Məhkəmə qərarları › İş №2-1(112)-7819/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7819/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7819/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və texniki pasportda düzəliş edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və texniki pasportda düzəliş edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 22 nömrəli mənzilin sahəsinin 39.0 kv.m olduğunu nəzərə alaraq, yanlış yazılmış 29.4 kv.m səhvi aradan qaldıraraq mənzil sahəsinin tam olan 39.0 kv.m ölçüsünün daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına alıb onun adına verilmiş çıxarışda və texniki pasportunda düzəliş edilərək verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciətinə aidiyyəti sənədləri təqdim etmişdir. Cavabdeh tərəfindən müraciətindən 27 dekabr 2023-cü il tarixli **********20 nömrəli məktubla imtina edilmişdir. İmtinada qeyd edilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılmışdır. Müayinə zamanı məlum olmuşdur ki, mənzilə verilmiş ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2022-ci il tarilxi, 04/14366 inventar nömrəli texniki pasport qanunamüvafiq qaydada tərtib edilmişdir. Lakin, cavabdeh hansı hüquq müəyyənedici sənədlə qeyd olunan, təqdim etdiyi sənədlər əsasında Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 22 nömrəli mənzilin sahəsinin 39.0 kv.m olduğunu nəzərə alaraq, yanlış yazılmış 29.4 kv.m səhvi aradan qaldıraraq mənzil sahəsinin tam olan 39.0 kv.m ölçüsünün daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatın alıb onun adına verilmiş çıxarışda və texniki pasportunda düzəliş edilərək verilməsini qadağan edən qanun normasına istinad edərək imtinasını əsaslandırmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, 15 iyul 1989-cu ildən işlədiyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsi (indiki Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) tərəfindən növbəlilik əsasında qeyd olunan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 22-21 nömrəli mənzilləri (otaqlar) verilmişdir. 1992-ci ildən bugünədək ailə üzvləri ilə həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayırlar. Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 22 nömrəli mənzilinə onun adına kirayə müqaviləsi bağlanması barədə müraciəti əsasında Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 01 aprel 2021-ci il tarixli 14 nömrəli sərəncamı ilə “Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən 8 saylı evin, yaşayış sahəsi 39.0 kv.m olan 2 otaqlı 22-ci mənzilinə 5 nəfər ailə üzvü ilə (özü, arvadı və 3 oğlu) İddiaçı adına icarə müqaviləsi bağlanılmış və o, həmin mənzilin icarədarı hesab olunsun. Qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 2 saylı Xüsusi Təyinatlı MKTBnin 138 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır. Bakı İnzibati Məhkəməsinə iddia ərizəsilə müraciət edərək mənzilin adına özəlləşdirilməsini xahiş etmiş. Məhkəmənin 25 fevral 2022-ci il tarixli 2-19112)-2577/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə qərarı icra edilsə də, cavabdeh mənzilin sahəsinin 39.0 kv.m olduğunu nəzərə almamış, yanlış yazılmış 29.4 kv.m-də dair çıxarış və texniki pasport verilmişdir. Düzəliş edilməsi barədə ərizələri nəticəsiz qalmışdır. Halbuki mənzilin sahəsi 39.0 kv.m olmuş, buna görə də, cavabdeh səhvi aradan qaldırmalı və mənzil sahəsinin tam olan 39.0 kv.m ölçüsünü daşınmaz əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına alıb onun adına verilmiş çıxarışda və texniki pasportunda düzəliş edilərək ona verilməmişdir. Hal-hazırda o, ailə üzvləri ilə həmin mənzildə yaşayır, onun adına mənzilin kirayə müqaviləsi bağlanmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Mənzilin şəxsi maliyyə hesabı onun adına açılmışdır. 39.0 kv.m mənzil sahəsinə görə vaxtlı-vaxtında mənzil kommunal xidmətlərin haqqını ödəyir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ünvan 2 ünvanında yerləşən 22 saylı mənzilə dair sənədlərdə yaranmış uyğunsuzluğun araşdırılması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli və ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən mənzil sıxlaşdırılmış mənzildir. Həmçinin mənzilərin ümumi istifadə sahələri qonşu ilə öz aralarında bölünərək ümumi sahəyə qatılmışdır. Belə ki, tərəflətinfən tərtib olunmuş texniki pasport qanunamüvafiq qaydada icra edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********88 saylı, xx.xx.2022-ci il tarixli və **********20 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Əlavə olaraq bildirirlər ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, mənzilin daxilində rekonstruksiya işləri aparılmış, ümumi istifadədə olan sanitar qovşaq mənzilə birləşdirilmiş və yaşayış sahəsi kimi istifadə olunur. Ümumi istifadədə olan dəhlizin və hamamın bir hissəsi ərizəçinin istifadəsindədir, dəhlizdən mətbəx kimi istifadə olunur.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsi tərəfindən verilmiş 09 nömrəli 04 yanvar 1993-cü il tarixli orderə əsasən Bakı şəhəri, Bİnəqədi ryaonu, Sumqayıt şossesi, 8 nömrəli evin, sahəsi 39 kv.m olan 22-21 nömrəli otaqları, İddiaçı ayrılmışdır.

8. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli 14 nömrəli “Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 saylı evin 22 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında” sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqyaıt şossesində yerləşən 8 saylı evin, yaşayış sahəsi 39.0 kv.m olan 2 otaqlı 22 saylı mənzilinə 5 nəfər ailə üzvü ilə (özü, arvadı və 3 oğlu) İddiaçı adına kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması barədə sərəncam qəbul edilmişdir.

9. “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən Bakı şəhəri, Sumqayıt şossesi küçəsi, 8 nömrəli evdə, 22 nömrəli mənzildə yerləşən yaşayış sahəsi 39.0 kv.m-dən ibarət 2 otaqlı yaşayış sahəsinə dair mənzil kirayə müqaviləsi bağlanmışdır.

10. 138 saylı Mənzil Kommunal istismarı Sahəsi tərəfindən iddiaçının istifadəsində olan mənzilin sxemi çəkilərək təsdiq edilmişdir.

11. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli **********06 nömrəli məktubla bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılmışdır. Müayinə zamanı məlum olmuşdur ki, mənzilə verilmiş ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2022-ci il tarixli 04/14366 inventar nömrəli texniki pasport qanunamüvafiq qaydada tərtib edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2577/2022 xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı iddia tələbi təmin edilərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 22 nömrəli mənzilinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

13. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi 29.40 kv.m olan ünvan 3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi xx.xx.2022-ci il qeydiyyat tarixi ilə qeydiyyata alınmışdır.

14. Mənzilə dair İddiaçı adına xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 04/14366 nömrəli Texniki Pasporta əsasən mənzilin otaqlarının sayı “2”, ümumi sahəsi 29.4 kv.m qeyd edilmişdir.

15. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-18572/2023 **********72 nömrəli məktubla ünvan 3 ünvanı ilə arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir.

16. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən müəyyən edilmişdir ki, mübahisəli mənzilin birtipli layihəyə əsasən yaşayış sahəsi 29.4 kv.m; faktiki yaşayış sahəsi 34.2 kv.m, faktiki ümumi sahəsi 39.3 kv.m qeyd edilmişdir. Həmçinin qeyd edilmişdir ki, birtipli layihəyə əsasən mənzilin daxilində rekonstruksiya işləri aparılmış, ümumi istifadədə olan ayaqyolu mənzilə birləşdirilmiş və yaşayış sahəsi kimi istifadə olunur. Ümumi istifadədə olan dəhlizin və hamamın bir hissəsi ərizəçinin istifadəsindədir, dəhlizdən mətbəx kimi istifadə olunur.

17. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli 3-21-3-30/2-36478/2023 **********78 nömrəli məktubla bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən yaşayış binasının layihəsi (texniki pasport) İdarənin arxivində aşkar edilməmişdir.

18. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-52-13/2- 993/2023 nömrləi məktubla Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən 8 saylı evin 22 saylı mənzilinə dair kirayə müqaviləsinin İddiaçı adına bağlanması barədə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarilxi 14 saylı sərəncamının və həmin sərəncamın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, 138 saylı MKİs-in sahə nəzarətçisi tərəfindən tərtib edilmiş sxemə əsasən iddiaçıya məxsus mənzilin 2 ədəd yaşayış otaqlarının hər birinin ölçüsü “19.5” kv.m olmaqla, ümumilikdə “39 kv.m”, dəhliz “25 kv.m”, a/y “5.2 kv.m” göstərilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

20. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

22. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

23. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

25. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə İdarəsi tərəfindən verilmiş 09 nömrəli 04 yanvar 1993-cü il tarixli orderə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, sahəsi 39 kv.m olan 22-21 nömrəli otaqları, İddiaçı ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2577/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar iddiaçının sözügedən mənzil üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən iddiaçıya məxsus mənzilin ümumi sahəsi 29.40 kv.m göstərilmişdir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsasları məhkəmə tərəfindən araşdırılmış və araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya məxsus bütün ilkin hüquqmüəyyənedici sənədlərdə, onunla bağlı mənzilə dair bağlanmış kirayə müqaviləsində, sərəncamda, mənzilə dair 138 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən tərtib edilmiş sxemdə, hətta cavabdehin özü tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında mənzilin ümumi sahəsinin 39.3 kv.m olması göstərilmişdir. Həmin baxış aktında mənzilin daxilində rekonstruksiya işləri aparılmasına istinad edilsə də, həmin rekonstruksiya işləri nəticəsində mənzildə əlavə sahəsinin yaranması müəyyən edilməmişdir.

26. Göründüyü kimi, işdə olan kifayət qədər mötəbər sənədlərlə iddiaçıya məxsus mənzilin sahəsinin 39.0 kv.m olması öz təsdiqini tapmışdır. Belə olan təqdirdə, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunsuz və əsassız hesab edilməlidir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

28. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

29. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

30. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 oktyabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 13. Etimad hüququnun qorunması prinsipi. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin (Hüquqların dövlət qeydiyyatından imtina) tələblərinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

33. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından iddiaçı sözügedən mənzilə dair mənzilin ölçülərinin dəqiqləşdirilməsi barədə cavabdehə müraciət etməkdə haqlı olmuşdur.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

36. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

37. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, 8 nömrəli evin, 22 nömrəli mənzilin ölçüsünün 39.0 kv.m göstərilməklə daşınmaz əmlakın dövlət reyestrində hüquqların həmin ölçüyə müvafiq olaraq qeydiyyata alınaraq yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar