Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7825/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətifoğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı23, iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı1, İddiaçı2, İddiaçı9, İddiaçı4, X3, İddiaçı11, İddiaçı5, İddiaçı15, İddiaçı14, İddiaçı7, İddiaçı13, İddiaçı22, İddiaçı6, İddiaçı23, İddiaçı3, İddiaçı18 Mirzəlı qızının, X1, İddiaçı20, İddiaçı21, İddiaçı17 Eyyub qızının, İddiaçı19, İddiaçı10, İddiaçı12, İddiaçı16 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı «iddiaçıların pozulmuş əmək hüquqlarının bərpa olunması, tutduqları vəzifələrə uyğun işlə təmin olunması, ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və digərləri cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı «iddiaçıların pozulmuş əmək hüquqlarının bərpa olunması, tutduqları vəzifələrə uyğun işlə təmin olunması, ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçılar İddiaçı1 və digərləri "xxxx" QSC-nin X2 Uşaq Poliklinikasında müxtəlif vəzifələr tutmaqla tibbi xidmət göstərmişlər. Xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında (tabeliyində olan poliklinika va tibbi - sanitar hissə daxil olmaqla) Cəmiyyətin təsisçiliyi ilə “X4” MMC yaradılmışdır. Uşaq Poliklinikası və Əhmədli tibbi-sanitar hissə də eyni adla yeni yaradılan MMC-nin tərkibində fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikasının 29 noyabr 1996-ci il tarixli 208-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Dövlət müəsissəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı olan Əmlak Məsələləri Dövlət Komitəsinin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X4” MMC yenidən təşkil edilmiş və təsisçi Azərbaycan Respublikası adından həmin komitə olmaqla “X8” ASC 2018-ci ilin 22 may tarixində dövlət qeydiyyatından keçmişdir. Belə ki, dövlətə aid olan müvafiq müəssisə üzrə tabeçilik dəyişilmiş və qüvvədə olan qanunvericiliyə əsasən bu proses dövlətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilmişdir. Bununla da, yeni təsis olunan ASC-nin Cəmiyyətə heç bir hüquqi münasibəti qalmamışdır. Göstərilənlərlə bağlı Cəmiyyət tərəfindən 2018-ci il 12 iyun tarixli 139 nömrəli əmr verilmiş və aidiyyəti strukturlara “X4” MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzərə alınması tapşırılmış, həmçinin əmək müqaviləsini Cəmiyyətlə bağlayan müvafiq rəhbər şəxslərin əmək müqaviləsinə xitam verilmişdir. Nəzərə çatdırılmışdır ki, Cəmiyyət strukturuna daxil olan qurumlar üzrə əmək haqqının verilməsi ilə bağlı müvafiq tədbirlər görə və zəruri köməklik göstərə bilər. Eyni zamanda qeyd edilmişdir ki, hazırda Cəmiyyətin işçilərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar olaraq “X8” ASC ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC arasında müvafiq müqavilə bağlanmışdır. “X8” ASC-nin nizamnaməsinin 1.1-bəndindən görünür ki, Cəmiyyət «Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq "xxxx" QSC-nin tabeliyində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 78 ünvanında yerləşən «X4» MMC-nin «X8» ASC-yə çevrilməsi nəticəsində yaradılır və onun hüquqi varisidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-672/2020 saylı 17 avqust 2020-ci il tarixli qətnaməsində göstərilmişdir ki, AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən 01 iyun 2018-ci il tarixdə verilmiş çıxarışdan görünür ki, “X8” ASC 23 iyun 2017-ci il tarixdə qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 1sinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncamı ilə "xxxx" QSC-nin tabeliyində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 78 ünvanında yerləşən “X4” MMC “X8” ASC-yə çevrilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncamına əlavəyə əsasən “X4” MMC-nin balansından çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan obyektlərin siyahısında Uşaq Poliklinikası və Əhmədli Tibbi-sanitar hissə də qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq sərəncamı ilə yenidən təşkil olunan “X4” MMC-nin Cəmiyyətin strukturundan çıxması haqqında "xxxx" QSC-nin 12 iyun 2018-ci il tarixli 139 nömrəli əmri ilə “X4” MMC-nin yenidən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X8” ASC-nin təşkil edildiyi və təsisçi Azərbaycan Respublikasının adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X8” ASC-yə çevrildiyi, həmin ASC-nin 2018-ci il 22 may tarixdə dövlət qeydiyyatından keçdiyi və bununla da “X4” MMC-nin Cəmiyyətin strukturundan çıxdığının nəzərə alınması, “X4” MMC-nin “X8” ASC-yə çevrilməsi və Cəmiyyətin strukturundan çıxarılması ilə əlaqədar olaraq, əmək müqaviləsini Cəmiyyətin sədri ilə bağlayan həmin MMC-nin aidiyyəti işçiləri barəsində qüvvədə olan qanunvericiliyə, Cəmiyyətin daxili sənədlərinə müvafiq müqavilə münasibətlərinə uyğun tədbirlər görülməsi, Cəmiyyətin işçiləri tibbi sığorta ilə təmin olunanadək onlara müvafiq tibbi xidmətlərin göstərilməsi məqsədilə “X8” ASC ilə müqavilə bağlanılması məsələsinə baxılması əmr edilmişdir. Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX tərəfindən verilmiş 18 mart 2020-ci il tarixli **********0 saylı cavab məktubuna əlavədən görünür ki, 27 nəfər işçi (o cümlədən, hazırkı iddiaçılar) işəgötürən “X8” ASC ilə əmək müqavilələri bağlamışlar və həmin müqavilələr hazırki vaxtadək qüvvədədirlər, İddiaçı4 2 mart 2020-ci il tarixdə "xxxx" MMC ilə, İddiaçı6 isə 29 avqust 2017-ci il tarixdə “X4” MMC ilə əmək müqaviləsi bağlamış va həmin müqavilələr də hazırkı vaxtadək qüvvədədir. “X4” MMC yaradıldıqdan sonra (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) X7 Komitəsinin idarəetməsinə verilmiş və Komitənin müvafiq sərəncamına əsasən “X4” MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikası adından X7 Komitəsi olmaqla “X8” ASC-yə çevrilməmişdən əvvəl X4 (uşaq poliklinikası da olmaqla) "xxxx" QSC-nin balansında olmuş, poliklinikanin işçiləri "xxxx" QSC-nin işçilərinin uşaqlarına tibbi xidmət göstərmişdir. “X4” MMC-nin “X8" ASC-yə çevrilməsindən sonra da işçilərin maaşları müəyyən bir dövr ərzində "xxxx" QSC tərəfindən ödənilmişdir. Hazırda da məhz "xxxx" QSC-nin işçilərinin uşaqlarına tibbi xidmət göstərmələrinə baxmayaraq, 2019-cu ilin yanvar ayının 1-dən etibarən əmək haqqı məvacibləri ödənilməmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kollegiyaya ünvanladığı sorğuya cavab məktubunda göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 16 yanvar 2018-ci il tarixli 12 nömrəli sərəncamı ilə "xxxx" QSC-nin tabeliyində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 78 ünvanında yerləşən “X4” MMC “X8” ASC-yə çevrilmişdir. Nazirlər Kabinetinin 17 aprel 2020-ci il tarixli 161s nömrəli sərəncamı ilə “X8” ASC Dövlət Gömrük Komitəsinin tabeliyinə verilmişdir. Yuxarıda qeyd edilənlər Səbail Rayon Məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin aidiyyəti dövlət orqanlarına göndərdiyi sorğulara verilmiş cavablar əsasında öz təsdiqini tapmışdır, İddiaçılar pozulmuş əmək hüquqlarının bərpa olunmasına, yəni “X4” MMC-də və “X8” ASC-də tutduqları vəzifələrə uyğun işlə təmin olunmaları, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Dövlət Gömrük Komitəsinə, İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etsələr də, bu günədək onların tələbləri təmin olunmamış və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göstərilənlərə və İPM-in 73-cü maddəsinə, MPM-in 82-ci maddəsinə əsaslanaraq, məhkəmədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli 161s nömrəli sərəncamı ilə “X8” ASC-nin Dövlət Gömrük Komitəsinin tabeliyinə verildiyi gündən Mülki Məcəllənin, Əmək Məcəlləsinin və digər qanunların tələblərinə əməl olunması, iddiaçıların pozulmuş əmək hüquqlarının bərpa olunması, yəni “X4” MMC-də və “X8” ASC-də tutduqları vəzifələrə uyğun işlə təmin olunması, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İPM-in 30.4-cü maddəsinə görə inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı23 və iddiaçıların nümayəndəsi (vəkili) gəlmişlər, digər iddiaçılar və cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 30.4 və 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məğbul bilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdiyini bildirdi və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5 və İddiaçı23 müdafiə etdiyiklərini bildirdilər. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə görə müəssisə – mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir, işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir, işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, mövcud qanunvericilik normaları inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətlərindən yaranmış mübahisələri inzibati mübahisə qismində qiymətləndirir və bu qəbildən olan mübahisələrə baxılması və həll edilməsini inzibati məhkəmə icraatına aid etmişdir. Həmin şəxslərin digər münasibətləri (xidməti hüquq münasibətləri olmayan), eləcə də sadalanan kateqoriyaya aid olmayan şəxslərin əmək münasibətləri üzrə yaranmış mübahisələr isə, inzibati mübahisə sayılmadan mülki məhkəmə icraatı qaydasında baxılan işlərdəndir. Hazırkı işin halları da onu deməyə əsas verir ki, iş üzrə cavabdeh kimi çıxış edən Əmlak Məsələləri Dövlət Xidməti inzibati orqan olsa da, hazırkı iddiaçılar dövlət qulluqçusu statusuna malik olmadığından və əmək mübahisəsinin tərəfi olaraq çıxış edən şəxslər kimi onlarla həmin inzibati orqan arasında həm publik münasibətlər, həm də birbaşa münasibətlər yaranmadığından, qaldırılmış iddia üzrə mübahisə inzibati xarakter daşıya bilməz. Mahiyyətinə görə iddiaçılar pozulmuş əmək hüquqlarının bərpa olunmasını tələb edirlər və bu mübahisə mülki xarakterli olmaqla müvafiq cavabdehə qarşı yönəlməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıların işçi kimi tərəf olduqları müqavilənin digər tərəfi – “işəgötürən” qismində də Əmlak Məsələləri Dövlət Xidməti çıxış etmir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçılar İddiaçı1 hazırkı tələbi üzrə iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz və bu səbıbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7825/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7825/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver