Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7819/2025 30.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "qərarın ləğv edilməsi və ikinci dərəcəli əlilliyin təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqanın ona bir il müddətinə üçüncü dərəcəli əlillik(əmək qabiliyyətinin 50 faiz itirilməsi) təyin etməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən hesablanmaqla müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. İddiaçı vəsatət təqdim edərək cavabdeh, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasya Agentliyinin ona bir il müddətinə üçüncü dərəcəli əlillik (Əmək qabliyyətinin 50 faiz itirilməsi) təyin etməsi barədə qərarının ləğv edilməsi və 07 sentyabr 2024-cü il tarixdən hesablanmaqla müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi verilməsi üçün qanunla müəyyən olunmuş müddətin ötürülməsinin səbəblərini üzürlü hesab edərək müddəti bərpa ediməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı İnzibati məhkəməsinin 2-1(112)- 2891/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qərarı ilə 02 avqust 2019-cu il tarixdən hesablanmaqla ikinci qrup əlillik dərəcəsi verilməsi vəzifəsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə olunmuşdu.Qeyd olunan qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanıldı. Məhkəmənin qərarı icra olunaraq 5 il müddətinə ona ikinci qrup əlillik dərəcəsi təyin edildi. 2024-cü ilin iyul-avqust aylarında 5 illik müddət başa çatdığından qeydiyyatda olduğu 07 saylı şəhər poliklinikasından əlilliyimin müddətinin artırılması üçün Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyə göndəriş göndərildi. X5- Sosial Ekspert Komissiyası tərəfindən mənə ikinci dərəcəli əlillik yox, 07 sentyabr 2024-cü il tarixdən başlamaqla 1(bir) il müddətinə üçüncü dərəcəli əlillik(Əmək qabliyyətinin 50 faiz itirilməsi) təyin edildi. Ona ikinci dərəcəli əlillik yox, üçüncü dərəcəli əlillik təyin edilməsi barədə qərarı əsasız və qanunsuz hesab edərək məhkəmə qaydasında mübahisələndirmək istəmiş lakin qeyd olunan qərarı əldə edə bilməmişdir. Dəfələrlə Agentliyə əlillik dərəcəsi təyin edilməsi barədə qərarın mənə təqdim edilməsi üçün müraciət etsə də qərar ona verilməmişdir. Məcbur olub DOST xidmətindən əlilliyin qiymətləndirilməsi barədə arayış almış və xx.xx.2025-ci il tarixdə ona təyin edilmiş üçüncü dərəcəli əlilliyin ləğv olunması, səhhətinin vəziyyətinə uyğun olaraq mənə müddəsiz ikinci dərəcəli əlillik təyin edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət etmişdir. Qeyd olunanlardan göründüyü kimi cavabdehin əlillik təyin edilməsi barədə qərarı mənə təqdim etməməsinə görə qeyd olunan qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Qeyd olunan qərardan şikayət verilməsi üçün müəyyən olunmuş müddət həm onun üçün həyati əhmiyyət kəsb edən sağlamlığı ilə bağlı olduğundan, həm də cavabdehin təqsiri üzündən ötürüldüyündən müddət bərpa edilməli, şikayət vermə və şikayətinə məhkəmədə baxılması kimi konstitusion hüquqlarım təmin olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini və ərizəni müdafiə edərək müddətin bərpa edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə sorğusuna cavab olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-4/2-11715/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -İddiaçı Bakı şəhər 7 nömrəli Şəhər Polinklinikasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş, xx.xx.2019-cu ildə “Səbəbi: ümumi xəstəlik, X1: İX Sinif-qan dövranı sistemi xəstəlikləri=>120-125-ürəyin işemik xəstəlikləri=>120-stenokardiya(döş inağı)=>120.0- Qeyri-stabil stenokardiya Diaqnozun mətni: qeyri-stabil stenokardiya şiddətlənən stenokardiya. ÜİX Qeyri-stabil stenokardiya Meyar: 2.2 İkinci dərəcə əlillik=>2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcəli çatışmazlığı, növbəti qiymətləndirmə xx.xx.2024-cü il olmaqla 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - İddiaçı Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında xx.xx.2024-cü il tarixdə əyani müayinə nəticəsində qiymətləndirilmiş, ona müayinə tarixi xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2024-cü ildə “Səbəbi: ümumi xəstəlik, Diaqnozun mətni: stenokardiyanın digər formaları.ÜİX gərginlik stenokardiyası İİİ f/s. Meyar: 2.2.1- 125.2-Ağırlaşma-2.Qan dövranı sisteminin xəstəlikləri, 112.5.1-E 11.7-yanaşı xəstəliklər-
11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntuları”, OFP yekun faizi: 50% olmaqla, 1 il müddətinə, növbəti qiymətləndirmə xx.xx.2025-ci il olmaqla üçüncü dərəcə əlillik təyin edilmişdir. Hazırkı iş üzrə iddiaçı ona 07ş09ş2024-cü il tarixdən bir il müddətinə üçüncü dərəcəli əlillik (əmək qabiliyyətinin 50 faiz itirilməsi) təyin etməsi barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən hesablanmaqla müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati Prosesual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Sadalanan normalardan müəyyən olunur ki, məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi iddiaçının hüquqi mövqeyini genişləndirən əlverişli inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.2, 33.1 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsinə dair sübutetmə yükü iddiaçının üzərindədir. Hazırkı iş üzrə iddiaçıya xx.xx.2024-cü il tarixdən təyin olunmuş 3-cü dərəcəli əlilliyin (50%) ləğv edilməklə, iddiaçının ikinci dərəcə əlillik dərəcəsi əlillik təyinatının xx.xx.2024cü il tarixdən müddətsiz təyinatını xahiş etmiş, bununla da hüquqlarının genişlənməsini tələb etdiyindən hazırkı iddiası daha əliverişli inzibati aktın qəbul edilməsi barədə olduğundan məcburetmə haqqında iddia növünə aiddir və bu halda hazırkı iddianın mümkün sayılması üçün müddətə dair xüsusi mümkünlük şərtinin ödənilməsi tələb olunur. İşin hallarından müəyyən olunur ki, iddiaçı məcburetmə haqqında iddianın qanunvericilikdə nəzərdə tutulmuş mümkünlük şərtləri ödənilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: -2.1-ci bəndinə görə göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. -2.3-cü bəndinə görə komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir -2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. -2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxışını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, əlilliyin qiymətləndirilməsi məqsədilə müvafiq tibb müəssisəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər tərtib edilir, gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir. “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə tibbi göndəriş yerləşdirildikdən sonra qiymətləndirmə aparılması üçün TSEK-in altsisteminə ötürülür. Bundan sonra TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşin hallarından görünür ki, hazırki iddia tələbində iddiaçı sonuncu dəfə əyani müayinə barədə xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş əlillikk təyinatndan sonra xx.xx.2024cü il tarixdən ona müddətsiz olaraq ikinci dərəcə əlilliyin təyin olunmasını mübahisələndirir. İddiaçı həmin əlillik təyinatından 6 ay sonra xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Başqa sözlə, iddiaçı 30 günlük iddia müddətini ötürməklə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə xüsusən o halı nəzərə alır ki, iddiaçı barəsində xx.xx.2024-cü il tarixli tibbi göndəriş əsasında xx.xx.2024-cü il tarixdə aparılmış əlillik təyinatının üzərindən 6 aydan çox müddət keçdikdən sonra hazırkı halda qiymətləndirilməsi də mümkün deyildir. Nəzərə alınmalıdır ki, tibbi göndərişlər şəxsin verildiyi vaxt müddətli olaraq sağlamlıq vəziyyətini ifadə edir və sağlamlıq vəziyyəti dəyişkən olduğundan əlillik təyinatının qiymətləndirilməsi üçün də yeni tibbi göndərişlərin yerləşdirilməsi də tələb olunur. İddiaçı barəsində sonuncu tibbi göndəriş avqust 2024-cü il olmaqla, tibbi göndərişin etibarlılıq müddəti 1 ay olmaqla, etibarlılıq müddəti keçmişdir. Beləliklə tibbi müəssisənin sonuncu göndərişi artıq qüvvədən düşmüş hesab edilir. İddiaçının əlillik vəziyyəti ilə bağlı isə yeni tibbi göndəriş əlillik alt sisteminə daxil edilməmişdir. Hazırkı halda etibarlı hesab edilməyən 2024-ci il tarixli tibbi göndərişin və həmin tibbi göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyətinin tələb etdiyi kimi müddətsiz və ikimci dərəcə olmaqla əlillik təyinatına əsas verib-verməməsi, cavabdeh orqanın həmin tibbi göndərişdəki diaqnoz ilə bağlı ikinci dərəcə əlillik təyinatına əsasların olub-olmamasının 2025-ci ildə, hazırkı inzibati məhkəmə icraatı gedişində qiymətləndirilməsi də mümkün hesab edilə bilməz. Məhkəmə iddiaçının hüquqi marağına uyğun olaraq iddiaya üçüncü dərəcəli əlilliyin təyininə əsas olan Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarın dəyişdirilməsi kimi, yəni mübahisələndirmə barədə iddia növü kimi qəbul etsə belə bu növ iddia üzrə də iddia mümkün sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddiaçının sonuncu dəfə əlillik qiymətləndirməsi xx.xx.2024-cü il tarixdə əyani müayinə nəticəsində aparılmış və ona 50% (üçüncü dərəcə) əlillik təyin edilmişdir. İddiaçı isə inzibati aktdan həmin vaxtdan məlumatlı olmuş olduğu qəbul edilərsə belə iddiaçı xx.xx.2025-ci il tarixdə iddia qaldırmaqla iddia müddətini ötürmüşdür. İnzibati Prosessual Məcəllənin: -22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. -24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İddiaçı iddia müddətinin bərpası barədə ərizə təqdim etsə də müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı inzibati aktın ona verilmədiyinə istinad edib müddətin ötürüldüyünü üzrlü səbəblərdən baş verdiyini qeyd etmişdir. Halbuki, qeyd edilən səbəb məhkəməyə müraciəti gecikdirən və ya şəxsən və ya nümayəndəsi vasitəsilə məhkəmədə iddia qaldırmağın qarşısını alan üzrlü səbəb hesab edilmir. Nəzərə alınmalıdır ki, iddiaçı ən geci oktyabr 2024-cü il tarixdən üçüncü dərəcə (50%) əlillik təyinatına uyğun sosial müavinat (pensiya) ilə təmin edilmiş, ona verilmiş müavinət və ya pensiyanın məbləğindən asılı olaraq (bundan əvvəl 2-ci dərəcə əlillyə uyğun məbləğdə müavinatla təmin edilmişdir) ona 3-cü dərəcə əlilliyin təyinindən məlumatlı olmuşdur, məhkəmədə iddia qaldırması üçün mübahisələndirəcəyi qərarın rəsmi şəkildə əldə edilməsinə zərurət olmamışdır. Beləliklə, iddiaçının əlillik müddəti xx.xx.2025-ci il tarixdə bitəcək əlillik təyinatı barədə qərarın mübahisələndirilməsi üçün iddia müddətinin ötürülməsi isə üzrlü səbəblərdən baş verməmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Müddətin bərpası barədə ərizə təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər.
Hakim Aygün Əhədova