Məhkəmə qərarları › İş №2-1(112)-7833/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7833/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7833/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən X6 İdarəsinin 2 saylı yataqxanası, otaq 31 ünvanından X1 qeydiyyatdan çıxarılması öhdəliyinin Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1997-ci ildən Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən X6 İdarəsinin 2 saylı yataqxanasının 31 nömrəli otağında qeydiyyatda olmaqla yaşayır. Bu mənzil "xxxx" Şirkəti tərəfindən həmin idarənin 214 nömrəli xx.xx.1997-ci il tarixli məktubunda göstərildiyi kimi yataqxananın 40 saylı otağı 31 nömrəli otaqla əvəz olunaraq iddiaçıya və ailə üzvlərinə verilmişdir. Qeydiyyatdan çıxarılmasını istədiyi şəxs keçmiş həyat yoldaşı X2 ilə xx.xx.1994-cü il tarixdə nikah müqaviləsi bağlanılmışdır və 1997-ci ildən həyat yoldaşı və övladları ilə (X4 və X5) birlikdə həmin mənzildə yaşamağına baxmayaraq, onlar heç vaxt həmin ünvana pasport qeydiyyatına alınmamışdırlar. Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi nikah aktının pozulmuş və həmin vaxtdan Ü.Hacıyeva azyaşlı övladları ilə birlikdə mənzildən çıxmışdırlar. Lakin son zamanlarda iddiaçıya məlum olmuşdur ki, keçmiş həyat yoldaşı X7 rayon Məhkəməsinin 2-2222/2007 nömrəli xx.xx.2007-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən X6 İdarəsinin 2 saylı yataqxanası, otaq 31 ünvanına qeydiyyata alınmışdır. Ülkər Hacıyeva mənzili tərk etdiyi vaxtdan bir gün də olsun burada yaşamamışdır. İddiaçı hesab edir ki, onun yaşamadığı ünvana qeydiyyata alınması qanunsuzdur.

3. Azərbaycan Respublikası Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qətnaməsi ilə X2 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən X6 MTK-nın İdarəsinin nəzdində olan 2 saylı yataqxananın 31 saylı otağına köçürülmüş və istifadə hüququ tanınmışdır.

4. 157 saylı MKİS-nin Arayışda qeyd edilir ki, X3 ünvan 9 ünvanında xx.xx.2021-ci ildən bugünə kimi qeydiyyatda olmasına baxmayaraq yuxarıda göstərilən ünvanda yaşamır.

5. İddiaçının müraciətinə cavab olaraq Yasamal rayon polis idarəsi tərəfindən bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq Maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildirilir ki, ünvan 11 ünvanından X1 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur.

6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə X2 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

8. Cavabdeh Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

II. İddianın növü və mümkünlüyü

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

10. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

11. İddiaçının qeyd edilən mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur və CMS-“AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, hazırda İddiaçı mülkiyyətində hər hansı daşınmaz əmlak yoxdur.

12. İş materiallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Yasamal rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli Qətnaməsi ilə X2 azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, İnşaatçılar prospekti, 5 ünvanında yerləşən X6 MTK-nın İdarəsinin nəzdində olan 2 saylı yataqxananın 31 saylı otağına köçürülmüş və istifadə hüququ tanınmışdır.

13. Məhkəmə qeyd edir ki, nəticə etibarilə iddiaçı mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan üçüncü şəxslə eyni hüquqi vəziyyətdədir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.

14. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması onun məhkəməyə çatımlılıq hüququnu pozmur.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar