Məhkəmə qərarları › İş №2-1(112)-7821/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7821/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7821/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 55 yaşının tamam olduğuna görə güzəştli şərtlərlə pensiya təyin edilməsi və pensiyanı almaq hüququ yarandığı xx.xx.2019-cu il tarixindən ödənilməli olan pensiya məbləğinin hesablanaraq, ödənilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, güzəştli şərtlərlə pensiya təyinatı barədə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 25 fevral 2022-ci il tarixində müraciət etmişdir. Onun bu müraciətinə xx.xx.2022-ci il tarixli imtina məktubu gəlmişdir. İmtinada qeyd olunmuşdur ki, çalışdığı müəssisədən verilən arayışda rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Halbuki, çalışdığı müəssisə olan “SOCAR” dan təqdim olunan arayışda qeyd edilir ki, Emal İnterzone 505, İnterqard 269 astar boya (İngiltərə), İnterqard 251 astar boya (İngiltərə), İnterhane 990 son qat boya, İnterqard 475 HS araqat boya (İngiltərə), Həlledici GTA-220, Həlledici İnter.Thin.713, araqat boya üçün həlledici və sair materiallar tətbiq etməklə rəngləmə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan “rəngsaz” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtina üçün gətirdiyi “əsas” həqiqətə uyğun deyil və qanunaziddir. Belə ki, cavabdehə təqdim edilən arayışda rəngsaz peşəsində çalışarkən istifadə olunan zərərli maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmuşdur. Həmçinin onun güzəştli şərtlərlə pensiya hüququ əldə etməyi üçün gərəkli olan yaş, ümumi sosial sığorta stajı və güzəştli şərtlərlə pensiya hüququ əldə etməyə imkan verən zərərli iş üzrə sosial sığorta stajı göstəriciləri uyğundur. Onun 58 yaşı var (xx.xx.1964-cü il). Ümumi sosial sığorta stajı 38 il 5 ay 3 gündür və o, hazırda da işləməyə davam edir. Güzəştli şərtlərlə pensiya hüququ əldə etməyə imkan verən zərərli iş üzrə sosial sığorta stajı 16 il 9 ay 15 gündür. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 2019-cu il 1 yanvar tarixindən (55 yaşım tamam olduqda) yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi-əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsində isə qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinin tələblərinə görə isə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir.11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləsdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü isin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri giymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Hazırkı is üzrə iddiaçı iddia ərizəsinə 14 fevral 2022-ci il tarixli, SOCAR22180Q**********23X00014 nömrəli arayış əlavə etmişdir ki, bu arayış Ali Məhkəmənin təcrübəsinə əsasən iddiaçının gördüyü is, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı Mərkəzi filiala və məhkəməyə təqdim etdiyi 14 fevral 2022-ci il tarixli, SOCAR221800**********23X00014 nömrəli arayışda xx.xx.2003-xx.xx.2010- cu il tarixləri arasındakı dövr ərzində Bakı Dərin Özüllər zavodunun 19 saylı Təmir tikinti sexində suvaqçı rəngsaz və xx.xx.2012-ci il tarixdən buqünədək Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun ixtisaslaşmış tikinti sexində rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisənin ona dair 14 fevral 2022-ci il tarixli SOCAR221800**********23X00014 nömrəli arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, təqdim etdiyi güzəştli arayışında çalışdığı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısımda məlumat qeyd edilmədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsaslıdır. Belə ki, iş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1964-cü ildə Şamaxı rayonu, Sündü kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İT-İ seriyalı ******* nömrəli xx.xx.1985-cı il tarixli əmək kitabçasında (tərcümə təsdiq olunmuş) qeyd olunmuş məlumatlara əsasən Ağacanova (Abdiyeva) Əntiqə Oqtay qızı xx.xx.1982-ci ildə “Partiyanın XXİ qurultayı” adına sovxozun şərab emalı zavoduna laborant təyin edilmişdir (Əmr № 227, xx.xx.1982-ci il); xx.xx.1983-cü ildə 22 №-li üzümçülük briqadasına fəhlə keçirilmişdir (Əmr № 178, xx.xx.1983-cü il); xx.xx.1984-cü ildə mühasib vəzifəsinə keçirilmişdir (Əmr № 92. xx.xx.1984-cü il); xx.xx.1985-ci ildə işdən azad olunmuşdur (Əmr № 61, xx.xx.1985-ci il); xx.xx.1985-ci ildə Azərbaycan SSRİ TMNnin TTİ-də İİ dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr № 54 k, xx.xx.1989-cu il); xx.xx.1989-cu ildə ixtisas komissiyasının qərarına əsasən 3-cü dərəcəli betonçu qadın peşəsi verilmişdir (Əmr № 49 k, xx.xx.1989-cu il); xx.xx.1993-cü ildə işdən azad edilmişdir (Əmr № 6/k, xx.xx.1993-cü il); xx.xx.1993-cü ildə LST “Şelflayihətikinti” birliyinin İxtiaslaşdırılmış Tikinti İdarəsinə 1 №-li sahəyə 2-ci (ikinci) dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr 5/k, xx.xx.1993-cü il); xx.xx.1993-cü ildə əmək kitabçasına əsasən 3-cü dərəcəsi bərpa edilmişdir (Əmr № 10İ, xx.xx.1993-cü il); xx.xx.1993-cü ildə 4-cü dərəcəli suvaqçı vəzifəsinə keçirilmişdir (Əmr № 32 İ, xx.xx.1993-cü il); xx.xx.1994-cü ildə 12 №-li Tikinti Quraşdırma İdarəsinə keçməsi ilə əlaqədar olaraq köçürmə qaydasında işdən azad edilmişdir; xx.xx.1994-cü ildə 1 №-li Mənzil Tikinti Trestinin 14 №-li Təmir Tikinti İdarəsinə Köçürmə yolu ilə 4-cü dərəcəli suvaqçı vəzifəsinə qəbul edilmişdir (Əmr 6/k, 9.02.1994-cü il); xx.xx.1994-cü ildə 14 №-li TTİ ləğv olunduğu üçün 3 №-li TQİ-yə keçirilmişdir (Əmr 47/İ, xx.xx.1994-cü il); xx.xx.1994-cü ildə 4-cü dərəcəli suvaqçı işindən azad edilmişdir (Əmr № 64/k, xx.xx.1994-cü il); 12 №-li Tikinti İdarəsi 1 №-li Trest TQMLTB-də 4-cü dərəcəli suvaqçı işinə qəbul edilmişdir (Əmr № 82/k, xx.xx.1994-cü il); xx.xx.1995-ci ildə 4cü dərəcəli suvaqçı işindən azad edilmişdir (Əmr № 39 (a) k, xx.xx.1995-ci il); 1 №-li Trestin 7 №-li Təmir Tikinti İdarəsinə 4-cü dərəcəli suvaqçı işinə qəbul olunmuşdur (Əmr 02/k, xx.xx.1996-cı il); xx.xx.1996-cı ildə işdən azad edilmişdir (Əmr №19 K, xx.xx.1996-cı il); xx.xx.1996-cı ildə “Şelflayihətikinti” İB İxtisaslaşdırılmış Tikinti idarəsi 1 №-li sahəyə 4cü dərəcəli suvaqçı vəzifəsinə qəbul edilmişdir (Əmr 45/k, xx.xx.1996-cı i); xx.xx.2002-ci ildə 5-ci dərəcə verilmişdir (suvaqçı rəngsaz) (Əmr № 11 İ); xx.xx.2003-cü ildə əmək müqaviləsinə xitam verilmişdir (Əmr № 12-İ, xx.xx.2003-cü il); xx.xx.2003-cü ildə Bakı Dərin Özüllər Zavodu- 19 №-li Təmir Tikinti Sexinə 5-ci dərəcəli suvaqçı-rəngsaz vəzifəsinə qəbul olunmuşdur (Əmr №31/k-10, xx.xx.2003-cü il); xx.xx.2006-cı ildə ixtisaslaşdırılmış tikinti sexinə 5-ci dərəcəli suvaqçı-rəngsaz işinə keçirilmişdir (Əmr № 96/k); xx.xx.2008-ci ildə 5-ci dərəcəli rəngsaz peşəsinə keçirilmişdir (Əmr № 294/k, xx.xx.2008-ci il); xx.xx.2010-cu ildə Özüllərin yığılması və quraşdırılması sexinə 5-ci dərəcəli xadimə vəzifəsinə keçirilmişdir (Əmr № 418/K, xx.xx.2010-cu il); xx.xx.2012-ci ildə İxtisaslaşmış tikinti sexinə 5-ci dərəcəli rəngsaz peşəsinə keçirilmişdir (Əmr № 299 k, xx.xx.2012-ci il) xx.xx.2012-ci il də 3 №li xidmət sahəsinə 5-ci dərəcəli rəngsaz keçirilmişdir (xx.xx.2012-ci il); xx.xx.2022-ci ildən hal hazıradək həmin peşədə işləyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti-SOCAR (Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli SOCAR221800**********23X00014 saylı arayışın surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən rəngsaz peşəsində: - Bakı Dərin özüllər zavodunun 19 saylı Təmir tikinti sexində xx.xx.2003-cü il tarixindən (xx.xx.2003-cü il tarixli 31/k-10 saylı əmr) xx.xx.2010-cu il tarixinədək suvaqçı rəngsaz (xx.xx.2010-cu il tarixli 418/k saylı əmr); - Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun İxtisaslaşmış tikiniti sexində xx.xx.2012-ci il tarixindən (xx.xx.2012-ci il tarixli 299/k saylı əmr) hal-hazıradək rəngsaz peşəsində işləyir. İşlədiyi peşə üzrə iş stajı 16 il 9 ay 15 gün təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Emal İnterzone 505, intergard 269 astar bova (İngiltərə). intergard 251 astar boya (İngiltərə). İnterthane 990 son qat boya. İntergard 475 HS araqat boya (İngiltərə). Həlledici GTA-220. Həlledici lnter.Thin.713. araqat boya üçün həlledici və sair materiallar tətbiq etməklə rəngləmə islərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşqul olan “rəngsaz" vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. İddiaçının hazırkı tələblə cavabdeh orqana xx.xx.2022-ci il tarixdə etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********1 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsüsilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunmuş İddiaçı dair sənədlərdə onun xx.xx.2003-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu"nun 19 saylı Təmir Tikinti sexində və xx.xx.2012- ci il tarixindən bugünədək rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Sözügedən müəssisənin İddiaçı dair 14 fevral 2022-ci il tarixli SOCAR221800**********23X00014 nömrəli arayışında rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti-SOCAR tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli SOCAR**********81200598X00043 №li sorğuya cavab məktubunda zavodda “rəngsaz” peşəsi üzrə işçinin əmək fünksiyaları istehsalat sahələrində və tikinti meydançalarında, anbarlarda və bazalarda səthlərin köhnə boya və çirkdən təmizlənərək rəng püskürdücü avadanlığın, rolik, yastı fırça və s. alətlərin vasitəsi ilə rənglənməsi işlərinin yerinə yetirilməsindən ibarətdir. “Rəngsaz” peşəsində çalışan işçilər əsasən müxtəlif markalı nitro boyalardan, asetondan və həlledicilərdən istifadə etməklə səthlərin rənglənməsi işlərini yerinə yetirirlər. SOCAR-ın iş yerlərinin attestasiyasını aparan müəssisəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun mütəmadi olaraq keçirilən iş yerlərinin attestasiyası zamanı “rəngsaz” peşəsi zərərli iş yeri kimi qiymətləndirilmiş və bu peşədə işləyən işçilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında xx.xx.2002-ci il tarixli 137 №-li qərarına əsasən tarif maaşının 4%-i qədər əlavə əmək haqqı ödənilmişdir. İddiaçı işlədiyi “rəngsaz” peşəsinin güzəştli şərtlərlə pensiya hüququna əsas olan xüsusiyyətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bəndindəki “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə uyğunluq təşkil edir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış “İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı haqqında” xx.xx.2022-ci il tarixli **********6 № li arayışda göstərilmişdir ki, İddiaçı cəmi pensiya kapitalı 52086,06 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, qadın cinsindən şəxsin 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə peşələrdə işləməli; 2) istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaya dair imtina məktubunda və yazılı etirazda iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla tələb xüsusi iş stajının mövcudluğu mübahisələndirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İşin araşdırılan hallarından göründüyü kimi, iddiaçının 20 ildən artıq ümumi iş stajı və 52086,06 manat pensiya kapitalı mövcuddur ki, bu işin mübahisələndirilməyən hallarıdır. İddiaçının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması ilə əlaqədar isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 №li Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: 35-cı bölməsində Ümumi peşələr təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 20 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus əmək kitabçası, nəzərə alınmaqla), o cümlədən 10 ildən artıq, güzəştli şərtlərlə iş stajının (SOCAR Bakı Dərin Özüllər Zavodu tərəfindən verilmiş arayışlarda göstərilmiş məlumatlar nəzərə alınmaqla) və qanunla tələb olunan məbləğdə pensiya kapitalının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 20 ildən artıq, ümumi iş stajına, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına və qanunla tələb olunan məbləğdə pensiya kapitalına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 55 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 18 mart 2022-ci il tarixli **********1 №li “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 25 fevral 2022-ci il tarixində müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya xx.xx.2019-cu il tarixdən hesablanaraq, ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 55 yaşının tamam olduğu, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının xx.xx.2019-cu il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar