Məhkəmə qərarları › İş №2-1(112)-7827/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7827/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7827/2025 16.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya məbləğinin yenidən hesablanması barədə cavabdehin müvafiq qərarının ləğv edilməsi, pensiya məbləğindən tutulmaların dayandırılması və tutulmuş məbləğlər bərpa edilmiş pensiya məbləğinə əlavə edilərək iddiaçıya ödənilməsi vəzifəsinin cavabehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-62103/2023 saylı qərarının ləğv edilməsi və ona 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş pensiyasının bərpa edilməsi və hazırkı tarixədək əksik ödənilmiş məbləğin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona xx.xx.2008-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə pensiya məbləği azaldılmışdır. İddiaçıya cavabdeh təşkilatdan “artıq ödənilmiş əmək pensiyası haqqında” məktub ünvanlanaraq bildirilmişdir ki, “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. İddiaçıya son üç il üzrə 28.310,52 manat artıq pul vəsaiti ödənilib.”. İddiaçı qeyd olunan məsələ ilə əlaqədar Mərkəzi Filiala yaxınlaşmış və orada ona bildirilmişdir ki, yanlışlıqla iddiaçıya pensiya çox ödənilmişdir və çox ödənilmiş pensiya məbləğini dövlət büdcəsinə qaytarmalıdır. Bununla bağlı razılığın verilməsinin məcburiliyi ona bildirilmişdir. Razılıq verməsə, məhkəmə qaydasına bütün pensiya məbləği əlindən alınacaq və ona təyin edilmiş pensiya ləğv ediləcəkdir. Akta qol çəkmişdir. Hazırda isə ona məlum olmuşdur ki, əvvəlcədən pensiya düzgün təyin edilmişdir və ona məcburi şəkildə akta imza çəkdirilməsi tamamilə qanunsuzdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a" bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1 -ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ sözügedən Qərarla təsdiq olunmuş 1 №- li Siyahı üzrə 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını topladıqda, lakin 50 yaş həddinə dəyişiklikdən sonra çatdıqda onlara həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş 52 yaş həddinə uyğun təyin edilməlidir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunmuşdur. Bundan başqa, İddiaçı əmək pensiyası təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına əsasən əmək pensiyası xx.xx.2017-ci il tarixindən Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 254,16 manatdan 465,12 manata (indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 799,20 manat) artırılmışdır. Qeyd olunanları nəzərə alaraq, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən ona vaxtilə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmış, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona xx.xx.2023-cü il tarixində məktub göndərilməklə 2 noyabr 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilmiş və mülahizəsinin dinlənilməsi üçün Mərkəzi Filiala 31 oktyabr 2023-cü il tarixində gələrək tərtib olunmuş akt onun tərəfindən imzalanmışdır. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 29962,23 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli yazılı razılıq ərizənizə əsasən həmin pul vəsaitinin 239,70 manat hissəsi xx.xx.2023xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində əmək pensiyasından tutularaq büdcəyə bərpa edilmiş və xx.xx.2024-cü il tarixinə qalıq artıq ödənilmiş vəsait 29722,53 manat təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuş, onun 50 yaşı xx.xx.2008-ci il tarixdə tamam olmuşdur. “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2009-cu il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı xx.xx.1979-ci ildən – xx.xx.1982-ci ilə qədər 6 saylı Texnoloji Nəqliyyat İdarəsində Buxarla hərəkət edən parafinsizləşdirici qurğusunun maşinisti, peşəsində işləmişdir, xx.xx.1982-ci ildən – xx.xx.1993-cü ilə qədər 6 saylı Texnoloji Nəqliyyat İdarəsində sementləşdirici aqreqatın motorçusu peşəsində işləmişdir, xx.xx.1993-cü ildən – xx.xx.1998-ci ilə qədər “Bulla-dəniz” NQÇİ-nin X2 sementləşdirici aqreqatın motorçusu peşəsində işləmişdir, xx.xx.1998-ci ildən – xx.xx.2003-cü ilə qədər “Duvannı” X2 sementləşdirici aqreqatın motorçusu peşəsində işləmişdir, xx.xx.2003-cü ildən- hal-hazıra qədər N.Nərimanov adına NQÇİ-nin X2 sementləşdirici aqreqatın mootorçusu peşəsində işləyir. İddiaçı işlədiyi ixtisaslar Azərbaycan Respublikası NK-n 21 iyun 1993-cü il tarixli 320 №-li qərarına əsasən güzəştli sayılır. İşdən görünür ki, iddiaçı xx.xx.2009-cu ildə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2009-cu il tarixli 414 saylı qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən iddiaçıya xx.xx.2008-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-62103/2023 saylı qərardan görünür ki, İddiaçı 50 yaşdan təyin edilmiş pensiya yaşı 52 yaşa çəkilmiş, ona xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə pensiyanın məbləği 1722.95 manatdan 799.20 manata azaldılmışdır. Qərara əsasən iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixlərində 29962,23 manat artıq ödəmə edilmişdir. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirərək, ona 50 yaşının tamam olduğu xx.xx.2008-ci ildən təyin edilmiş əmək pensiyasının bərpa edilməsini və əskik ödənilmiş məbləğin geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, işin istinad olunan hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının əsasını iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin olunması təşkil etmişdir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, ƏPQ-nin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.1997-ci il tarixdə dəyişiklik edildikdən sonra 2000-ci ilin avqustun 1-dək yaş hədləri hər il 6 ay artırılmış, xx.xx.2000-ci ildən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini zərərli işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malik olmuşlar. Uzun illər formalaşmış həm inzibati orqanın praktikası, həm də məhkəmə praktikasına əsasən ƏPQ qüvvəyə mindikdən sonra, yəni xx.xx.2006-cı ildən sonra, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahı üzrə kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən Qanunun 9.8-ci maddəsində göstərilən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblər aşağıdakı formada tətbiq edilmişdir.

1. əgər şəxsin xx.xx.1997-ci il tarixədək 20 il ümumi, 10 il xüsusi stajı tamam olmuşsa, ona 50 yaşdan;

2. əgər şəxsin xx.xx.1997-ci il tarixədən sonra xx.xx.2006-cı ildədək 20 il ümumi, 10 il xüsusi stajı tamam olmuşsa, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından görünür ki, cavabdeh məhz həmin praktikaya uyğun olaraq iddiaçının xx.xx.1997-ci il tarixədək 20 il ümumi, 10 il xüsusi stajının tamam olmasını nəzərə alaraq, ona 50 yaşının tamam olduğu xx.xx.2008-ci ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmiş, lakin sonradan həmin qərarına dəyişiklik edərək, yeni qəbul etdiyi əmək pensiyasının yenidən hesablanması barədə qərar ilə iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini qərara almışdır. Məhkəmə cavabdehin bu qərarı ilə aşağıdakılara görə razılaşmır. “İnzibati icraat haqqında” Qanunun (bundan sonra –İİQ): - maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən əsas prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə anoloji qaydada həll ediləcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə bilər. Lakin bu yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb edir. Yəni cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür. İşin yuxarıda istinad olunan hallarından görünür ki, cavabdeh inzibati orqan xx.xx.2008-ci ildə, həmin dövrdə formalaşmış inzibati praktikasına uyğun olaraq iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etsə də, sonradan heç bir əsas olmadan bu praktikanı dəyişmiş, bu zaman hər hansı bir əsaslandırma etməmiş, deməli praktikasını dəyişməkdə haqlı olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı o halda qorunmur ki, şəxs: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə cavabdeh bu hallardan hər hansı birinin mövcud olmasını da sübuta yetiə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı inzibati orqanın praktikasına etimadı mövcuddur və onun bu etimadı qanunla qorunur. İİQ-nin yuxarıda qeyd edilən 67.5-ci maddəsindən görünür ki, qanunverici aşağıdakı qanunsuz əlverişli inzibati aktın ləğv edilməsinə yol vermir:

1. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu;

2. başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı;

3. cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlevrişli inzibati aktın. Məhkəmə qeyd edir ki, işin yuxarıda göstərilən hallarına əsasən iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı qəbul edilmiş xx.xx.2009-cu il tarixli 414 saylı inzibati akt: 1.iddiaçının məzmununa etimad göstərdiyi və bu etimadın qanunla qorunduğu inzibati aktdır;

2. onun qəbul edilməsi başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmamışdır; 3.iddiaçı üçün cari pul öhdəliklərini nəzərdə tutmaqla onun üçün əlverişli inzibati akdır. Belə olan halda aydındır ki, həmin inzbati aktın qanunsuz olduğu barədə cavabdehin dedikləri həqiqət olsa belə, İİQ-nın 67.5-ci maddəsinə əsasən cavabdehin onu ləğv emək hüququ olmamışdır. Bundan başqa, o da qeyd edilməlidir ki, İİQ-nın 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Qeyd edilməlidir ki, İİQ-nın 67.12-ci maddəsində “aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gün” dedikdə, inzibati orqanın həmin halı bildiyi və ya bilməli olduğu gün başa düşülür. Burada inzibati orqanın aktın ləğv olunmasını şərtləndirən halı bildiyi gün, səlahiyyətli şəxs tərəfindən qanun pozuntusunun tam şəkildə aşkar edildiyi gündür. Lakin əgər pozuntu sənədlərdən aşıq-aşkar görünürsə, inzibati orqan lazımi diqqət yetirməklə onu aşkar edə bilərdisə, lakin etinasızlığı nəticəsində həmin səhvi görməyərək qanunsuz inzibati akt qəbul etmişdirsə, burada 1 illik müddət həmin sənədlərin inzibati orqana təqdim edildiyi vaxtdan hesablanır. Yəni inzibati orqanın ehtiyatsızlığı 1 illik müddətin uzadılması üçün əsas ola bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh xx.xx.2023-cü il tarixli qərarı qəbul edərkən istinad etdiyi normalar, iddiaçıya 50 yaşın tamam olduğu xx.xx.2008-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə xx.xx.2009-cu il tarixli qərar qəbul edilən zaman da mövcud olmuş, lakin cavabdeh İİQ-nin 67.12-ci maddəsinin tələbini pozmaqla həmin əsaslara 15 il sonra istinad etmiş və iddiaçıya 52 yaşdan pensiya təyin edilməsi qənaətinə gələrək bununla ona 50 yaşdan təyin edilmiş qərarın qüvvədən düşməsinə səbəb olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya 50 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı 52 yaşa çəkməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanunsuz əliverişsiz inzibati aktdır. İİQ-nin 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Buna görə də məhkəmə hesab edir ki, idia tələbi təmin edilməli, İİQ-nin 67.3-cü maddəsində qeyd edildiyi kimi cavabdehin xx.xx.2023-cü il tarixli qanunsuz əlverişsiz inzibati aktı ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına uyğun olaraq pensiyanın əvvəlki məbləğdə hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-62103/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin bərpa edilməsi və əksik ödənilmiş məbləğin hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar