Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7810/2024 09.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə hazırkı pensiya arasında olan fərqin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə hazırkı pensiya arasında olan fərqin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1951-ci il təvəllüdlüdür. İddiaçı əmək fəaliyyətinə xx.xx.1968-ci il tarixdən başlayaraq, həmin vaxtdan xx.xx.1970-ci il tarixinədək Azərbaycan Baş maddi-texniki təchizat idarəsində fəhlə, xx.xx.1971-ci il tarixdən xx.xx.1971-ci il tarixədək həmin idarənin kontorunda yük boşaldan işləmiş, 1971-ci iln may ayından 1973-cü ilin iyun Mikun şəhərində hərbi xidmətdə olmuş, 1974-cü il tarixdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (hazıkı Bakı Dövlət Universitetinin) hüquq fakültəsinin axşam şöbəsinə daxil olmuş, eyni zamanda xx.xx.1973cü il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı İxtisaslaşdırılmış Avtomobillər zavodunda çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Bakı şəhəri Xətai rayon Məhkəməsində iclas katibi, xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək Xətai rayon Məhkəməsində cinayət işləri üzrə katib, xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixinədək həmin məhkəmənin dəftərxana müdiri vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 522 saylı Sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi vəzifəsinə, xx.xx.2007-ci il tarixli, 2289 saylı Sərəncamına əsasən Göyçay Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının xx.xx.2016-cı il tarixli qərarına əsasən hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatmağı ilə əlaqədar səlahiyyətlərinə xx.xx.2016-cı il tarixdən xitam verilmişdir. İddiaçıya Dövlət Sosial X2 rayon şöbəsi tərəfindən 21 may 2016-cı il tarixindən sabiq hakimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə, 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. Həmin əlavəyə görə, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri əlavə edilmişdir. Qanun 2019 ilin 1 sentyabrında qüvvəyə minmişdir. İddiaçı həmin Qanuna edilmiş əlavə nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “...pensiya işinizə aid olan sənədlərdə sizə Fondun Xətai rayon şöbəsi tərəfindən 21 may 2016-cı il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Hakimlərin vəzifə maaşlarının artırlması ilə əlaqədar 1 iyul 2022-ci il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 1988,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəniz 894,60 manat, səlahiyyətlərin icrasına görə vəzifə maaşının 25 faizi əlavəniz 497.00 manat, digər növ əlavəniz 430,73 manat olmaqla orta aylıq əmək haqqınız 3810,33 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 15 il 8 ay 19 gün sabiq hakim kimi iş stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (3810,33 manat) 80 faizi-3048,26 manat məbləğində hesablanıb. Eyni zamanda bildiririk ki, maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyanız 3845,99 manat məbləğində hesablanaraq müvafiq kart hesabınıza köçürülür”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin olunmuş pensiyanın yenidən hesablanılması, yəni fəaliyyətinin son 24 ayı olan xx.xx.2014-xx.xx.2016-cı illər ərizindək vəzifə maaşına uyğun hakimlərə hər ay ödənilən 1 aylıq vəzifə maaşı (əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla), hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15% (cəmi 45%) həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirməsi ilə xərclərin ödənilməsi üçün vəzifə maaşının 25% miqdarında aylıq pul təminatı, məzuniyyət haqqı, məzuniyyət vaxtı 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyası məbləğinin, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5% miqdarında əlavə olunmaqla (10 ilə qədər 55%, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta aylıq əmək haqqının 5% miqdarında) xx.xx.2014 - xx.xx.2016-cı illər ərzindəki əmək haqqının (sonrakı artımlarda nəzərə alınmaqla) 80% miqdarında əlavənin hesablanması və yenidən hesablanmış əmək pensiyası məbləği ilə hazırkı pensiya arasında olan fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda sadalanan hallarına əsasən iddia tələbini onunla əsaslandırmışdır ki, həqiqi hərbi xidmətdə olmağı ilə birlikdə ümumi əmək stajı 46 ilə yaxındır. Cavabdeh imtina məktubunda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına istinad etmiş, lakin həmin Qanuna edilmiş sonrakı dəyişikləri nəzərə almamışdır. 2000 ildən hakim vəzifəsinə təyin edilərək 2016-cı ilədə son yaş həddi ilə əlaqədar vəzifədən azad edilərkən hakimlər üçün pensiya təyinatını tənzimləyən “Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin istinad olunan müddəası qüvvədə olmamışdır. Pensiya hüququm xx.xx.2016-cı il tarixindən yarandığına görə Əmək pensiyaları haqqında qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.7ci maddəsinin tələbləri (orta aylıq əmək haqqının müəyyən edilməsi üçün hesablanma faizləri, məzuniyyət haqqı və digər ödənişlər) tam nəzərə alınmaqla pensiyamın yenidən hesablanılmasından cavabdeh orqanın imtina etməsi qanusuzdur. Belə ki. 10 illik hakim stajı üçün 55%, +10 ildən yuxarı 5 il 8 ay 19 gün hakimlik stajının hər ili üçün 5 faiz olmaqla 29.5% (5.9 il x 5%) təşkil edir ki, bu da qanunla müəyyən olunmuş maksimal pensiya təminatının faiz dərəcəsini düzgünü təşkil edir. Əmək pensiyaları haqqında Qanunun tələblərinə əsasən təyin olunmuş pensiya məbləği əmək haqqıdakı sonrakı artımlarla birlikdə, orta aylıq əmək haqqının müəyyən edilməsi üçün hesablanma faizləri, məzuniyyət haqqı və digər ödənişlər tam nəzərə alınmaqla yenidən hesablanılmalı, həmin hesablama üzrə hazırkı pensiya arasındakı fərq məbləğinin ödənilməsi təmin edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyasına əsasən hakimlərin aylıq vəzifə maaşları müəyyən edilir və olara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlava ödənilir. Həmin Qanunun 107-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərin məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Qeyd olunan tarixədək qüvvədə olmuş həmin Qanunun 109-cu maddəsinin tələblərinə görə hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2, 10.5 və 20.1.4-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarına əsasən ‘'Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxslərin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 109-cu, “Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2008-ci il tarixli Qərarına əsasən qeyd olunan maddələrin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli, onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçının tələbi olan hər ay ödənilən 1 aylıq vəzifə maaşına əlavə “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106cı maddəsi ilə tənzimlənir. Tələb olunan “bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə” ifadəsi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunla 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. Halbuki iddiaçı 2016-cı ildə pensiyaya çıxmışdır. Səlahiyyətlərin yerinə yetirməsi xərclərinin ödənilməsi üçün vəzifə maaşının 25% miqdarında aylıq pul təminatı iddiaçıya əmək pensiyası hesablanan zaman xx.xx.2019-cu il tarixədək 15% miqdarında, qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində xx.xx.2019-cu il tarixdən 25% miqdarında hesablanmışdır. Həmçinin iddiaçı məhkəmə iclasında ona “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasının tətbiqinə etiraz etdiyini bildirmişdir. 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlər hakim vəzifəsində işləmiş müddətdən asılı olaraq aşağıdakı miqdarda pensiya təyin edilir: 5 il hakim işləmiş sabiq hakimlərə- hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən 15 ilə qədər hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün orta əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin orta əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə. 30 dekabr 2005-ci ildən sonra mövcud mübahisə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən tənzimlənir. Qeyd olunan maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki faəliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir. 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə- hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə- hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla. İddiaçının hakimlik vəzifəsində iş stajının 15 il 8 ay 19 gün olduğunu nəzərə alınsa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasının tətbiqi iddiaçının vəziyyətini yaxşılaşdıran haldır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini xx.xx.2023-cü il tarixli məktubla təmin etməkdən imtina etmiş, iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edərək iddia müddətinə də riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçıya xx.xx.2016-cı ildən sabiq hakim kimi pensiya təyin edilmiş, pensiya təyin edilərkən xx.xx.2011-xx.xx.2016-cı il tarixləri arasındakı dövr əsas götürülmüşdür. İddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 15 il 8 ay 19 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3810,33 manat) 80 faizi-3048,26 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi və sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun qaydada ümumi əmək pensiyalarının indeksləşdirilməsi nəticəsində xx.xx.2024-cü il tarixindən iddiaçının əmək pensiyasının məbləği 4276,74 manat təşkil edir. Həmin pensiyanın tərkibinə qulluq stajına görə əlavə 45% (894,60 manat), mükafat və müavinət pulu 100% (430,73 manat), hakimiyyəti səlahiyyətlərinə icrasına görə 15% (173,88 manat), sonradan həmin məbləğ 25% nəzərə alınmış (497 manat), ümumilikdə pensiya məbləği orta ayqlı əmək haqının 80 % məbləğində hesablanmışdır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə, 12 iyul 2019-cu il tarixli 1647- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablansın. Həmçinin iddiaçı tələbinə dəqiləşmə verərək pensiyasının xx.xx.2014-xx.xx.2016-cı illər ərzinədək vəzifə maaşına uyğun hesablanmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilməsi qaydası göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixə qədər olan redaksiyasına əsasən: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə görə, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. ...Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. ...Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. Qanunun 109-cu maddənin dördüncü hissəsinə əsasən, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Qanuna görə, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Məhkəmə ilk növbədə iddiaçının tələbini dəqiqləşdirərək xx.xx.2014-xx.xx.2016-cı illər ərzinədək aldığı əmək haqqına uyğun pensiyanın yenidən hesablanması barədə tələbinə qiymət verərək qeyd edir ki, işdən göründüyü kimi, iddiaçıya əmək pensiyası müəyyən edilərkən vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqısının hesablanması zamanı xx.xx.2011-xx.xx.2016-cı il tarixləri arasındakı dövr əsas götürülüb. Qanunun yuxrıda istinad edilən normasının tələbinə görə, hakimlərə fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqına uyğun pensiya təyin edilə bilər. İddiaçı xx.xx.2016-cı ilədək hakim işləmişdir. Əgər iddiaçı faəliyyətinin son 24 ayı əmək haqqı nəzərə alınaraq hesablanmasını istəyirsə, o zaman iddia tələbi xx.xx.2014-xx.xx.2016-ci illər ərzində aldığı əmək haqqı nəzərə alınmaqla yenidən hesablama kimi qoyulmalı idi. Bu barədə məhkəmə iclasında iddiaçıya iddia tələbində dəqiqləşmə edilməsi təklif edilsə də, iddiaçı tələbini olduğu kimi müdafiə etdiyini bildirdi. Digər tərəfdən cavabdehin də bildirdiyi kimi, iddiaçıya əmək pensiyası 2014-2016-cı illərin əmək haqqısı əsas götürülməklə yenidən hesablanacağı halda müəyyən olunacaq 3607,16 manat pensiya məbləği hazırda ona ödənilən 4276,74 manat pensiya məbləğindən az təşkil edəcək. Ona görə də, məhkəmə iddiaçının tələbinin xx.xx.2014-xx.xx.2016-cı illər ərzinədək aldığı əmək haqqına uyğun pensiyanın yenidən hesablanması hissədə iddia tələbini əsaslı hesab etmir. Məhkəmə iddiaçının tələbinin “Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı 1 aylıq vəzifə maaşına əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanması hissəsində iddia tələbini ona görə əsaslı hesab etmir ki, 1 aylıq vəzifə maaşına əlavə barədə Qanununda dəyişiklik 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. Halbuki iddiaçı 2016-cı ildə pensiyaya çıxmışdır. Odur ki, iddiaçının vəzifə maaşının bir misli həcmində vəzifə maaşına əlavə əmək pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində iddiaçıya ödənilmədiyindən həmin əlavənin əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək laqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək sensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən (xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən, iddiaçının vəzifə maaşının bir misli həcmində vəzifə maaşına əlavə əmək pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində iddiaçıya ödənilmədiyindən həmin əlavənin əmək pensiyasına tətbiq edilməsi barədə iddia tələbini məhkəmə əsaslı hesab etmir. Məhkəmə iddia tələbini ödənilən məzuniyyət pulu nəzərə alınmaqla pensiyanın yenidən hesablanma hissədə əsaslı hesab edir. Belə ki, iddiaçının pensiya işindən görünür ki, ona pensiya təyin edilərkən məzuniyyətə görə ödənilən əlavə nəzərə alınmamışdır. “Məhkəmələr və hakimlər haqqında” Qanun: Maddə 107. Hakimlərin məzuniyyətinin müddəti və haqqı Bu Qanunun 96-cı maddəsi ilə müəyyən edilmiş səlahiyyət müddəti 10 il olan hakimlərə hər il 40 təqvim günü, səlahiyyət müddəti 5 il olan hakimlərə isə 36 təqvim günü müddətində məzuniyyət verilir. Səlahiyyət müddəti 10 il olan hakimlərə məzuniyyətə çıxdığı vaxt 2 aylıq vəzifə maaşı, səlahiyyət müddəti 5 il olan hakimlərə isə aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir. 8 oktyabr 2010-cu il tarixli 1092-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsində "iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir" sözləri, "iki aylıq əmək haqqı məbləğində müavinət verilir" sözləri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli arayışından müəyyən edilir ki, iddiaçıya 2011-ci ildən 2016-cı ilədək hər il məzuniyyətə görə ümumilikdə 7611,06 manat əlavə pul ödənilmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya pensiya təyin edilərkən məzuniyyət pulu nəzərə alınmamışdır. Ona görə də, iddia tələbi həmin hissədə təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı təyin olunmuş əmək pensiyasının 2011-2016-cı illər ərzində ona ödənilən məzuniyyət haqqı nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7810/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7810/2024
09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver