Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7818/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı2, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı maddi və mənəvi ziyan barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində onlara vurulmuş maddi və mənəvi zərərə görə 150.000 (bir yüz əlli min) manat məbləğində kompensasiya ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsində göstərmişlər ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “Gözəl Bakı" MTK-nın cavabdehlər X6, İddiaçı3 və digərlərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Ak. Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsində Bakı şəhəri Nəsimi rayonu Ak. Feyzulla Qasımzadə küçəsi 1 saylı evin 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3, həmin evin 66 saylı mənzilinin mülkiyyətçisi X5 və digər cavabdehlər X18, İddiaçı1, İddiaçı2 əşyaları ilə birlikdə; "xxxx" MTK-nın vəsaiti hesabına aylıq bir otaq üçün 350 manat, iki otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarına əsasən kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilərək, veriləcək mənzillərin ölçüsü faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilmişdir. Ali Məhkəmənin 2(102)-7595/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcluların Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə, ev 1, mənzil 65 və 66 saylı mənzillərdən çıxarılması və mənzillərin boşaldılaraq təhvil verilməsi nəzərdə tutulmuşdur. Nəsimi rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında Qərarına və həmin tarixli bildirişinə əsasən onlara yaşadıqları mənzillərin 5 gün ərzində könüllü olaraq boşaldılması bildirilmişdir. Lakin bundan sonra Nəsimi rayon İcra və probasiya şöbəsinin onlara ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda həmin şöbənin vermiş olduğu müvafiq qərarda könüllü icra müddətinin 5 gün göstərilməsinin texniki səhv olduğu qeyd olunmuşdur. 21 yanvar 2020-ci il tarixdə Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən ünvan 2 ünvanında yerləşən 65, 66 və 66a №li mənzillərin boşaldılması ilə əlaqədar icra tədbirlərinin keçirilməsi planlaşdırılmışdır. xx.xx.2020-ci il tarixdə onlar (iddiaçılar) Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 23 yanvar 2017 -ci il tarixli 11 saylı və 25 dekabr 2017-ci il tarixli 396 saylı sərəncamlarının yaşadıqları ərazidə mənzillərinə aid olan hissədə ləğv edilməsi barədə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdirlər. Həmin ərizənin Bakı İnzibati Məhkəməsi tərəfindən möhürlənmiş surətini həmin gün Nəsimi rayon İcra şöbəsinin kargüzarlığına çatdırmışlar. Həmin vaxt icra məmuru onlara yaxınlaşıb sənədlə tanış olandan sonra bildirmişdir ki, “icranı dayandırır”. Həmin gün poçtla onlara Nəsimi rayon İcra və probasiya şöbəsinin icra tədbirlərinin xx.xx.2020-ci il tarixə təyin olduğu haqqında qərar çatdırılmışdır. X24 telefonla əlaqə saxlayıb, icra tədbirinin nə vaxt olacağını soruşmuşlar, sonuncu isə onlara əlavə olaraq məlumat veriləcəyini bildirmişdir. 21 yanvar 2020-ci il tarixdə saat 10.45-də İddiaçı2 görmüşdür ki, 65 saylı mülkiyyətlərinin qapısı “açılıb” və icra məmurları icra tədbirini onların iştirakları olmadan həyata keçirir (icra tədbiri saat 11.00-a təyin edilmişdir). Sonra Azər və İddiaçı3lar da gəlmişdir. Onlar icra məmurundan onlara icra tədbirinin dayandırılması barədə bildirdiyi halda, həmin tədbiri niyə keçirdiyini soruşduqda, sonuncu, sonradan bir daha sənədə baxılıb, Bakı İnzibati Məhkəməsində işin başlanmasının icra tədbirinin dayandırılmadığı qərarına gəlmişlər. Qeyd edirlər ki, onlara icra qurumu tərəfindən icranın dayandırılması barədə verilmiş müvafiq aktın olmasına baxmayaraq, yaşadıqları binanın MTK tərəfindən qanunsuz olaraq icranın dayandırıldığı müddətdə sökülməsinin şahidləri və bununla əlaqədar foto şəkillər də vardır. Nəsimi rayon İcra şöbəsi nədənsə Ali Məhkəmənin müvafiq qərarını MTK-ya münasibətdə icra vərəqəsi şöbəyə daxil olan kimi icra etmişdir, amma onlara münasibətdə həmin qərar hələ də icra olunmamış qalmışdır. Belə ki, iş materiallarında olan müvafiq icra vərəqəsinə baxdıqda, həmin sənəddə şöbənin rəhbəri tərəfindən xx.xx.2020-ci il tarixdə icra üçün dərkənar qoyulmuşdur. Amma icra məmuru tərəfindən icranın başlanması barədə vermiş olduğu qərar isə xx.xx.2020-ci il tarixdə verilmişdir. Nəsimi rayon İcra şöbəsinin icra məmurları tərəfindən xx.xx.2020-ci il tarixli aktından göründüyü kimi MTKnın xx.xx.2020-ci il tarixli, 184 saylı məktubla icra şöbəsinə müraciət etmiş və həmin müraciətdə icra sənədində qeyd olunan ünvanı onlar və icra məmurları tərk etdiklərinə və həmin mənzillərin qapılarının olmamasına görə həmin mənzildə olan onlara məxsus əşyalar MTK tərəfindən aparılmışdır. Baxmayaraq ki, Nəsimi rayon İcra və probasiya şöbəsinin əməkdaşlarının icranın dayandırılması barədə 21 yanvar 2020-ci il tarixli aktına əsasən icra hərəkətləri xx.xx.2020-ci il tarixədək dayandırılmışdır. Nəsimi rayon İcra şöbəsinin əməkdaşlarının icranın dayandırılması barədə 21 yanvar 2020-ci il tarixli aktı imza edən hal şahidləri MTK-nın işçiləridirlər və bilavasitə mənzillərin boşaldılmasında iştirak edən fəhlələrdir. Bundan başqa, həmin aktda mənzillərdən onların iştirakları olmadan MTK tərəfindən qanunsuz çıxarılan əşyaların siyahısı icra qurumun əməkdaşları tərəfindən dəqiq göstərilməmişdir, halbuki, çıxarılma icra məmuru tərəfindən hal şahidlərinin iştirakı ilə və hökmən əmlak siyahıya alınmaqla həyata keçirilməli və bununla bağlı müvafiq Akt tərtib edilməli idi. Qeyd etmək lazımdır ki, onlar xx.xx.2020-ci il tarixdə Nəsimi rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək, onların əmlaklarının icra işinə dair icra sənədlərinin nəticəsi olan müvafiq şöbə tərəfindən qəbul olunan aktların onlara təqdim olunmasını bildiriblər. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 16.2-ci maddəsinə əsasən icra məmuru icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Bu barədə tərəflərə, habelə müvafiq məhkəməyə və ya digər orqana bildiriş göndərilir. Qeyd olunan maddədən göründüyü kimi Nəsimi rayon İcra şöbəsinin əməkdaşları icranın 21 yanvar 2020-ci il tarixdən həmin ilin 27 yanvar tarixinidək təxirə salındığı barədə müvafiq Akt tərtib eləsələr də, bununla bağlı icra hərəkətlərinin təxirə salınması haqqında qərar qəbul etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər Nəsimi rayon İcra Şöbəsinin iddiaya dair yazılı münasibəti (etiraz) məhkəməyə təqdim olunmamışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ayrı-ayrılıqda iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iddiaçıların izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin Nəsimi rayon İcra şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş icra işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İş materiallarında olan; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 7595/2019 saylı qərarının surətindən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “Gözəl Bakı" MTK-nın cavabdehlər X8 və qeyrilərinə qarşı mənzildən köçürülmə tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Topçubaşov, Abbas Səhhət, Xan Şuşinski və Feyzulla Qasımzadə küçələrinin kəsişmələrində yeni hündür mərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün "xxxx" MTK-ya ayrılmış torpaq sahəsindən Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 1 saylı evin, 62 saylı mənzilinin mülkiyyətçisi X4 digər cavabdehlər X3 və X2 ev əşyaları ilə birlikdə, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, 1 saylı evin, 65 saylı mənzilinin mülkiyyətçisi İddiaçı3 ev əşyaları ilə birlikdə, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi, 1 saylı evin, 66 saylı mənzilinin mülkiyyətçisi X5 digər cavabdehlər İddiaçı2, İddiaçı1, X9 ev əşyaları ilə birlikdə "xxxx" MTK-nın vəsaiti hesabına aylıq 1 otaq üçün 350 manat, 2 otaq üçün 400 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda inşa ediləcək yaşayış binasında onların hazırkı yaşayış mənzilləri/evlərinin sənədlərinə uyğun olan sahələrinə 50 faiz əlavə edilərək, orta təmirli mənzil sahəsi ilə təmin edilmələri şərti ilə çıxarılmaları, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsi 1, qapı 1 ünvanda qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan X19 "xxxx" MTK-nın vəsaiti hesabına aylıq 800 manat müavinət verilməklə və gələcəkdə həmin ünvanda yeni tikiləcək binada həmin ölçüyə (92 kv. metr) 30 faiz əlavə edilməklə qeyri- yaşayış sahəsi ilə təmin edilməklə əşyaları ilə birlikdə çıxarılması, cavabdeh X4 mülkiyyətinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Ak.Feyzulla Qasımzadə küçəsi, 1C saylı evin altındakı 0.00766 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsi hissəsində çıxarışın etibarsız hesab edilməsi, habelə qarşılıqlı iddia uzrə iddiaçılar X4, X3 və X2 qarşılıqlı iddialarının qismən təmin edilərək "xxxx" MTK-nın vəsaiti hesabına cavabdehlərə ayrılan kirayə haqqının 350 manat müəyyən edilməklə onların həmin mənzildən çıxarılmaları, qalan hissədə isə qarşılıqlı iddianın rədd edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu ıl tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 7595/2019 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsinin Salamovlara gələcəkdə verilməsi qət olunmuş mənzillərin ölçüsünə münasibətdə dəyişdirilməsi, onlara veriləcək mənzillərin ölçüsünün faktiki istifadələrində olan sahə və üstəgəl əlavə olaraq həmin sahənin 50 faizi həcmində müəyyən edilməsi, qətnamənin Salamovlara münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixli 2(102)-7595/2019 saylı icra vərəqəsi verilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 7940e1541/2020-5-6 №li məktubula məhkəməyə təqdim olunmuş Ali Məhkəmənin 2(102)- 7595/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə materiallardan müəyyən olunur ki; Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi Ali Məhkəmənin 2(102)- 7595/2019-004 nömrəlii xx.xx.2019-cu il tarixli icra sənədi əsasında xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul etmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi xx.xx.2020-ci il tarixli e1541/2020-5-6 saylı tələbin könüllü icrası haqqında X1, İddiaçı2, İddiaçı1, X13, X10 ünvanlayaraq, 07.0.2020-ci il tarixli icraata başlanmış Ali Məhkəmənin 2 (102)-7595/2019- 004 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Bu müddət ərzində tələb üzrsüz səbəbədən icra edilməszə, icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərini həyata keçirilməsi ilə bağlı xərclərin onlardan tutulacağı qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli arayışlardan görünür ki, Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru X20 tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı3, xx.xx.2020-ci il tarixdə isə İddiaçı1 mobil telefon nömrələrinə zəng edilərək icra sənədinin icrası ilə bağlı dəvət edilmiş və İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən xəbərdar edilmişlər. Nəsimi rayon icra şöbəsi tərəfindən "xxxx" MTK-ya, Nəsimi RPİ-nin 20-ci polis bölməsinə, Bakı şəhər Təcili və X12 Stansiyasına, Azərbaycan Respublikası FHN-nin X17 Xidmətinə xx.xx.2020-ci il tarixli məktub göndərilərək, Ali Məhkəmənin 2(102)-7595/2019- 004 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının xx.xx.2020-ci il tarixə saat 11:00-a təyin edildiyi bildirilmişdir. İddiaçıların qeyd olunan tələblə cavabdehə müraciət etməsinə, həmin müraciətin xx.xx.2022-ci il tarixdə Nəsimi rayon icra şöbəsinə poçt vasitəsilə təqdim olunmasına baxmayaraq, sonuncu tərəfindən cavablandırılmamışdır. Hazırda iddiaçılar cavabdeh tərəfindən həyata keçirilmiş icra tədbirləri nəticəsində onlara vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edirlər. Bununla bağlı məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 70.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru bu Qanunun 8-ci maddəsinə uyğun olaraq icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən həyata keçirilmiş icra tədbirləri qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına uyğun olmuşdur. İddiaçılara cavabdeh inzibati orqanın həyata keçirdiyi icra tədbirləri nəticəsində maddi və mənəvi ziyanın vurulması təsdiq olunmamışdır. Həm iddia ərizəsinin məzmunundan, həm də iddiaçıların məhkəmə iclasında verdikləri izahatlardan müəyyən olunmuşdur ki, iddiaçıların iddia etdiyi kimi, onlara maddi və mənəvi ziyanın vurulmasına əsas olmuş hərəkətlər (mənzillərin boşaldılması üçün orada olan əşyaların daşınması və s.) cavadeh orqanın əməkdaşları tərəfindən deyil, MTK-nın fəhlələri tərəfindən həyata keçirilmişdir ki, bu halda Nəsimi rayon İcra və Probasiya şöbəsi hazırki iddiaya cavab verməli şəxs kimi çıxış edə bilməz. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı maddi və mənəvi ziyan barədə iddia tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7818/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7818/2022
23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver