Məhkəmə qərarları › İş №2-1(112)-7822/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7822/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7822/2022 07.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 55 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə pensiya təyin edilməsi və bu pensiyanı almaq hüququ yarandığı xx.xx.2020-cu il tarixindən ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsi ilə bağlı lazım olan hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə pensiya təyinatı barədə cavabdeh Filiala 28 fevral 2022-ci il tarixində müraciət etmişdir. Onun bu müraciətinə xx.xx.2022-ci il tarixli imtina məktubu gəlmişdir. Filial imtinasında qeyd edir ki, çalışdığı müəssisədən verilən arayışda rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Halbuki, çalışdığı müəssisə olan “SOCAR”dan təqdim olunan arayışda qeyd edilir ki, Emal İnterzone 505, İnterqard 269 astar boya (İngiltərə), İnterqard 251 astar boya (İngiltərə), İnterhane 990 son qat boya, İnterqard 475 HS araqat boya (İngiltərə), Həlledici GTA-220, Həlledici İnter.Thin.713, araqat boya üçün həlledici və sair materiallar tətbiq etməklə rəngləmə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan “rəngsaz” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. Filialın imtina üçün gətirdiyi “əsas” həqiqətə uyğun deyil və qanunaziddir. Belə ki, cavabdehə təqdim edilən arayışda rəngsaz peşəsində çalışarkən istifadə olunan zərərli maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmuşdur. Həmçinin onun güzəştli şərtlərlə pensiya hüququ əldə etməyi üçün gərəkli olan yaş, ümumi sosial sığorta stajı və güzəştli şərtlərlə pensiya hüququ əldə etməyə imkan verən zərərli iş üzrə sosial sığorta stajı göstəriciləri uyğundur. Qeyd edir ki, yaşı 57dir (xx.xx.1965-cü il). Ümumi sosial sığorta stajı 36 il 5 ay 24 gündür və o hazırda da işləməyə davam edir (əmək kitabçasındakı qeydlər). Güzəştli şərtlərlə pensiya hüququ əldə etməyə imkan verən zərərli iş üzrə sosial sığorta stajı 16 il 9 ay 10 gündür (“SOCAR”dan verilən arayış). Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 2020-cu il 1 dekabr tarixindən (55 yaşı tamam olduqda) yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 cavabdeh tərəfindən verilmiş imtinanın əsaslı olduğunu bildirərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li, xx.xx.2016-cı il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur. - 01 yanvar 1981-ci il tarixli, ПТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1988-ci ilə kimi sovxozda fəhlə, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilə kimi 10 №-li Stomololoji Poliknikada sanitar, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə kimi 253 №-li orta məktəbdə laborant, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə kimi Xanlar istehsalat kombinatın Çaykənd trikotaj sahəsində İ dərəcəli toxucu, 03.01.994-cü ildən xx.xx.1995-ci il tarixə kimi “Xüsusitəmir tikinti” terstində 3-cü dərəcəli rəngsaz, xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilə kimi İxtisaslaşdırılmış Tikinti İdarəsi 1 №-li sahədə 2-ci, 3-cü, 4-cü dərəcəli fəhlə, xx.xx.2003-cü ildən hal-hazıradək Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda 4-cü, 5-ci dərəcəli rəngsaz, istehsalat hamamlarının fəhləsi, istehsalat sahəsini və xidməti otaqları yığışdıran, 5-ci dərəcəli rəngsaz vəzifəsində işləyir. - Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, SOCAR**********80020123X00016 №-li şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən rəngsaz peşəsində: Bakı Dərin Özüllər zavodunun 19 saylı Təmir tikinti sexində xx.xx.2003-cü il tarixindən (xx.xx.2003-cü il tarixli, 31/k-10 saylı əmr) xx.xx.2010cu il tarixinədək (xx.xx.2010-cu il tarixli, 372/k saylı əmr) Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun İxtisaslaşmış tikiniti sexində xx.xx.2012-ci il tarixindən (xx.xx.2012-ci il tarixli, 298/k saylı əmr) hal-hazıradək həmin peşədə işləyir. İşlədiyi peşə üzrə iş stajı 16 il 9 ay 10 gün. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Emal İnterzone 505. İnteraard 269 astar boya (İngiltərə). İntergard 251 astar boya (İngiltərə). İnterthane 990 son qat boya. İntergard 475 HS araqat boya (İngiltərə). Həlledici GTA-220, Həlledici lnter.Thin.713., araqat boya üçün həlledici və sair materiallar tətbiq etməklə rəngləmə işlərindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan “rəngsaz” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. - Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, SOCAR**********80020123X00016 №-li məktubdan görünür ki, zavodda “rəngsaz” peşəsi üzrə işçinin əmək funksiyaları istehsalat sahələrində və tikinti meydançalarında, anbarlarda və bazalarda səthlərin köhnə boya və çirkdən təmizlənərək rəng püskürdücü avadanlığın, rolik, yastı fırça və s. alətlərin vasitəsi ilə rəngləməsi işlərinin yerinə yetirilməsindən ibarətdir. SOCAR-ın iş yerlərinin attestasiyasını aparan müəssisəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun mütəmadi olaraq (hər 5 ildən bir) keçirilən iş yerlərinin attestasiyası zamanı “rəngsaz” peşəsi zərərli iş yeri kimi qiymətləndirilmiş (bu barədə tərtib olunmuş sənədlərin təsdiq olunmuş kserosurətləri məktuba əlavə olunur) və bu peşədə işləyən işçilərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” xx.xx.2002-ci il tarixli 137 №-li qərarına əsasən tarif maaşının 4%-i qədər əlavə əmək haqqı ödənilmişdir. - Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, ARDNŞ-nin 14 sentyabr 2012-ci il tarixli, 126 saylı əmrinə əsasən 2013-cü ilin avqust ayı ərzində H.Əliyev adına Bakı dərin özüllər zavodu üzrə 57 iş yerinin attestasiyası aparılmış və 5 zərərli iş yeri müəyyən edilmişdir. xx.xx.2013-cü ildə təsdiq edilmiş iş yerinin əmək şəraitinin qiymətləndirilməsi cədvəlinə əsasən Heydər Əliyev adına BDÖZ-nin 3 №-li xidmət sahəsinin rəngzaslar peşəsi – istehsalat mühitin amilləri: zərərli kimyəvi maddələr - İİİ-İV təhlükəlilik- aseton; THB SBH – 200, amillərin durumu, vəziyyəti – 213; X ərəcə bal – 1; T- 92%; X Fakt Bal – 1; istehsalat mühitinin amiləri cəmi 1 bal; əmək şəraitinə görə güzəştlər (1 və 2 №-li siyahılara aiddir) – 1,04 qeyd edilmişdir. ARDNŞ-nin Heydər Əliyev adına BDÖZ üzrə əmək şəraiti ağır və zərərli, xüsusilə ağır və xüsusi ilə zərərli peşə və vəzifələrin siyahısında 3 №-li xidmət sahəsi üzrə rəngsazın iş şəraitinin zərərlilik amilləri kimi aseton, əmək şəraitinə görə və vəzifə (tarif) maaşına artım əmsalı 1,04 qeyd edilmişdir. - Həmin məktuba əlavə edilmiş “İş zonasının havasında tez-tez təsadüf edilən zərərli maddələr toplantısının buraxıla bilən həddi (THB)” - ГОСТ 12.1.005-88. “İşçi zonanın havasına olan ümumi sanitar-gigiyenik tələblər” SSRİ dövlət standartından çıxarışdan görünür ki, aseton maddənin THB (toplantının buraxıla bilən həddi) mq/m3 – 200, istehsalat şəraitində üstünlük təşkil edən aqreqat halı – b, təhlükəlilik sinfi – 4 göstərilmişdir. - Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, SOCAR**********30480092X00023 №-li məktubdan görünür ki, müvafiq iş üzrə bundan əvvəlki sorğuya cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli, SOCAR**********30480092X00013 nömrəli məktuba əlavədə təqdim olunmuş sənədlərdə, zavodda “rəngsaz” peşəsində işləyən işçilərin əmək funksiyalarını yerinə yetirən zaman işlətdiyi materialların təhlükəlilik sinfi 4-cü sinif qeyd olunmuşdur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01 2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndindəki “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz” vəzifə kodunda müəyyən edilmiş materiallar ilə eynilik təşkil edir. - Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, SOCAR**********30490075X00025 №-li məktubdan görünür ki, Emal İnteroze 505, İnterqard 269 astar boya, İnterqard 251 astar boya, İnterthane 990 son qat boya, İnterqard 475 HS araqat boya, Həlledici GTA-220, Həlledici İnter.Thun.713 araqat boya üçün həlledici maddələrin təhlükəlilik sinfi “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan” sinfə aiddir. Həmin maddələrin təhlükəlilik sinfi ГОСТ 12.0.003-74 “Təhlükəli və zərərli istehsalat amilləri” barədə Dövlətlərarası Standartlara, ГОСТ 12.1.007-76 “Zərərli maddələr. Təsnifatı və ümumi təhlükəsizlik tələbləri” Dövlətlərarası Standartlara və ГОСТ 12.1.005-88 “İşçi zonasının havasına olan ümumi sanitar-gigyenik tələblər” SSRİ Dövlət Standartlarına əsasən SOCAR-ın X3 İşlənməsi İdarəsi tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda vaxtaşırı aparılan iş yerlərinin attestasiyası nəticələrinə görə iş yerinin əmək şəraitinin qiymətləndirilməsi cədvəlinə uyğun olaraq müəyyən edilmişdir. - Filial tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 №-li məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına əsasən qadınların pensiya yaşı 58 yaş müəyyən edildiyindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Bununla əlaqədar olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən İddiaçı 55 yaşının tamam olduğu 1 dekabr 2020-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42456,26 manat təşkil edirdi. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********4 №-li xidməti məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Ümumi peşələr bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı dair verilmiş “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”nun 30 iyun 2022-ci il tarixli SOCAR**********30480092X00013 nömrəli arayışında onun xx.xx.2003-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində və xx.xx.2012-ci il tarixindən arayışın təqdim edildiyi tarixədək sözügedən müəssisədə təhlükəlilik sinifi 4 olan aseton maddəsini tətbiq etməklə rəngsaz vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi adıçəkilən şəxsin rəngsaz vəzifəsində işlədiyi zaman tətbiq etdiyi aseton maddəsi təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan 1-ci, 2-ci, 3-cü sinif təhlükəli deyil, 4-cü sinif təhlükəli maddədir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********8 №-li məktubdan görünür ki, Filiala xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.2003-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”nun 19 saylı Təmir tikinti sexində və xx.xx.2012-ci il tarixindən bugünədək isə həmin zavodun İxtisaslaşmış tikinti sexində rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən müəssisənin ona dair 14 fevral 2022-ci il tarixli, SOCAR**********80020123X00016 nömrəli arayışında rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Qeyd olunan məlumatlar müvafiq arayışda əks olunaraq Mərkəzi Filiala təqdim edildikdən sonra ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı məsələsinə baxılacaqdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddənin Qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır:

1. İddiaçının 55 yaşının tamam olması;

2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması;

4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçı 55 yaşının xx.xx.2020-ci ildə tamam olması, həmin tarixə 25 ildən artıq ümumi iş stajının olması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı İddiaçı güzəştli iş stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlıdır. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2010-cu il tarixədək “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu”nun 19 saylı Təmir tikinti sexində, xx.xx.2012-ci ildən 55 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək həmin zavodun İxtisaslaşmış tikinti sexində rəngsaz vəzifəsində işləmişdir. İşə götürən tərəfindən məhkəməyə təqdim edilmiş arayışlarda iddiaçının işlədiyi həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan “rəngsaz” vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eyni olması göstərilsə də təqdim etdikləri xx.xx.2013-cü ildə (həmçinin 2022-ci ildə təsdiq edilmiş) təsdiq edilmiş iş yerinin əmək şəraitinin qiymətləndirilməsi cədvəlinə əsasən onun işlədiyi 3 №-li xidmət sahəsi üzrə rəngsazın iş şəraitinin zərərlilik amilləri kimi aseton, əmək şəraitinə görə və vəzifə (tarif) maaşına artım əmsalı 1,04 müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarın 35-ci Bölməsinin “Ümumi peşələr” adlı hissəsində “Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” nəzərdə tutulmuşdur. Göründüyü kimi təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “İş zonasının havasında tez-tez təsadüf edilən zərərli maddələr toplantısının buraxıla bilən həddi (THB)” - ГОСТ 12.1.005-88. “İşçi zonanın havasına olan ümumi sanitargigiyenik tələblər” SSRİ dövlət standartından çıxarışda aseton maddə 4-cü təhlükəlilik sinfinə aid edilmişdir. Bundan əlavə “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 137 №-li Qərarına əsasən Azərbaycan Respublikasının müəssisə, idarə və təşkilatlarında iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına əmək şəraitinin ağır və zərərlilik səviyyəsindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı əmək şəraiti ağır və zərərli işlərdə əmək şəriatinin ağır və zərərliyinin aşağı səviyyəsində 1,04 müəyyən edilmişdir. Belə olan halda 4-cü təhlükəlilik sinfinə aid edilmiş aseton maddəsi ilə işləyən rəngsazın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Bundan əlavə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42456,26 manat təşkil edirdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunla tələb olunan güzəştli iş stajına malik olmadığından, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar