Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7823/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X4 və X5) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X4 və X5) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz sayılması, X1 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini 2003-cü il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Evə dair yaşayış yerindən arayış alan zaman ona məlum olmuşdur ki, heç vaxt tanımadığı X4 və X5 adlı şəxslər onun evində qeydiyyatda qalmışlar. Faktiki olaraq həmin şəxslər iddiaçının ünvanında yaşamırlar və heç vaxt yaşamamışlar. Həmin şəxslərin kim olması barədə iddiaçının heç bir məlumatı olmamışdır və onların iddiaçının mənzilinə necə qeydiyyata düşdüklərindən xəbərsizdir. Onların iddiaçının mənzilində qeydiyyatda qalmaları formal xarakter daşıyır. Həmçinin həmin şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddiaçı qeyd olunan şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinə müraciət etdikdə Sabunçu Rayon Polis İdarəsi imtina məktubu ilə onun müraciətini cavablandıraraq həmin şəxsləri mülkiyyətində olan ünvandan qeydiyyatdan çıxarmamışdır. Sabunçu Rayon Polis İdarəsi tərəfindən verilmiş məktubda buna səbəb olaraq müraciətində göstərilən məsələnin onların səlahiyyətləri daxilində olmadığı və qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. İddiaçı qeyd etmişdir ki, hazırki vəziyyətdə X1 və X2 ona məxsus evdə qeydiyyatda qalmaları mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olur. Belə ki, mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13150/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən X4 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13150/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbbi təmin edilərək, X4 və X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13150/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verilməmişdir və qərar qanuni qüvvəyə minmişdir. Daha sonra üçüncü şəxs X4 tərəfindən vəsatət təqdim edilərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üçüncü şəxs qismində işə cəlb edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-13150/2022 saylı qərarının ləğv edilməsi və yeni açılmış hallar ilə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13150/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə X1 vəsatəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13150/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə şifahi məhkəmə iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmiş və xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəmə prosesinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmiş və xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəmə prosesinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə prosesində iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddianın əsassız olduğunu bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli imtina məktubu; - FM seriyalı 018929 saylı xx.xx.2003-cü il tarixli Qeydiyyat Vəsiqəsinin surəti; - AN-İ seriyalı ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli Arayışı; - Məhkəmənin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubu; -xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya nömrəsi RX№ ******* olan Çıxarışın surəti; - Məhkəmənin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız iddiadır və təmin edilməməlidir. Belə ki, iş materiallarından məlum olmuşdur ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müraciətə cavab olaraq xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, vətəndaşlar X1 və X2 Sizə məxsus olan yuxarıda göstərilən ünvandan pasport qeydiyyatından çıxarılması Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı şəhər İnzibati məhkəməsinə müraciət olunması tövsiyyə edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş FM seriyalı 018929 saylı, xx.xx.2003-cü il qeydiyyat tarixli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla ünvan 1 ünvana dair yalnız İddiaçı adına olan hüquqmüəyyənedici sənədlər göndərilmişdir. Daha sonra isə üçüncü şəxslər məhkməyə vəsatətlə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya nömrəsi RX№1365120 olan Çıxarışı təqdim etmişdirlər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya nömrəsi RX№1365120 olan Çıxarışa əsasən isə Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi X1 xüsusi mülkiyyətindədir. Təqdim edilən çıxarış nəzərə alınaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə yenidən məhkəmə sorğusu göndərilmiş və həmin sorğuya cavab olaraq İdarə tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə dair həm X1 adına, həm də İddiaçı adına dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri, ünvan 8 ünvanı üzrə 2 fərdi yaşayış evi qeydiyyata alınmışdır ki, onlardan biri 3-cü şəxslərə aid olan fərdi yaşayış evidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bakı şəhəri, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə X4 xx.xx.2009-cu il tarixli Bağışlama müqaviləsi əsasında, İddiaçı isə Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli Sərəncamı əsasında dövlət qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, hər iki fərdi yaşayış evi naturada fərqli yerlərdə olsalar da, ünvanları eynidir. Həmin ünvanların dəyişdirilməsi ilə tələbi üzrə aidiyyəti inzibati orqana müraciət edilməklə mübahisəli vəziyyətin aradan qaldırılması mümkündür. İndiki halda hər iki ünvanın eyni olması, iddiaçı və 3-cü şəxsin eyni ünvan üzrə mülkiyyət hüquqlarının qeyd alınması nəzərə alındıqda sonuncunun qeydiyyatdan çıxarılması müvafiq qanunvericiliyə əsasən mümkün deyil. Belə ki, naturada fərqli yerlərdə yerləşməyinə baxmayaraq qeydiyyat məsələləri ünvan üzrə həyata keçirildiyindən, müvafiq ünvanda yerləşən yaşayış sahəsi üzərində 3-cü şəxslərin də iddiaçı kimi mülkiyyət hüquqları qeydə alındığından və həmin hüquqdan irəli gələn yaşayış, istifadə və digər hüquqları mövcud olduğundan sonuncuların qeyd edilən ünvan üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qayadaları”nın: - 1.1. Bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. - 1.2. Ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. - 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. - 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. - 2.4. Ünvan reyestrində saxlanılan məlumatlara aşağıdakı hallarda dəyişiklik və (və ya) əlavələr edilir: daşınmaz əmlak obyektinin yerləşdiyi ərazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin qanunvericiliklə müəyyən edilmiş qaydada adı dəyişdirildikdə, habelə müvafiq nəqliyyat infrastrukturu obyektinə yeni ad verildikdə və ya onun adı dəyişdirildikdə (bu halda ünvan nömrələri dəyişilmir); [7] texniki səhvlər aradan qaldırıldıqda; ünvanın statusu dəyişdikdə; məhkəmənin qərarı olduqda. - 3.7. Daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmazdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edimişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin tələbi əsasında müvafiq yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqları qeydiyyata alınan digər şəxsin və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinə zidd olduğundan 3-cü şəxslər X6, X3, X7, X8 ünvan 9 ünvandan qeydiyyatdan çıxarıla bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X4 və X5) X1 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev