad olunan dəniz və çay donanması sahəsinə aid deyil. İş materiallarında olan, "xxxx" MMC (LLC) tərəfindən verilmiş arayışda bildirilmişdir ki, iddiaçı həqiqətən Caspian Geophysical MMC-nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək mexanik vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2007-ci il tarixinə kimi motorçu vəzifəsində çalışmışdır. Onun işlədiyi vəzifə və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətçi-yardımçı, gəzinti-səyahət, şəhərəatrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçıovun üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 9 il 17 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın, 21.2 b) bəndinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “XXYİİİ hissəsinin 23003020- 23484 (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər) və 23003020-14706 (bütün adlarda motorçular) uyğun göstərilmişdir. Nəzərinizə çatdırmaq istərdik ki, «Güzəştli şərtlərlə yaşa görəpensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında» 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərara əsasən çalışdığı vəzifənin şifrə nömrəsi: 23003020- 23484; 23003020-14706. Məhkəmə qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış təqdim edilməlidir. Hansı ki bu arayış iddiaçının həmin arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, onun işlədiyi sahələrin, peşələrin və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğunun müəyyən edilməsinə xidmət etməlidir. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı vəzifənin qeyd olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının “üzən heyət” bölməsinə daxil edilməsi üçün gəmi heyətinin aid olduğu donanmanın statusu və gəminin istismar rejimi, yəni onun daimi olaraq dənizdə, yoxsa yalnız liman akvatoriyasında fəaliyyət göstərməsi həlledici əhəmiyyət daşıyır. Belə ki, Siyahıya əsasən aşağıdakı heyət üzvləri “üzən heyət” hesab olunur: - dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla); -xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla); -duru yanacaqla işləyən gəmi ocaqçıları; -bütün adlarda maşinistlər; -bütün adlarda motorçular; -mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər; -elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri. Qeyd olunmalıdır ki, iddiaçının mübahisəli əmək fəaliyyəti dövrü ilə bağlı məhkəməyə təqdim olunan arayışdakı məlumatlar rəsmi qaydada işəgötürən, yəni "xxxx" MMC (LLC) tərəfindən təqdim olunmuşdur. Bu məlumatlar işəgötürənin sahə üzrə ixtisaslaşmış subyekt olması nəzərə alınmaqla, onların mötəbərliyi şübhə doğurmur. Cavabdeh tərəf bu məlumatları təkzib edən hər hansı sübut təqdim etmədiyindən, işəgötürənin təqdim etdiyi məlumatlar məhkəmə tərəfindən əsas götürülür. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının əmək fəaliyyətini həyata keçirdiyi gəmilər “üzən heyət” anlayışına uyğun olaraq dənizdə istismar edilən və müvafiq Siyahının 21.2.b bəndinə uyğun olan gəmi kateqoriyasına aid edilmiş, iddiaçının həmin dövrlərdə bu vəzifələrdə çalışması isə ona güzəştli şərtlərlə əmək pensiyasına hüquq verən peşə fəaliyyətinin həyata keçirildiyini təsdiqləyir. Belə olan halda iddiaçının "xxxx" MMC-nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək mexanik vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2007-ci il tarixinə kimi motorçu vəzifələrində işlədiyi mübahisəli dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq güzəştli iş stajı yaranmış olur (17 il, 4 ay, 08 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya xx.xx.2024cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı, 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar