Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7812/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: X7 xx.xx.2024-cü il tarixində ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, övladı İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. xx.xx.2004-cü il təvəllüdlü İddiaçı doğum tarixindən əvvəl qeydiyyatı adına olan ünvan 1 ünvanında olduğundan övladına məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi Komitənin imkanı xaricindədir. Bundan sonra İddiaçı (bundan sonra – İddiaçı) cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, o, xx.xx.2004-cü ildə Bakı şəhəri, Nizami rayonunda məcburi köçkün ailəsində anadan olmuşdur. Atası xx.xx.1970-ci il təvəllüdlü X14 və anası xx.xx.1978-ci il təvəllüdlü X2 rayonunun Mahruzlu kəndində doğulmuşlar və həmin rayon üzrə daimi qeydiyyatda olmuşlar. Lakin 1993-cü ildə Qubadlı rayonu, Mahruzlu kəndi də ermənilər tərəfindən işğal ediləndən sonra atası və anası daimi yaşayış yerlərini tərk etmişlər. Valideynləri məcburi köçkün kimi Bakı şəhərində müvəqqəti məskunlaşmışdır. Daha sonra onlar xx.xx.2001-ci ildə Bakı şəhəri, Nizami rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan qardaşı - X15 (xx.xx.2001-ci il təvəllüdlü), iddiaçı - İddiaçı (xx.xx.2004-cü il təvəllüdlü), qardaşı X16 (xx.xx.2015-ci il təvəllüdlü) doğulmuşdur. Atası, anası məcburi köçkün olduqları üçün 18 yaşı tamam olduqdan sonra onlara bu statusu təsdiq edən məcburi köçkün vəsiqəsi də təqdim edilmişdir. Qardaşının da 18 yaşı tamam olduqdan sonra cavabdeh orqan tərəfindən ona da bu vəsiqə təqdim edilib. Valideynlərinə və həmçinin onların övladları olaraq ona və qardaşlarına məcburi köçkünlər üçün nəzərdə tutulan “çörək pulu” deyilən hər ay 60 (altmış) manat məbləğində vahid müavinət də təyin edilib, hal-hazırda da bu müavinət onlara ödənilir. Atası - X14 xx.xx.2020-ci ildə ürək çatışmazlığından dünyasını dəyişib. O, vəfat edənə qədər məcburi köçkünlərə edilən güzəşt və müavinətlərdən yararlanıb. Anası, qardaşları və o ünvan 1 ünvanında müvəqqəti olaraq qeydiyyatdadırlar və həmin ünvanda məskunlaşıblar. O, hazırda Naxçıvan Dövlət Universitetinin “Müalicə işi” fakültəsinin İİİ kurs tələbəsidir, ödənişli əsaslarla təhsil alır. Məcburi köçkün statusunu təsdiq edən vəsiqə təqdim edildiyi təqdirdə, məcburi köçkünlər onlar üçün nəzərdə tutulan bir sıra güzəştlərdən, xüsusilə ödənişsiz əsaslarla təhsil almaq hüququndan yararlana bilirlər. Lakin indiyə qədər xüsusi bir ehtiyac yaranmadığı üçün o bu vəsiqəni əldə etməmişdir. Bir müddət əvvəl ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin Qaçqınkom tərəfindən ona göndərilən xx.xx.2024-cü il tarixli №3-36-3/2-H-22xx-xx/2024/2298 saylı cavab məktubu ilə əsasən müraciətinin təmin edilməsindən imtina edilib. QaçqınKom tərəfindən verilən imtina guya anası X4 qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmaması ilə əlaqələndirilir. Halbuki, bu imtinanın heç bir əsası yoxdur. Çünki hər şeydən öncə onun məcburi köçkün statusuna malik olmağı, habelə məcburi köçkünlərə verilən 60 (altmış) manat aylıq müavinətin ona da təyin edilməsi ilə barədə məlumatlar cavabdehin özü tərəfindən elektron sistemdə yerləşdirilib. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfi dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş və cavabdehin imtinasını aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan AA0789792 nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X7 xx.xx.1978-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. AA seriyalı 165101 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X2 rayonunu 1993-cü ildə tərk etmişdir, cavabdehin xx.xx.2007-ci il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. AA seriyalı 102076 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X3 rayonunu 1993-cü ildə tərk etmişdir, cavabdehin xx.xx.2005-ci il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. 420736 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X14 və X7 xx.xx.2001-ci ildə nikah bağlamışlar. AZ-İ seriyalı, 531837 nömrəli, xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixində Bakı şəhərində anadan olmuşdur, atası X14, anası isə X5r. 075272 nömrəli ölüm haqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2020-ci ildə ölmüşdür. Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2 rayonundan məcburi köçkündür. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2024-cü illəri əhatə edən elektron məlumat bazasında X10 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə qeyd aşkar edilmədi. Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki:
1. xx.xx.1970-ci il təvəllüdlü X14 xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ünvan 3 ünvanında, xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci tarixədək Qubadlı rayonu, Mahruzlu kəndində yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. xx.xx.2020-ci il tarixdə şəxsiyyət vəsiqəsi “ölüm” səbəbi ilə fəaliyyətsizləşdirilmişdir;
2. xx.xx.1978-ci təvəllüdlü X7 xx.xx.2001-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Nizami rayonu, B.Nuriyev küçəsi ev 3, mənzil 63 ünvanında, xx.xx.2019-cu il tarixdən hazıradək Qubadlı rayonu, Mahruzlu kəndində yaşayış yeri üzrə qeydiyyatdadır;
3. xx.xx.2004-cü il təvəllüdlü İddiaçı xx.xx.2015-ci il tarixdən 11,02.2020-ci il tarixədək Qubadlı rayonu, Mahruzlu kəndində, 11,02.2020-ci il tarixdən hazıradək Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli məcburi köçkünlərin vahid aylıq müavinətləri haqqında məlumatdan çıxarışdan görünür ki, İddiaçı 60 manat miqdarında müavinət alır. İddiaçı hazırda mərhum atasının və anasının məcburi köçkün statusuna malik olmasına və özünün məcburi köçkün kimi aylıq müavinət almasına istinad edərək, ona da məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İşdən görünür ki, iddiaçı 2004-cü ildə anadan olmuş, həm atası, həm də anası məcburi köçkün statusuna malik olmuş, o, məcburi köçkün kimi vahid aylıq müavinət almışdır. İş materiallarından aydın olur ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilmir ki, 1) mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etsin; 2) həmin yaşayış sahəsinə qeydiyyata düşsün. İşdə olan xx.xx.2000-ci il tarixli müqavilədən görünür ki, X8 ünvan 5 ünvanında yerləşən 63 saylı mənzili X1. xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 60.0 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi X4 mülkiyyətindədir. Lakin işdə olan Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, istər iddiaçının mərhum atası X14, istərsə də anası X7 həmin ünvanda deyil, Qubadlı rayonu, Mahruzlu kəndində yaşayış yeri üzrə qeydiyyatda olmuşlar. Göründüyü kimi, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina üçün Qaydaların 4.2.6-cı yarımbəndində iki şərtin eyni anda olması tələb olunsa da, hazırkı iş üzrə bu şərtlərdən biri mövcud deyil. Bundan başqa, iş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən eyni hallar olmasına baxmayaraq iddiaçının qardaşı X11 xx.xx.2017-ci il tarixli qərarla məcburi köçkün statusu verilsə də, iddiaçının müraciətinə imtina cavabı verilməklə inzibati icraatın əsas prinsiplərindən olan bərabərlik prinsipi pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasəm məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. xx.xx.2004-cü il təvəllüdlü İddiaçı məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova