Məhkəmə qərarları › İş №2-1(112)-7828/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7828/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7828/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan. İddiaçı Cavabdehnə qarşı mənzil növbəsinə qeydiyyata alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ehtiyyatda olan hərbiçi kimi ailə üzvləri ilə birlikdə yaşayış yeri üzrə mənzil növbəsinə qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayırlar. O 23.08.2001 -ci il tarixindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit kimi hərbi xidmətdə olmuş və öz arzusu ilə 01.06.2018-ci il tarixində Azərbaycan Respublikası DSX-nin 792 s/h saylı əmrinə əsasən ehtiyyata buraxılmışdır. Hazırda mayor rütbəsi ilə ehtiyyatda olan hərbiçidir. Ona məxsus yaşayış sahəsi olmadığından Bakı şəhərində müxtəlif ünvanlarda qeydiyyatda olmuş və hazırda qardaşının həyat yoldaşı X8 məxsus ünvan 4 ünvanında yerləşən 2 otaqdan ibarət olan mənzildə qeydiyyatdadır və həmin mənzildə həyat yoldaşı və 2 uşağı ilə birlikdə yaşayır. X12 də, ailəlidir, 2 övladı var. 8 nəfər yetişkin şəxslər sözü gedən 2 otaqdan ibarət mənzildə min bir əzabla yaşamağa çalışırlar. Hal-hazırda heç bir yerdə işləmir. Bu səbəbdən də, mənzil şəraitini yaxşılaşdıra bilmir. Ehtiyyatda olan hərbiçi kimi mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə qanunvericiliyə uyğun olaraq mənzil növbəsinə dayanmaq üçün Cavabdehnə ərizə ilə müraciət etmişdir. Lakin İcra Hakimiyyətindən ona 27.04.2021- ci il tarixli B-22-068 saylı məktubla imtina cavabı verilərək bildirilmişdir ki, o Dövlət Sərhəd Xidmətinin rəisinin 292 s/h saylı. 01.08.2018-ci il tarixli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) əsasən, ehtiyyata buraxılaraq yaşayış yeri kimi Xətai rayonunda qeydiyyata alındığından “Hərbi qulluqçuların statusu haqqında” Qanuna müvafiq olaraq ehtiyyata buraxılmış hərbi qulluqçular üçün nəzərdə tutulan imtiyazlar ona şamil edilə bilməz. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına aiddir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, o Dövlət Sərhəd Xidmətinin rəisinin 292 s/h №-li 01.06.2018-ci il tarixli əmri ilə “Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılaraq seçdiyiniz yaşayış yeri kimi ilkin olaraq Xətai rayonunda qeydiyyata alındığından Hərbi qulluqçuların statusu haqqında Qanununa müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçular üçün nəzərdə tutulan imtiyazlar iddiaçıya şamil edilə bilməz. Araşdırma zamanı məlum olmuşdur ki, Xətai rayonu Sadıqcan küçəsi, M13, ev 97, mənzil 2 İddiaçı xüsusi mülkiyyətində olmuşdur. O, mənzili Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 07.10 2020-ci il tarixli, 4Ə-2468 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 115135 (bir yüz on beş min yüz otuz beş) manata satmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən "Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür”. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclası 21 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə əvvəlki məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Azərbaycan Respubılikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ynında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli RX seriyalı çıxarışına əsasən ünvan 1 X6 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin 27 aprel 2021-ci il tarixli B-22-068 nömrəli imtina məktubunda qeyd edimişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən nəzərdə tutulmuş imtiyazlar xidməti mənzillərdə yaşayan və ya yaşayış shəsi olmayan yaşa, xəstəliyə,ştatların ixtisarına , ailə vəziyyətinə görə ehtiyyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara, 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi xidmət hərbi qulluqçularına aiddir. İddiaçı Dövlət Sərhəd Xidmətinin rəisinin 292 s/h №-l 01.06.2018-ci il tarixli əmri ilə Hərbi Xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.9-cu maddəsinə əsaəsn ehtiyta buraxılaraq seçdiyi yaşayış yeri kimi ilkin olaraq Xətai rayonunda qeydiyyata alındığından “Hərbi Qulluqçuların statusu haqqında” Qanununa müvafiq olaraq etiyyata buraxılmış hərbi qulluqçular üçün nəzərdə tutulan imtiyazlar ona şamil edilə bilməz. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ynında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 avqust 2021-ci il tarixli **********12 nömrəli məktubdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 97 ünvanında yerləşən 2 nömrəli mənzil qeydiyyata alınmışdır (ünvan 6 tərəfindən təsdiq edilmiş, 07.06.2018-ci il tarixli 4Ə-675 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə, Bakı şəhəri 53 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş, 07.06.2018-ci il tarixli, 7E-10077 reyestr nömrəli bölgü sxeminə əsasən ilkin olaraq 03.07.2018-ci il tarixində qeydiyyatdan keçmişdir). Lakin Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş, 07.10.2020-ci il tarixli, 4Ə-2468 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. X7 ailə üzvləri ilə ümumi birgə mülkiyyət hüququ ilə adına Gədəbəy raynu, Dəyirmandağ kəndində yerləşən 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. Məktubla qeyd olunan X4 adına isə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli RX seriyalı çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. 07 oktyabr 2020-ci il tarixli alqı-satqı müqviləsinə əsasən satıcı İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən mənzili alıcı X1. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi X2 27.09.2001-ci il tarixli 860 ş/h №-li əmrindən çıxarışdan görünür ki, 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbini “Sərhəd Qoşunları” ixtisası üzrə bitirərək xidmətlərini davam etdirmək üçün leytenant İddiaçı MTN-nin Sərhəd Qoşunlarına həqiqi hərbi xidmətə qəbul edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi X2 20.03.2002-ci il tarixli 229 ş/h №-li əmrindən çıxarışdan görünür ki, leytenant İddiaçı 20 mart 2002-ci il tarixdən N nömrəli hərbi hissə üzrə 8-ci sərhəd zastavası rəisinin müavini təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 01.06.2018-ci il tarixli 792 ş/h №li əmrindən çıxarışdan görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) maddi-texniki təminat şöbəsi əşya-geyim bölməsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buxarılmışdır. İşin araşdırılmış hallarından göründüyü kimi, iddiaçının 15 ildən çox xidmət etməsi işin mübahisəsiz halıdır və cavabdeh də bunu mübahisələndirmir. Hərbi qulluqçuların konstitusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə görə uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə görə uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: - (maddə 53.1.1) bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - (maddə 53.1.2) müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; - (maddə 53.1.3) bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Beləliklə Məhkəmə bələ nəticəyə gəlir ki, iddiaçının 15 ildən çox hərbi xidməti olmasına baxmayaraq məhkəməhə tərəfindən göndərilmiş sorğulardan da göründüyü kimi, onun son beş ildə daşınmaz əmlakı olmuş və 07 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirmişdir. Odur ki, cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin imtinası qanunvericiliyin tələblərinə uyğundur və iddiaçının hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı mənzil növbəsinə qeydiyyata alınması barədə iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar