Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7823/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “nizamnamənin 3-cü redaksiyada qeydiyyatının ləğv edilməsi və sair” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 1043/2023 nömrəli icra vərəqəsi üzrə “X7” MMC-nin təsisçilərinin adından tərtib edilmiş 28 avqust 2019-cu il tarixli qərar və “X7” MMC-nin 3-cü redaksiyada nizamnaməsi və nəticələrin etibarsız hesab edilməsi və "X7" MMC-nin ikinci redaksiyada statusunun bərpası öhdəliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin üzərinə qoyulması barədə öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “X7” MMC-nin nizamnaməsinin 3-cü redaksiyada qeydiyyatının ləğv edilməsi və 2-ci redaksiyada nizamnaməsinin qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-1043/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının “X7” MMC-nin təsisçilərinin adından tərtib edilmiş 28 avqust 2019-cu il tarixli qərar və “X7" MMC-nin 3-cü redaksiyada nizamnaməsi və nəticələrin etibarsız hesab edilməsi barədə iddiası təmin edilmişdir. Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, 8-2(113)-1/2024 nömrəli qərardad qəbul etmişdir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1043/2023 nömrəli icra vərəqəsinin qeydiyyat orqanı tərəfindən hansı formada icra edilməsinə izah verilməsi haqqında Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə qərardadı ilə ərizə ilə bağlı izah verilsə də, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin öhdəliyi öz əksini tapmadığından məhkəmə qətnaməsinin icrasının mümkün olmaması bildirilir. Odur ki, aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, cəmiyyət tərəfindən xx.xx.2019-cu il tarixdə qanunvericiliyə uyğun olaraq təqdim edilmiş müvafiq sənədlər əsasında “X7” MMC-nin dövlət reyestr məlumatlarında müvafiq dəyişiklik hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən həyata keçirilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)- 1043/2023 nömrəli icra vərəqəsi idarəyə daxil olduğu zaman sözügedən icra vərəqəsinin qeydiyyat orqanı tərəfindən hansı formada icra edilməsi aydın olmadığından izah verilməsi haqqında məhkəməyə müraciət edilmişdir. Bununla əlaqədar olaraq Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, 8-2(113)-1/2024 nömrəli qərardad qəbul etmişdir. Həmin qərardada əsasən məhkəmə bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi məhkəmədə tərəf olmamış və məhkəmənin icra vərəqəsi üzrə hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi üzərində birbaşa öhdəlik qoyulmamışdır. Odur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-1043/2023 nömrəli icra vərəqəsinin icrası mümkün olmamışdır. Belə olan halda tərəfindən iddiaçının hər hansı hüququnun pozulması halı müəyyən edilmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə etdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin 29 fevral 2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-1043/2023 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının “X7” MMC-yə və X2 qarşı iddia tələbi təmin edilmiş, “X7” MMC-nin təsisçilərinin adından tərtib edilmiş 28 avqust 2019-cu il tarixli qərar və “X7” MMC-nin 3-cü redaksiyada nizamnaməsi və nəticələri etibarsız hesab edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8-2(113)-1/2024 nömrəli qərardadına əsasən hazırkı iş üzrə cavabdeh tərəfindən icra sənədinə izah verilməsi barədə verilmiş ərizə təmin edilməmişdir. Məhkəmə sorğusu əsasında Bakı Kommersiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli məktubuna əsasən İddiaçı cavabdehlər “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti və X2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və X1 cəlb edilməklə) qərar və nizamnamənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli yekun məhkəmə aktı (qətnamə) qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün müvafiq icra şöbəsi - Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2-2(113)-1043/2023 saylı icra sənədi üzrə izah verilməsini məhkəmədən xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8-2(113)-1/2024 saylı qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən icra sənədinə izah veriiməsi barədə verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində “X7” MMC-nin nizamnaməsinin 3-cü redaksiyada qeydiyyatının ləğv edilməsi və 2-ci redaksiyada nizamnaməsinin qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır (9.1). Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır (9.2). Bu Qanunun 9.2ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər (9.2-1.). Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz (9.3.). Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir (11.1.). Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-1043/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı “X7” MMC-nin təsisçilərindən biri olmuşdur. MMC-nin 2-ci redaksiyada nizamnaməsində iddiaçının payı 10 manat, 10 pay olmuşdur. “X7” MMC-nin təsisçilərinin xx.xx.2019-cu il tarixli qərarı ilə MMC-nin 3-cü redaksiyada nizamnaməsi təsdiq edilmiş, həmin nizamnaməyə əsasən iddiaçı MMC-nin təsisçiliyindən kənarlaşdırılmışdır. Bu səbəbdən iddiaçı “X7” MMC-yə və X2 qarşı “X7” MMC-nin təsisçilərinin adından tərtib edilmiş xx.xx.2019-cu il tarixli qərarın, MMC-nin 3-cü redaksiyada nizamnaməsinin və nəticələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmənin yuxarıda qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.2ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində (bundan sonra - MPM) göstərilmişdir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (15.2.). Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (15.3.). İşdən göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə “X7” MMCnin 3-cü redaksiyada nizamnaməsi və onun nəticələri etibarsız hesab edilmişdir. Bunun hüquqi nəticəsi olaraq isə MMC-nin ikinci redaksiyada nizamnaməsi yenidən öz hüquqi qüvvəsini almışdır. Bu səbəbdən həmin dəyişikliklərin dövlət qeydiyyatına alınması cavabdehin vəzifəsidir. Lakin, iddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmiş, bu isə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “X7” MMC-nin nizamnaməsinin 3-cü redaksiyada qeydiyyatının ləğv edilməsi və 2-ci redaksiyada nizamnaməsinin qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “X7” MMC-nin nizamnaməsinin 3-cü redaksiyada qeydiyyatının ləğv edilməsi və 2ci redaksiyada nizamnaməsinin qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-7823/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7823/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver