Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7827/2024 19.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2024-cü il tarixində ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət edərək, ona 25 aprel 2009-cu ildən 15 fevral 2024-cü il tarixə kimi güzəştli şərtlərlə yaşa görə hesablanıb ödənilən pensiyanın məbləğinin 15 fevral 2024-cü il tarixdən nəyə görə və hansı əsaslarla azaldılmasına dair açıqlama verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, araşdırma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşını tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşını tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Bununla əlaqədar olaraq, ona əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır: Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 34 il 6 ay 20 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 40,79 manat (34,55 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib, 66,82 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7236,00 manat sığorta kapitalına uyğun 50,25 (7236,00:144) manat və 85 manat baza hissəsi əlavə edilərək xx.xx.2011-ci il tarixinə 202,07 (66,82+50,25+85) manat (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 265,01 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Ona əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işlədiyinə görə işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 18215,84 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 74 (63 il 6 ay - 63 il 4 ay=2 ay+(144 ay-72 ay)) aya bölünməklə (18215,84/74=246,16 manat) pensiya məbləğinin üzərinə əlavə edilərək əmək pensiyası xx.xx.2017-ci il tarixindən yenidən hesablanaraq 265,01 manatdan 511,17 manata (265,01 +246,16) (indeksləşdirilərək xx.xx.2019-cu il tarixinə 556,52 manat) artırılmışdır. Bundan başqa, xx.xx.2019-cu il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə işləyən əmək pensiyaçısı olduğunu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4312,08 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə (4312,08/72=59,89 manat) pensiya məbləğinin üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 556,52 manatdan 616,41 manata (556,52+59,89) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 1077,20 manat) artırılmışdır. Cavabdehin bu məktubu ilə razılaşmayan iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun əmək pensiyasının yenidən hesablanması haqqında 08 fevral 2024-cü il tarixli, 3-17-1/3-7-1357/2024 saylı qərarının ləğv edilməsi və ona 55 yaşdan təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxx 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Bakı şəhərində orta məktəbin səkkizinci sinfini bitirmiş, 01 sentyabr 1970-ci ildə keçmiş Azərbaycan Sovet Sosialist Respublikası Ticarət Nazirliyinin Respublika Ticarət-Kulinar peşə Məktəbinin əyani şöbəsinə daxil olmuş və 30 may 1972-ci ildə həmin peşə məktəbini bitirmişdir. Qeyd olunan Peşə məktəbini bitirdikdən sonra 15 noyabr 1972-ci ildə “Bakı Metalkombinatı”nda ştamplayıcı kimi işə qəbul olunmuş və 24 aprel 1973-cü ilə kimi həmin işdə işləmişdir. 05 may 1973-cü ildən 31 may 1975-ci ilə kimi keçmiş Sovet Ordusu sıralarında növbəti hərbi xidmətdə olmuşdur. 05 sentyabr 1975-ci ildə Bakı şəhərində olan “Təranə” Yeməkxanasının “Moskva” kafesinə 4-cü dərəcəli aşpaz kimi işə qəbul olunmuş, həmin vəzifədə 15 dekabr 1975-ci ilə kimi işləmişdir. 15 yanvar 1976-cı ildə “Bakı Metropoliteni”nə elektrik avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri kimi işə qəbul olunmuşdur. 11 noyabr 1976-cı ildə köçürmə yolu ilə “Bakı Metropoliteni”ndə maşinist köməkçisi vəzifəsinə təyin olunmuşdur. 10 fevral 1977-ci ildən ağır elektrik qatarına həftədə 36 saatlıq ağır iş rejimi ilə maşinist köməkçisi vəzifəsinə keçirilmiş, 21 may 1982-ci ildə elektrik qatarı üzrə maşinist kimi işə qəbul olunmuşdur. 02 aprel 1986-cı ilə kimi maşinist işləmişdir. Sonra müfəttiş vəzifəsinə keçirilmiş, 20 may 1987-ci ildə yenidən elektrik qatarları üzrə maşinist vəzifəsinə keçirilmiş, 1987-1990-cı illərdə “Bakı Metropoliteni”ndə partiya təlimatçısı vəzifəsində işləmişdir. 1980-1985-ci illərdə “Bakı Metropoliteni”ndə istehsalatdan ayrılmadan keçmiş SSRİ-də olan X2 dəmiryol mühəndisi ixtisası üzrə qiyabi ali təhsil almışdır. xx.xx.1976-cı ildən xx.xx.1997-ci ilə kimi “Bakı Metropoliteni”ndə ağır və zərərli iş şəraitində çalışmışdır. 01 avqust 1997-ci ilədək 2 nömrəli siyahı üzrə yaşa görə güzəştli şərtlərlə pensiya təyinatı üçün tələb olunan 25 il ümumi sığorta stajına qarşı 26 il 1 ay 11 gün, tələb olunan xüsusi (güzəştli) əmək stajına qarşı 16 ildən çox güzəştli stajı olduğuna görə ona “Vətəndaşların pensiya təminatı haqqında”, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərini və “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsi ilə təsbitini tapmış Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənən normativ hüquqi aktın geriyə qüvvəsini nəzərə alaraq 55 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən pensiya təyin edilmişdir. 25 aprel 2009-cu ildə 55 yaşının tamam olması ilə bağlı ona güzəştli şərtlərlə pensiya təyin olunmasına baxmayaraq, o, “Bakı Metropoliteni”ndə qalıb işləmişdir. 25 aprel 2009-cu ildə pensiyaya çıxmağına baxmayaraq, “Bakı Metropoliteni”ndə qalıb 6 il işlədiyi üçün 2015-ci ildə hesabında yığılmış kapital yığımını yenidən hesablamışlar və pensiyasına əlavə etmişlər. 25 aprel 2019-cu ildə 65 yaşının tamam olması ilə bağlı o, “Bakı Metropoliteni”ndə işdən azad olunmuşdur. Həmin vaxtdan hal-hazıra kimi heç bir yerdə işləmir. 15 yanvar 2024-cü ilə kimi pensiyaya edilmiş indeksikasiya və digər artımlarla birlikdə ona hər ay 1740 manat pensiya ödənişi edilmişdir. Ona 06 fevral 2024-cü il tarixdə cavabdeh orqan ona məktub ünvanlanmış 08 fevral 2024-cü ildə Filiala dəvət olunmuş, bu barədə 08 fevral 2024-cü il tarixli akt tərtib olunmuşdur. Həmin şəxslər tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi bildirilmişdir. 15 fevral 2024-cü ildə ona pensiya ödənişi edilərkən indeksasiya ilə birlikdə 1077 manat məbləğində pensiya ödənilmişdir. Halbuki 11,2 faiz indeksikasiya nəzərə alınmaqla 1934 manat məbləğində pensiya ödənilməli idi. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında imtina məktubunda qeyd edilənləri təkrarlayaraq iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (hazırda 9.1-ci maddəyə əsasən cari tarixə yaş həddi - kişilərdə 60 yaş, qadınlarda 58,5 yaş təşkil edir). Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” (bundan sonra - Siyahı) ilə müəyyən olunur. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. xx.xx.1993-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixdə 13- cü maddəsinin “a” və “b” bəndləri üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər və qadınlar üçün Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli Siyahılar üzrə müvafiq olaraq 50 (55) yaş və 45 (50) yaş pensiya yaş həddi müəyyən edilmişdi. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təyinatı haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1997-ci il avqust ayının 1 -dən etibarən hər il pensiya yaş həddi 6 ay artırılaraq 01,08.2000-ci il tarixindən 1 №-li siyahı üzrə kişilər 52 yaşdan, qadınlar 47 yaşdan, 2 №-li siyahı üzrə isə kişilər 57 yaşdan, qadınlar 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırdılar. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Göründüyü kimi, Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Fond tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Nümunə olaraq, xx.xx.2017-ci il tarixindən etibarən, yəni 6 ildən artıqdır ki, Qanunun 9.1-ci maddəsinə əsasən kişilər üçün pensiya yaşı 60 yaş müəyyən edilmişdir. Həmin tarixdən əvvəl isə müvafiq pensiya yaşı 57 yaş idi. Eynilə, gələcəkdə də bu yaş həddinin dəyişilməsi mümkündür. Məsələyə iddiaçının Fondun əleyhinə olan mövqeyindən yanaşdıqda belə nəticəyə gəlmək olar ki, pensiya təminatı sahəsində hazırda qüvvədə olan Qanun qüvvədən düşərək, yeni qanun qəbul olunar və həmin qanunda da Qanunun 9.8-ci maddəsinə analoji bir müddəa nəzərdə tutularsa, o zaman Qanunun qüvvədən düşdüyü tarixdə mövcud olmuş yaş həddi deyil, Qanunun ayrıayrı vaxtlarda qüvvədə olmuş redaksiyalarına əsasən müvafiq tarixlərə stajı toplamış şəxslərə müxtəlif yaşlardan (məsələn, xx.xx.2017-ci ilədək stajı tamamlanmış şəxslərə 57 yaşdan) pensiya təyinatı həyata keçirilməlidir. Lakin hazırki vəziyyətdə xx.xx.2017-ci il tarixinədək 25 il ümumi və 12 il 6 ay xüsusi stajı toplamış, lakin 57 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı 57 yaşdan deyil, 60 yaşdan həyata keçirilir. Eynilə, xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə də Qanunun o vaxtki redaksiyasına uyğun olaraq, 1 nömrəli Siyahı üzrə 50 yaşdan deyil, 52 yaşdan (2 nömrəli Siyahı üzrə isə 55 yaşdan deyil, 57 yaşdan) pensiya təyin olunurdu. Yəni, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sözügedən dəyişikliyin edildiyi tarixdən sonra 2000- 2005-ci illərdə xx.xx.1997-ci il tarixinədək tələb olunan stajı toplamış, lakin 50 yaşı həmin tarixdən sonra tamam olmuş şəxslərə müvafiq pensiya təyinatı dəyişikliyə uyğun olaraq, kişilərə münasibətdə 52 (57) yaşdan edilməsinə baxmayaraq, məhkəmə sonradan qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsaslanmaqla 2006-dan sonrakı illərdə qüvvədən düşmüş qanunun ilkin redaksiyasına uyğun 50 (55) yaşdan pensiya hüququnu müəyyən edir. Yəni qanunun qüvvədə olduğu vaxtda tətbiq olunmayan yanaşmanın, qanunun qüvvədən düşdüyü tarixdən sonra tətbiq olunması ağlabatan deyil. İstər “Vətəndaşların pensiya təyinatı” haqqında Qanun, istərsə də “Əmək pensiyaları haqqında” Qanunda pensiya yaş hədlərinin dəyişdirilməsi zamanı, dəyişikliyə qədər stajı toplamış şəxslərə əvvəlki nomraların tətbiqi barədə heç bir müddəa nəzərdə tutulmayıb. Qanunun 9.8-ci maddəsi isə məhz müəyyən kateqoriyadan olan şəxslərə münasibətdə (ümumi və güzəştli iş stajını toplamış) xx.xx.2006-cı il tarixindən əvvəl mövcud olmuş hüquqi vəziyyətin saxlanılmasını nəzərdə tutan norma kimi başa düşülməlidir. İddiaçının mövqeyi o halda qanunauyğun saymaq olardı ki, “Vətəndaşların pensiya təyinatı” haqqında Qanuna xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanun ilə dəyişiklik edilərək yaş hədləri artırılarkən, həmin qanunda xx.xx.1997-ci il tarixinədək müvafiq stajı tamamlamış şəxslərə qeyd olunan tarixdən əvvəlki normaların tətbiqi barədə hər hansı qeyd nəzərdə tutulmuş olsun. Lakin dəyişiklik Qanununda belə bir norma olmadığına görə, Qanunun 9.8-ci maddəsi üzrə pensiya təyinatı zamanı məhz 01.01,2006cı il tarixindən əvvəl mövcud olmuş yaş hədləri, yəni 1 və 2 nömrəli Siyahılar üzrə kişilərə və qadınlara müvafiq olaraq pensiya yaşı 52 (57) və 47 (52) yaş olaraq müəyyən edilməsi qanunauyğundur. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamamlandığı xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1954-cü ildə anadan olmuş, onun 55 yaşı xx.xx.2009-cu ildə tamam olmuşdur. X1 xx.xx.2009-cu il tarixli ərizəsindən görünür ki, o, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə ərizə ilə müraciət edərək yaşa görə pensiyanın təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 3205 nömrəli, xx.xx.2009-cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir. İşdə olan cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-1357/2024 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarından görünür ki, iddiaçıya təyin edilən əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 37.3.1-ci maddəsinə əsasən inventar (artıqödəmə) əsası ilə yenidən hesablanmış, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə pensiyasının məbləği 1935,60 manatdan 1077,20 manata azaldılmışdır. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirərək, ona 55 yaşının tamam olduğu xx.xx.2009-cu ildən təyin edilmiş əmək pensiyasının bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işin istinad olunan hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının əsasını iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edilməsi olmuşdur. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahı üzrə kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Uzun illər formalaşmış həm inzibati orqanın praktikası, həm də məhkəmə praktikasına əsasən ƏPQ qüvvəyə mindikdən sonra, yəni xx.xx.2006-cı ildən sonra, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahı üzrə kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən Qanunun 9.8-ci maddəsində göstərilən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər aşağıdakı formada tətbiq edilmişdir.
1. əgər şəxsin xx.xx.1997-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay xüsusi stajı tamam olmuşsa, ona 55 yaşdan;
2. əgər şəxsin xx.xx.1997-ci il tarixədən sonra xx.xx.2006-cı ildədək25 il ümumi, 12 il 6 ay xüsusi stajı tamam olmuşsa, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, cavabdeh məhz həmin praktikaya uyğun olaraq iddiaçının xx.xx.1997-ci il tarixədək 25 il ümumi, 12 il 6 ay xüsusi stajının tamam olmasını nəzərə alaraq, ona 55 yaşının tamam olduğu xx.xx.2009-cu ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 2 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş, lakin sonradan həmin qərarına dəyişiklik edərək, yeni qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması barədə qərar ilə iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini qərara almışdır. Məhkəmə cavabdehin bu qərarı ilə aşağıdakılara görə razılaşmır. “İnzibati icraat haqqında” Qanunun (bundan sonra –İİQ): - maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən əsas prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə anoloji qaydada həll ediləcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə bilər. Lakin bu yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb edir. Yəni cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür. İşin yuxarıda istinad olunan hallarından görünür ki, cavabdeh inzibati orqan 2009cu ildə, həmin dövrdə formalaşmış inzibati praktikasına uyğun olaraq iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etsə də, sonradan heç bir əsas olmadan bu praktikanı dəyişmiş, bu zaman hər hansı bir əsaslandırma etməmiş, deməli praktikasını dəyişməkdə haqlı olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı o halda qorunmur ki, şəxs: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə cavabdeh bu hallardan hər hansı birinin mövcud olmasını da sübuta yetiə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ona 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı inzibati orqanın praktikasına etimadı mövcuddur və onun bu etimadı qanunla qorunur. İİQ-nin yuxarıda qeyd edilən 67.5-ci maddəsindən görünür ki, qanunverici aşağıdakı qanunsuz əlverişli inzibati aktın ləğv edilməsinə yol vermir:
1. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu;
2. başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı;
3. cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlevrişli inzibati aktın. Məhkəmə qeyd edir ki, işin yuxarıda göstərilən hallarına əsasən iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı qəbul edilmiş xx.xx.2009-cu il tarixli inzibati akt: 1.iddiaçının məzmununa etimad göstərdiyi və bu etimadın qanunla qorunduğu inzibati aktdır;
2. onun qəbul edilməsi başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmamışdır; 3.iddiaçı üçün cari pul öhdəliklərini nəzərdə tutmaqla onun üçün əlverişli inzibati akdır. Belə olan halda aydındır ki, həmin inzbati aktın qanunsuz olduğu barədə cavabdehin dedikləri həqiqət olsa belə, İİQ-nın 67.5-ci maddəsinə əsasən cavabdehin onu ləğv emək hüququ olmamışdır. Bundan başqa, o da qeyd edilməlidir ki, İİQ-nın 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən istinad etdiyi normalar iddiaçıya 55 yaşın tamam olduğu xx.xx.2009-cu ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə xx.xx.2009-cu il tarixli qərar qəbul edilən zaman da mövcud olmuş, lakin cavabdeh İİQ-nin 67.12-ci maddəsinin tələbini pozmaqla həmin əsaslara 15 il sonra istinad etmiş və iddiaçıya 57 yaşdan pensiya təyin edilməsi qənaətinə gələrək bununla ona 55 yaşdan təyin edilmiş qərarın qüvvədən düşməsinə səbəb olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya 55 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı tarixi 57 yaşa çəkməsi barədə xx.xx.2024-cü il tarixli qərarı qanunsuz əliverişsiz inzibati aktdır. İİQ-nin 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Buna görə də məhkəmə hesab edir ki, idia tələbi təmin edilməli, İİQ-nin 67.3-cü maddəsində qeyd edildiyi kimi cavabdehin xx.xx.2024-cü il tarixli qanunsuz əliverişsiz inzibati aktı ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına uyğun olaraq pensiyanın əvvəlki məbləğdə hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-7-1357/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 55 yaşının tamam olduğu xx.xx.2009-cu ildən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi və bərpa olunan tarixədək ödənilməmiş məbləğin ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova