Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7839/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu tarixdən, yəni 12.03.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. 1972-1976-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda ali təhsil almışdır. Bundan sonra 28.07.1976-cı ildən 20.10.1976-cı ilə qədər Azərbaycan SSR Səhiyyə Nazirliyi Virusologiya, Mikrobiologiya və Gigiyena Respublika Elmi Araşdırma İnstitutunda iqtisadçı işləmişdir. 14.11.1976-cı ildən 30.11.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 10.01.1978-ci ildən 07.09.1983-cü ilə qədər adıçəkilən institutda iqtisadçı, 08.09.1983-cü ildən 14.10.1983-cü ilə qədər 1 №li Bakı Avtomobil texniki xidməti stansiyasında 5 №li mağazanın satıcısı, 14.10.1983-cü ildən 19.12.1984-cü ilədək 8 №li mağazada satıcı, 30.01.1985-ci ildən 29.08.1985-ci ilədək 70 №li mağazanın müdiri, 05.09.1985-ci ildən 03.12.1985-ci ilədək 2 №li Bakı avtomobil texniki xidməti stansiyasında çilingər, 03.12.1985-ci ildən 17.11.1987-ci ilə qədər həmin idarədə yükləyici sifariş qəbul edən, 05.03.1988-ci ildən 01.04.1988-ci ilə qədər 1 №li Bakı Avtomobil texniki xidməti stansiyasında 5 №li mağazanın satıcısı, 01.04.1988-ci ildən 01.06.1989-cu ilə qədər Bakı Avtomobil ehtiyat hissələri mağazasında satıcı, 02.06.1989-cu ildən 31.10.1989-cu ilə qədər “Azəri” kooperativində koperativ üzvü, 10.11.1989-cu ildən 10.08.1992-ci ilə qədər “Dostluq” kooperativində iqtisadçı, 17.08.1992-ci ildən 23.03.1993-ci ilə qədər “Bameko” kiçik müəssisəsində menecer vəzifəsində işləmişdir. Eyni zamanda 2017-ci ilin ikinci rübündə fərdi sahibkar X6 yanında əmək fəaliyyəti ilə məşğul omuşdur. 2020-ci ildən etibarən yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan ona pensiya təyin olunmasından imtina etmişdir. Bundan sonra işəgötürən X7 müraciət edərək, 2017-ci ilin ikinci rübü üzrə onun adından ödənilməli olan məburi dövlət sosial sığorta ayırmalarının ödənilməsini tələb etmişdir. Adı çəkilən fərdi sahibkar tərəfindən 2020-ci ildə 2017-ci ilin 2-ci rübü üzrə onun üçün ödənilməli olan məbləğin ödənişi həyata keçirilmişdir. Bundan sonra yenidən cavabdehə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsinin tələblərinə uyğun olaraq ona 65 yaşının tamam olduğu tarixdən pensiyanın təyin edilməsini xahiş etmişdir. Lakin bu dəfə də müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızıdr. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 09.07.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, işin faktiki hallarına görə İddiaçı əmək kitabçasındakı qeydlərə əsasən 25 illik sosial sığorta stajı mövcud deyildir. Həmçinin tələb olunan 28.800 manat pensiya kapitalına qarşı vətəndaşın X1 X10 Sistemində 01.01.2020ci il tarixindən fərdi hesabın sığorta hissəsində qeydə alınmış 58,05 manat məbləğində pensiya kapitalı mövcuddur. Bu səbəbdən də vətəndaşa pensiya təyin olunması qanunvericiliyə ziddir. Bundan əlavə, vətəndaş fərdi sahibkar X8 tərəfindən 2017-ci ildə onun xeyrinə məcburi dövlət sosial sığorta haqqının ödənildiyini ərizəsində iddia edir. Bu iddianın araşdırılması üçün İdarə tərəfindən Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə 07.09.2021-ci il tarixli, **********8 nömrəli sorğu verilmişdir. Departamentin 07.09.2021-ci il tarixli **********8 nömrəli cavab məktubunda fərdi sahibkar X8 tərəfindən 2017-ci ilin, İ, İİİ-İV rübləri üzrə məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilməmişdir. Məktubun qoşmasından aşkardır ki, İddiaçı fərdi hesabında 30 manat məbləğində məcburi dövlət sosial haqları hesablansa da, 2017-ci il tarixində ödəniş həyata keçirilməmişdir. Həmin dövr üzrə ödəniş yalnız 2020-ci il tarixində həyata keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsinin məzmununda qeyd edildiyi kimi vətəndaşa avtomatlaşdırılmış qaydada o zaman pensiya təyin edilir ki, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qədər qeydə alınmış pensiya kapitalı mövcud olsun. Vətəndaşın xeyrinə məcburi dövlət sosial sığorta haqqı 2020-ci il tarixində ödənildiyi üçün və fərdi hesabında həmin andan qeydə alındığı üçün maddədə vətəndaşın qeyd edilən güzəştdən istifadə hüququ yaranmır. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçının vəkili Vəkil cavabdeh inzibati orqanın imtinada və iddiaya dair etirazda qeyd etdiyi dəlillərin, hüquqi yardım göstərdiyi iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasından imtina üşün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə qanuni əsas sayılmadığının nəzərə alınmaqla, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-X4 etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq, iddiaçının pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binə qəsəbəsi, X9 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. 08 iyul 1976-cı ildə verilmiş A-İ seriyalı 013905 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş 1976-cı ildə orada sənayenin planlaşdırılması ixtisası üzrə tam kursu bitirmişdir. Yasamal rayon Hərbi Komissarlığı (keçmiş) tərəfindən 03.10.2000-ci il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı 14.11.1976-cı ildən 30.11.1977-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus 28.07.1976-cı il tarixli əmək kitabçasının notarial qaydada təsdiq (tərcümə) olunmuş surətindən müəyyən olunur ki, o, 28.07.1976-cı ildən 20.10.1976-cı ilədək Azərbaycan SSR Səhiyyə Nazirliyi Virusologiya, Mikrobiologiya və Gigiyena Respublika Elmi Araşdırma İnstitutunda iqtisadçı işləmişdir. 14.11.1976-cı ildən 30.11.1977-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 10.01.1978-ci ildən 07.09.1983-cü ilədək Azərbaycan SSR Səhiyyə Nazirliyi Virusologiya, Mikrobiologiya və Gigiyena Respublika Elmi Araşdırma İnstitutunda iqtisadçı, 08.09.1983-cü ildən 14.10.1983-cü ilə qədər 1 №li Bakı Avtomobil texniki xidməti stansiyasında 5 №li mağazanın satıcısı, 14.10.1983-cü ildən 19.12.1984-cü ilədək 8 №li mağazada satıcı, 30.01.1985-ci ildən 29.08.1985-ci ilədək 70 №li mağazanın müdiri, 05.09.1985-ci ildən 03.12.1985-ci ilədək 2 №li Bakı avtomobil texniki xidməti stansiyasında çilingər, 03.12.1985-ci ildən 17.11.1987-ci ilə qədər həmin idarədə yükləyici-sifariş qəbul edən, 05.03.1988-ci ildən 01.04.1988-ci ilədək 1 №li Bakı Avtomobil texniki xidməti stansiyasında 5 №li mağazanın satıcısı, 01.04.1988-ci ildən 01.06.1989-cu ilə qədər Bakı Avtomobil ehtiyat hissələri mağazasında satıcı, 02.06.1989-cu ildən 31.10.1989-cu ilədək “Azəri” kooperativində koperativ üzvü, 10.11.1989-cu ildən 10.08.1992-ci ilə qədər “Dostluq” kooperativində iqtisadçı, 17.08.1992-ci ildən 23.03.1993-cü ilə qədər “Bameko” kiçik müəssisəsində menecer vəzifəsində işləmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı 2017-ci ildə fərdi sahibkar X8 (VÖEN: **********) tərəfindən işə götürülmüşdür. "xxxx" ASC-nin 15.02.2020-ci il tarixli 81604 №li qəbzindən görünür ki, fərdi sahibkar X8 (VÖEN: **********) tərəfindən Dövlət Sosial Müdafiə Fonduna 183,65 manat məbləğində məcburi sosial sığorta haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, fərdi sahibkar (özü-özünü sığortaedən) X8 (SUN: **********5) tərəfindən 17 fevral 2020-ci il tarixində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2017-ci ilin İİ rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”da hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun bölüşdürülərək, müraciətçinin (hazırki iddiaçı) **********393 nömrəli fərdi şəxsi hesabında əks olunması təmin edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş DSMF-nin Fərdi uçota nəzarət və sosial sığorta departamenti tərəfindən DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanmış **********0 №li 26.10.2021-ci il tarixli məktubdan və məktuba əlavə olunmuş fərdi sahibkar X8 tərəfindən 2017-ci ilin İİ rübü üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə hesabat”dan müəyyən olunur ki, fərdi sahibkar X8 tərəfindən İddiaçı fərdi hesabına 2017-ci ilin aprel ayına 30 manat məbləğində məcburi dövlət sosial haqları hesablansa, 2017-ci il tarixində ödəniş həyata keçirilməmiş, həmin dövr üzrə ödəniş 2020-ci il tarixində həyata keçirilmişdir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 25.05.2021-ci il tarixli **********5 №li imtina məktubunda göstərilmişdir ki, X2 X10 Sistemində 01.01.2020-ci il tarixindən fərdi hesabın sığorta hissəsində qeydə alınmış 58,05 manat kapitalı tələb olunan pensiya kapitalından (28800 manat) azdır. Qeyd olunanlara əsasən müraciətçiyə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliklə mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) orqanın vəzifəsidir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (65 yaş) 12.03.2020-ci il tarixdə çatmışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığından və 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı mövcud olduğundan, sonuncuya cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada əmək pensiyasının təyin edilməsi təmin olunmalıdır. Bu zaman məhkəmə cavabdeh inzibati orqanın İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqqının 2020-ci il tarixində ödənildiyi və fərdi hesabında həmin andan qeydə alındığı üçün sonuncunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsində qeyd edilən güzəştdən (avtomatlaşdırılmış qaydada pensiya təyin olunması) istifadə hüququnun yaranmaması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yuxarıda qeyd olunan məktubunun məzmunundan da göründüyü kimi, fərdi sahibkar X8 tərəfindən 17 fevral 2020-ci il tarixində ödənilmiş məcburi dövlət sosial sığorta haqları 2017-ci ilin İİ rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”da hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun bölüşdürülərək, iddiaçının fərdi şəxsi hesabında əks olunması təmin edilmişdir. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İş materiallarından müəyyən olunur ki, iddiaçının pensiya hüququ 12.03.2020-ci il tarixdən yarandığı halda sonuncu, ona yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana 14.04.2021-ci il tarixdə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya cavabdeh inzibati orqana müraciət edilən tarixdən (14.04.2021-ci il) əvvəlki dövr üçün, yəni sonuncunun pensiya hüququ yarandığı 12.03.2020-ci il tarixdən hesablanaraq, ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu 12.03.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu 12.03.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7839/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7839/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver