Məhkəmə qərarları › İş №2-1(112)-7826/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7826/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7826/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mübahisəli torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) X7 Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mübahisəli torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri,Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən "27K" saylı 0.12 ha torpaq sahəsinə dair hüquqların İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər Soveti İcariyyə Komitəsinin 15/595 nömrəli sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən "27K" saylı torpaq sahəsi ona İddiaçı ayrılmışdır. Tərəfindən dəfələrlə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində Bakı şəhər Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin inzibati orqan onun məktubuna xx.xx.2022-ci il tarixli imtina məktubu ilə cavab vermişdir. Səbəb olaraq isə təqdim edilən orderin arxiv çıxarışında ayrılan bağ sahəsinin nömrəsi və ölçüsü haqqında məlumat qeyd edilmədiyi göstərilmişdir. Lakin aşağıdakı hallara əsasən iddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır və bu iddiaçı kimi onun mülkiyyət hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7826/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə yerində müayinə təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7826/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyi verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən sahəsi 0,12 ha olan 27K saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının X5 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində, yerləşən “27k” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən X6 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinin bir hissəsi Bilgəh-Kürdəxanı dairəvi yolunun kənarında yerləşir. Eyni zamanda torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır. Əlavə olaraq, göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X8) müraciətləri mövcuddur. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Bu barədə vətəndaşa **********83 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli, xx.xx.2015-ci il tarixli Qərarının 1.2-ci bəndinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 metr enində müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il, xx.xx.2022-ci il,xx.xx.2022-ci il tarixli imtina məktublarının surəti; - Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 15/595 saylı xx.xx.1990-cı il tarixli qərarından təsdiq edilmiş arxiv çıxarışının surəti; - Bağlar Təsrrüfatı İdarəsi tərəfindən verilmiş 10 nömrəli Orderin surəti; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər 17 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxs 1 saylı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 583 saylı məktub; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli məktubu; - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu; - 01/23-222 nömrəli xx.xx.2023-cü il tarixli Mütəxəssis rəyi.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə iddia tələbinin predmetini Bakı Şəhər İcra Hakimiyyətinin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən 149 nömrəli BTK-nin nəzdində olan Ləhiş bağlar bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 27K bağ sahəsinin iddiaçının mərhum anasına (X3) məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını təşkil edir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər 17 saylı notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi şəxs 1 saylı Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli 583 saylı məktub ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı ünvan 4üraciət edərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş anası X1 qalmış miras əmlaka (Bakı şəh, Ləhiş bağ sahəsi 27K saylı sahədə yerləşən torpaq sahəsinə) dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Miras əmlak üzərində miras qoyan X4 hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından, «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın və bu barədə müvafiq məlumatın İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə görə, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Yuxarıda istinad olunan normada təsbit olunmuş qaydaya görə, daşınmaz əmlak üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış vərəsəyə verilir. Başqa sözlə, miras əmlaka münasibətdə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada vərəsə sayılan şəxslər sırasından olan şəxs həmin arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etməlidir. Lakin bundan əvvəl vərəsələr tərəfindən mirasın açıldığı yer üzrə notariat ofisinə (notariusa) müraciət edilməli və bunun üzərindən vərəsələrin dairəsi müəyyən olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan qaydaya əməl olunduğu iş üzrə materiallarla təsdiq olunur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanladığı “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2022ci il tarixli bildiriş məktubunda qeyd etmişdir ki, müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz X6 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinin bir hissəsi Bilgəh-Kürdəxanı dairəvi yolunun mühafizə zonasında yerləşir. Eyni zamanda torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa tərəfinizdən təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır. Əlavə olaraq, göstərilən torpaq sahəsinə digər fiziki şəxsin müraciətləri mövcuddur. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 298 nömrəli, xx.xx.2015ci il tarixli qərarının 1.2-ci bəndinə əsasən avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 metr enində müəyyən edilir. İddiaçı cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh sonradan məhkəmə icraatında iddia tələbinə qarşı etiraz məktubu təqdim etmişdir. Etiraz məktubunda qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən X6 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin torpaq sahəsinin bir hissəsi Bilgəh- Kürdəxanı dairəvi yolunun kənarında yerləşir. Eyni zamanda torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır. Əlavə olaraq, göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X8) müraciətləri mövcuddur. Məhkəmə tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 27K saylı torpaq sahəsinə dair arxiv qovluğunun və Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 15/595 saylı qərarı və onun qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinə dair sorğular vermişdir. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 149 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 27k saylı bağ (torpaq) sahəsinin ayrılmasına dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq 149 nömrəli BTK nəzdində Ləhiş massivində bağ sahələrinin yerləşmə sxeminin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibat orqanın “orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir“ imtina dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Milli Arxiv İdarəsinin 29 aprel 2002-ci il tarixli, BA-02328- 2022 nömrəli məktubundan (QR kodla məktubun həqiqiliyi təsdiq olunur) görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin 02 iyun 1988-ci il 195 nömrəli qərarına və Bakı Şəhər Sovetinin 14 iyun 1988-ci il 6\333 nömrəli qərarına əsasən Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 15/595 saylı xx.xx.1990-cı il tarixli qərarı ilə 149 nömrəli torpaq sahəsi ayrılmış və Ləiş bağ-tikinti kooperativi üzvlərinə bağ sahəsinin verilməsi siyahısında 10.X4 adı qeyd edilmişdir. Beləliklə də, iddiaçı tərəfindən təqdim olunmuş orderin cavabdehin arxivində aşkar olunmaması barədə imtina əsasları formal xarakter daşıdığı müəyyən olunur. Həmçinin məhkəmə qeyd edir ki, qanunvericilikdə hüquqların qeydiyyatından imtina əsaslarında orderin nüsxəsinin arxivdə saxlanılma tələbi müəyyən edilməmişdir. Belə olan halda sözügedən orderin cavabdehin arxivində olmaması onun həqiqətə uyğun olmadığına dəlalət etmədiyindən, həmin sənəd mötəbər hesab olunur. Qeyd edilənin əksini sübut edən hər hansı sənəd cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh inzibati orqanın “torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyi və iddiaçı tərəfindən təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamasına dair” imtina dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş, Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 10 nömrəli Orderin surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən 149 nömrəli BTK-nin nəzdində olan Ləhiş bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 27K bağ sahəsi X5 (iddiaçının anasına) ayrılmışdır. Həmçinin nəzərə alınmalıdır ki, işin müəyyən olunmuş hallarından iddiaçıya torpaq sahəsinin ayrılması barədə order (inzibati akt) qüvvədədir. Başqa sözlə, həmin orderin mötəbərliyi qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Eləcə də, məhkəmə qeyd edir ki, torpaq sahəsinin sxematik xəritədə qeyd olunmaması iddiaçının iradəsindən asılı olan hal deyil və bu halın aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətləri daxilindədir. Qeyd edilən hal qanunvericilikdə imtina dəlilləri arasında yer almamışdır. Cavabdeh inzibati orqanın “göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X8) müraciətləri mövcuddur” imtina dəlilinə (etiraz ərizəsinə) münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, iş üzrə materiallarda qeyd edilən bağ sahəsi üzərində hüququn hər hansı şəxsin adına qeydiyyata alınmadığı görünür. Eyni zamanda cavabdeh inzibati orqanın göstərilən imtina dəlili ilə bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsaslarında eyni torpaq sahəsi ilə bağlı digər şəxslərin müraciətinin olması göstərilməmişdir. Cavabdehin “torpaq sahəsinin bir hissəsi Bilgəh-Kürdəxanı dairəvi yolunun mühafizə zonasında (imtinada) (kənarında (etirazda)) yerləşir” imtina dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən bu hal, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubla təkzib edilir. Belə ki, sözügedən torpaq sahəsi Pirşağa-Bilgəh avtomobil yolunun 2+300-cü kilometr hissəsi yaşayış məntəqələri ərzaisində yerləşir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yolun qorunma (mühafizə) zolağı barədə məktubundan göründüyü kimi, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsinə yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq tikilmiş Bakı Bilgəh-Kürdəxanı avtomobil yolu 1-ci texniki dərəcəli 6 zolağa malikdir və avtomobil yolunun təhkim zolağının (torpaq yatağı) eni yolun oxundan (ayrıc zolağından) hər iki istiqamətdə 17,5 metr olmaqla 35,0 metr təşkil edir. İş materiallarına əlavə edilmiş 01/23-222 nömrəli xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bağlar Təsərrüfatı İdarəsinin 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən X5 ayrılmış, ünvan 5 ünvanında yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Aparılan araşdırma nəticəsində Bağlar Təsərrüfatı İdarəsinin 1990-cı il tarixli 15/595 nömrəli qərarına əsasən X5 ayrılmış, ünvan 5 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin Pirşağa-Bilgəh avtomobil yolunun oxundan (ayrıc zolaqdan) 24.4 metr məsafədə olması və Pirşağa-Bilgəh avtomobil yolunun mühafizə zonasında yerləşmədiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi cavabdeh inzibati orqan imtinada torpaq sahəsinin “yolun mühafizəsində” yerləşdiyini göstərdiyi halda məhkəməyə təqdim etdiyi etirazında “yolun kənarında” yerləşdiyini qeyd etmişdir. Eyni zamanda məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış keçirilmiş və yerində müayinə zamanı mübahisəli torpaq sahəsinin ətrafının hasarlı olduğu iddiaçıya məxsus mübahisəli torpaq sahəsi hər hansı kommunikasiya xəttinin və ya avtomobil yolunun mühafizə zolağına düşmədiyi (avtomobil yolunun qorunma zolağından kənarda yerləşməsi), həmçinin bitişik torpaq sahələrinə dair digər vətəndaşların mülkiyyət hüquqları qeydə alınaraq buna dair çıxarışın (27 saylı, 27D saylı bağ sahələrinə dair çıxarışlar iş materiallarına əlavə edilmişdir) verildiyi müəyyən edilmişdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsin əsasən qorunma (mühafizə) zolağı - təhkim zolağına hər iki tərəfdən bitişik və avtomobil yolları üçün ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir. Həmin Qanunun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir. Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında” 11 sentyabr 2015-ci il tarixli Nazirlər Kabineti Qərarının 1.2-ci bəndinə əsasən dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 22. 2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə): 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ... Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. ... Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. ... Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivi ünvanında yerləşən 27K saylı, 0.12 ha bağ sahəsinin iddiaçının mərhum anası X4 istifadəsinə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin 09 fevral 1990-cı il tarixli 15/595 nömrəli qərarı və həmin qərar əsasında verilmiş Bağlar Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 10 saylı Order qüvvədədir və bu baxımdan həmin sənədlər etibarlı sayılır. Həmin sənədlərin ləğv olunması və ya etibarsız sayılması barədə hər hansı sübut iş üzrə materiallara əlavə edilməmiş, eləcə də cavabdeh tərəfindən bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə görə, müqavilə əsasında daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü hallarda, həmin sənəd onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bu qayda hazırkı mübahisəyə münasibətdə arayışın verilməsinə də aiddir. Qeyd edilənlərə əsasən mülkiyyət hüquqlarının iddiaçının anasına məxsus olması barədə arayışın tələb edilməsi üçün müvafiq hüquq müəyyənedici sənədlər (order) olduğundan və cavabdeh inzibati orqanın gətirdiyi dəlillər iddiaçının iradəsindən asılı olmadığından və həmin dəlillər mülkiyyət hüquqlarının qeydə alınmasını istisna etmədiyindən, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, hazırkı mübahisəyə münasibətdə qeyd olunan bağ sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması barədə iddiaçıya arayışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Halbuki hazırkı mübahisəyə münasibətdə cavabdehin iddiaçının yalnız ziyanına olan halların araşdırılmasına cəhd etdiyi açıq-aşkar görünür. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prossesual Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prossesual Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prossesual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə və istinad olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 27K nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının X5 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 27K nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının X5 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar