Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-782/2020 27.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı mübahisələndirmə barədə iddiasına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia tələbinin təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-200/1 saylı, xx.xx.2019-cu il tarixli və 416 saylı, xx.xx.2019-cu il tarixli qərarların ləğv edilməsi, onun “qaçqın” statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi, ona “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, işin faktları onun ərizə-anketində qeyd edilib. Həmin faktları olduğu kimi qəbul edir. O, Əfqanıstan vətəndaşı və Meydan Vərdək vilayəti sakinidir. O, milliyyətcə həzaradır. İddiaçı ölkəni iki səbəbdən tərk edib: bunlardan biri ümumi təhlükəsizliyin olmamasıdır. Belə ki, hazırda Əfqanıstanda vəziyyət qeyristabildir və anti-həzara motivi olan talib silahi qüvvələri bölgədə dominantlıq edirlər. Bundan əlavə, onunla əmisi arasında torpaq mübahisəsi yaranıb və əmisi ərizəçinin təhdid etməyə başlayıb. İddiaçı 30 may 2019-cu ildə Azərbaycana gəlib. 19 iyun 2019-cu ildə o, sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini ***- **** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, bildirib ki, Əfqanıstandakı ümumi zorakılıq səbəbindən və əmisi ilə yaranmış torpaq mübahisəsinə görə onun tərəfindən təqibə məruz qalacağından ölkəsinə geri qayıtmaq istəmir. 18 sentyabr 2019-cu il tarixdə DMX İQ-200/1 saylı qərarı ilə iddiaçının sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, iddiaçının əsaslı qorxusu mövcud deyil. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin ounması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı (Pasport: P ********), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı 19 iyun 2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ-200/1 saylı qərarına əsasən Əfqanıstan Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki,qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizəanketinin) qeydiyyatı və müsahibəsi zamanı Əfqanıstanın Kabil şəhərinin Dəşte Bərçi məntəqəsinin X3 qəsəbəsində (ərizəçinin pasportunda doğum yeri Vərdək vilayəti qeyd edilib) anadan olduğunu, milliyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, Kabildə 1-3-cü sinifləri savadızlığın ləğvi kurslarında, 4-6-cı sinifləri X3 məntəqəsində yerləşən məktəbdə oxuduğunu, 7-ci sinifdə oxuyarkən ailəsinin İrana Mahmudabad məntəqəsinə mühacir kimi köçdüyünü, İrana köçdükdən sonra təhsilini yarımçıq qoyduğunu, işləməyə məcbur olduğunu, 16 yaşından etibarən Mahmudabadda kərpic bişirməklə məşğul olduğunu, 2018-ci ilin noyabr-dekabr aylarına qədər burada işlədiyini, 2018-ci ilin noyabr-dekabr aylarında (“kaus” ayına təsadüf edir) ailə üzvlərinin qaçaq yolla İrandan Türkiyəyə getdiklərini, özünün də qaçaq yolla Türkiyəyə getməyə cəhd etdiyini, lakin İran polisi tərəfindən Bukan şəhəri yaxınlığında tutulduğunu və Əfqanıstana deport edildiyini, Əfqanıstana qayıtdıqdan sonra Kabil şəhəri, Kuteyesəngi məntəqəsində dülgər işlədiyini söyləmişdir. Ailə vəziyyəti haqqında məlumata verərkən ərizəçi subay olduğunu, ailənin birinci övladı olduğunu, Qolmohsinə və Şaziyə adlı iki bacısının, Sadeq adlı bir qardaşının olduğunu, anasının 6 il əvvəl vəfat etdiyini, atası Huseyndad Ahmadinin, bacılarının və qardaşının isə hal-hazırda Türkiyənin Bolu şəhərində yaşadıqlarını qeyd etmişdir. Ərizəçi babasından qalan Meydan Vərdəkdə yerləşən torpaqları və Kabildə yerləşən evi üstündə əmisi Çəmənəli ilə atasının arasında münaqişə baş verdiyini, həmin münaqişə nəticəsində əmsiinin onu da təhdid etdiyini bildirmişdir. İddiaçı əmisi tərəfindən həyatı üçün təhlükə olduğunu iddia edərək ölkəsini tərk etmək qərarına gəldiyini, 30 may 2019-cu ildə Azərbaycana gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçinin adını, yaşını, vətəndaşlığını sübut edərək etibarlı pasportunu təqdim etmiş və doğru olaraq qəbul edilmişdir. Ərizəçi Əfqanıstanı əmisi ilə atası arasında yaranan münaqişə səbəbindən tərk etdiyini bildirsə də, ərizə-anket və müsahibə zamanı dediklərindən onun əmisi tərəfindən şəxsən təhdid edilmədiyi, İrandan Əfqanıstana qayıtdıqdan sonra təxminən 4 ay ölkəsində yaşadığı müddətdə də heç bir təhdid və ya təzyiqə məruz qalmadığı məlum olmuşdur. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İş materiallarından görünür ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ-200/1 saylı qərarından inzibati qaydada şikayət vermiş və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2019-cu il tarixli 416 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçınınAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-200/1 nömrəli xx.xx.2019-cu il tarixli və 416 nömrəli xx.xx.2019-cu il tarixli Qərarlarının ləğv edilməsi ilə bağlı iddia tələbləri əsassız olduğundan, iddiaçının "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində iddiaçıya "qaçqın" statusu verilməsi ilə bağlı tələbi də əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1.-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3.-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə İcraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə İcraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-782/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-782/2020
27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver