Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-781/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X8 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X9 üçüncü şəxs qismində inzibati icraatına cəlb olunmaqla çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08.12.2004-cü il tarixli icarə müqaviləsinə əsasən onun istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 321z/25 saylı bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 05.11.2020-ci il tarixli, 2-1(112)-3891/2020 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvan sahəsi Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanmış 08 dekabr 2004-cü il tarixli, 33742 saylı bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən onun istifadəsinə verilmiş və həmin bağ sahəsi həmin tarixdən onun qanuni istifadəsində olmuşdur. O, qeyd edilən bağ sahəsinin dövlət reyestrində qeydə aldırmaq üçün dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə İdarəyə müraciət etmişdir. Lakin İdarədən ona ünvanlanmış 24 yanvar 2020-ci il tarixli məktubla müraciətindən imtina edilmiş, imtinanın əsası kimi 321 z/325 saylı bağ sahəsinə dair digər fiziki şəxsin adına order aşkarlandığı göstərilmişdir. Halbu ki, İdarənin onun müraciəti ilə əlaqədar istinad etdiyi hallar tam əsassızdır. Belə ki, qeyd edilən bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin 29 noyabr 2004-cü il tarixli, 276 saylı sərəncamına əsasən onun istifadəsinə verimişdir. Bundan əvvəl isə həmin bağ sahəsinə dair hansısa bir şəxsə order verilsə də, həmin şəxs öldüyünə və heç bir vərəsəsi olmadığına görə qeyd edilən bağ sahəsi uzun illər istifadəsiz qalmış və bu üzdən həmin bağ sahəsi qanuni surətdə onun istifadəsinə verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, sözügedən bağ sahəsi sxematik xəritəyə əsasən 321 saylı bağ sahəsinin yerində uyğun gəldiyindən həmin bağ sahəsi ilə notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Həmçinin bildirilmişdir ki, torpaq sahəsi yaxınlıqdan keçən 6.0 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyindən torpaq sahəsinin azalmasına dair razılıq ərizəsi və ya "xxxx” ASC-nın arayışının təqdim edilməmişdir. Bundan əlavə İdarənin arxivində 321z/25 bağ sahəsinə dair digər fiziki şəxsin adına order aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X9 iddia tələbi ilə bağlı verdiyi izahatında bildirmişdir ki, X6 qonşusu olmuş, o yaşlı şəxs olduğuna, heç bir yaxın qohumu və ya vərəsəsi olmadığına və onlar ona qayğı göstərdiklərinə görə o yaşadığı mənzili ona vəsiyyət etmiş, o öldükdən sonra isə ona məxsus olan mənzili miras kimi öz adına keçirmişdir. Həmin dövrdə Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 321z/25 saylı bağ sahəsi orderlə X7 adına olsa da, o həmin bağ sahəsindən heç bir zaman istifadə etməmiş, sağlığında da bağ sahəsindən imtina etdiyi, torpaq sahəsinə ehtiyacının olmamasını bildirmişdir. Belə ki, Taisa sağlığında ona demişdir ki, onun işlədiyi yerdən ona bağ sahəsi verilsə də, o bağ sahəsini qəbul etməmiş, heç bir zaman bağ sahəsindən istifadə etməmişdir. Taisa Şavolina ona yaşadığı mənzilə dair vəsiyyətnamə verdiyi zaman ona məxsus bağ sahəsinin başqa şəxsə verilməsini bilmiş, o bağ sahəsinə dair ona vəsiyyətnamə verməmişdir. X7 heç bir vərəsəsi yoxdur. Onun da vəsiyyətnamə üzrə vərəsəsi kimi qeyd edilən bağ sahəsinə dair heç bir tələbi və iddiası yoxdur. Gələcəkdə də belə bir iddiası olmayacaqdır. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə görə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişafi və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış Xaşa-Xuna ərazisindəki 321z/25 nömrəli bağın istifadəyə verilməsi haqqında 33742 saylı, 08.12.2004cü il tarixli müqavilənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Əzizbəyov rayonu, Xaşa-Xuna ərazisində 0,12 ha torpaq sahəsi olan 321z/25 №-li bağ İddiaçı istifadəsinə verilmişdir. Müqavilənin müddəti 08.12.2004-cü ildən 08.12.2014-cü ilədəkdir. Bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müdətində bağlanılır. İstifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqaviləsi yeni müddətə artırılır. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış **********74 №-li, 23.07.2019-cu il tarixli məktubdan görünür ki, sözügedən bağ sahəsi sxematik xəritəyə əsasən 321 saylı bağ sahəsinin yerində uyğun gəldiyindən həmin bağ sahəsi ilə notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Həmçinin bildirilmişdir ki, torpaq sahəsi yaxınlıqdan keçən 6.0 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyindən torpaq sahəsinin azalmasına dair razılıq ərizəsi və ya "xxxx” ASC-nın arayışının təqdim edilməmişdir. Qeyd olunan səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. - “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış 07.01.2020-ci il tarixli 6-01/06-08/Q-422/045 nömrəli məktubdan görünür ki, Xəzər rayonu, Xaşa-Xuna qəsəbəsində yerləşən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 33742 saylı, 08.12.2004cü il tarixli müqavilə ilə İddiaçı ayrılmış 3212/25 (Bağ №313) saylı, 0,12 ha ölçüdə torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonaları ilə bağlı arayışın verilməsinə dair ərizəyə (Q-422) “xxxx” ASC-də baxılmışdır. Həmin torpaq sahəsinin kənarından, təhlükəsiz məsafədən keçən 6 kV-luq elektrik hava xəttinin istismarında çətinlik yaranmadığını nəzərə alıb ona məxsus torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmirlər. - İdarə tərəfindən iddiaçıya ünvanlanmış 24.01.2020-ci il tarixli, **********85 №-li, məktubdan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində 321z/25 saylı bağ sahəsinə dair digər fiziki şəxsin adına “Order" aşkarlandığından ərizəsinin icrası mümkün olmamışdır. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********44 №-li, 13.05.2020-ci il tarixli məktubdan görünür ki, sözügedən bağ sahəsinin X11 adından İddiaçı adına keçirilməsi barədə məlumat arxiv qovluğunda aşkar olunmamışdır. - Həmin məktuba Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ massivində yerləşən 321z/25 nömrəli bağ sahəsinə dair İddiaçı ilə bağlanılmış 08.12.2004-cü il tarixli, 33742 nömrəli müqavilənin və arxiv qovluğunda mövcud olan digər sənədlərin, həmçinin, eyni nömrəli bağ sahəsinə dair X11 adına 38 nömrəli orderin və ərizənin təsdiq edilmiş surətləri əlavə edilmişdir. - Həmin sənədlərdən görünür ki, İddiaçı ərizə ilə X5 direktoruna müraciət edərək bildirmişdir ki, Xaşa-Xuna ərazisindəki 312z/25 №-li bağ sahəsindən uzun müddətdir ki, istifadə edir. Bun bağ qonşuların Əliyev E.Ə., Səmədzadə A.Q., Əliyev S.Ə. öz ərizələri ilə təsdiq edirlər. Həmin bağ sahəsinin onun adına sənədləşdirilməsini xahiş edir. Bağlar Birliyinin sahə mühəndisləri C.C.Hacıyev, Ş.Ə.Kərimov, T.Q.Rəhmani, İddiaçı tərəfindən tərtib edilmiş və imzalanmış aktdan görünür ki, Xaşa-Xuna bağlar sahəsindən İddiaçı bağlar birliyinə daxil olmuş ərizəsi ilə əlaqədar vətəndaşın öz iştirakı ilə Xaşa-Xuna sahəsindəki onun istifadə etdiyi 321z/25 №-li bağ yerində olmuşlar. Yerində həmin sahəyə baxışdan və üç bağ qonşusunun razılıq ərizələrindən məlum oldu ki, doğurdan da İddiaçı 0,12 hektar torpaq sahəsi olan 321z/25 №-li bağ sahəsində 20 meyvə, 5 ədəd bəzək ağacı əkərək uzun müddətdir ki, istifadə etmiş və hal-hazırda da istifadə edir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının inkişafi və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış Xaşa-Xuna ərazisindəki 321z/25 nömrəli bağın istifadəyə verilməsi haqqında 33742 saylı, 08.12.2004cü il tarixli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Xaşa-Xuna bağ sahəsindəki 180 №-li Kooperativi tərəfindən verilmiş 38 №-li orderə əsasən X12 Bakı şəhər İcraiyyə Komitəsinin 19 noyabr 1990-cı il tarixli, 7/386 №-li qərarına əsasən Xaşa-Xuna bağ sahəsində 180 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 321Z/25 №-li bağ ayrılmışdır. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış 413 №-li, 19.06.2020-ci il tarixli məktuba əlavə edilmiş keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 19.11.1990-cı il tarixli, 7/386 saylı qərarın və həmin qərara əlavə edilmiş 211 saylı BTK-nin üzvlərinin siyahısının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər XDS İK-nin 19.11.1990-cı il tarixli qərarı ilə 211 №-li Bağ Tikinti Kooperativinin tərkibi təsdiq edilərək üzvlərin bağ sahələrinin ayrılması qərara alınmışdır. Həmin qərarda X12 180 №-li BTK-də bağ sahəsinin ayrılması qeyd edilmişdir. - Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanan 05/2-3368/13 №-li, 15.07.2020-ci il tarixli məktubdan görürür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən T.Şavolinanın ölümünün 30.03.2011-ci ildə Yasamal rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 05/3745-11 №-li, 12.08.2020-ci il tarixli məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 20.09.2011-ci il tarixdə Bakı şəhər 5 saylı notariat ofisində mərhum T.Şavolinanın adına vərəsəlik işi açılmışdır. - Bakı şəhəri 5 saylı Notariat ofisinin 710 №-li, 01.09.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş 2V-1-150 №-li notariat işindən görünür ki, T.Şavolinanın adına vərəsəlik işi açılmış və vərəsəsi X9 olmuşdur. - X3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, qonşusu X13 adına ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ massivi ünvanında yerləşən 321z/25 saylı bağ sahəsinə dair heç bir iddiası yoxdur. Gələcəkdə bu bağ sahəsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməyəcək, inzibati orqanlara şikayət verməyəcəkdir. - İdarə tərəfindən məhkəməyə ünvanlanmış **********82 №-li, 26.05.2021-ci il tarixli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, mübahsilə bağ sahəsinin yerləşdiyi ərazinin sxematik xəritəsi və Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ massivindəki 180 saylı BTK-nın bağ sahələrinin yerləşmə planı mövcüddur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu, Xaşa-Xuna bağ massivi, 321z/25 nömrəli bağ sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 29 noyabr 2004-cü il tarixli 276 saylı sərəncamına müvafiq olaraq Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanmış 08 dekabr 2004-cü il tarixli, 33742 saylı bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən iddiaçının istifadəsinə verilmiş və həmin bağ sahəsi həmin tarixdən onun qanuni istifadəsində olmuşdur. Bundan əvvəl isə həmin bağ sahəsinə dair X11 adına 38 nömrəli order verilmiş, lakin həmin şəxs vəfat etmişdir. Bakı şəhəri 5 saylı Notariat Kontorunda vərəsəlik işi açılaraq X11 vərəsəsi X9 olmuşdur. X1 Şavolinanın adına order olsa da sonuncunun həmin bağ sahəsini qəbul etmədiyini, istifadə etmədiyini, miras əmlakına daxil olmadığını bildirərək həmin bağ sahəsi ilə bağlı hər hansı iddiasının olmadığını bildirmişdir. Cavabdeh inzibati orqan ilk öncə sözügedən bağ sahəsinin sxematik xəritəyə əsasən 321 saylı bağ sahəsinin yerində uyğun gəldiyindən həmin bağ sahəsi ilə notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim olunmasının məqsədəuyğunu, torpaq sahəsi yaxınlıqdan keçən 6.0 kV-luq yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyindən torpaq sahəsinin azalmasına dair razılıq ərizəsi və ya "xxxx” ASC-nın arayışının təqdim edilməməsini, sonradan isə İdarənin arxivində 321z/25 saylı bağ sahəsinə dair digər fiziki şəxsin adına order aşkarlanmasını əsas gətirərək iddiaçının bağ sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin 2-ci hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin 2-ci hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. - 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. - Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə qeyd edir ki, İddiaçı 08 dekabr 2004-cü il tarixli, 33742 saylı bağın istifadəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən mübahisəli bağ sahəsindən istifadə etməsi işin mübahisəsiz haldır və həmin müqavilə ləğv edilmədiyindən, etibarsız sayılmadığından, eləcə də mübahisələndirilmədiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Mübahisəli bağ sahəsinin kənarından, təhlükəsiz məsafədən keçən 6 kV-luq elektrik hava xəttinin istismarında çətinlik yaranmadığını nəzərə alıb “xxxx” ASC iddiaçıya məxsus torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etməmişdir. Mübahisəli bağ sahəsinə dair digər şəxsin, yəni X11 adına order olsa da sonuncu həmin bağ sahəsindən istifadə etməmiş, onun həmin bağ sahəsindən istifadə etməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, əksinə vərəsəsi X9 bağ sahəsi ilə bağlı hər hansı iddiasının olmasını bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin: - 2.1-ci bəndinə görə mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişahlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. - 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrinə verilir. - 7.2-ci bəndinə görə mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq struktur bölməsinin mütəxəssisinin, həmin Komitənin rayon (şəhər) şöbəsinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnaməsi əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nətcəyə gəlir ki, cavabdeh inzibati orqanın gətirdiyi dəlillər iddiaçının qanuni daimi istifadəsinə verilmiş 321z/25 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün əsas ola bilməz. Cavabdeh inzibati orqan öz imtinasını formal mülahizələrlə əsaslandırmış və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş qeydiyyatdan imtina üçün hallarla bağlı heç bir tutarlı dəlil təqdim etməmişdir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd sayılmalı və iddiaçı X4 hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 08.12.2004-cü il tarixli, 33742 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 321z/25 saylı bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 08.12.2004-cü il tarixli, 33742 nömrəli icarə müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivi ünvanında yerləşən 321z/25 saylı bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-781/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-781/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver