Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-783/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, üçüncü şəxs X3, üçüncü şəxs X1 iştirakı ilə, iddiaçı “Azneft” İstehsalat Birliyinin cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı, X6 və X4 üçüncü şəxs qismində cəlb edilməklə “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Azneft” İstehsalat Birliyi cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov Rayonu XDS İK-nin (Xəzər Rayon İcra Hakimiyyəti) xx.xx.1990-cı il tarixli, 3 nömrəli “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” qərarnın etibarsız hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) H.Z.Tağıyev adına NQÇİ neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun solunda yerləşən (39 T 420937.6002; 4485315.41 koordinatlarda) bir hissəsində iş üzrə üçüncü şəxs X6 tərəfindən özbaşına tikinti işləri aparılır. Sözegedən torpaq sahəsinin yaxınlığında, 170 metr aralıda NQÇİ-nin Buzovna-Maştağa-qaz yatağına aid 1322 saylı işlək neft quyusu mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli Qərarı ilə neft və qaz quyularının ətrafında 300 metrlik mühafizə zonaları müəyyən edilmişdir ki, həmin ərazilərdə tikinti işlərinin aparılması qadağandır. Neft quyularının potensial olaraq yanğın və partlayış riski daşıdığı üçün ərazidə bədbəxt hadisələrin və texnogen qəzaların baş verə biləcəyi ehtimalı vardır. Aparılan tikinti işlərinin təhlükəli olduğu X5 izah edilmiş və əlavə işlərin aparılmamasına dair ona xəbərdarlıq edilmişdir. Buna baxmayaraq üçüncü şəxs X6 tikintini dayandırmaqdan imtina edərək, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 3 nömrəli xx.xx.1990-cı il tarixli “fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə” qərarını NQÇİ-nin nümayəndələrinə təqdim etmişdir. Göründüyü kimi, Əzizbəyov (indiki Xəzər) Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsi qanunsuz olaraq SOCAR-ın “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-si istifadəsində olan sənaye təyinatlı torpaq sahəsini fərdi ev tikmək üçün ayrılmaqla, göstərilən torpaq sahələrinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri pozulmuşdur. Nəticədə, İB-nin qanuni istifadəsində olan sənaye təyinatlı torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları pozulmuş və neft qaz əməliyyatları üzrə təhlükəsiz fəaliyyətini həyata keçirməsinə maneçilik yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 4934/17 nömrəli məktubundan göründüyü kimi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Quruda Neft və X2 xx.xx.1999-cu il tarixli, JC-011/1865 saylı və xx.xx.1999-cu il tarixli, JC-011/252 saylı məktubları nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1999-cu il, 208 və 673 nömrəli Sərəncamları ilə H.Z.Tağıyev adına NQÇİ-yə məxsus Buzovna-Maştağa yatağından ümumilikdə 212 hektar torpaq sahələri geri alınmışdır. Adı çəkilən torpaq sahələrində H.Z.Tağıyev adına NQÇİ-nin rəhbərliyi və Rayon İcra Hakimiyyətinin müvafiq icazə sənədləri ilə fərdi yaşayış evlərinin tikintisi aparılmışdır. İşin hallarından göründüyü kimi, iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq qərar qəbul olunduqdan 31 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir və belə olan halda iddiaçının bu illər ərzində mübahisəli ərazinin üçüncü şəxsə ayrılması barədə Əzizbəyov (indiki Xəzər) Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarından xəbərdar, məlumatlı olmaması inandırıcı və ağlabatan deyildir. Bundan əlavə, uzun illər ərzində qeyd olunan ərazidə yaşayış massivi salınmış və hal-hazırda vətəndaşların istifadəsindədir. Bununla əlaqədar olaraq hazırkı iş üzrə cavabdeh inzibati orqan kimi Xəzər Rayon İcra Hakimiyyəti cəlb oluna bilməz. Cavabdeh qeyd olunanları nəzərə alaraq, iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin cavabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı X3 üçüncü şəxs qismində cəlb edilməklə Əzizbəyov (indiki Xəzər) Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 3 nömrəli xx.xx.1990-cı il tarixli Qərarının etibarsız hesab edilməsi barədə iddia tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, X4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 18 mart 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, keçmiş Əzizbəyov RXDS İK-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə 1990-cı ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir; SOCAR-ın “Azneft” İstehsalat Birliyinin 05 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsinin “Azneft” İstehsalat Birliyinin (H.Z.Tağıyev adına NQÇİ, Buzovna-Maştağa yatağı) daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşməsi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2009-cu ildə təsdiq olunmuş “Azneft” İB-nin H.Z.Tağıyev adına NQÇİ-nin (Maştağa-Buzovna yatağı) daimi istifadəsində olan torpaq sahələrinin 1:5000 miqyasda topoqrafik planı isə təsdiq edilmişdir. Həmin torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 208 saylı və xx.xx.1999-cu il tarixli 673 saylı sərəncamları ilə Buzovna-Maştağa yatağı üzrə SOCAR-ın istifadəsindən geri alınmış və ümumi sahəsi 212 hektar təşkil edən torpaq sahələrinin hüdudları xaricindədir. Sözügedən torpaq sahəsindən 175 m məsafədə 1322 saylı işlək neft-qaz quyusu mövcuddur; Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 13 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Əzizbəyov Rayonu XDS İK-nin xx.xx.1990-cı il tarixli, 03 saylı qərarı böyük həcmlidir və həmin qərarın qüvvədə olması barədə Bakı Şəhər İcra Hakimiyyətinin arxivində məlumat yoxdur; Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırkı iddia Əzizbəyov Rayonu XDS İK tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 3 nömrəli qərarının etibarsız sayılması barədə olmaqla müəyyən etmə və tanınma haqqında iddia növündə irəli sürülmüşdür. Belə ki, İPM-in həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən müəyyən etmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. Məhkəmə qeyd edir ki, subsidiarliq tələbinə əsasən müəyyən etmə haqqında iddia iddiaçının öz məqsədinə mübahisələndirmə, məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə nail olmaq imkanı olduğu halda mümkünsüzdür. Beləliklə, müəyyən etmə haqqında iddia digər iddia növləri üçün nəzərdə tutulmuş mümkünlük (yolverilənlik) şərtlərindən (məs: İPM-in 38-ci maddəsi) yayınmağa xidmət edə bilməz. Bu hüquqi müdafiəyə olan maraq barəsində olan ümumi tələbdir. Kim ki, məsələn mübahisələndirmə haqqında iddia üzrə iddia müddətini ötürmüş onda eyni məsələ ilə bağlı müəyyən etmə haqqında iddia qaldıra bilməz. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında deyilir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (İPM-in 2.2.1, 32 və 70–72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Qərarda sonra deyilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan SSR 11 sentyabr 1964-cü il tarixli Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli Qanunu ilə qüvvədən düşmüşdür) 243-5-ci maddəsinə görə vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət verildikdən sonra, ərizəçi 1 ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296-cı maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Yuxarı orqanlara və vəzifəli şəxslərə ilkin müraciət ərizənin məhkəməyə təqdim edilməsi, onun məhkəmə tərəfindən qəbul edilməsi və mahiyyəti üzrə həll edilməsi üçün məcburi şərt deyildir. Ərizə bu Məcəllənin 4cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. Baxılması rayon məhkəməsinə aid olan ərizə fiziki şəxs tərəfindən onun yaşayış yeri üzrə məhkəməyə, yaxud hərəkətindən şikayət edilən orqanın, təşkilatın, vəzifəli şəxsin yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 298-ci maddəsinə (maddə Azərbaycan Respublikasının 10 iyul 2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə çıxarılmışdır) görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı sərəncam 1990-cı ildə qəbul edilmişdir. Həm müvafiq sərəncam qəbul olunduğu vaxtda, həm də ondan sonrakı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı rəsmi fəaliyyət göstərdiyi vaxtdan cavabdehin qəbul etdiyi sərəncamı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda qeyd olunan səbəblərdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Azneft” İstehsalat Birliyinin cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı, X6 və X4 üçüncü şəxs qismində cəlb edilməklə “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-783/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-783/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver