Məhkəmə qərarları › İş №2-1(112)-7823/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7823/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7823/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2ci dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əlilliyin qiymətləndirilməsi barədə nəticənin övladı Əlizadə Mədinə Nail qızının ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60% həddində müəyyən olunması hissəsində dəyişdirilməsi, övladının ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60% həddindən yuxarı səviyyədə pozulması halı kimi həqiqi tibbi vəziyyətin qiymətləndirilməsi (İİ dərəcə əlillik verilməsi) öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin 08 oktyabr 2015-ci il tarixli 2(009)-2232/2015 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü Əlizadə Mədinə Nail qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və həmin qətnamə əsasında Səbail Rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq inzibati aktı ilə iddiaçı qəyyum təyin edilmişdir. Övladı xx.xx.2006cı il təvəllüdlü M.Əlizadənin sağlamlıq imkanları məhduddur, onun xəstəliyi ilə əlaqədar olaraq iddiaçı əlilliyin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Cavabdeh inzibati orqanın müvafiq qərarı ilə xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60 faiz həddində pozulmasına görə müddətsiz əlillik müəyyən edilmişdir (cavabdeh orqan tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na istinad olunmuşdur). İddiaçı xx.xx.2024-cü il tarixdə yenidən əlilliyin qiymətləndirilməsi məqsədilə cavabdeh orqana müraciət etmişdir və Agentlikdə övladı əyani müayinə olunmuşdur. Nəticədə övladının xəstəliyi ilə bağlı verilmiş ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60 faiz həddindən yuxarı səviyyədə pozulmasına əsas olmadığı (əsas verən hal kimi qiymətləndirilməməsi) barədə cavab verilmiş və əlillik vəziyyətinin qiymətləndirilməsi barədə verilmiş xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Komissiya tərəfindən övladının xəstəliyi ilə bağlı verilmiş ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60 faiz həddində pozulması bağlı qərarla razı deyil, bu qərar övladının vəziyyətinə uyğun deyildir, onun əsl tibbi vəziyyətini əks etdirmir. Yaranmış simptomlar və tibbi vəziyyətlər inzibati orqan tərəfindən nəzərə alınmamışdır. Həmçinin övladının ümumi xəstəlik səbəbindən orqanizminin funksiyalarının 60 faiz həddindən yuxarı səviyyədə pozulması halları yaranmışdır. Odur ki, qiymətləndirilmə barədə nəticənin övladının ümumi xəstəlik səbəbindən orqanizminin funksiyalarının 60 faizi həddində müəyyən olunması hissəsində dəyişdirilməsi, onun ümumi xəstəlik səbəbindən orqanizminin funksiyalarının 60 faiz həddindən yuxarı səviyyədə pozulması halı kimi həqiqi tibbi vəziyyətin qiymətləndirilməsi xahiş olunur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, Əlizadə Mədinə Nail qızının əlillik vəziyyətinə sonuncu dəfə Bakı 2 nömrəli Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və ümumi xəstəlik səbəbindən müddətsiz OFP 60 faiz müəyyən edilmişdir. Vətəndaşa əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 7.2.1-ci bəndinə uyğun olaraq təyin edilmişdir. Belə ki, onun göndərişində əsas diaqnoz kimi müəyyən edilmiş F71.1-Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Orta kəmağıllıq, ciddi avranış pozuntuları ilə İQ-48 diaqnozu və ağırlaşmaları kimi müəyyən edilən diaqnozlar Əsasnamənin müvafiq bəndinə uyğun olmuşdur. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(009)-2232/2015 saylı qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü Əlizadə Mədinə Nail qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. -Bakı şəhəri Səbail RİH başçısının xx.xx.2015-ci il tarixli, 146 saylı Sərəncamına əsasən fəaliyyət qabiliyyəti olmayan, xx.xx.2006-cı il təvəllüdlü Əlizadə Mədinə Nail qızı üzərində anası İddiaçı qəyyum təyin edilmişdir. -Məhkəmənin müvafiq sorğusuna cavab olaraq X6 dair tibbi-sosial ekspertiza sənədlərinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: Bakı 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli X00182896GVA saylı göndərişi xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və "Səbəbi: Ümumi xəstəlik, X1: 7.2.1. 7.Psixi və davranış pozuntuları=>Əqli gerilik=>Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. =>yüngül dərəcəli əqli gerilik İQ 50-69: davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affektiv, psixopatik təzahürlər, nadir epileptiform paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri, orqanizmin funksiyalarının pozulması faizi : 60%” səbəbi ilə Əlizadə Mədinə Nail qızına müddətsiz əlillik verilmişdir. Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli X00182896GVA nömrəli tibbi göndərişdən görünür ki, iddiaçıda aşağıdakı xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz: F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Orta kəmağıllıq, ciddi davranış pozuntuları ilə İQ-48. İşin məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatriya ekpertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. xx.xx.2006-cı il təvəllüdlü Əlizadə Mədinə Nail qızı canlı müayinə olunmaqla (zərurət yarandıqda instrumental müayinə vasitələrindən istifadə olunmaqla) xəstəlik (xəstəliklər) diaqnozu müəyyən edilsin.

2. Əlizadə Mədinə Nail qızının canlı müayinəsi zamanı xx.xx.2024-cü il tarixli, X00182896GVA nömrəli Forma 88-də göstərilən diaqnoz öz təsdiqini tapırmı?

3. Əlizadə Mədinə Nail qızının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı onda orta və ya ağır dərəcəli əqli gerilik (F70-73) müəyyən edilirmi?

4. Əlizadə Mədinə Nail qızının əqli subnormallıq dərəcəsi nə qədərdir?

5. Əlizadə Mədinə Nail qızının canlı müayinəsi zamanı onda orta və ya ağır dərəcəli əqli gerilik müəyyən edilirsə, bu diaqnoz onda qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, habelə kənar şəxslərin köməyinə ehtiyacın olması ilə müşayiət olunurmu? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2402 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-ci sual üzrə: Yoxlanılan şəxs Əlizadə Mədinə Nail qızında hazırda “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” (F71.1) aşkar olunur. 2-ci sual üzrə: Əlizadə Mədinə Nail qızının canlı müayinəsi zamanı xx.xx.2024-cü il tarixli, X00182896GVA nömrəli Forma 88-də göstərilən diaqnoz öz təsdiqini tapır. 3-cü sual üzrə: Yoxlanılan şəxs Əlizadə Mədinə Nail qızında hazırda “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” (F71.1) aşkar olunur. 4-cü sual üzrə: Yoxlanılan şəxs Əlizadə Mədinə Nail qızında hazırda “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” (F71.1) aşkar olunur. 5-ci sual üzrə: Yoxlanılan şəxs Əlizadə Mədinə Nail qızında hazırda “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” (F71.1) aşkar olunur. Bu pozuntu onda qulluq və müalicə tələb edən cidd davranış pozuntusu, habelə kənar şəxslərin köməyinə ehtiyacın olması ilə müşayiət olunur. Məhkəmə iddianın qanuni əsasları ilə bağlı aşağıdakı normalara istinad edir: Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Agentliyinin” Nizamnaməsinin: -1.1-ci bəndinə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir; -2.1-ci bəndinə əsasən strukturuna daxil olan tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin fəaliyyət istiqamətlərinə daxildir; -3-cü bəndinə əsasən müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: -1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. -1.6-cı bəndinə əsasən, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. -1.8-ci bəndinə əsasən, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. -1.9-cu bəndinə əsasən, orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. -2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -3.1-ci bəndinə əsasən, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Beləliklə, hazırkı işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən X00182896GVA nömrəli, xx.xx.2024-cü il tarixli tibbi göndəriş üzrə Əlizadə Mədinə Nail qızına OFP 60 faiz pozulması müəyyən edilərək “yüngül dərəcəli əqli gerilik İQ 50-69” səbəbi ilə üçüncü dərəcə müddətsiz əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı tərəf isə Agentliyin bu qərarı ilə razılaşmır və hesab edir ki, tibbi göndərişdə müəyyən edilmiş xəstəliklər Əlizadə Mədinə Nail qızında mövcuddur. Belə olan halda, onun sağlamlıq vəziyyətinin 60 faizdən artıq pozulması kimi qiymətləndirilməli və həmin pozulmaya müvafiq olaraq daha yuxarı əlillik dərəcəsi təyin edilməlidir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. Göründüyü kimi, cavabdeh sözügedən göndərişdəki xəstəliyin M.N.Əlizadədə mövcud olmasını mübahisələndirmir. Həmin diaqnozun onda olması iş üzrə təyin edilmiş ekspertiza rəyində də təkzib edilməmişdir. Mübahisəli hal həmin xəstəliyin iddiaçının övladında müəyyən edilməsinə baxmayaraq, ikinci dərəcəli əlillik təyinatına əsas verməməsidir. Məhkəmə iş üzrə toplanmış sübutları nəzərdən keçirərək hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Bakı 2 nömrəli X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, X00182896GVA nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, Əlizadə Mədinə Nail qızında əsas diaqnoz kimi “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Orta kəmağıllıq, ciddi davranış pozuntuları ilə” qeyd edilmişdir. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2402 nömrəli ekspert rəyindən göründüyü kimi, onda hazırda “orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilmiş və X00182896GVA nömrəli tibbi göndərişdə qeyd olunan psixiatriyaya aid diaqnoz təsdiqlənmişdir. Müvafiq rəyin motivləşdirici hissəsindən görünür ki, sözügedən diaqnozun Əlizadə Mədinə Nail qızında olmasını müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olması, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2-ci bəndində F70-F73 XBT kodu altında nəzərdə tutulan “Əqli gerilik” xəstəliyi aşağıdakı hallarda əlilliyin təyini üçün əsas verir: ... 7.2.2. orta dərəcəli əqli gerilik İQ 35-49: adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərəçarpacaq çətinliklər yaşanması, əksər tələbatların ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacın olması - 65-80% - müddətsiz. ... Göründüyü kimi, istinad olunan Meyarlara əsasən şəxsə F70-F73 kodu altında qeyd olunmuş diaqnoz qoyularkən 7.2.1-7.2.5-ci altbəndlərdə nəzərdə tutulmuş ağırlaşmalar üzrə qiymətləndirilmə aparılmalıdır. Həmin qiymətləndirilmədən asılı olaraq şəxsin sağlamlıq vəziyyətində müvafiq ağırlaşmalar müəyyən edildiyi halda, orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi və müddəti müəyyən edilməklə əlillik dərəcəsi təyin edilir. Hazırkı halda, iddiaçının övladının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı onda Meyarların 7.2.2-ci altbənddəki halın mövcudluğu təsdiqini tapmışdır. Bu isə xəstəliyin OFP 65-80% pozulması ilə əlilliyin təyininə əsas verən formasının onda mövcud olması deməkdir. Göstərilən xəstəlik M.N.Əlizadənin orqanizminin funksiyalarının 65-80 % faiz pozulması kimi qəbul edilməsinə və ona İİ dərəcə müddətsiz əlillik təyin edilməsinə əsas verir. Oxşar mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “…kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)-2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.” “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Əlizadə Mədinə Nail qızına Bakı 2 nömrəli X4 tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli, X00182896GVA nömrəli tibbi göndəriş (Forma 88) üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.2-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla müddətsiz əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar