Məhkəmə qərarları › İş №2-1(112)-7811/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7811/2022

29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7811/2022 29.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə (üçüncü şəxslər: X10, X12 və X11) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22a ünvanında yerləşən 1 saylı mənzil İddiaçı (bundan sonra – İddiaçı) xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22a, 1 saylı mənzildə xx.xx.1962-ci il təvəllüdlü X10, xx.xx.1993-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X11 qeydiyyatdadırlar. İddiaçı ərizə ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X10, X12 və X4 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 101-8037Ş-3222 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən sənədlərin hər hansı biri təqdim edildikdə keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən, 22a saylı evin 1 nömrəli mənzilində qeydiyyatda olan xx.xx.1962-ci il təvəllüdlü X10, xx.xx.1993-cü il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X4 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X10, X12 və X11 (bundan sonra üçüncü şəxslər) zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 22a saylı evin 1 nömrəli mənzili onun mülkiyyətindədir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən, xx.xx.1962-ci il təvəllüdlü X10; xx.xx.1993-cü il təvəllüdlü X12; xx.xx.2018-ci il təvəllüdlü X11 həmin mənzildə qeydiyyatdadırlar. Həmin şəxslərin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsində yerləşən 22a saylı evin 1 nömrəli mənzilində qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, o cümlədən sərəncam vermək hüququnu əsassız olaraq məhdudlaşdırır. Bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə xx.xx.2022-ci il tarixli məktubla müraciət olunmuşdur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 iddiaya etiraz edərək, onun və oğlunun mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasına etiraz edərək həmin hissədə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər X12 və X11 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki: - İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 010-22/İ saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X13 ünvan 1 ünvanında yerləşən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermiş, iddiaçının həmin mənzilə mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Həmin müqaviləyə əlavə olunmuş X5 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, 1 saylı mənzilin satılmasına və ipoteka qoyulmasına etiraz etməmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, hazırkı iş üzrə üçüncü şəxs Zeynəb X1 azyaşlı qızıdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X4 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22a, 1 saylı mənzilində istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, Z.Xəlilli mübahisəli mənzilin keçmiş mülkiyyətçisi M.Xəlilovun azyaşlı ailə üzvü olmuş, M.Xəlilov həmin mənzili iddiaçıya satmaqla onun və mənzilə hüququ olan ailə üzvlərinin bütün hüquqlarına xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Mülki Məcəllənin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi Z.Xəlillinin mübahisəli mənzilə hüquqları mövcud deyil, işdə onun həmin mənzildə yaşaması barədə sübut yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi Z.Xəlillinin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Digər üçüncü şəxslər xx.xx.1962-ci il təvəllüdlü X10, xx.xx.1993-cü il təvəllüdlü X9 gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan AY seriyalı 0003 nömrəli H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi tərəfindən möhürlənmiş xx.xx.1999-cu il tarixli orderdən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Fazil Yunanovaə (üçüncü şəxs X3 əri) verilmişdir. Orderdə şəxsin ailə tərkibində hazırkı işdə üçüncü şəxs qismində iştirak edən X3 və X6 adları göstərilmişdir. İşdə olan Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsinin 62 nömrəli xx.xx.2022-ci il tarixli X7 verilmiş arayışından görünür ki, o və oğlu X2 rayonu, Zığ yolu küçəsi, 22 ”a” saylı evin 1 nömrəli mənzilində qeydiyyatdadır. Arayışda göstərilmişdir ki, bina yataqxana tipli iki mərtəbəlidir, mənzil birinci mərtəbədə yerləşir, 2 otaqlıdır. Bu mənzilin 9 mərtəbəli bir bloklu ev sahibi X8 mənzilinə heç bir aidiyyəti yoxdur. Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil Kommunal İstismar Sahəsinin 295 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Xətai rayonu, Zığ yolu küçəsi, 22 ”a” saylı evin 1 nömrəli mənzilində qeydiyyatdadır. 9 mərtəbəli bir bloklu binanın birinci mərtəbəsində 3 otaqlı mənzilin ev sahibidir, mənzil ona aiddir və ailə ilə birlikdə yaşayır. Həmçinin, X10, X12 və X11 2 mərtəbəli evin birinci mərtəbəsində qeydiyyatdadırlar və yaşayırlar. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında xx.xx.1993-cü il təvəllüdlü X12 xx.xx.2009-cu il tarixdən hazıradək, xx.xx.1962-ci il təvəllüdlü X10 xx.xx.2005-ci il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadırlar. Beləliklə, işin sadalanan hallarından müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər Fatma Yunanova və Aydın Yunanov eyni ünvan göstəricilərinə malik başqa bir mənzildə yaşayırlar və həmin mənzil üzrə qeydiyyata alınmışlar. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların: -3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). -3.8-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.4-cü bəndində göstərilən rekvizitinin (ünvan nömrəsinin) müəyyənləşdirilməsi Komitə tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -3.11-ci bəndinə görə çoxmənzilli binaların hər bir mənzilinə, qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Hər bir mənzilin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyriyaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın hər bir mənzilinə ünvan nömrələrinin alınması həmin binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir. -4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat 7 gün müddətində Komitə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir. Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Komitə obyektin mülkiyyətçisinə bu barədə məlumat verir. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası prinsiplərindən çıxış edərək hesab edir ki, hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Nəzərə alınsa ki, iddiaçı ilə üçüncü şəxslər F.Yunanova və A.Yunanova ayrı-ayrı mənzillərdə yaşasalar da, həmin mənzillər eyni ünvan göstəricilərinə malikdirlər, belə olan halda iddiaçı onunla bərabər eyni statusda olan, fərqli mənzillər olsa da, lakin eyni ünvan göstəricilərinə hüququ olan başqa bir mülkiyyətçinin (qanuni sahibin) və ya ailə üzvlərinin həmin ünvan üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. Üçüncü şəxs xx.xx.2018-ci il təvəllüdlü X4 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 22a ünvanında yerləşən 1 saylı mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar