Məhkəmə qərarları › İş №2-1(112)-7827/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7827/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7827/2023 25.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “185D” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağların ərazisinə uyğun gəlir və göstərilən bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 ha sahəsi olan 185D saylı bağ sahəsinə onun mülkiyyət hüququnun faktiki yerləşmə vəziyyətinə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan SSRİ Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən 3 iyun 1993-cü il tarixli 1053 nömrəli qərarına əsasən Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 185D saylı, 0,12 hektar bağ sahəsi verilmişdir. Sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə müraciət etmiş, lakin cavabdeh qurum hər dəfə başqa bir əsasla onun müraciətinə imtina cavabını vermişdir. İnzibati orqan sonuncu imtinanı onunla əsaslandırmışdır ki, elektron kadastr məlumatlarına əsasən sözügedən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağların ərazisinə uyğun gəlir və göstərilən bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. İmtina məktubunda qeyd olunan məqamlar onun iradəsindən asılı olmamışdır. Ona görə də ona məxsus olan sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata salınmaması onun mülkiyyət hüquqlarını pozur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş, əlavə olaraq bildirmişdir ki, təqdim edilən Bağlar təsərrüfatının inkişafı və istismar birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə digər bağın ərazisinə uyğun gəlir. Həmçinin, bağların bölgüsünə dair sxematik xəritədə bağ sahəsinin nömrəsinin qeyd olunmadığı aşkar olunmuşdur. Həmçinin bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə yerli baxış zamanı məlum olmuşdur ki, sözügedən bağ sahəsi yol kənarında yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli cavab məktubları ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - “Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1053 nömrəli sərəncamından çıxarışdan görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il tarixli 195 nömrəli Qətnaməsinə əsasən Ləhic 241 nömrəli bağ-tikinti kooperativinin tərkibində İddiaçı bağ sahəsi ayrılmışdır. -Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar massivindəki 241 nömrəli kooperativinin б/с nömrəli orderindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1993-cü il tarixli 1053 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 241 nömrəli BTK nəzdində olan 0,12 ha sahəsi olan 185D nömrəli bağ sahəsi İddiaçı ayrılmışdır. -xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200,0 kv.metr, faktiki sahəsi 1650,0 kv.metr təşkil edir. Göstərilən bağ sahəsinin bir tərəfi metal tor, digər tərəfləri isə 3-4 daş hündürlüyündə mişar daşı ilə hasarlanmışdır. Darvazası yoxdur. Sahədə köhnə ev var. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Göstərilən sahə sxematik xəritəyə əsasən 185v (və ya 185b) saylı bağın ərazisinə uyğun gəlir. Vətəndaşın nümayəndəsi 185v saylı sahəsinin də özlərinə aid olduğunu və qonşuluqda qeydiyyatdan keçdiyini bildirilmişdir. Sahə Bilgəh-Kürdəxanı yolunun kənarından 8.1-9.3 metr məsafədə yerləşir. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, sahəsi 0,12 ha olan 185d saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla onun adına çıxarışın verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən ona bağçılıq tikinti kooperativinin tərkibində bağ sahəsinin ayrılması barədə qərarı və orderi təqdim edir. Belə olan halda aydındır ki, iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədi olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən ona torpaq sahəsinin ayrılması barədə qərarı mübahisələndirməmiş, yalnız: 1.elektron kadastr məlumatlarına əsasən qeyd olunan torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər bağların ərazisinə uyğun gəlməsinə;

2. göstərilən bağın nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamasına istinad etmişdir. Məhkəmə cavabdehin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, cavabdeh xx.xx.2023cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında bağ sahəsinin 185v və ya 185b saylı bağın ərazisinə uyğun gəldiyini bildirsə də, xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, idarənin arxivində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində “185d” saylı bağ sahəsinə dair sənəd aşkar edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən bağ sahəsi “185b” saylı bağ sahəsinin ərazisinə düşür. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən185b saylı bağ sahəsinə dair sənədlərin təqdim edilməsi üçün sorğu verilmiş, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, 185b saylı bağ sahəsi ilkin olaraq 185 saylı BTK-nın sədri tərəfindən verilmiş б/с nömrəli order əsasında xx.xx.2017-ci il tarixdə X5 adına qeydiyyatdan keçmiş, daha sonra isə RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X1 adına qeydiyyata alınmışdır. Eyni zamanda iş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1989-cu il tarixli 9/333 saylı qərarına əsasən verilmiş 92 nömrəli bağ tikinti kooperativinin б/с nömrəli orderi əsasında 185v saylı bağ sahəsi ilkin olaraq xx.xx.2017-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ortofoto xəritəsindən çıxarışdan görünür ki, 185b və 185d saylı bağ sahələri iddiaçının iddia etdiyi 185d saylı bağ sahəsinə qonşu bağ kimi qeydiyyata alınmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının naturada göstərdiyi torpaq sahəsinin 185d saylı deyil, 185v və ya 186b saylı bağ sahəsinə uyğun gəldiyini bildirsə də, özü həmin bağ sahələrini iddiaçının iddia etdiyi bağ sahəsindən kənarda, qonşuluğunda qeydə almışdır. Belə olan halda isə sual yaranır ki, cavabdeh hansı əsasla 185b (və ya 185v) saylı bağ sahəsinin ərazisinə uyğun gəlməyən torpaq sahəsini 185b (və ya 185v) saylı bağ sahəsi kimi qeydə almışdır?! Məhkəmə cavabdehin özü tərəfindən Ləhiş bağ massivindəki 185b (və ya 185v) saylı bağa dair mülkiyyət hüququnun digər ərazi üzrə qeydə alındığını nəzərə alaraq hesab edir ki, iddiaçının göstərdiyi ərazinin 185b (və ya 185v) saylı qonşu bağ sahəsinin ərazisinə uyğun olmasına istinadən İddiaçı hüququnun qeydə alınmasından imtinası əsaslı sayıla bilməz. Cavabdehin ikinci dəlilinə gəldikdə, iddiaçıya ayrılmış bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritəyə daxil edilməsi iddiaçının deyil, ona torpaq sahəsi ayıran qurumun səlahiyyətində olmuşdur və bu hal iddiaçının müvafiq hüquqmüəyyənedici sənəd təqdim etdiyi halda mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Bundan başqa, cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında idarənin mütəxəssisləri tərəfindən göstərilən əraziyə yerli baxış zamanı sözügedən bağ sahəsinin yol kənarında yerləşdiyini bildirmişdir. Həmçinin cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sahə Bilgəh-Kürdəxanı yolunun kənarından 8.1-9.3 metr məsafədə yerləşir. Yolun mühafizəsi ilə bağlı suala aidiyyəti təşkilatın rəyi alınmalıdır. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müvafiq sorğular göndərilmiş, X4 Mühafizə Xidmətinin 25 iyun 2023-cü il tarixli, 11-1/2-266-125/2023 nömrəli məktubunda göstərilmişdir ki, sözügedən torpaq sahəsi Pirşağı-Bilgəh avtomobil yolunun 13+500-cü km hissəsi yaşayış məntəqəsi ərazisində yerləşir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 15- 1-ci maddəsinə əsasən yaşayış məntəqəsi hüdudları daxilində yerləşən avtomobil yollarının qorunma (mühafizə) zolağı istisna olunur. Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydalarının əsas texniki normalar və nəqliyyatistismar göstəricilərinə əsasən avtomobil yolunun təhkim zolağı, avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, yolun hərəkət hissəsi, səkilər, velosiped yolları, dayanacaqlar, suötürücü və qoruyucu qurğular, küvet, yol çiyni, dekorativ yaşıllıqlar yerləşdiyi ərazidir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq tikilmiş Pirşağa-Bilgəh avtomobil yolu İ texniki dərəcəli 6 zolağa malikdir və avtomobil yolunun təhkim zolağının (torpaq yatağı) eni yolun oxundan (ayırıcı zolaqdan) hər iki istiqamətə 17,5 metr olmaqla 35,0 metr təşkil edir. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Eyni zamanda Azərbaycan Avtomobil Yolları X7 Yollarının Mühafizə Xidmətinin 16 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, Pirşağı - Bilgəh avtomobil yolu İ texniki dərəcəyə, 6 zolağa malikdir və avtomobil yolunun təhkim zolağının (torpaq yatağı) eni, yolun oxundan (ayırıcı zolağından) hər iki istiqamətə 17,5 metr olmaqla ümumi 35,0 metr təşkil edir. Pirşağı - Bilgəh avtomobil yolu bir istiqamət üzrə 3 hərəkət zolağına malikdir və hər bir hərəkət zolağının eni 3,75 metr təşkil etməklə, ümumilikdə 11,25 metr təşkil edir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktı əsasında sözügedən torpaq sahəsi avtomobil yoluna ən yaxın 8,1 metr məsafədə yerləşdiyi görünür. Mövcud ölçüləri nəzərə alaraq ((3,75 X 3 + 8,1 = 19,35), (19,35 - 17,5 = 1,85)) sözü gedən bağ sahəsi Pirşağı - Bilgəh avtomobil yolunun təhkim zolağından (torpaq yatağı) ən yaxın məsafədə, 1,85 metr kənarda yerləşir. Göründüyü kimi, iddiaçının naturada göstərdiyi torpaq sahəsi Pirşağı - Bilgəh avtomobil yolunun təhkim zolağından (torpaq yatağı) 1,85 metr kənarda yerləşir, eyni zamanda həmin torpaq sahəsi Pirşağı-Bilgəh avtomobil yolunun 13+500-cü km hissəsi üzrə yaşayış məntəqəsi ərazisində yerləşdiyindən, həmin hissədə avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilməmişdir. Belə olan halda aydındır ki, cavabdehin bu dəlili də iddiaçının mübahisəli torpaq sahəsinə hüququnun qeydə alınmasından imtina üçün əsaslı dəlil kimi qiymətləndirilə bilməz. Məhkəmə onu da qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin iyul 1992-ci il tarixli 941 saylı sərəncamı ilə Bağlar təsərrüfatı idarəsi bağ ərazisinin yerləşdiyi qəsəbə (kənd) icra hakimiyyəti aparatının deputatları ilə birlikdə bağ tikinti kooperativlərinin tərkibində iki və daha çox il bağ sahəsilə təmin edilib lakin, heç bir abadlıq və becərmə işləri görməyən belə vətəndaşlar barədə yerində akt tərtib edilməsi və həmin vətəndaşlardan bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadəsinə verilməsi qərara alınmışdır. Mübahisəli bağ sahəsi 1993-cü ildən etibarən iddiaçının istifadəsində olmuş, yuxarıda göstərilən normalara əsasən həmin bağa dair verilmiş order etibarsız sayılmamışdır. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, ancaq formal əsaslara istinad edilərək şəxsin qanunla yaranan hüququnun qeydə alınmasından imtina edilməsi mövcud qanunvericiliyə uyğun hesab edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunsun. İddiaçı istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200,0 kv.metr sahəsi olan 185D saylı bağ sahəsinə mülkiyyət hüququnun faktiki yerləşmə vəziyyətinə uyğun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar