Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-783/2022 14.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “şəhid statusunun və arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 şəhid hesab edilməsi və bununla bağlı müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, atası X7 Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş və 04.06.1993-cü ildə MTN tərəfindən Gəncə şəhərinə ezam edilərək xidməti vəzifəsini yerinə yetirərkən N saylı hərbi hissənin qarşısında qarın boşluğundan almış olduğu güllə yarasından həlak olmuşdur. 04.06.1993-cü ildə Gəncədə S.Hüseynovun nəzarətində olan N saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olmuş, Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülmüşdür. Həmin hadisələr zamanı onun atası Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuşdur. İddiaçı atasına şəhid statusu verilməsi ilə bağlı rəsmi ərizə ilə cavabdehə müraciət etsə də, bu günədək ona hər hansı rəsmi məlumat verilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, iddiaçının atası 1992-ci ildən keçmiş MTN-ə həqiqi hərbi xidmətə qəbul edilərək Xüsusi Təyinatlı Dəstənin əməliyyat əməkdaşı vəzifəsinə təyin edilmişdir. 1993-cü ilin 4 iyun tarixində Gəncə şəhərində baş vermiş hadisələrlə əlaqədar xidməti vəzifələrinin icrası zamanı ağır yaralanmış və 5 iyun tarixində vəfat etmişdir. Mərhumun ölüm haqqında şəhadətnaməsində ölümün baş vermə səbəbinin güllə yarası olduğu qeyd edilmişdir. 1993-cü ilin Gəncə hadisələrinin qarşısının alınması zamanı X3 vəfat etməsi onun xidməti vəzifələrinin icrası ilə bağlı olsa da həmin xidməti vəzifələrin icrası “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndində qeyd olunan tapşırıqlarla əlaqədar olmamışdır. İddiaçı və onun ailə üzvləri 2011- 2019-cu illərdə hər il eyni məzmunlu ərizələrlə MTN və DTX-ya müraciət etmiş və bununla əlaqədar ona 16.11.2018-ci il tarixli, 12/N-3961 nömrəli və 21.11.2019-cu il tarixli, 12/N- 4767 nömrəli məktublarla yazılı formada, digər hallarda məsələ ilə bağlı mobil telefon vasitəsilə əlaqə saxlanılaraq cavablar verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müfaviq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, İddiaçı iddiasının mümkünsüz sayılması məsələsinə baxılması məqsəduyğun hesab edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 16.11.2018-ci il tarixli, 12/N-3961 və 21.11.2019-cu il tarixli, 12/N-4767 nömrəli məktublarından görünür ki, cavabdeh iddiaçının ünvanladığı məktuba cavab olaraq qeyd etmişdir ki, mərhum X7 1993-cü ilin iyun ayında Gəncə şəhərinə ezam edilmiş və xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuşdur. Mövcud qanunvericiliyə əsasən, X7 xidməti vəzifələrinin icrası zamanı həlak olmuş hərbi qulluqçu hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda “şəhid” adının verilməsinə əsas ola biləcək hadisələr sırasında yuxarıda qeyd edilən hadisələr təsbit olunmamışdır. 15.02.2021-ci il tarixli ərizə ilə iddiaçı cavabdehə müraciət edərək atası X6 şəhidlik statusu və bununla bağlı arayış verilməsini xahiş etmişdir. İddiaçının bu müraciətinin cavabdeh tərəfindən cavablandırılması iş materialları ilə müəyyən olunmur. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırkı iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən ibarətdir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın (bundan sonra -Qaydalar) 4.1-ci hissəsinə əsasən Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçı cavabdeh orqandan əlverşli inzibati aktın qəbul edilməsini xahiş edir ki, bu iddia məcburetmə haqqında iddia növünə aiddir. İPM-in 33.2-ci maddəsinə əsasən həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin olaraq cavabdehə müraciət etmişdir. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh iddiaçının məsələ ilə bağlı 2018 və 2019-cu illərdə müraciət etdiyini, buna görə də iddia müddətini ötürdüyünü bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, birincisi, iddiaçı məhkəmə iclasında müraciətlərinə verilmiş cavabların onlara çatdırılmadığını bildirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən 62.3-cü maddəsinə əsasən həmin Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Cavabdeh iddiaçının müraciətlərinə verilmiş cavabların təqdim edilməsini sübut etmək üçün poçt göndərişlərinin reyestrini təqdim etmişdir, lakin həmin sənədlərdən göndərişlərin nə vaxt və kim tərəfindən qəbul edilməsi müəyyən edilmir. Digər tərəfdən, cavabdeh iddiaçının sonrakı müraciətlərini təkrar müraciət kimi qəbul etmişsə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 35.5-ci maddəsinə əsasən təkrar ərizə ilə müraciət etmək imkanı verən əsasların ərizədə qeyd olunmasını yoxlamalı, bu əsaslar olmadığı halda ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul etməli idi. İşdən cavabdehin bu normanın tələblərinə əməl etməsi müəyyən olunmur. Cavabdeh iddiaçının sonuncu müraciətinə, ümumiyyətlə, cavab verməmişdir ki, İPMin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddiaçı həmin normanın tələbinə əməl etməklə hazırkı iddianı qaldırdığından məhkəmə hesab edir ki, iddiaçı iddia müddətinə əməl etmişdir. İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun mövcud olmasına gəldikdə məhkəmə qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 2-ci maddəsinə əsasən həmin Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Qaydaların 1.1-ci bəndinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qaydaların 2.1-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. Qaydaların 3.1-ci bəndinə əsasən şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər: 3.1.1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar: 3.1.2. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar. 3.1.3. "Şəhid" Memorial kompleksini yaradırlar: 3.1.4. Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerlərinin, habelə dəfn yerlərinin qorunması və abadlaşdırılması, qəbirüstü daşların, xatirə abidələrinin qorunmasını təşkil edirlər; 3.1.5. Döyüş əməliyyatları getmiş yerlərdə xatirə nişanları qoyurlar. 3.1.6. Qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirləri həyata keçirirlər. Qaydaların 4.1-ci hissəsinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Göstərilən normalardan məlum olur ki, qanunverici şəxsin şəhid hesab edilməsi ilə iki növ hüquqi nəticənin yaranmasını müəyyən edir:
1. şəhidin adının əbədiləşdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi imkanı;
2. şəhidin ailəsi statusunu almış ailə üzvlərinin qanunvericiliklə müəyyən edilmiş təminatlardan (güzəştlər) istifadə etmək imkanı. İşdən görünür ki, iddiaçı Qaydaların 2.1-ci maddəsində nəzərdə tutulan şəhid ailəsinin üzvlərinə daxil deyil. Lakin bu hal iddiaçının atasının şəhid hesab edilməsi, bununla onun adının əbədilləşdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsini tələb etmək kimi imkandan məhrum edilməsi üçün əsas deyildir. Çünki iddia ərizəsindən də görünür ki, iddiaçının tələbi ona şəhid ailəsi statusunun verilməsi deyil, atası Z.Nəzirovun şəhid hesab olunması barədə arayışın verilməsi ilə bağlıdır. Qaydalardan isə görünür ki, belə bir tələblə çıxış edə bilər:
1. maraqlı şəxslər - müraciət vasitəsilə;
2. dövlət orqanları - vəsatət vasitəsilə;
3. müvafiq hərbi hissə - vəsatət vasitəsilə. Göründüyü kimi, qanunverici nəinki maraqlı şəxslərə, eyni zamanda dövlət orqanlarına və müvafiq hərbi hissəyə də şəxsə şəhid adının verilməsi üçün aidiyyəti üzrə müraciət etmək imkanını tanımışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı atasının şəhid hesab edilməsi barədə müraciətlə çıxış edən maraqlı şəxs kimi qəbul edilməlidir. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ da mövcuddur. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan İİ-ЖГ № 411019 qeydiyyat nömrəli, 23 iyul 1993-cü il tarixli ölüm haqqında Şəhadətnamədən görünür ki, X3 qarın boşluğundan almış olduğu güllə yarası ölüm səbəbi kimi göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 15 mart 2019-cu il tarixli 075 nömrəli əmri ilə X7 ölümündən sonra “Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur. İddiaçı hazırda atasının şəhid olmasına istinad edərək ona müvafiq arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Qaydaların 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. İddia ərizəsindən görünür ki, iddiaçı atası Z.Nəzirova şəhid statusunun verilməsi barədə tələblə çıxış edərkən Qaydaların 1.2.6-cı yarımbəndinə istinad edir. Məhkəmə qeyd edir ki, həmin normadan görünür ki, şəxsin istinad edilən normaya əsasən şəhid hesab edilməsi üçün onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisələrdə, yəni dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması tələb olunur. İşin hallarından və cavabdehin etirazından müəyyən olunur ki, Z.Nəzirov xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdur, bu işin mübahisəsiz halıdır. Burada əsas mübahisə olunan məqam iddiaçının yerinə yetirdiyi xidməti vəzifənin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıq olub olmamasıdır. İşdən görünür ki, Z.Nəzirov Azərbaycan Respublikasının Gəncə şəhərində 1993-cü il 4-10 iyun silahlı münaqişəsində həlak olmuşdur. “1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputatistintaq komissiyasının işinin yekunu barədə” Azərbaycan Respublikası Milli Məclisinin 16 iyul 1993-cü il tarixli 648 nömrəli qərarına əsasən 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr ... yüksək vəzifəli şəxslərin əvvəlcədən xüsusi düşünülmüş və planlaşdırılmış siyasətinin nəticəsi hesab edilməklə onlar tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının kobud surətdə pozulması kimi qiymətləndirilmişdir. Qərarda qeyd edilmişdir ki, “...bütün yuxarıda göstərilən tədbirlər Gəncə şəhərində, respublikada silahlı qarşıdurma yaratmış, qardaş qanının tökülməsinə səbəb olmuşdur.” Qərarla Gəncə şəhərində baş vermiş hadisələrlə əlaqədar Gəncə qarnizonu və Azərbaycan Respublikası hərbi prokurorluqları tərəfindən fakt üzrə cinayət işi qaldırıldığı nəzərə alınmış və Azərbaycan Respublikası Baş prokuroruna tapşırılmışdır ki, deputatistintaq komissiyası tərəfindən toplanmış materiallara və Milli Məclisdə səslənən çıxışlara əsasən hərtərəfli istintaq aparıb qanun çərçivəsində lazımi tədbirlər görsün. “Azərbaycan Respublikasının Gəncə şəhərində 1993-cü il 4-10 iyun hadisələrində iştirak etmiş şəxslərə amnistiya verilməsi haqqında” Azərbaycan Respublikasının 9 iyun 1993-cü il tarixli 622 nömrəli Qanununa əsasən Azərbaycan Respublikasının Gəncə şəhərində 1993-cü il 4-10 iyun silahlı münaqişəsində iştirak etmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməmişlər. Beləliklə, sadalananlardan görünür ki, Z.Nəzirov ölkə daxilində baş vermiş daxili silahlı münaqişə zamanı həlak olmuşdur, hansı ki, bu hadisələr Qaydaların 1.2.6-cı yarımbəndində nəzərdə tutulan Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisə kimi qiymətləndirilə bilməz. Bundan əlavə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “döyüş şəraitində” anlayışının təfsiri haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 4 noyabr 1992-ci il tarixli 367 nömrəli Qərarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində hərbi cinayətlər fəslinə daxil olan maddələrdə nəzərdə tutulmuş “döyüş şəraitində” olma dedikdə, öndə və ya arxada olmasından asılı olmayaraq bilavasitə düşmənə (rəqibə) qarşı duran hərbi hissələrin və ya bölmələrin, habelə arxada olsa da döyüş tapşırığını yerinə yetirən hərbi hissələrin və ya bölmələrin və başa düşülməlidir. Bu hallar iddiaçının həlak olduğu zaman mövcud olmadığından müəyyən olunur ki, onun yerinə yetidiyi tapşırıq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıq olmamışdır. İddiaçı tələbinin əsası kimi anası X4 verilmiş 0160 nömrəli vəsiqəyə istinad etsə də, işdən görünür ki, həmin vəsiqə səlahiyyətli orqan tərəfindən deyil, “Vətən müharibəsi əlilləri və şəhid ailələri” cəmiyyəti tərəfindən verilmişdir və bu vəsiqə şəxsin şəhid hesab olunması üçün sübut qismində qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova