Məhkəmə qərarları › İş №2-1(112)-7820/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7820/2024

15.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7820/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Lökbatan bələdiyyəsi) “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Lökbatan qəsəbəsi, H.Rüstəmov küçəsində yerləşən torpaq sahəsinin və həmin ünvanda yerləşən fərdi yaşayış evinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 31 avqust 2000-ci il tarixli, 827 saylı sərəncamına və Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında 20 sentyabr 2000-ci il tarixli protokola əsasən uzun illər bağ sahəsi kimi istifadə edilmiş və fərdi yaşayış evi tikdirdiyi 214 kv.metr torpaq sahəsi Lökbatan bələdiyyəsi üzvlərinin yığıncağının 31 oktyabr 2007-ci il tarixli 10 sayllı protokoluna əsasən onun mülkiyyətinə verilmişdir. Həmin qərarla ayrılmış torpaq sahəsində tikinti işlərinin aparılması üçün rayon icra hakimiyyətindən layihə smeta sənədlərinin və icazə alınmasının vətəndaşa həvalə edilməsi qərara alınmışdır. Bu barədə iddiaçı torpaqların alq-satqısına dair akt üzrə həmin torpağa görə pul vəsaiti ödəmişdir. Həmin torpaq sahəsi üzrə tikilmiş fərdi yaşayış evinin eskiz layihəsi çıxarılmışdır. Hazırda həmin ünvanda yerləşən torpaq sahəsi və üzərində tikilmiş ev dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin torpaq sahəsinin və üzərində tikilmiş evin dövlət reyestrində qeydə alınması barədə müraciət etsə də, müraciəti əsassız olaraq müsbət həll olunmamışdır. İddiaçı hesab edir ki, imtina əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Lökbatan bələdiyyəsi hazırkı iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş “Torpaqların alqı-satqısına dair” aktı torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarı deyil protokoldan çıxarış təqdim edilmişdir. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr, perimetrik ölçülər qeyd edilmədiyi üçün sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Torpaq sahəsinin bələdiyyə mülkiyyəti olması barədə elektron bazada məlumat aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin 62 kv.m hissəsi iddiaçının adına mülkiyyət hüququ ilə qeydiyyata alınmış fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə düşür. Məlumat üçün bildirilir ki, fərdi yaşayış evi təmirsizdir və yaşayışa yararsızdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, tərəflərin və üçüncü şəxsin nümayəndələri hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli **********49 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Lökbatan qəsəbəsi, H.Rüstəmov küçəsində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılaraq təmin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Lökbatan bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. -Lökbatan bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 02/71 nömrəli arayışının surətindən görünür ki, Lökbatan bələdiyyəsinin 10 saylı, xx.xx.2007-ci il tarixli Protokolunun qərarı ilə uzun illər istifadə etdiyi 214 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. -"xxxx" MMC tərəfindən İddiaçı məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Rüstəmov küçəsi, ev 6b-də yerləşən fərdi yaşayış evinin eskiz layihəsi tərtib edilmişdir. Lökbatan bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş: Lökbatan Bələdiyyəsi üzvlərinin yığıncağının 10 nömrəli, 31 oktyabr 2007-ci il tarixli Protokolundan çıxarışın surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 31 avqust 2000-ci il tarixli, 827 saylı Sərəncamına və Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında xx.xx.2000-ci il tarixli protokola əsasən uzun illər bağ sahəsi kimi istifadə etdiyi və fərdi yaşayış evi tikdirdiyi 214 kv.metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır. Torpaqların alqı-satqısına dair xx.xx.2007-ci il tarixdə tərtib olunmuş Aktdan görünür ki, Lökbatan bələdiyyəsinin ərazisində 214 kv.m torpaq sahəsinin satılması müqabilində İddiaçı tərəfindən 273,92 manat haqq ödənilmişdir. xx.xx.2007-ci il tarixli, ******* nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Lökbatan bələdiyyəsinin hesabına 273,92 manat məbləğində pul vəsaiti torpağın dəyərinə görə ödənilmişdir. Lökbatan bələdiyyəsinin sədri tərəfindən İddiaçı ayrılmış torpaq sahəsinin sxemi təsdiq edilmişdir. -Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 827 nömrəli sərəncamının təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Məktubda həmçinin bildirilmişdir ki, həmin sərəncama Lökbatan bələdiyyəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı əlavə edilməmişdir. Qeyd olunan Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” 31 avqust 2000-ci il tarixli, 817 nömrəli sərəncamında aşağıdakılar göstərilmişdir: “1. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Qaradağ rayonu üzrə Lökbatan qəsəbəsinin 212 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Lökbatan qəsəbə Bələdiyyəsinə təhvil verilsin. 2. Azərbaycan Respublikasının, Şəhərsalmanın əsasları haqqında və Memarlıq fəaliyyəti haqqında Qanunlarını əsas tutaraq, Bələdiyyə orqanlaraına təhvil verilmiş torpaq sahələri üzərində yeni tikintilər üçün torpaq sahələri ayrılarkən, onların seçilməsi, inşaat pasportunun hazırlanması və gələcək tikilinin layihəsinin müvafiq qaydada sənədləşdirilməsi Bakı şəhərinin Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılsın. 3. Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsindən xahiş edilsin ki, müvafiq qanunvericiliyə uyğun olaraq Lökbatan qəsəbə Bələdiyyəsinə mülkiyyətinə verilən ərazilər və torpaqlar üzərində hüquqları təsdiq edən rəsmi sənədlər hazırlanıb, Lökbatan qəsəbə Bələdiyyəsinə təhvil verilsin. 4. Lökbatan qəsəbə Bələdiyyəsinə təhvil verilmiş ərazilər və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunarsa, bələdiyyə torpaqlarının sərhədləri yenidən dəqiqləşdirilsin.” Beləliklə, iş materiallarında olan sənədlərdən görünən odur ki, iddiaçı Lökbatan Bələdiyyəsi üzvlərinin yığıncağının 10 nömrəli, 31 oktyabr 2007-ci il tarixli Protokolundan çıxarışa, həmin bələdiyyə ilə tərtib edilmiş alqı-satqı aktına və yerləşmə sxeminə, həmçinin fərdi yaşayış evinə dair eskiz layihəsinə istinad edərək Lökbatan qəsəbəsi ərazisindən ona ayrılmış 214 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istəyir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Cavabdeh imtina olaraq 2 əsas göstərmişdir: 1. Torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarının deyil, protokoldan çıxarış təqdim edilməsi, 2. Göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması; 3. Təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməməsi; 4. Torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktının təqdim edilməməsi. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmamışdır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən (28 oktyabr 2008-ci il tarixədək qüvvədə olan redaksiya) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Həmin Qanunun 23 oktyabr 2007-ci il tarixədək qüvvədə olmuş 9.6-cı maddəsinə əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Həmin Qanunun 23 oktyabr 2007-ci il tarixdən qüvvədə olan 9.6-cı maddəsinə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Göründüyü kimi, mövcud əmlak qanunvericiliyi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, iddiaçı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi Lökbatan bələdiyyəsi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışı və torpaqların alqı-satqısına dair aktı təqdim etmişdir. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinin iddiaçıya torpaq ayrıldığı dövrdə (xx.xx.2007-ci il tarixdə) qüvvədə olmuş redaksiyasına əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi ilə şərtləndirilmişdir. Göründüyü kimi, torpağın mülkiyyətə verilməsi barədə bələdiyyə qərarı bələdiyyə torpağı üzərində hüququn dövlət reyestrində qeydə alınmasının hüquqi əsasını təşkil edir. Belə olan halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələbləri baxımından torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənəd kimi bələdiyyənin qərarı çıxış edə bilər. Lakin hazırkı işin araşdırılan halları ilə iddiaçıya Lökbatan qəsəbəsindən 214 kv.m torpaq sahəsi ayrılmasına dair inzibati aktın mövcudluğu müəyyən edilməmiş, iddiaçı tərəfindən də əksini təsbit edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Bu hal isə torpaq ayırma prosesinin qanunla tələb olunan qaydada həyata keçirilmədiyi qənaətinə gəlməyə əsas verir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Lökbatan bələdiyyəsi üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışda Lökbatan bələdiyyəsinə 212 hektar torpaq sahəsi ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli, 817 nömrəli sərəncamına istinad olunsa da, qeyd olunan torpaq sahəsinin Lökbatan bələdiyyəsinə aid olduğunu təsdiqləyən müvafiq qurumlar tərəfindən təsdiq edilən xəritəyə, yaxud cizgiyə istinad edilməmişdir. Həmçinin məhkəmə araşdırması ilə də belə bir ayrıc aktının olduğu müəyyən edilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikası ərazisində torpaqlar növündən asılı olaraq səlahiyyət daxilində və həddində istifadə edilməlidir. Başqa sözlə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun normalarının tələbləri baxımından bələdiyyə yalnız mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam vermək səlahiyyətinə malikdir və yalnız mülkiyyətində olan torpaq sahəsini qanunvericiliyə uyğun olaraq qanuni istifadəyə verə bilər. Hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin məhz Lökbatan bələdiyyəsinə ayrılmış torpaq sahələrinə aid olduğu və onun mülkiyyətinə verildiyi təkzibolunmaz faktlarla sübuta yetirilmir. Qeyd olunur ki, işin məhkəmə araşdırması dövründə müvafiq sorğu əsasında cavabdeh tərəfindən Bakı şəhəri, Lökbatan qəsəbəsində iddiaçının istifadəsində olan torpaq sahəsinə bitişik olan (qonşuluğunda yerləşən) və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin ilkin qeydiyyata alınması üçün əsas olmuş sənədlər, həmçinin ərazinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin bitişik yerləşən 0,02 ha torpaq sahəsinin X1 xüsusi mülkiyyətində olmasına dair xx.xx.2017-ci il tarixli çıxarış, İddiaçı adına isə ləğv edilmiş DTXK tərəfindən 300 kv.m torpaq sahəsinə dair plan-ölçü sənədi verilmişdir. Hər iki sənədləşmə Bakı şəhəri Qaradağ RİHB-nin müvafiq olaraq xx.xx.2000-ci il tarixli 149 nömrəli və xx.xx.2000-ci il tarixli, 971 nömrəli sərəncamına əsasən aparılmışdır. O da nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparılması vəzifələrini daşıyır (Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.19-cu bəndi). Odur ki, iddiaçı ona ayrılmış sahənin bələdiyyə mülkiyyətində olmasına dair hər hansı tutarlı sübut təqdim etmədiyindən və məhkəmə araşdırması ilə də bu xüsusatı təkzib edən arqument və dəlil əldə olunmadığından, həmçinin cavabdeh inzibati orqanın Əsasnaməsindəki vəzifələrini də nəzərə alaraq məhkəmə cavabdehin etirazında qeyd olunan məlumatı mötəbər sübut kimi qiymətləndirir və prosessual qənaət prinsipinə uyğun olaraq iş üzrə əlavə mütəxəssis və ya ekspertiza rəyinin alınmasına zərurət görmür. Eyni zamanda hesab edilir ki, mübahisə predmeti olan torpaq sahəsinin Lökbatan bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsində olması müəyyən olunmadığından, həmçinin torpaq ayırma prosesinin qanunla tələb olunan qaydada həyata keçirilmədiyindən cavabdehin imtina əsası kimi istinad digər əsaslara ayrıca münasibət bildirilməsinə də lüzum yoxdur. O da qeyd edilir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən sənədləri təqdim edə bilmədiyindən onun həmin sahədə inşa etdiyi fərdi yaşayış evi üzərində hüquqlarının qeydiyyata alınması da «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9.1 və 8.0.10.2-ci maddəsinin tələbləri baxımından istisna olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növündə olsa da, qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunazidd olmamışdır. İddia əsassızdır və təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar