Məhkəmə qərarları › İş №2-1(112)-7830/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7830/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7830/2022 13.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Üçünçü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2nə (üçünçü şəxs X4) qarşı "evin təhvil verilməsi və sair" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1-in əsl cavabdehin vəsaiti hesabına tam olaraq əvvəlki vəziyyətinə gətirilib əşyalarla birlikdə evin sonrakı sahibi X3 təhvil verilməsi vəzifəsinin əsl cavabdehə həvalə olunması və X3 iddiaçının adında olduğu qaydada çıxarış verilməsinin "Asan" xidmətə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdeh Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən mağaza tikilməsinə dair verilmiş sərəncama əsasən Arif Heydərov küçəsi, 1936-cı məhəllədə iddiaçıya məxsus ev "Babək” Kiçik Müəssisəsinin təmsilçisi X2 tərəfindən qanunsuz obyekt vəziyyətinə salınmışdır. Yəni evin daş hasarı, otaqların arakəsmələri tam sökülmüş, əşyalarla birlikdə mənimsənilmişdir. Bundan əlavə, cavabdehin həmin qanunsuz hərəkətləri nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 1936-cı məhəlləyə dair Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh2 adına xx.xx.2002-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmiş, lakin təmsilçinin adı qeyd edilməmişdir. İddiaçı həmin evi X3 təhvil vermişdir, onun adına keçirmək istəyir. Evi əşyalarla birlikdə Əsədova Şəfaya satmışdır və pulu ondan tam almışdır. Hüquqi maneələr olduğuna görə ev iddiaçının adında qalmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri səbəbindən iddiaçı evinə girə bilmir. Cavabdehlər iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Doğrudur, Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 59.1-ci maddəsində qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslərin başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnu təsbit etmişdir. Oxşar norma İPM-də olmasa da, ümumi prinsiplər nəzərə alınmaqla inzibati icraat zamanı da üçüncü şəxslərin xeyrinə iddia qaldırılması istisna edilmir. Lakin belə bir iddia qaldırmaq üçün iddia qaldıran şəxs başqa şəxsin xeyrinə iddia qaldırmasındakı hüquqi marağını sübut etməlidir, hansı ki, bu maraq həyati əhəmiyyətə malik olmalıdır. Digər hallarda isə iddianı qəbul edilən inzibati akt vasitəsilə hüquqlarının ən azı pozulması ehtimalı olan tərəf qaldıra bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı halda İddiaçının müvafiq tələb irəli sürmək üçün subyektiv hüququ olmamış, İddiaçı cavabdehlərin onun hüquqlarını və qanunla qorunan maraqlarını pozmasını əsaslandırmamışdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın X3 təhvil verilməsini, habelə əmlaka dair onun adına çıxarış verilməsini xahiş edir. Göründüyü kimi, iddiaçının bu tələbi özünün deyil, X1 publik hüququndan irəli gələn və onun hüquqlarına bilavasitə aid olan məsələnin həll edilməsi, onun hüquqlarının müdafiəsi ilə bağlıdır. Lakin iddia ərizəsində görünür ki, İddiaçı bu iddianı öz adından qaldırmış, iddia ərizəsini özü imzalamışdır. İş materiallarında iddiaçının Ş.Əsədovanın nümayəndəsi olması, onun hüquqularının müdafiəsi üçün məhkəməyə müraciət etmək səlahiyyətinin olmasını təsdiq edən hər hansı bir sübut mövcud deyil. Belə olan halda, iddiaçının üçüncü şəxsin mənafeyi üçün qaldırdığı hazırkı iddia mümkün sayıla bilməz. Bundan əlavə, əgər iddiaçı ona məxsus olduğunu iddia etdiyi mənzilə hüquqularını üçüncü şəxsə vermək arzusundadırsa, bununla bağlı notarial qaydada mülki hüquqi əqd bağlaya və həmin əqdin qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edə bilər. Əgər İdarə belə bir əqdin qeydiyyatından imtina edərsə, bu halda İdarənin bu hərəkəti ilə hüquqlarına müdaxilə olunan şəxs məhkəməyə müraciət edə bilər. O da qeyd olunmalıdır ki, iddiaçı mənzilin təhvil verilməsi tələbini cavabdeh Nərimanov Rayon İcra Hakimiyyətinə, çıxarışın verilməsi tələbini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə yönəltsə də, həmin inzibati orqanlarla yanaşı, inzibati orqan olmayan və inzibati məhkəmədə cavabdeh qismində çıxış edə bilməyən Cavabdeh2 də cavabdeh qismində göstərmiş, iddia ərizəsində həmin hüquqi şəxsə qarşı hər hansı bir tələb yönəltməmişdir. Məsələ ilə bağlı İPM-in 13-cü maddəsinə uyğun olaraq məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, iddia ərizəsində yol verilən çatışmazlığın aradan qaldırılması ilə bağlı müvafiq müddət təyin edilmiş, lakin həmin müddət ərzində iddiaçı hər hansı bir dəqiqləşməni məhkəməyə təqdim etməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar