Məhkəmə qərarları › İş №2-1(112)-7839/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7839/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7839/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “aviabiletlərin alınması üçün ödənilmiş 877 ABŞ dollarının geri qaytarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “aviabiletlərin alınması üçün ödənilmiş 877 ABŞ dollarının geri qaytarılması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddiaçıdan asılı olmayan səbəbdən istifadə elmədiyi 5 ədəd elektron aviabilellərin geri qaytarılması və həmin biletlərin alınması üçün ödədiyi 877 ABŞ dolları və ya ödəniş tarixinə müvafiq kursa uyğun manatla dəyərinin geri qaytarılması; AZAL aviaşirkətinin iş üzrə günahkar nəzarətçiləri barədə xüsusi qərardad qəbul edilməsi; Ukrayna vətəndaşları olan iddiaçının ailəsinə yuxarıda qeyd edilən pozulmuş hüquqlarının müdafiəsində məhkəməyə qədər və məhkəmə proseslərində müşahidəçi olaraq səlahiyyətləri daxilində yaxından iştirak edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu göndərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etiraz təqdim edərək, etirazda göstərilənləri müdafiə edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə tərəfin izhatını dinləyərək, hesab edir ki, hazırki iddia İPM-nin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması qeyri-mümkün sayılmalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə ki, iş materiallarından görünür ki, iddiaçının tələbi üç hissədən ibarətdir: - iddiaçıdan asılı olmayan səbəbdən istifadə elmədiyi 5 ədəd elektron aviabilellərin geri qaytarılması və həmin biletlərin alınması üçün ödədiyi 877 ABŞ dolları və ya ödəniş tarixinə müvafiq kursa uyğun manatla dəyərinin geri qaytarılması; - AZAL aviaşirkətinin iş üzrə günahkar nəzarətçiləri barədə xüsusi qərardad qəbul edilməsi; - Ukrayna vətəndaşları olan iddiaçı və onun ailəsinə yuxarıda qeyd edilən pozulmuş hüquqlarının müdafiəsində məhkəməyə qədər və məhkəmə proseslərində müşahidəçi olaraq səlahiyyətləri daxilində yaxından iştirak edilməsi. Məhkəmə iddia tələbinin “iddiaçıdan asılı olmayan səbəbdən istifadə elmədiyi 5 ədəd elektron aviabilellərin geri qaytarılması və həmin biletlərin alınması üçün ödədiyi 877 ABŞ dolları və ya ödəniş tarixinə müvafiq kursa uyğun manatla dəyərinin geri qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, hazırkı iddia tələbi müqavilə münasibətlərindən, yəni mülki xarakterli hüquq münasibətlərindən irəli gələn mübahisə olduğundan mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 11 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və Sənədlərin tərtib edilməsi Qaydası”nın 2-ci bəndinə əsasən: adi bilet (sərnişin bileti və baqaj qəbzi) — vərəqdə hazırlanaraq daşıyıcı tərəfindən təsdiq edilən, müqavilənin bağlanmasını və sərnişinin və onun baqajının hava ilə daşınması şərtlərini təsdiq edən, müəyyən edilmiş nümunədə daşıma sənədidir; hava daşınmasına dair müqavilə — sərnişinin, baqajın və yükün müəyyən edilmiş haqq müqabilində təyinat məntəqəsinə (məntəqələrinə) çatdırılmasına dair daşıyıcı ilə hüquqi və ya fiziki şəxs arasında bağlanan müqavilə. Sərnişinin hava daşınmasına dair müqavilə biletlə, yükün hava daşınmasına dair müqavilə yük qaiməsi ilə, baqajın hava daşınmasına dair müqavilə isə baqaj qəbzi ilə təsdiqlənir; hava daşınmasına dair müqavilənin tərəfləri — hava daşınmasına dair müqaviləni bağlamış daşıyıcı və hüquqi, yaxud fiziki şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın publik hüquq sahəsindəki fəaliyyəti ilə əlaqədar yaranmış mübahisələrə baxıldığından müqavilə öhdəlikləri ilə bağlı mübahisələr inzibati icraatın predmetini təşkil etmir. Hazırki iddia üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, xüsusi hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, mübahisənin predmeti müvafiq müqavilə olduğundan və mövcud qanunvericiliyə əsasən müqavilə inzibati akt hesab edilmədiyindən onun mübahisələndirilməsi inzibati məhkəmə icraatının predmeti təkil etmir, həmin mübahisələrə ümumi (rayon) məhkəmə tərəfindən baxıldığından, iddiaçı hazırki tələblə müvafiq məhkəməyə müraciət etməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarının 17-ci bəndində nəzərdə tutulmuşdur: mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən iddia tələbində inzibati mübahisəyə əsas ola biləcək hallar mövcud olmadığından, hazırkı iddia mümkünsüz sayılmalıdır. Həmçinin, məhkəmə iddia tələbinin “AZAL aviaşirkətinin iş üzrə günahkar nəzarətçiləri barədə xüsusi qərardad qəbul edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edərək hesab edir ki, iddia tələbi bu hissədə də mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-in 265.4-cü maddəsində tərəflərin xüsusi qərardad çıxarılmasına dair vəsatət (tələb) verməsi nəzərdə tutulmamışdır. Məhkəmə iddia tələbinin “Ukrayna vətəndaşları olan iddiaçı və onun ailəsinə yuxarıda qeyd edilən pozulmuş hüquqlarının müdafiəsində məhkəməyə qədər və məhkəmə proseslərində müşahidəçi olaraq səlahiyyətləri daxilində yaxından iştirak edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, həmin iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan İPM-in 2.2-ci maddəsində göstərilən iddia növünə uyğun olmadığından, iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, hazırkı tələbdə göstərilənlər inzibati mübahisənin mövcudluğuna əsas deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” İddiaçıya müqavilə münasibəti ilə bağlı mübahisə üzrə müvafiq ümumi məhkəməyə müraciət olunması izah olunur. İddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar