Məhkəmə qərarları › İş №2-1(112)-781/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-781/2020

14.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-781/2020 14.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadə, Şifahi məhkəmə baxışı keçirilmədən tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi tələbinə dair inzibati işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinin tələblərinə əsasən Bakı İnzibati Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-196/3 nömrəli 10 sentyabr 2019-cu il tarixli və 396 saylı 29.10.2019-cu il tarixli qərarlarının ləğv edilməsi, İddiaçı “qaçqın” statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Əfqanistan vətəndaşı, Vərdək vilayəti sakinidir. O, amerikalarla əməkdaşlıq edən hərbi bölmə ilə elektrik işlərində əməkdaşlıq edib. Bundan sonra, taliblər tərəfindən ona fəaliyyətinə görə təhdid mesajları göndərilib. Taliblər onu hərbiçilərlə və əcnəbilərlə əməkdaşlıq etdiyinə görə təhdid ediblər. İddiaçı ailə üzvləri ilə birlikdə 24 may 2019-cu ildə Azərbaycana gəlib. 11 iyun 2019-cu ildə iddiaçı sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçi ilə müsahibə aparıb. İddiaçı bildirib ki, o, Taliban tərəfindən pis rəftara məruz qalaçağından qorxduğu üçün ölkəsinə geri qayıtmaq istəmir. 10 sentyabr 2019-cu ildə DMX İQ-196/3 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd edib. DMX qərarı onunla əsaslandırıb ki, iddiaçının əsaslı təqib qorxusu mövcud deyil. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati işin hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-196/3 nömrəli 10 sentyabr 2019-cu il tarixli və 396 saylı 23.10.2019-cu il tarixli qərarlarının ləğv edilməsi, İddiaçı “qaçqın” statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar məhkəmədən xahiş etmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli nümayəndəsi iddiaçının ərizəsinə əsasən açılmış inzibati işin araşdırılması nəticəsi iddiaçıya qaçqın statusunun verilməsini qeyri-mümkün etdiyini, cavabdeh orqan tərəfindən qanuni olaraq iddiaçıya imtina cavabı verildiyini, qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. İnzibati iş üzrə şifahi məhkəmə baxış iclası təyin edilmişdir. İddiaçı məhkəməyə 12 may 2020-ci il tarixdə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin etibarnamə ilə səlahiyyətli nümayəndəsi X1 məhkəməyə 07 may 2020-ci il tarixdə ərizə ünvanlayaraq iş üzrə məhkəmə iclasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Məhkəmə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqındaAzərbaycan Respublikası Ali Məhkəməsi PlenumQərarının 1.2-ci bəndindəki (Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin) tövsiyələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsindəki tələbləri nəzərə alaraq, mübahisəni şifahi dinləmə olmadan həll etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 may 2020-ci il tarixli qərardadı ilə iddia tələbi “Dövlət Miqrasiya Xidmətinin 396 saylı 29.10.2019-cu il tarixli inzibati şikayətin təmin edilməməsi barədə qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Beləliklə, Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin işin hazırlıq icraatı çərçivəsində keçirilmiş məhkəmə iclasında verdiyi izahatlarını, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 19.03.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə əsasən, immiqrasıya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. İşdən görünür ki, İddiaçı Əfqanistan vətəndaşıdır, 29.10.1991-ci il təvəllüdlü İddiaçı 11.06.2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdehə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı İddiaçı Əfqanistanın Vərdək vilayətinin Hisseye əvvəle Bisud əyalətinin Abdərə kəndində anadan olduğunu, miliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, 12 illik orta təhsilini bitirdikdən sonra Kabil Universitetinin riyaziyyat fakültəsinə daxil olduğunu, 2015-ci ildə həmin universiteti bitirdiyini, paralel olaraq ingilisi dili kursuna getdiyini, 22 yaşında əmək fəaliyyətinə başladığını, 9 ay tikinti işlərində çalışdığını, sonradan bir müddət atasına məxsus ərzaq dükanında, daha sonra məktəbdə müəllim, 2017-ci ilin yanvar ayından 2019-cu ilin mart ayına qədər isə "xxxx" Şirkətində nəzarətçi (supervayzer) vəzifəsində işlədiyini demişdir. Ailə vəziyyəti barədə məlumat verən Murad Nasrullah 16.12.2015-ci ildə ailə həyatı qurduğunu, bu nikahdan bir övladının dünyaya gəldiyini, 4 qardaşı, 2 bacısının olduğunu, valideyinlərinin və bacı-qardaşlarının hazırda Əfqanistanın Kabil şəhərində yaşadıqlarını bildirmişdir. İddiaçı hazırki arvadı Zakeranın öz əmisi oğluna sözlü olduğunu, lakin özünün Zakeranı 16.11.2015-ci ildə qaçırdığını, bundan sonra qızın ailə üzvləri və əmisi tərəfindən axtarışda olduqlarını, bu səbəbdən Kabildən Dəhənhisar məntəqəsinə köçdüklərini, təxminən 1 il orada qaldıqdan sonra Helmənd məntəqəsinə getdiklərini və 2 il Helmənddə yaşadıqlarını demişdir. İddiaçı Helmenddə olarkən Qəlayibost adlanan məntəqədə Boste Helməndin 505-ci təminat batalyonunda generatorların əsaslı təmiri ilə məşğul olduğunu, işlədiyi müddətdə Amerikanın dəniz qüvvələrinə aid hərbiçilər tərəfindən təhdid edildiyini və telefonuna naməlum şəxslər tərəfindən zənglər edildiyini demişdir. O, 25.01.2019-cu ildə işləri ilə əlaqədar olaraq Qəndəhara getdiyini, arvadının isə Helmənddə atasının Hacı Qurban adlı dostunun evində qaldığını, bu müddətdə taliblərin Hacı Qurbanın evinə gəldiyini, onu soruşduqlarını demişdir. İddiaçı bu hadisədən sonra ailə üzvləri ilə birlikdə Kabilə getdiklərini, Əfqanistanda qalacaqları təqdirdə, taliblər eyni zamanda arvadının qohumları tərəfindən təhdidə məruz qalacaqlarından ehtiyat etdiyini, bu səbəbdən ölkəsini tərk edərək ailə üzvləri ilə birlikdə 24 may 2019-cu il tarixdə Azərbaycan Respublikasına gəldiklərini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı özünün və ailə üzvlərinin adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut edərək etibarlı pasportları təqdim etmişvə bu doğru olaraq qəbul edilmişdir. İnandırıcılığın qiymətləndirilməsi zamanı iddiaçının dediklərində bəzi şübhəli məqamlar aşkar edilmişvə bu məqamlar onun xeyrinə həll edilməmişdir. Belə ki, iddiaçı ölkəsini tərk etməsinin səbəblərindən biri kimi arvadının qohumları tərəfindən axtarıldığını, onun tapacaqları təqdirdə öldürəcəklərini qeyd etsə də, söylədiklərindən onun ailə qurduqdan sonra təxminən 4 il Əfqanistanda yaşadığı, həmin müddət ərzində özünün və ailə üzvlərinin heç bir təhdid və təzyiqə məruz qalmadıqları məlum olmuşdur. İddiaçı həyatı üçün ölüm təhlükəsi olduğunu bildirsə də, onun uzun müddət ərzində Əfqanistanı tərk etməməsi və orada yaşamağa davam etməsi söylədiklərini şübhə altına almış və bü şübhə onun xeyrinə həll edilməmişdir. Belə ki, iddiaçının dediklərindən məlum olmuşdur ki, taliblərin onu axtarmaq məqsədilə evə gəlməsindən sonra ailə üzvləri həmin evdə yaşamağa davam etmiş (təxminən 1 ay), bu müddət ərzində nə özü, nə də ailə üzvləri heç bir təhdidə və təzyiqə məruz qalmamışdır. İddiaçı taliblərdən qorxduğunu desə də, ailə üzvlərinin həmin evdə yaşamağa davam etməsi, onların həmin məkanı tərk etməyə cəhd etməməsi, onun bu qorxusunu şübhə altına almış və bu şübhə iddiaçının xeyrinə həll edilməmişdir. Həmçinin, iddiaçı və ailə üzvünün dediklərindən onların taliblər tərəfindən təhdid edildikdən bir mddət sonra Kabilə getdikləri, bir ay orada yaşadıqları, və ötən müddət ərzində heç bir təhdid və təzyiqə məruz qalmadıqları halda həmin şəhəri tərk etdikləri məlum olmuşdur. İddiaçı və ailə üzvünün müsahibə zamanı verdiyi izahatlarından məlum olmuşdur ki, onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin 10.09.2019-cu il tarixli, İQ-196/3 saylı qərarı ilə “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 23 oktyabr 2019-cu il tarixli 396 nömrəli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin 10.09.2019-cu il tarixli, İQ-196/3 saylı qərarından Əfqanistan İslam Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı mübahisənin qanuni və əsaslı həllinə nail olmaq işə aşağdaki qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həminölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən ş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Göründüyü kimi, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. Halbuki, iddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətandaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olub-olmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Beləliklə, Məhkəmə belə nəticəyə gəlir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığından qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qaçqın statusunun verilməsi barədə qərar qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdehin 10.09.2019-cu il tarixli, İQ-196/3 saylı qərarından qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarının ləğv edilməsi barədə iddiа tələbi əsаssız оlduğundаn rədd еdilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İQ-196/3 nömrəli, 10 sentyabr 2019-cu il tarixli qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi barədə 11.06.2019-cu il tarixli vəsatətinin təmin edilərək iddiaçıya qaçqın statusunun verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiа tələbi rədd еdilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar